Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

Səmada filial

Səmada filial

Ofislər 31-ci mərtəbədədir

2008-ci ildə İndoneziyada təbliğçilərin ən yüksək sayı 21 699 nəfərə çatdı. Filial binalarında demək olar ki, boş yer qalmamışdı. Həmçinin binalar qadağa dövründə tikildiyi üçün ucqar ərazidə yerləşirdi. Aydın məsələdir ki, həm Cakartaya yaxın, həm də daha böyük filiala ehtiyac var idi.

 Təxminən iki ildən sonra qardaşlar əvvəlki filialdan tamamilə fərqlənən mülk — Cakartanın mərkəzinə yaxın ərazidə son dərəcə müasir 42 mərtəbəli ofis qülləsinin 31-ci mərtəbəsini satın aldılar. Daha sonra təxminən 80 beytellinin yaşaması üçün yaxınlıqdakı binanın 12 mərtəbəsini, həmçinin təsərrüfat şöbələri üçün beşmərtəbəli bina aldılar.

Beytelin mənzilləri 12 mərtəbədə yerləşir

Müxtəlif ölkələrdən olan inşaatçı qardaşlar yerli podratçılarla birlikdə işləyərək ofislərdə və mənzillərdə yenidənqurma işləri apardılar. İnşaat nəzarətçisi olan Darren Berq deyir: «Yehova həlledilməz problemlərdən çıxış yolu tapmağa dəfələrlə kömək elədi. Misal üçün, biz çirkli suların müasir təmizləyici qurğusunu quraşdırmaq istəyirdik, amma bu texnologiya məmurlara yad olduğu üçün onlar buna razılıq vermədilər. Onda mühəndis olan yerli bir qardaş bu məsələ ilə bağlı baş məmura müraciət etdi. Məmur dərhal təklifimizi qəbul etdi və bildirdi ki, qardaşların məsləhətinə tamamilə etibar edir».

«Biz artıq gizlənmirik. Yehovanın Şahidləri indi insanların diqqət mərkəzindədir. Hamı görür ki, biz buradayıq və getmək niyyətində deyilik»

2015-ci il fevralın 14-ü yeni filial binaları Yehovaya həsr olundu. Rəhbərlik Şurasının üzvü III Entoni Morris həsr olunma məruzəsi ilə çıxış etdi. Filial komitəsinin üzvü Vinsent Vintanto İpikusuma deyir: «Filialımız indi nüfuzlu ərazidə, İndoneziyanın ən aparıcı şirkətlərinin arasında yerləşir. Biz artıq gizlənmirik. Yehovanın Şahidləri indi insanların diqqət  mərkəzindədir. Hamı görür ki, biz buradayıq və getmək niyyətində deyilik».

Filial komitəsinin üzvləri (soldan sağa): Budi Sintoza Lim, Vinsent Vintanto İpikusuma, Lotar Mihanq, Hideyuki Motoy

«Bura təbliğ sarıdan cənnətdir!»

Son illər ərzində dünyanın dörd bir yanından getdikcə daha çox Yehovanın Şahidi İndoneziyaya köçməyə başlayıb. Lotar Mihanq bölüşür: «Bizim ölkəmiz kimi ölkələrdə xaricdən gələn bacı-qardaşların rolu böyükdür. Onlar yığıncaqlarımıza təcrübə, yetkinlik və şövq gətirir, beynəlxalq qardaşlığın qədrini bilməyə kömək edirlər». Bəs onları köçməyə nə təşviq edib? Hansı bəhrələri biçiblər? Gəlin görək özləri nə deyir.

Tələbat olan ərazidə xidmət edənlər

1. Canin və Dan Mur

2. Mendi və Stüard Uilyams

3. Keysi və Ceyson Gibs

4. Meri (qabaqda sağda) və Takahiro Akiyama (arxada sağda)

Amerikadan olan Ceyson və Keysi Gibs bölüşür: «Biz “İllik fəaliyyət” kitabından təbliğçilərin əhaliyə nisbətini araşdırdıq və gördük ki, İndoneziya təbliğçilərin sayının əhaliyə nisbətdə az olan ölkələr sırasındadır. Sonra tələbat olan ərazidə xidmət etmiş dostlarımızdan bəziləri bizə bildirdi ki, İndoneziyada böyük potensial var. Biz də İndoneziya filialına zəng elədik, qardaşlar bizə Baliyə getməyi məsləhət gördülər. İndoneziyada ingilis sahəsində hələ təzə-təzə təbliğ başlandığı  üçün vaxt itirmədən bu işə öz töhfəmizi verə bilərdik. Ora bir illik getməyə planlaşdırmışdıq, ancaq üç ildir ki buradayıq. Təbliğ etdiyimiz insanların çoxu Yehovanın Şahidləri haqda ilk dəfədir eşidirlər. Burada xidmət əla gedir!»

Avstraliyadan olan Stüard və Mendi Uilyams adlı ortayaşlı ər-arvad deyir: «Həqiqətə susayan insanları tapmaq istədiyimiz üçün İndoneziyaya köçmək qərarına gəldik. Biz Malanqda (Şərqi Yava) xoş xəbərə həvəslə qulaq asan yüzlərlə ingilisdilli tələbələrlə tanış olduq. Bizim jw.org saytımız onların çox xoşuna gəldi! Burada xidmət adama zövq verir!»

Yoqyakartada (Yava adası) öncüllük edən Takahiro və Meri Akiyama xatırlayır: «Burada özümüzü Yaponiyadakı evimizdən daha təhlükəsiz hiss edirik. İnsanlar mehriban və nəzakətlidir. Çoxları, xüsusən də cavanlar, digər dinlərə maraq göstərirlər. Bir dəfə ictimai şahidlik masasında durarkən cəmi beş saata 2600 jurnal payladıq».

Yaşı əllini haqlamış Dan və Canin Mur adlı ər-arvad deyir: «Təbliğ edərkən insanlar başımıza toplaşır. Biz onlara gülümsəyirik, onlar da bizə. Əvvəlcə onlar maraq xatirinə yaxınlaşır, sonra bu maraq əməlli-başlı həvəsə çevrilir, sonra isə sevincləri yerə-göyə sığmır. Onlara Müqəddəs Kitabdan hansısa ayəni oxuyanda bəziləri deyir: “Olar, bunu köçürüm?” Allahın Kəlamındakı hikmət onları valeh edir. Bir ildir ki buradayıq, amma kaş çoxdan gələrdik. Biz yeni təbliğ sahələrinin axtarışında idik və axtardığımızı tapdıq!»

Misya və Kristina Birens 2009-cu ildə xüsusi təyinatlı müjdəçi kimi bura gəlib və hal-hazırda səyyar xidmətdədirlər. Onlar deyir: «Hətta ən mühafizəkar  müsəlmanların yaşadığı ərazilərdən biri olan Madura adasında (Şərqi Yava) xoş xəbərə elə hay verirlər, gəl görəsən! İnsanlar maşınlarını saxlayıb bizdən jurnal istəyir. Bəziləri deyir: “Özüm müsəlman olsam da, sizin jurnallarınızı sevə-sevə oxuyuram. Dostlarım üçün də götürə bilərəm?” Bura təbliğ sarıdan cənnətdir!»

Tarlalar biçinə hazırdır

1931-ci ildə Frank Rays Cakartaya gələndə İndoneziyada təxminən 60 000 000 insan yaşayırdı. İndi İndoneziya əhalisinə görə dünyada dördüncü yeri tutur. Hal-hazırda burada əhalinin sayı təxminən 260 000 000-dur.

 İndoneziyada Yehovanın Şahidlərinin sayında da möhtəşəm artım olub. 1946-cı ildə İkinci Dünya müharibəsindən sonra burada 10 təbliğçi var idisə, bu gün təbliğçilərin sayı 26 000-dən çoxdur. Bəli, açıq-aydın görünür ki, Yehova bura bol-bol bərəkət yağdırır! 2015-ci ilin anma mərasimində 55 864 nəfər iştirak etmişdi. Bu, gələcək artım üçün əla potensialdır.

İsa Məsih bəyan etmişdi: «Bəli, məhsul bol, biçinçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin» (Mət. 9:37, 38). Yehovanın İndoneziyadakı xidmətçiləri bu sözlərlə razıdırlar. Onlar adalar ölkəsi olan bu ərazidə Yehovanın adını ucaltmaq üçün canla-başla çalışmaq əzmindədirlər (Əşy. 24:15).

Əlavə məlumat

YEHOVA ALLAHIN MÜASİR XALQI

Yehovanın Şahidlərinin nəşrlərinin hazırlanması

Biz 750-dən çox dildə ədəbiyyat nəşr edirik. Nə üçün bu işə bu qədər can qoyuruq?