Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

 İNDONEZİYA

«Axır ki, qovuşduq!»

(Nəql etdi Linda və Sali Onq)

«Axır ki, qovuşduq!»

Linda: On iki yaşım olanda anamdan öyrəndim ki, sən demə, övladlığa verilmiş kiçik bacım var. Mənə çox maraqlı idi: görəsən, o da mənim kimi kar doğulub? Amma mən bacımın kim olduğunu bilmədən böyüdüm.

Sali: Xəbərim yox idi ki, məni övladlığa götürüblər. Ana saydığım qadın məni acımadan döyürdü, mənimlə qul kimi davranırdı. Beləcə, mən bədbəxt və tənha böyüdüm. Kar olan bir qız üçün bu, əlavə bir dərd idi. Sonra Yehovanın Şahidləri ilə tanış oldum və onlar mənə Allahın Kəlamını öyrətməyə başladılar. Anam bunu biləndə məni kəmərlə o ki var döydü, sonra qapının qıfıllarını dəyişdirib məni evə kilidlədi. İyirmi yaşımda evdən qaçdım. Sağ olsun Yehovanın Şahidləri, qapılarını üzümə açdılar. 2012-ci ilin əvvəli vəftiz oldum.

 Linda: İyirmi yaşım olanda Yehovanın Şahidləri mənə Müqəddəs Kitab dərsləri keçməyə başladılar. Bundan sonra Cakartada keçirilən böyük toplantılara getməyə başladım. Proqram jest dilinə tərcümə olunurdu. Toplantıda digər kar insanlarla, o cümlədən Şimali Sumatrada yaşayan Sali ilə tanış oldum. Bilmirəm niyə, amma ona yaman qanım qaynadı.

Sali: Lindayla mən yaxın rəfiqə olduq. Görürdüm ki, biz bir-birimizə oxşayırıq, amma buna elə də əhəmiyyət vermirdim.

Linda: 2012-ci ilin avqust ayında, vəftizimdən bir gün əvvəl birdən-birə ürəyim bacımı tapmaq istəyi ilə çırpındı. Yehovaya yalvarıb dedim: «Nə olar, qoy bacımı tapım. Ona Sənin haqqında danışmaq istəyirəm». Üstündən çox keçməmiş anama gözlənilmədən bacım haqqında məlumatı olan bir nəfərdən mesaj gəldi. Bu və bundan sonra zəncirvari baş verən hadisələr Sali ilə əlaqə yaratmağıma gətirib çıxardı.

Sali: Linda mənə onun doğma bacısı olduğumu deyəndə dərhal təyyarəyə minib onunla görüşmək üçün Cakartaya getdim. Hava limanında yoxlanışdan keçəndən sonra Lindanı, anamı, atamı və o biri böyük bacımı gördüm. Onlar məni qarşılamağa gəlmişdilər. Həyəcandan bütün bədənim titrəyirdi. Hamımız öpüşüb qucaqlaşdıq. Anam isə məni bağrına basıb buraxmaq istəmirdi. Göz yaşlarımızı saxlaya bilmirdik. Anamla atam məni övladlığa verdiklərinə görə ağlaya-ağlaya məndən üzr istəyəndə, biz yenidən qucaqlaşıb ağlaşdıq.

Linda: Fərqli tərbiyə aldığımız üçün vərdişlərimiz və xüsusiyyətlərimiz müxtəlif idi, buna görə də güzəştə getməyi öyrənməli olduq. Buna baxmayaraq, bir-birimizi çox istəyirik.

Sali: İndi mən Cakartada, Linda ilə birlikdə yaşayıram. Biz eyni jestdilli yığıncağa gedirik.

Linda: Biz 20 ildən çox ayrı qaldıq. Amma Yehova Allahın köməyilə, axır ki, qovuşduq!