Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Yapon zülmü altında

Yapon zülmü altında

1942-ci ilin əvvəlində Yaponiyanın silahlı ordusu İndoneziyanı amansızcasına ələ keçirdi. Neçə-neçə qardaşımız ağır işə cəlb olundu. Onları yollar tikməyə, arxlar təmizləməyə məcbur edirdilər. Digərləri isə müharibəni dəstəkləmədikləri üçün natəmiz həbs düşərgələrinə düşüb, işgəncələrə məruz qaldı. Haradasa üç qardaşımız həbsxanada son nəfəsini verdi.

Cuanna Harp, iki qızı və ailəvi dostu Bet Qodenze (ortada)

Şərqi Yavanın ucqar dağlıq bölgəsində yaşayan Cuanna Harp adlı holland bacımız müharibənin ilk iki ilini azadlıqda keçirə bilmişdi. Bu azadlıqdan istifadə edərək  o, üç yeniyetmə övladı ilə birgə «Xilas» kitabını və «Gözətçi qülləsi»nin nəşrlərini ingilis dilindən Niderland dilinə tərcümə edirdi *. Sonra tərcümə olunmuş nəşrlərin surəti çıxarılır və xəlvəti Yavada yaşayan bacı-qardaşlara ötürülürdü.

Azadlıqda olan məsihilər kiçik qrup şəklində yığışır və ehtiyatla təbliğ edirdilər. Cozefina Eliyas (qızlıq soyadı Tan) bölüşür: «Qeyri-rəsmi şahidlik vermək üçün həmişə fürsət axtarırdım. Maraq göstərən insanlarla təkrar söhbət etməyə gedəndə özümlə şahmat taxtası götürürdüm ki, məni görən şahmatçı olduğumu düşünsün». Feliks Tan və yoldaşı Bola sabun satmaq adıyla ev-ev təbliğ edirdilər. Feliks deyir: «Zəhmli yapon hərbi polisi olan kempetayın kəşfiyyatçıları bizi tez-tez izləyirdilər. Şübhə oyatmamaq üçün dərs keçdiyimiz insanların yanına fərqli vaxtlarda gedirdik. Onlardan altısı ruhani cəhətdən inkişaf edib müharibə dövründə vəftiz oldu».

Cakartada fikirayrılığı

Qardaşlar müharibə şəraitinə təzəcə uyğunlaşmışdılar ki, digər bir sınaq başlarının üstünü kəsdirdi. Yapon hökuməti xarici vətəndaşlardan, o cümlədən Çin mənşəli indoneziyalılardan qeydiyyatdan keçməyi və Yapon imperiyasına sədaqət andını daşıyan vəsiqəni özləri ilə gəzdirməyi tələb etdi. Qardaşlar iki daş arasında qalmışdılar. Bilmirdilər qeydiyyatdan keçib and vəsiqəsinə qol çəksinlər, yoxsa bundan imtina etsinlər.

Cozefina Eliyas qardaşı Felikslə

Feliks Tan bölüşür: «Cakartadakı qardaşlar Sukabumidə yaşayan bizlərə and vəsiqəsini imzalamamağı tövsiyə etdilər. Ancaq biz dövlətdən xahiş elədik ki, vəsiqədə “imzaçı yapon ordusuna sədaqət göstərəcəyinə söz  verir” ifadəsi əvəzinə, “imzaçı yapon ordusuna əngəl törətməyəcək” sözləri yazılsın. İnanılmaz olsa da, onlar buna razılıq verdilər və hamımız vəsiqə aldıq. Cakartadakı qardaşlar bundan xəbər tutanda hamımızı dönük adlandırıb bizimlə bütün əlaqəni kəsdilər».

Təəssüflər olsun ki, Cakartadakı ifrat mövqe tutan qardaşların çoxu həbs olundu və imandan döndü. Heç bir vəchlə güzəştə getmək istəməyən bir qardaş Andre Eliyasla eyni həbsxanaya düşdü. Andre qardaş bölüşür: «Onunla qeydiyyat barədə söhbət edib məsələyə tarazlı baxmağa kömək etdim. O, bizimlə əlaqəni kəsdiyi üçün üzrxahlıq etdi. Uzun müddət bir-birimizə dəstək olduq. Amma sərt həbsxana şəraiti ucbatından o, çox yaşamadı».

Merdeka!

1945-ci ildə müharibə qurtardı. Bacı-qardaşlar təbliğ işini davam etdirmək arzusu ilə alışıb-yanırdılar. Müharibə vaxtı həbsdə yatan və işgəncəyə məruz qalan bir qardaş Avstraliya filialına belə bir məktub yazmışdı:  «Dörd ilin işgəncəsi məni sındırmadı. Əqidəmdən dönmədim. Bütün əzablarım boyu qardaşları unutmadım. Xahiş edirəm, mənə bir neçə kitab göndərin».

Nəhayət, bacı-qardaşların həsrətlə gözlədiyi ədəbiyyatlar gəlib çıxdı. Əvvəl-əvvəl az sayda ədəbiyyat gəlsə də, sonradan ədəbiyyatların miqdarı çoxaldı. Cakartada 10 müjdəçidən ibarət bir qrup yenidən ədəbiyyatları İndoneziya dilinə tərcümə etməyə başladı.

1945-ci il avqustun 17-si milli azadlıq hərəkatının liderləri İndoneziyanı müstəqil unitar respublika elan etdi. Bununla da holland müstəmləkəçilik hökmranlığı əleyhinə dörd il davam edən inqilab baş qaldırdı. Bu xaos nəticəsində on minlərlə adam həlak oldu, yeddi milyondan çox insan məcburi köçkün düşdü.

Hətta inqilab zamanı qardaşlar ev-ev təbliği dayandırmadılar. Cozefina Eliyas xatırlayır: «Patriotlar bizi müharibə şüarı olan “Merdeka!”, yəni “Azadlıq!” deyə qışqırmağa məcbur edirdilər. Lakin biz onlara siyasi məsələlərdə bitərəf olduğumuzu bildirirdik. 1949-cu ildə hollandlar uzun illər hakimlik etdikləri müstəmləkəni İndoneziya Birləşmiş Ştatlar Respublikasının (indiki İndoneziya Respublikası) * ixtiyarına verdi».

1950-ci ilə qədər İndoneziyadakı qardaşlarımız təxminən 10 il sürən çaxnaşmanın zülmünü çəkdilər. Ancaq onları qabaqda çoxlu iş gözləyirdi. Bəs onlar ilahi müjdəni milyonlarla indoneziyalıya necə çatdıracaqdılar? İnsan üçün bu iş qeyri-mümkün idi! Amma qardaşlar Yehovanın «məhsul yığmağa biçinçi» göndərəcəyinə əmin olaraq bu işi imanla həyata keçirməyə doğru irəlilədilər (Mət. 9:38). Yehova da onların işini avand etdi!

^ abz. 4 Cuanna bacının kiçik qızı Hermina (Mimi) müharibə bitdikdən sonra Gilad məktəbinə dəvət aldı və İndoneziyaya xüsusi təyinatlı müjdəçi kimi qayıtdı.

^ abz. 14 Hollandlar 1962-ci ilə qədər Qərbi Papuanı (o vaxtlar Qərbi Yeni Qvineya adlanırdı) idarə edirdi.

Əlavə məlumat

TEZ-TEZ VERİLƏN SUALLAR

Nəyə görə Yehovanın Şahidləri siyasətə qarışmırlar?

Şahidlər dövlət üçün təhlükəlidir?