Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

Rusiya. Moskvada xoş xəbər çatdırılır

 ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

Hüquqi hesabat

Hüquqi hesabat

Qeydiyyat məsələsi

Hüquqi qeydiyyatın olmaması Yehovanın Şahidlərinin dini fəaliyyətinin qarşısını almır. Sadəcə, qeydiyyat bizə görüşləri keçirmək üçün əmlak satın almağa və ya icarəyə götürməyə, həmçinin dini ədəbiyyatlarımızın idxalına icazə verir.

  • 2004-cü ildə Rusiya məhkəmələri Moskvadakı Yehovanın Şahidlərinin istifadə etdiyi hüquqi şəxsi ləğv etmişdi. Nəticədə, Moskvada yaşayan dindaşlarımız düşmən münasibəti ilə üzləşdi. Onları tez-tez polis işçiləri narahat etmiş, ictimai şahidlik zamanı camaat bəzi bacı-qardaşlarımızın üstünə hücum çəkmiş, görüş yerlərinin sahibkarları kirayə müqaviləsini pozub bacı-qardaşlarımızı ibadət etmək üçün məkansız qoymuşdular. 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi Rusiya hökumətinin Moskvadakı Yehovanın Şahidlərinin hüquqlarını tapdaladığını təsdiq etdi və qərar verdi ki, hüquqi şəxs bərpa  olunsun. Xəbər verməyə şadıq ki, 2015-ci il mayın 27-si Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Moskva Departamenti Yehovanın Şahidlərini Moskvada yerli dini təşkilat kimi qeydiyyata aldı.

Vergi məsələsi

Bütün dünyada Yehovanın Şahidlərinin istifadə etdikləri hüquqi şəxslər, əksər dinlər və xeyriyyə təşkilatları kimi, vergidən azaddırlar. Amma bəzən dövlət bizim vergidən azad olmaq statusumuzu qəbul etmir.

  • İsveçdə dövlət məmurları iddia edir ki, Beytel xüsusi tammüddətli müjdəçilərdən ibarət dini icma yox, beytelliləri işlə təmin edən kommersiya təşkilatıdır. Buna görə ölkə həm Beytelin, həm də ayrı-ayrılıqda bəzi beytellilərin üzərinə on minlərlə avro vergi qoydu. Bu məsələ ilə bağlı İsveçdə yaşayan Yehovanın Şahidləri yerli məhkəmələrə şikayət edib və Avropa İnsan Hüquqları Məhkəməsi ayrı-ayrılıqda altı ərizə veriblər.

Bitərəflik və əqidəyə görə hərbi xidmətdən imtina

Yehovanın xalqı Əşiya 2:4 ayəsində yazılan «nizələrindən oraq düzəldəcək» və «artıq müharibə etməyi öyrənməyəcəklər» sözlərinə ciddi yanaşırlar. Bəzi dövlətlərdə mülki alternativ xidmət olmasa da, Yehovanın Şahidləri bitərəfliklərini qoruyub saxlayırlar.

  • Cənubi Koreyanın hazırkı qanunvericiliyi etiqada görə hərbi xidmətdən imtina etmək hüququnu tanımır. 60 ildən artıqdır ki, 18 000-dən çox Yehovanın Şahidi hərbi xidmətdən imtina etdiyi üçün həbs olunub. Bu ölkədə yaşayan Yehovanın Şahidlərinin demək olar ki, hamısının ya ailə üzvü, ya da yaxını həbs həyatı yaşayıb. 2004 və 2011-ci illərdə Cənubi Koreyanın Konstitusiya Məhkəməsi onların həbsini qanuni hesab etdi. 2015-ci ilin iyul ayında həmin Məhkəmə məsələyə yenidən baxmaq üçün açıq iclas keçirdi. Bütün dünyadakı Yehovanın Şahidləri dua edirlər ki, uzun müddət davam edən bu məsələ ilə bağlı bir qətnamə qəbul olunsun və Cənubi Koreyadakı  gənc qardaşlarımız etiqadlarına görə bir daha həbs olunmasınlar.

  • Eritreyada üç Yehovanın Şahidi əqidələrinə görə hərbi xidmətdən imtina etdikləri üçün artıq 22-ci ildir ki, məhbus həyatı yaşayırlar. Bu illər ərzində Paulos İyassu, Negede Teklemaryam və İsak Moqosaya nə rəsmi şəkildə ittiham irəli sürülüb, nə də ki özlərini məhkəmə qarşısında müdafiə etməyə imkan verilib. Əllidən çox digər bacı-qardaşla birgə onlar kobud rəftara və sərt həbsxana şəraitinə rəğmən, nöqsansızlıqlarını qoruyurlar. Əminik ki, Yehova imanlarına görə həbs olunanların ah-naləsini eşidir və mütləq onların xeyrinə hərəkətə keçəcək (Zəb. 79:11).

  • 2014-cü ilin avqust ayında Ukraynada səfərbərlik elan olunarkən Vitaliy Şalayko qardaş əsgərliyə çağırılmışdı. O, əqidəsinə görə hərbi xidmətdən imtina etdiyini, amma mülkü alternativ xidməti icra etməyə hazır olduğunu bildirdi. Prokuror səfərbərlik zamanı hərbi xidmətdən imtina etdiyinə görə qardaşı ittiham edərək məsuliyyətə cəlb etdi. Amma birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi onu təqsirsiz bildi. Apellyasiya məhkəməsi qeyd etdi ki, dövlətin təhlükəsizliyini müdafiə etmək qanunun zəmanət verdiyi hüquqları  məhdudlaşdırmağa bəraət vermir və «əqidəyə görə hərbi xidmətdən imtina etmək hüququ milli təhlükəsizliyi qorumaq naminə tapdalanmamalıdır». Amma prokuror şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etdi. 2015-ci il iyunun 23-ü Ukraynanın mülki və cinayət işləri üzrə ixtisaslaşmış Ali Məhkəməsi aşağı instansiyaların qərarını qüvvədə saxladı. Bu qərar sübut etdi ki, əqidəyə görə hərbi xidmətdən imtina etmək hüququ və alternativ xidmət hətta səfərbərlik zamanı belə tətbiq olunur.

Ukrayna. Vitaliy Şalayko xoş xəbəri bölüşür

Məsələnin müsbət sonluqla nəticələnməsi ilə bağlı Vitaliy qardaş öz hisslərini bölüşür: «Mənə güc verən Ərəmya 1:19 ayəsi oldu. Özümü hər şeyə hazırlamışdım. Mənim üçün Yehova Allaha sadiq qalmaq daha vacib idi. Əminəm ki, Allah məni heç vaxt atmayacaq, əksinə, Ona sadiq qalmağım üçün mənə güc verəcək. Nəticə gözlədiyimdən qat-qat yaxşı oldu. Üç məhkəmənin üçü də mənim xeyrimə qərar çıxartdı. İstintaq boyu qardaşların dəstəyini hiss edirdim, özümü bir anlıq da olsun, tək hiss etmədim».

Bitərəflik və vətənpərvərlik mərasimləri

Vətənpərvərlik mərasimi məsihi bitərəfliyini sınağa çəkən digər bir vəziyyətdir. Xüsusilə də, məktəbdə oxuyan uşaqlar bu problemlə üzləşir. Məktəb rəhbərliyi şagirdləri dövlət himnini oxumağa və bayrağa təzim etməyə məcbur etdiyi üçün məktəbdə oxuyan uşaqların Yehovaya olan sadiqlikləri sınanır.

  • Ruandanın Karunqci vilayətində məktəb rəhbərliyi Yehovanın Şahidi olan bir neçə şagirdi dövlət himnini oxumadıqları üçün himnə hörmətsizlik göstərməkdə ittiham etmişdi. Buna görə də şagirdlər məktəbdən qovulmuş və həbs olunmuşdular. 2014-cü il noyabrın 28-i Karunqci Arbitraj Məhkəməsi şagirdlərə bəraət qazandıraraq himn oxumaqdan imtina etməyin hörmətsizlik əlaməti olmadığını bildirdi. Afrika qitəsinin Kamerun, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Malavi kimi ölkələrində də Yehovanın Şahidi olan gənc bacı-qardaşlarımız eyni problemlə üzləşib və bəziləri məktəbdən qovulub.  Bu ölkələrdə yaşayan qardaşlarımız əllərindən gələni edirlər ki, dövlət məmurlarına və məktəb rəhbərliklərinə Yehovanın Şahidlərinin bitərəf mövqeləri barədə məlumat versinlər.

  • Honduras. Mirna Paz və Bessi Serano nəhayət attestat aldılar

    2013-cü ilin dekabr ayında Hondurasın Lepaera şəhərindəki bir məktəb himn oxumadıqlarına və bayrağa sədaqət andı içmədiklərinə görə iki Yehovanın Şahidinə attestat verməkdən imtina etmişdi. Məsələni həll etmək üçün Yehovanın Şahidlərindən olan iki hüquqşünas Təhsil Nazirliyinin nümayəndəsi ilə görüşmüş, onu Yehovanın Şahidi olan şagirdlərin mövqeyini dəstəkləyən beynəlxalq hüquqi presedentlərlə tanış etmişdilər. Məmur mehriban insan idi və şagirdlərlə valideynlərə bütün sübutları yazılı sürətdə Hondurasın Təhsil Nazirliyinin hüquq sektoru müdirinə təqdim etməyə icazə verdi. Müdir onların şikayətinə baxandan sonra 2014-cü il iyulun 29-u göstəriş verərək bildirdi ki, «kimliyindən asılı olmayaraq, cəmiyyətin [hər bir üzvünün] təhsil almaq hüququ var». Həmçinin Yehovanın Şahidi olan həmin şagirdlərə attestat verilməsini tapşırdı.

Ayrı-seçkilik halları

Yehovanın Şahidləri İsa Məsihin Padşahlıq haqda xoş xəbəri bəyan etmək, birgə ibadət etmək və Allahın Kəlamını müntəzəm oxuyub araşdırmaq əmrinə riayət edirlər. Biz həmçinin  Müqəddəs Kitabda yazılanlara əsasən, Yehovanın qanunlarını övladlarımıza aşılayır və qandan uzaq dururuq (Həv. 15:20; Qan. 6:5—7). Bu qanunlara əməl etdiyimiz üçün bəzən mövqeyimizi tam başa düşməyən dövlət məmurları ilə anlaşılmazlıqlar yaşayırıq.

  • ABŞ-ın Florida ştatında baş tutan bir məhkəmənin qərarına əsasən, üç övladına dini tərbiyə vermək Yehovanın Şahidi olmayan bir ananın ixtiyarına verildi. Yehovanın Şahidi olan ataya isə uşaqlarına katolik inancına zidd gedən hər hansı bir təlim vermək qadağan olundu. Ata məhkəmənin qərarını apellyasiyaya verdi. 2014-cü il avqustun 18-i apellyasiya məhkəməsi ilk instansiyanın qoyduğu məhdudiyyəti ləğv etdi. Aşkar presedentə əsaslanaraq hakim yazmışdı: «Qəyyumluq hüququ olmayan valideynin üzərinə uşağına öz dini etiqadlarını aşılamaq məhdudiyyəti qoyularsa, amma valideynin dini fəaliyyətinin uşağa pis təsiri ilə bağlı sübut olmazsa, məhdudiyyətlər bir mənalı olaraq aradan götürülür».

    Qanun bu uşaqlara Yehovanın gözəl nəsihət və göstərişlərini məhdudiyyətsiz əldə etmək hüququ verir. Uşaqlar hal-hazırda getdikləri yığıncaqda ruhani cəhətdən irəliləyirlər. Ata deyir: «Bu vəziyyətə tab gətirməyimin mənə böyük faydası var. Sonralar da imanım sınandı, amma Yehova mənə möhkəm qalmağa kömək etdi! Başa düşürəm ki, biz Yehovaya xidməti seçəndə təqiblərin də olacağını qəbul etmiş oluruq».

  • Namibiya. Eficiniya Simente üç uşağı ilə birgə

    Namibiyada yaşayan Eficiniya Simente adlı bacımız üç uşaq anasıdır. O, üçüncü uşağını dünyaya gətirərkən nöqsansızlığı ciddi sınağa məruz qalmışdı. Çünki vəziyyəti ağırlaşdığından həkimlər və Yehovanın Şahidi olmayan ailəsi ona məcburi qan köçürməyi icazə verən məhkəmə qərarı almışdılar. Eficiniya bacı ona qan köçürülməsinə heç bir vəchlə yol vermədi. Bununla belə, müalicə seçmək hüququnu müdafiə etmək üçün qanuna üz tutdu. 2015-ci il 24 iyun tarixində Namibiyanın Ali Məhkəməsi Eficiniya bacının lehinə qərar çıxardıb bildirdi ki, «valideyn [hamilə] olub-olmamasından asılı olmayaraq, hər kəsin bədəni ilə necə davranacağını seçmək hüququ var və bu,  hər kəsin toxunulmaz hüququdur». Eficiniya bacı bölüşür: «Yehovanın köməyini hələ heç vaxt bu qədər çox hiss etməmişdim. Qardaşlığın bir hissəsi olmaq möhtəşəm bir şeydir. Yehova, həqiqətən də, qayğıkeş Allahdır!»

  • İsveçrədə yaşayan Yehovanın Şahidləri böyük şəhərlərdə sevə-sevə ictimai şahidlik edirlər. Amma Cenevrə şəhəri «ictimai ərazidə dini xarakterli məlumatların stendlər vasitəsilə birbaşa və ya dolayısı yolla yayılmasını» qadağan edən əmr çıxartdı. Yehovanın Şahidləri məhkəməyə şikayət edərək bildirdilər ki, dini xarakterli məlumatın stendlər vasitəsilə yayılmasına qoyulan qadağa «dini və fikir azadlığı qanunu kobudcasına pozur». Məhkəmə qardaşların gətirdiyi bu səbəblə razılaşdı. Beləcə, Yehovanın Şahidləri məlumat stendləri vasitəsilə ictimai şahidlik etmək üçün münasib yer və vaxt təyin etmək məsələsində məmurlarla ortaq məxrəcə gəldilər.

  • Azərbaycanda dövlət məmurları Yehovanın Şahidlərinin dini fəaliyyətinin qarşısını almaq cəhdlərini gücləndirirlər. Bəzi Yehovanın Şahidləri sorğu-sual olunmaq üçün dəfələrlə Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılıblar. Bundan əlavə, MTN-in işçiləri Yehovanın Şahidlərindən bəzilərinin evlərində  dövlət tərəfindən icazə verilməyən dini ədəbiyyatların olub-olmadığını yoxlamaq məqsədilə axtarışlar aparıblar. 2015-ci ilin fevral ayında İrina Zaxarçenko və Validə Cəbrayılova adlı bacılarımız qonşuları ilə Allahın Kəlamı haqda danışdıqları üçün MTN tərəfindən həbs olundular. Bu xəbər bütün dünyanı lərzəyə saldı. Düzdür, bütün bunlar bizə ürək ağrısı verir. Amma digər tərəfdən, sevinirik ki, Azərbaycanda yaşayan bacı-qardaşlarımız qətiyyət və cəsarətlərini itirmədən Padşahlıq haqqında müjdəni insanlarla bölüşürlər (Mət. 24:14).

  • Rusiyada Yehovanın Şahidləri dini fəaliyyətlərinə görə dövlətin amansız rəftarı ilə üzləşirlər. Bu günə kimi Rusiya Federasiyası Yehovanın Şahidləri tərəfindən nəşr olunan 80 ədəbiyyata «ekstremist» adı verib. Bu o deməkdir ki, «Müqəddəs Kitab hekayələri» kimi «ekstremist» hesab edilən nəşrləri əldə etmək və ya onları paylamaq qeyri-qanunidir. Bu azmış kimi, Rusiya Federasiyasının Ali Məhkəməsi 2014-cü ilin dekabr ayında bizim jw.org saytımızı da «ekstremist» adlandırdı. Rusiyada olan bütün internet provayderləri jw.org saytına girişi bağladılar. Saytı təbliğ etmək qeyri-qanuni əməl hesab edilir. 2015-ci ilin mart ayından bu yana gömrük məmurları Yehovanın Şahidlərinin heç bir ədəbiyyatının ölkəyə idxal olunmasına icazə vermirlər. Bu qadağa hətta Rusiya məhkəmələri tərəfindən əvvəllər icazə verilmiş Müqəddəs Kitaba və başqa ədəbiyyatlara da aid edilir.

Taqanroq şəhərində məhkəmə prosesi hələ də davam edir. Oradakı məmurlar 16 təbliğçini dini görüşləri keçirdikləri üçün «cinayət» məsuliyyətinə cəlb ediblər. Samara şəhərində məmurlar istifadə etdiyimiz hüquqi şəxsi «ekstremist» adı ilə ləğv etmək üçün məhkəmə qərarı alıblar. Saysız-hesabsız çətinliklərə rəğmən, Rusiyada yaşayan bacı-qardaşlarımız bu maneələri dəf edib «Allaha məxsus şeyləri Allaha» vermək qətiyyətindədirlər (Mət. 22:21).