Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

Surabaya yığıncağı, 1954-cü il

 İNDONEZİYA

Gilad məzunlarının gəlişi

Gilad məzunlarının gəlişi

1951-ci ilin iyul ayı idi. Cakartadakı kiçik yığıncaq yığışıb Peter Vanderhageni qarşılamağa getdi. O, İndoneziyaya ayaq basan ilk Gilad məzunu idi. İlin sonunda isə Avstraliyadan, Almaniyadan və Niderlanddan 13 məzun gəldi. Onların gəlişi ilə Cakartada təbliğçilərin sayı, demək olar ki, ikiqat artdı.

Fredrika Renskers adlı hollandiyalı xüsusi təyinatlı müjdəçi xatırlayır: «Elə bilirdim ev-ev təbliğ edəndə fikrimi əl-qol hərəkətləri ilə izah edəcəyəm. Amma çoxları Niderland dilində danışdığı üçün əvvəl-əvvəl əsasən o dildə təbliğ edirdim». Avstraliyalı Ronald Yaka bölüşür: «Bəzilərimiz İndoneziya dilində olan “şahidlik üçün vərəqə”dən istifadə edirdik. Qapını döyməzdən qabaq vərəqədə yazılan xoş xəbəri oxuyub əzbərdən deməyə çalışırdım».

Xüsusi təyinatlı müjdəçilərin göstərdikləri təşəbbüs sayəsində bir ildə təbliğçilərin sayı sürətlə artaraq 34-dən 91-ə çatdı. 1951-ci il sentyabrın 1-də Andre Eliyas qardaşın Mərkəzi Cakartadakı evində Gözətçi Qülləsi Cəmiyyətinin filialı yaradıldı. Ronald Yaka bura filial xidmətçisi təyin olundu.

Digər ərazilərə qapı açılır

1951-ci ilin noyabr ayında Peter Vanderhagen Manadoya (Şimali Sulavesi), Teo Ratunun öz yoldaşı ilə birgə yaratdığı kiçik qrupa təyin olundu. Yerli əhalinin əksəriyyəti xristian olduğu üçün Allahın Kəlamına rəğbət bəsləyirdilər. Ev sakinlərinin çoxu Yehovanın Şahidlərini evlərinə dəvət edib onlardan Müqəddəs Kitab təlimlərini izah etmələrini xahiş edirdilər. Çox vaxt elə olurdu  ki, onlar 10 nəfərdən ibarət qrupa təbliğ edirdilər, on beş dəqiqə keçməmiş qulaq asanların sayı haradasa 50 nəfərə çatırdı. Bir saatın içində isə müzakirə çölə qədər gedib çıxır və 200 nəfərə yaxın adam söhbətə qoşulurdu.

1952-ci ilin əvvəlində Albert və Ceyn Maltbi cütlüyü İndoneziyanın ikinci ən böyük şəhəri olan Surabayada (Şərqi Yava) xüsusi təyinatlı müjdəçilər üçün ev təşkil etdilər. Bu cütlüyə altı xüsusi təyinatlı müjdəçi bacılar — Gertrud Ott, Fredrika Renskers, Suzi və Marian Styuva bacıları, Evelina Plat və Mimi Harp qoşuldu. Fredrika bacı  deyir: «Əhalinin çoxu müsəlman idi. Onlar çox mülayim və mehriban insanlar idilər. Əksəriyyəti, sanki, çoxdandır xoş xəbəri gözləyirmiş. Buna görə də onlarla Müqəddəs Kitab dərslərinə başlamaq asan oldu. Üç ilə Surabaya yığıncağındakı təbliğçilərin sayı 75 nəfərə çatdı».

Cakartada xüsusi təyinatlı müjdəçilər

Həmin vaxtlar Padanqda (Qərbi Sumatra) yaşayan Əziz adlı müsəlman bir kişi filiala məktub yazıb Müqəddəs Kitabı öyrənmək istədiyini bildirdi. 1930-cu illərdə Əzizlə avstraliyalı öncüllər Müqəddəs Kitab dərslərini keçirdilər. Ancaq yapon işğalı zamanı Əziz onlarla əlaqəni itirdi. Günlərin bir günü Yehovanın Şahidlərinin dərc etdiyi buklet onun əlinə düşür. O yazır: «Bukletin üstündə Cakartadakı ünvanı görəndə çox sevindim». Məktubu alandan dərhal sonra filial Frans van Vlet adlı rayon nəzarətçisini Padanqa yolladı. Orada Frans qardaş öyrəndi ki, Əziz qonşusu Nəzər Rizə təbliğ edib. Həmin adam həqiqətə susamış dövlət işçisi idi. Bu iki kişi ailələri ilə birgə həqiqəti qəbul etdilər. Əziz qardaş sonradan ağsaqqal təyin olundu. Nəzər qardaş isə xüsusi öncül oldu. Uşaqlarının çoxu bu gün də Yehovaya canla-başla xidmət edir.

Frans van Vlet və kiçik bacısı Nel

Bir qədər sonra Frans van Vlet qeyri-fəal holland bir qardaşa baş çəkir. Həmin qardaş Balikpapanda (Şərqi Kalimantan) müharibədən zərər görmüş nefttəmizləyən zavodun bərpa işlərində çalışırdı. Frans qardaş onunla xidmətə çıxdı və onu maraq göstərənlərlə Müqəddəs Kitab dərslərinə başlamağa təşviq etdi. Qardaş Niderlanda qayıtmazdan öncə Balikpapanda kiçik bir qrup təsis etdi.

Az sonra təzəcə vəftiz olunmuş Titi Kutin adlı bacı Bancarmasinə (Cənubi Kalimantan) köçdü. Titi bacı dayak tayfasından olan qohumlarına təbliğ etmişdi. Onların çoxu həqiqətə hay verdi. Qohumlarından bəziləri  Kalimantanın ucqar kəndlərinə qayıdaraq qruplar yaratmışdılar. Bu qruplar böyüyüb yığıncaqlara çevrildi.

Ədəbiyyatların İndoneziya dilində çapı

Təbliğ işi sürətlə genişləndikcə İndoneziya dilində olan ədəbiyyata tələbat artdı. 1951-ci ildə «Allah haqdır» adlı kitab İndoneziya dilinə tərcümə edildi. Ancaq hökumət İndoneziyanın orfoqrafiya sistemini yenilədiyi üçün filial həmin kitaba düzəlişlər etməli oldu *. Kitab işıq üzü görəndən sonra böyük oxucu kütləsi topladı.

1953-cü ildə filial İndoneziya dilində 250 nüsxə «Gözətçi qülləsi» jurnalını çap etdi. Bu nəşr 12 ildən sonra burada dərc olunan ilk nəşr idi. Mimeoqrafda çap olunan 12 səhifəlik jurnalda əvvəl-əvvəl yalnız təlim məqalələri yer alırdı. Üç il sonra jurnal 16 səhifəlik oldu. Jurnalı hər ay 10 000 nüsxə tirajla özəl şirkət çap edirdi.

1957-ci ildən bəri İndoneziya dilində hər ay «Oyanın!» jurnalı çıxmağa başladı. Onun tirajı sürətlə artaraq 10 000-ə gəlib çatdı. Ölkədə çap kağızının sayı məhdud  olduğu üçün qardaşlar kağıza görə lisenziya almalı idilər. Onların ərizəsinə baxan məmur dedi: «Düşünürəm ki, “Minarə Pənqaval” (“Gözətçi qülləsi”) jurnalı İndoneziyanın ən gözəl jurnallarından biridir. Məmnuniyyətlə yeni jurnalın çap olunması üçün sizə lisenziya verərəm».

^ abz. 13 1945-ci ildən bəri İndoneziyanın orfoqrafiya sistemi iki dəfə yenilənib. Səbəb Niderland dilinin keçmiş orfoqrafiya sistemindən azad olmaq idi.