Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

Toy mərasimləri toplantıların keçirilməsi üçün fürsət idi

 İNDONEZİYA

Onlar birgə yığışmaqdan vaz keçmədilər

Onlar birgə yığışmaqdan vaz keçmədilər

Qadağa zamanı bacı-qardaşlar evlərdə yığışıb ibadət edirdilər. Diqqət cəlb etməmək üçün əksər yığıncaqlarda nəğmə oxunmurdu. Yığıncağın keçirildiyi bəzi yerlərə hakimiyyət orqanları tərəfindən basqın olunsa da, dindaşlarımız ruhdan düşmürdü.

Qohumlar bir yerə yığışanda, yaxud toy olanda qardaşlar fürsətdən istifadə edib böyük toplantılar keçirirdilər. Taqor Hutasoyt bölüşür: «Adətən, cütlüklər nikah bağladıqdan sonra polisdən böyük toy mərasimi keçirmək üçün icazə alırdılar. Toyda qardaşlar məruzələr söyləyərkən evlənən cütlüklər, gəlinin rəfiqələri və valideynləri səhnədə oturardılar».

Bir dəfə belə bir mərasim zamanı polis Taqor qardaşa yaxınlaşıb dedi:

— Görmüşük ki, toy iki-üç saat olsun. Bəs sizin toylar niyə səhərdən axşama kimi davam edir?

— Bəzi cütlüklərin çoxlu problemləri olduğu üçün onların Allahın Kəlamındakı gözəl məsləhətlərə ehtiyacı var.

— Məntiqlidir, — deyərək polis başını yellədi.

 Qardaşlar bir neçə cütlüyün toy mərasimini keçirmək adı ilə 1983-cü ildə Cakartanın böyük idman stadionunda «Padşahlığın yekdilliyi» adlı regional toplantının bir hissəsini keçirmişdilər. Orada iştirak edənlərin ən yüksək sayı haradasa 4000 nəfər idi. Gələnlərin arasında iman bacı-qardaşlardan savayı, maraqlananlar da var idi. Proqramdan qabaq 125 nəfər başqa yerdə vəftiz olunmuşdu. Sonralar, qadağanın sərt olmayan vaxtlarında qardaşlar daha böyük toplantılar keçirmişdilər. Hətta bir dəfə toplantıya gələnlərin sayı 15 000-dən çox idi.

 Qadağa dövründə filial tikilir

1980—1990-cı illər ərzində filial Yehovanın Şahidlərinin fəaliyyətinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı dövlətə dəfələrlə ərizə ilə müraciət etmişdi. Başqa ölkələrdə olan qardaşlar da həm İndoneziya hökumətinə, həm də oradakı səfirlərə məktub yazıb Yehovanın Şahidlərinin fəaliyyətinə qoyulan qadağanın səbəbini soruşmuşdular. Əksər məmurlar qadağanı götürməyə razı olsalar da, nüfuzlu Xristian İcması Rəhbərliyinin Baş İdarəsi dəfələrlə buna mane olmuşdu.

1990-cı ildə qardaşlar nəzərə çarpmayan bir məkanda yeni filialın tikilməsinin mümkün olduğu qənaətinə gəldilər. Həmin ildə Rəhbərlik Şurası Cakartadan təxminən 40 kilometr cənubda yerləşən Boqor adlı balaca şəhərin yaxınlığında mülk almağa razılıq verdi. Ancaq tikinti işindən yalnız bir neçə qardaşın başı çıxırdı. Bəs yeni filial necə tikiləcəkdi?

Bu suala cavab beynəlxalq qardaşlıqdan gəldi. Bruklin tikinti şöbəsi və Avstraliyada olan Regional memarlıq şöbəsi binanın planını tərtib etdi. Beynəlxalq tikinti proqramında iştirak edən təxminən 100 könüllü ikiillik layihə zamanı bilik və təcrübələrini təqdim etdilər.

Huşə Mənsur adlı indoneziyalı bir qardaş yerli məmurlarla əlaqə qurmağa kömək edirdi. O bölüşür: «Müsəlman məmurlar mənim tikinti kaskamın üzərindəki adımın və soyadımın baş hərflərini (H.M.) görüb elə bilmişdilər ki, oradakı “H” hərfi Həci (Məkkəni ziyarət edənə verilən ad) deməkdir. Buna görə onlar mənə böyük hörmət göstərirdilər. Bu xırda anlaşılmazlıq bizim işimizi xeyli asanlaşdırdı».

Qadağa dövründə tikilmiş filial

1996-cı il iyulun 19-da yeni filialın binaları Yehovaya həsr olundu. Həsr olunma məruzəsi ilə Rəhbərlik Şurasının  üzvü Con Bar çıxış etdi. Görüşə 285 nəfər gəlmişdi. Onların arasında başqa ölkələrdən gələn 118 beytelli, xüsusi öncüllər, indiki və keçmiş xüsusi təyinatlı müjdəçilər, o cümlədən İndoneziyanın beytel ailəsinin 59 üzvü var idi. Həsr olunmadan sonra iki gün ərzində 8793 qonaq Cakartada keçirilən «İlahi sülhün müjdəçiləri» adlı regional toplantıda iştirak etdi.

Yehova Allah xalqına hayan olur

1998-ci ildə İndoneziyada uzun müddət hakimiyyət sürmüş prezident Suxarto istefaya getdi. Yeni hökumətin yaranması üçün zəmin yarandı. Qardaşlar fəaliyyətimizə qoyulmuş qadağanın aradan götürülməsi üçün var gücləri ilə çalışdılar.

 2001-ci ildə İndoneziyanın dövlət katibi cənab Cohan Əfəndi Nyu-Yorka səyahəti zamanı Bruklindəki beytelimizi ziyarət etdi. Orada onu Rəhbərlik Şurasının üç üzvü qarşıladı. Gördükləri ona dərin təsir bağışladı və o, Yehovanın Şahidlərinin bütün dünyada yaxşı ad qazandığını anladı. Cənab Cohan Əfəndi qadağanın götürülməsinə razı olsa da, bildirdi ki, son sözü İndoneziyanın baş prokuroru cənab Marzuki Darusman deməlidir.

Qadağanın götürülməsinə baş prokuror da razı idi, amma onun şöbəsində bizə düşmən kəsilən məmurlar prokurorun tezliklə vəzifədən azad olunacağına ümid etdikləri üçün məsələni sonraya saxlayırdılar. Nəhayət, 2001-ci il iyunun 1-də Taqor Hutasoyt qardaş baş prokurorun ofisinə çağırıldı. Qardaş bu hadisəni yada salaraq deyir: «25 il bundan əvvəl həmin ofisdə mənə Yehovanın Şahidlərinin fəaliyyətinin qadağan olunduğunu göstərən sənəd vermişdilər. Amma o gün baş prokuror mənə bu qadağanın ləğv olunduğunu təsdiq edən sənəd təqdim etdi. Həmin gün onun vəzifədə olduğu son gün idi».

2002-ci il martın 22-si Yehovanın Şahidləri təşkilatı İndoneziyada Dini İşlər Departamenti tərəfindən rəsmən qeydiyyata alındı. Departamentin baş direktoru filial nümayəndələrinə dedi: «Əslində, sərbəst ibadət etməyinizə icazəni bu sənəd yox, Allah verir. Bu sənəddə dininizin hökumət tərəfindən rəsmi şəkildə qeydiyyata alındığı göstərilir. Artıq siz digər dinlərlə eyni hüquqa maliksiniz. Dövlət sizin qulluğunuzdadır».