Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 FƏSİL 9

Əxlaqsızlıqdan qaç

Əxlaqsızlıqdan qaç

«Yerdəki bədəninizin üzvlərində olan meyilləri — əxlaqsızlığa, natəmizliyə, şəhvətə, nəfsə və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün» (KOLOSLULARA 3:5).

1, 2. Bələm Yehovanın xalqını hansı fəndlə tovlamaq istəyirdi?

BALIQÇI ova çıxır və həmişəki yerinə gəlir. O, hansı növ balığı tutmaq istədiyini müəyyənləşdirib. Balıqçı yemi seçir, tilova taxıb suya atır. Bir azdan ip dartınır, tilov ağacı əyilir və balıqçı tilovu çəkməyə başlayır. Balıqçının üzü gülür; bəli, o düzgün yem seçib.

2 Bu hadisə keçmişdə baş vermiş bir hadisəni xatırladır. Eramızdan əvvəl 1473-cü ildir. Bələm adlı bir adam dərin düşüncələrə dalıb: görəsən, şikarı hansı yemlə tələyə salsın. Onun ovlamaq istədiyi İsrail xalqı Vəd edilmiş diyarın girəcəyində, Muab çölündə düşərgə salıb. Bələm özünü Yehovanın peyğəmbəri adlandırır, əslində isə o, Allahın xalqını lənətləmək üçün muzdla çağırılmış tamahkar bir adamdır. Amma Yehova vəziyyətə müdaxilə edir və Bələm qeyri-ixtiyari olaraq İsrail xalqına xeyir-dua verir. Öz mənfəətini güdən Bələm elə etmək istəyir ki, Allah Özü xalqını lənətləsin. Bunun üçün İsraili böyük günaha batırmaq lazımdır. Onun hazırladığı yem cazibədar Muab qızlarıdır (Saylar 22:1—7; 31:15, 16; Vəhy 2:14).

3. Bələmin tələsi nə dərəcədə səmərəli oldu?

3 Görəsən, onun hazırladığı yem səmərəli oldu? Bəli, oldu. On minlərlə israilli Muab qızları ilə zina edib bu tələyə düşdü. Onlar hətta Muab allahlarına, o cümlədən Faurdakı məhsuldarlıq və seks allahı mənfur Baala da  səcdə qılmağa başladılar. Bunun nəticəsində Vəd edilmiş diyarın astanasında 24 000 israilli məhv oldu. Bu, necə də böyük fəlakət idi! (Saylar 25:1—9).

4. Minlərlə israilli nəyə görə əxlaqsızlığın qurbanı oldu?

4 Bu fəlakətin səbəbi nə idi? Xalqın arasından bir çoxları onları Misirdən qurtaran, səhrada qidalandıran və Vəd edilmiş diyarın astanasına sağ-salamat gətirib çıxardan Yehova Allahdan uzaqlaşmışdı və buna görə də ürəkləri korlanmışdı (İbranilərə 3:12). Bu hadisə ilə bağlı həvari Bulus yazırdı: «Onlardan bəziləri kimi əxlaqsızlıq etməyək. Onlar əxlaqsızlıq etdilər və bir günün içində iyirmi üç min adam öldü» * (1 Korinflilərə 10:8).

5, 6. Muab çölündə İsrail xalqının törətdiyi günah haqqındakı hekayət nəyə görə bizim üçün maraq kəsb edir?

5 Vəd edilmiş daha möhtəşəm bir diyarın astanasında durmuş Allahın xalqı üçün «Saylar» kitabında mühüm ibrət dərsləri vardır (1 Korinflilərə 10:11). Misal üçün, bu dünyadakı seks hərisliyi qədim muabilərin pozğunluğunu daha böyük miqyasda xarakterizə edir. Bundan əlavə,  hər il minlərlə məsihi israillilərin düşdüyü əxlaqsızlıq toruna düşür (2 Korinflilərə 2:11). Mədyəni qadını İsrail düşərgəsinə gətirib saymazyana, təkəbbürlə öz çadırına aparan Zümri kimi, bu gün də Allahın xalqı ilə sıx ünsiyyət edənlərdən bəziləri məsihi yığıncağına pozucu təsir göstəriblər (Saylar 25:6, 14; Yəhuda 4).

6 Bu gün özünü, sanki, Muab çölündəymiş kimi, hiss edirsən? Səbirsizliklə gözlədiyin mükafatın — yeni dünyanın çox yaxında olduğunu görürsən? Elə isə, «əxlaqsızlıqdan qaçın» əmrinə hay verərək var gücünlə Allahın məhəbbətini qorumağa çalış (1 Korinflilərə 6:18).

Muab çölünə açılan mənzərə

ƏXLAQSIZLIQ NƏDİR?

7, 8. «Əxlaqsızlıq» nədir və onunla məşğul olanlar əkdiklərini necə biçirlər?

7 «Əxlaqsızlıq» sözü (yunanca porneya) Müqəddəs Yazıların tələblərinə müvafiq qanuni nikahdan kənar cinsi əlaqəni bildirir. Zina, fahişəlik və subay adamlar arasındakı cinsi əlaqə, eləcə də oral, anal seks və həyat yoldaşı olmayan adamın cinsiyyət orqanlarının qıcıqlandırılması əxlaqsızlıqdır. Buraya həmçinin eynicinsli adamlar və ya insanla heyvan arasında cinsi əlaqə, yaxud şəhvətlə heyvanın cinsiyyət orqanlarının qıcıqlandırılması da daxildir *.

8 Müqəddəs Yazılarda açıq-aydın deyilir: əxlaqsızlıqla məşğul olanlar məsihi yığıncağında qala bilməzlər və əbədi yaşamayacaqlar (1 Korinflilərə 6:9; Vəhy 22:15). Üstəlik, belə adamlar özlərinə böyük zərər vururlar: onlar başqalarının gözündən düşür, mənliyini itirir, ailə həyatında çətinliklər yaşayır, vicdan əzabı çəkirlər. Əxlaqsızlıq  həmçinin arzuolunmaz hamiləlik, xəstəlik, hətta ölümlə nəticələnə bilər. (Qalatiyalılara 6:7, 8 ayələrini oxu.) Bu qədər əzab-əziyyətə səbəb olacaq yola qədəm qoymaq kimə lazımdır? Əfsuslar olsun ki, çox vaxt pornoqrafiyadan başlayan ilk yanlış addımı atarkən çoxları gələcəklərini düşünmürlər.

İLK ADDIM — PORNOQRAFİYA

9. Pornoqrafiya bəzilərinin dediyi kimi, doğrudan da, zərərsizdir? İzah et.

9 Bir çox ölkələrdə pornoqrafiyaya qəzet köşklərində, musiqidə və televiziyada rast gəlinir. İnternet isə pornoqrafik materialarla dopdoludur *. Bəzilərinin fikrincə, pornoqrafiyanın heç bir zərəri yoxdur. Bu, doğrudan da belədir? Xeyr! Pornoqrafiyaya baxanlarda masturbasiya vərdişi yarana bilər, bu vərdiş isə «azğın şəhvətə» gətirib çıxarır. Bu da öz növbəsində seksə aludəçilik, çirkin, pozğun istəklər, ailə həyatında çətinliklər və hətta boşanma ilə nəticələnə bilər * (Romalılara 1:24—27; Efeslilərə 4:19). Bir tədqiqatçı seksə aludəçiliyi xərçəng şişinə bənzədərək belə demişdi: «O, getdikcə böyüyür və yayılır. Demək olar ki, heç vaxt kiçilmir. Onu müalicə etmək və tam sağaltmaq müşkül məsələdir».

İnternetdən evdə hamının gözü qabağında istifadə edin

10. Yaqub 1:14, 15 ayələrindəki prinsipi necə tətbiq etmək olar? (101-ci səhifədəki  çərçivəyə də bax.)

10 Yaqub 1:14, 15 ayələrində yazılmış sözlərə fikir verək: «Hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır. Sonra nəfs  boylu qalıb günah doğur, törədilmiş günah isə, öz növbəsində, ölümə aparır». Könlündən pis bir istək keçəndə dərhal onu qov! Misal üçün, ekrana erotik səhnə çıxanda, tez gözünü ondan çək, yaxud kompüteri söndür, ya da kanalı dəyiş. Əlindən gələni et ki, əxlaqsız istək nəzarət altından çıxıb səni çulğamasın! (Mətta 5:29, 30 ayələrini oxu.)

11. Pis istəklərlə mübarizədə Yehovaya etibar etdiyimizi necə göstərə bilərik?

11 Bizi özümüzdən də yaxşı tanıyan Allah tövsiyə edir: «Yerdəki bədəninizin üzvlərində olan meyilləri — əxlaqsızlığa, natəmizliyə, şəhvətə, nəfsə və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün» (Koloslulara 3:5). Əlbəttə, bu, asan iş deyil. Amma unutma ki, sevən və səbirli  səmavi Atamız hər an dadımıza çatmağa hazırdır (Zəbur 68:19). Buna görə də beyninə pis fikirlər girən kimi Allaha müraciət et. Ondan insan gücündən üstün olan güc dilə və fikirlərini məcburən başqa şeylərə yönəlt (2 Korinflilərə 4:7; 1 Korinflilərə 9:27; 104-cü səhifədəki « Pis vərdişin öhdəsindən necə gəlim?» adlı çərçivəyə bax).

12. «Ürək» deyəndə nə nəzərdə tutulur və onu nə üçün qorumaq lazımdır?

12 Müdrik Süleyman yazmışdı: «Hər şeydən çox ürəyini qoru, çünki həyat bulaqları ondan çıxır» (Məsəllər 4:23). «Ürək» deyəndə bizim daxili varlığımız, Yehovanın gözündə necə şəxsiyyət olduğumuz nəzərdə tutulur. Üstəlik, əbədi yaşayıb-yaşamayacağımız insanların gözündə necə adam olmağımızdan yox, Yehovanın «ürəyimizə» verdiyi qiymətdən asılıdır. Bu, sadə, eyni zamanda olduqca ciddi məsələdir. Qadınlara pis gözlə baxmamaq üçün, sadiq Əyyub gözlərilə əhd bağlamışdı (Əyyub 31:1). Necə də gözəl nümunədir! Məzmurçu da eyni əhvalla dua edirdi: «Qoyma gözüm puç şeylərə baxsın» (Zəbur 119:37).

DİNƏNİN DÜŞÜNCƏSİZ SEÇİMİ

13. Dinə kim idi və nəyə görə onun dost seçimi müdrik deyildi?

13 Üçüncü fəsildən öyrəndik ki, oturub-durduğumuz adamlar bizə ya yaxşı, ya pis təsir göstərə bilər (Məsəllər 13:20; 1 Korinflilərə 15:33 ayəsini oxu). Gəl qədimdə yaşamış Yaqubun qızı Dinənin nümunəsini nəzərdən keçirək. Dinə ailədə yaxşı tərbiyə almışdı. Buna baxmayaraq, o, sonrasını düşünmədən kənani qızlarla dostlaşdı. Kənanilər də əxlaqsızlıqda muabilərdən dala qalmırdılar (Lavililər 18:6—25). Kənani kişilərin, o cümlədən «atasının evində ən hörmətli adam» sayılan Sihamın fikrincə, Dinə kənani qızlardan heç nə ilə fərqlənmirdi və əgər ona cinsi yaxınlıq təklif edilsəydi, etiraz etməyəcəkdi (Yaradılış 34:18, 19).

14. Dinənin dost seçimi hansı faciəyə gətirib çıxardı?

 14 Dinə Sihamla rastlaşanda, çox güman, cinsi yaxınlıq barəsində heç düşünmürdü. Siham isə əksər kənanilər kimi hərəkət etdi. Onlar cinsi ehtirasları coşanda istəklərini dərhal həyata keçirirdilər. Dinənin son anda müqavimət göstərməsi artıq mənasız idi. Siham Dinəni «aparıb namusuna toxundu». Görünür, o, sonradan Dinəyə vurulub ona ürəkdən bağlandı, amma bu, Sihamın hərəkətinə haqq qazandırmır. (Yaradılış 34:1—4 ayələrini oxu.) Dinəyə gəldikdə isə əzab çəkən tək o olmadı. Onun dost seçimi bütün ailəsini rüsvay və gözükölgəli edən hadisələrə gətirib çıxardı (Yaradılış 34:7, 25—31; Qalatiyalılara 6:7, 8).

15, 16. Əsil hikməti necə qazanmaq olar? (109-cu səhifədəki  çərçivəyə də bax.)

15 Dinənin aldığı dərs ona çox baha başa gəldi. Yehovanı sevib Ona itaət edənlər acı təcrübə yolu ilə dərs almaq istəmirlər. Onlar Allaha qulaq asır və hikmətli ilə  oturub-dururlar (Məsəllər 13:20a). Onlar «xeyrin bütün yollarını» dərk edərək özlərini artıq problemlərdən və ağrı-acıdan qoruyurlar (Məsəllər 2:6—9; Zəbur 1:1—3).

16 Allahın hikmətini ona can atan hər bir adam ala bilər. Bunun üçün daima dua etmək, Allahın Kəlamını və sadiq nökərin təqdim etdiyi nəşrləri müntəzəm öyrənmək lazımdır (Mətta 24:45; Yaqub 1:5). Həmçinin təvazökar  olub Müqəddəs Yazılardakı məsləhətləri qəbul etmək lazımdır (2 Padşahlar 22:18, 19). Misal üçün, məsihi öz ürəyinin xain və xatakar olması fikri ilə razı ola bilər (Ərəmya 17:9). Bəs lazım gələndə, o təvazökarlıq göstərib məhəbbətlə verilmiş konkret məsləhət və köməyi qəbul edəcək?

17. Ailə hansı vəziyyətlə üzləşə bilər və valideynlər öz uşaqları ilə necə mülahizə yürüdə bilər?

17 Təsəvvür edək ki, ata öz qızını və gənc məsihi oğlanı ikilikdə gəzməyə buraxmaq istəmir. Qız deyir: «Ay ata, sən mənə etibar eləmirsən? Biz pis bir şey eləməyəcəyik!» Çox güman, qız Yehovanı ürəkdən sevir və pis iş görməyi heç ağlına da gətirmir. Amma demək olarmı ki, o, hikmətlə yeriyir və əxlaqsızlıqdan qaçır? Yoxsa o, ağılsızcasına öz ürəyinə etibar edir? (Məsəllər 28:26). Yəqin ki, belə hallarda həm ataya, həm qıza kömək edəcək digər prinsiplər yadına düşür. (Məsəllər 22:3; Mətta 6:13; 26:41 ayələrinə bax.)

YUSİF ƏXLAQSIZLIQDAN QAÇDI

18, 19. Gənc Yusifin nöqsansızlığı necə sınanmışdı və o, necə hərəkət etmişdi?

18 Dinənin ögey qardaşı Yusif Allahı sevir və əxlaqsızlıqdan qaçırdı. O, bütün gənclər üçün gözəl nümunədir (Yaradılış 30:20—24). Hələ uşaq ikən Yusif bacısının düşüncəsiz hərəkətinin nəticəsini öz gözü ilə görmüşdü. Şübhəsiz, bu acı xatirələr və Allahın məhəbbətini qorumaq istəyi Yusifi bir neçə il sonra Misirdə əxlaqsızlıqdan çəkindirmişdi. Ağasının arvadı «hər gün» onu əxlaqsız təkliflərlə yoldan çıxarmaq istəyirdi. Yusif qul olduğu üçün ərizə verib işdən çıxa bilməzdi. Ona görə də bu vəziyyətdə o, ağıl və cəsarətlə hərəkət etməli idi və belə də etdi. Yusif hər dəfə Fitfirin arvadına «yox» deyirdi və axırda ondan qaçdı. (Yaradılış 39:7—12 ayələrini oxu.)

 19 Bir düşün: əgər Yusif gecə-gündüz həmin qadın və seks haqqında xəyallara dalsaydı, təmizliyini və nöqsansızlığını qoruya bilərdi? Çox güman ki, yox. Yusif günaha aparan şeylər haqqında fikirləşmir, Yehova ilə münasibətini hər şeydən üstün tuturdu. Bu, Fitfirin arvadına dediyi sözlərindən yaxşı görünür: «Ağam... hər şeyi mənim ixtiyarıma verib, tək səndən başqa, çünki sən onun arvadısan. İndi mən necə belə bir yamanlıq edib Allaha qarşı günah işləyə bilərəm?» (Yaradılış 39:8, 9).

20. Yehova Yusiflə bağlı hadisələrin gedişatına necə müdaxilə etmişdi?

20 Ailəsindən uzaqda, günbəgün nöqsansızlığı uğrunda mübarizə aparan Yusifi müşahidə edən Yehovanın sevincini təsəvvür et (Məsəllər 27:11). Sonradan Yehova hadisələrin gedişatını elə dəyişdi ki, Yusif zindandan çıxarılıb, Misirdə baş vəzir oldu və bütün ölkədə ərzaq paylanmasına nəzarət ona həvalə edildi (Yaradılış 41:39—49). Zəbur 97:10 ayəsindəki sözlər necə də doğrudur: «Ey Yehovanı sevənlər, pisliyə nifrət edin, O, sadiq bəndələrinin canını hifz edir, onları pislərin əlindən qurtarır»!

21. Afrikada yaşayan yeniyetmə qardaşımız əxlaqi təmizliyini qorumaq üçün necə cəsarət göstərmişdi?

21 Bu gün də Allahın bir çox xidmətçisi yaxşılığı sevib, pisliyə nifrət etdiyini göstərir  (Amus 5:15). Afrikada yaşayan bir yeniyetmə qardaşımız danışır: «Sinfimizdə bir qız utanıb-çəkinmədən mənə əxlaqsız bir təklif etdi. O dedi ki, riyaziyyat üzrə yoxlama işindən ona kömək etsəm, müqabilində mənimlə yatacaq. Mən dərhal onun təklifini rədd etdim. Nöqsansızlığımı qorudum, ləyaqətimi itirmədim. Bu, mənim üçün qızıldan da, gümüşdən də qiymətlidir». Günah «müvəqqəti həzz» gətirir, lakin belə ani nəşənin ağrısı uzunmüddətli olur (İbranilərə 11:25). Belə nəşə Yehovaya itaət etməyin gətirdiyi əbədi xoşbəxtliyin yanında heç bir şeydir (Məsəllər 10:22).

MƏRHƏMƏTLİ ALLAHIN KÖMƏYİNİ QƏBUL ET

22, 23. a) Ciddi günah işləmiş məsihinin vəziyyəti nəyə görə çarəsiz deyil? b) Günah işləmiş adam hansı yardımı ala bilər?

22 Qeyri-kamillik ucbatından cismimizin istəklərini ram etmək və Allahın düzgün saydığı işləri görmək üçün, sözün əsil mənasında, mübarizə aparmaq lazım gəlir (Romalılara 7:21—25). Yehova bunları başa düşür, «torpaq olduğumuzu unutmur» (Zəbur 103:14). Ancaq bəzən elə olur ki, məsihi çox ciddi bir günah işlədir. Bəs buna çarə var? Əlbəttə, var! Düzdür, ola bilsin, günahkar, Davud padşah kimi, öz əkdiyinin acı bəhrələrini biçəcək. Buna baxmayaraq, Allah dərin peşmançılıq çəkib günahlarını etiraf edənləri bağışlamağa həmişə hazırdır (Zəbur 86:5; Yaqub 5:16; Məsəllər 28:13 ayəsini oxu).

23 Üstəlik, Allah məsihi yığıncağına məhəbbətlə «insan timsalında hədiyyələr» — səriştəli və canyandıran yetkin ağsaqqallar bəxş edib (Efeslilərə 4:8, 12; Yaqub 5:14, 15). Onların məqsədi günah işləmiş adama Allahla münasibətini bərpa etməyə və günahı təkrarlamamaq üçün dərrakə qazanmağa yardım göstərməkdir (Məsəllər 15:32).

 AĞIL QAZANIN

24, 25. a) Məsəllər 7:6—23 ayələrində təsvir olunan gənc ağılsız olduğunu necə göstərdi? b) Biz ağlı necə qazana bilərik?

24 Müqəddəs Kitabda ağılsız və dərrakə qazanan adamlar haqqında bəhs edilir (Məsəllər 7:7). Xidmətdə təcrübəsiz və ruhani cəhətdən hələ yetkin olmayan adam bəsirətli deyil, onun dərrakəyə ehtiyacı var. Məsəllər 7:6—23 ayələrində təsvir olunan cavan kimi, belə adam asanlıqla ciddi günah toruna düşə bilər. Lakin ağıl qazanan insan müntəzəm dua etmək və Allahın Kəlamını öyrənməklə öz daxili varlığını yoxlayır. O, qeyri-kamil imkanları çərçivəsində əlindən gələni edir ki, düşüncə, hiss, istək və məqsədləri Allaha məqbul olsun. Deməli, o, «özünü sevir», yəni özünü bəladan qoruyur. Belə adam hər bir işdə «uğur tapır» (Məsəllər 19:8).

25 Özündən soruş: «Mən Allahın normalarının düzgünlüyünə tam əminəm? Onlara riayət etməyin xoşbəxtlik gətirdiyinə sidqi-ürəkdən inanıram?» (Zəbur 19:7—10; Əşiya 48:17, 18). Əgər ürəyində zərrə qədər də olsa, şübhə varsa, onu aradan qaldır. Allahın qanunlarına məhəl qoymamağın acı nəticələrini gözünün qabağına gətir. Bundan əlavə, həqiqətlə yaşayıb zehnini sağlam düşüncələrlə — doğru, saleh, pak, sevilməli, nəcib şeylərlə doldurmaqla Yehovanın nə qədər gözəl olduğunu dadacaqsan (Zəbur 34:8; Filippililərə 4:8, 9). Əmin ol ki, bunu etdikcə Allaha məhəbbətin daha da artacaq, Onun sevdiyi şeyləri sevəcək, nifrət etdiyi şeylərə nifrət edəcəksən. Yusif də kamil deyildi. Bununla belə, o, əxlaqsızlıqdan qaça bilmişdi. Çünki illərlə Yehovanın onu formalaşdırmasına yol verir, Allahı məmnun etməyi ürəkdən arzulayırdı. Sən də Yusif kimi ol! (Əşiya 64:8).

26. Növbəti fəsillərdə hansı mühüm mövzu müzakirə ediləcək?

26 Yaradan Allah cinsiyyət orqanlarını əyləncə üçün  yox, dünyaya uşaq gətirmək və həyat yoldaşı ilə yaxınlıqdan həzz almaq üçün yaradıb (Məsəllər 5:18). Allahın nikaha münasibəti növbəti iki fəsildə müzakirə olunacaq.

^ abz. 4 Görünür, «Saylar» kitabındakı 24 000 adamın sırasına Yehovanın şəxsən cəzalandırdığı adamlardan əlavə, hakimlər tərəfindən edam olunmuş 1000 nəfərə yaxın xalqın bütün rəhbərləri də daxildir (Saylar 25:4, 5).

^ abz. 7 Natəmizlik və azğın davranış ifadələrinin mənası Yehovanın Şahidləri tərəfindən dərc olunan «Gözətçi qülləsi» jurnalının 2006-cı il 15 iyul sayının «Oxucuların sualları» rubrikasında (rus.) müzakirə olunur.

^ abz. 9 Burada istifadə olunan «pornoqrafiya» sözü cinsi ehtiras oyadan erotik şəkillərə, erotik mövzularda audio yazıya, yaxud bu mövzuda telefon vasitəsilə aparılan canlı söhbətlərə aiddir. Pornoqrafiya adamın erotik pozada çəkilmiş şəklindən tutmuş iki və ya daha çox insanın iştirakı ilə cinsi əlaqənin ən iyrənc növlərini nümayiş etdirən səhnələr formasında ola bilər.

^ abz. 9 Masturbasiya mövzusu «Əlavələr» bölməsinin 218 və 219-cu səhifəsində müzakirə edilir.

Əlavə məlumat

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

Təmiz qalmaq mümkündür

Müqəddəs Kitab əxlaqsız istəklərə qarşı durmaq üçün üç kömək təqdim edir..