Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

Avstraliya. «Əsil dost kimdir?» adlı qələm animasiyası

 ÜMUMDÜNYA TƏBLİĞ VƏ TƏLİM İŞİ

Okeaniya

Okeaniya
  • ÖLKƏ VƏ ƏRAZİLƏRİ 29

  • ƏHALİSİ 40 642 855

  • TƏBLİĞÇİLƏRİN SAYI 98 353

  • MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYI 66 022

Təbliğ etmək üçün cəsarət tapır

12 yaşlı Emili Avstraliyada yaşayır. Bir gün müəlliməsi dərs zamanı yaxşı dostlar seçməyin vacibliyi barədə danışırdı. Emili bu vəziyyəti fürsət bilib «Əsil dost kimdir?» adlı qələm animasiyasını müəlliməsinə göstərdi. Müəlliməsi isə daha sonra bu videonu sinifdəki uşaqlara nümayiş etdirdi. Uşaqlar animasiyanı çox maraqla seyr etdilər. Video qurtarandan sonra isə  sinifdə bir saat müzakirə getdi. Müəllimə bu videonu başqa siniflərə də göstərdi. Daha sonra Emili müəlliməsini və sinif yoldaşlarını jw.org saytımızla tanış etdi. O bölüşür: «Yüzlərlə şagirdə saytımız barədə danışmaq üçün cəsarəti mənə Yehova verdi. Allahın köməyi olmasaydı, mən bunu edə bilməzdim».

Ucqar ərazidə ticarət yarmarkası

Beş təbliğçi doqquz saat yol qət edib, kələ-kötürlü dağ yollarını aşaraq Timor-Lestenin Suay ərazisinə gəlib çatdılar. Onlar oradakı bir ticarət yarmarkasında Müqəddəs Kitaba əsaslanan ədəbiyyat stendi quraşdırdılar. Stendə yaxınlaşanlar nəşrlərin 12 yerli dildə olduğunu görəndə heyrətə gəlmişdilər. Çünki həmin dillərin əksəriyyətində oxumaq üçün material ya azdır, ya da ümumiyyətlə yoxdur. Bir qadın broşürün adını oxuyan kimi ucadan dedi: «Bu ki mənim dilimdədir!» Qadın ilk dəfə idi ki, öz ana dilində, bunaq dilində ədəbiyyat oxuyurdu. Təbliğçilər dörd günə 4571 ədəbiyyat paylamış və Müqəddəs Kitab dərsləri keçmək üçün çoxlu sayda müraciət almışdılar. Maraqlananların çoxu ilk dəfə idi ki, Yehovanın Şahidləri ilə qarşılaşırdılar. Uşaqlar saatlarla oturub tetun-dili dilində «Yehovanın dostu ol» adlı cizgi filmlərinə baxırdılar. Bəzi uşaqlar hətta videolardakı mahnıların sözlərini əzbərdən sevə-sevə oxuyurdular.

Timor-Leste. Uşaqlar «Yehovanın dostu ol» silsiləsindən olan cizgi filmlərə baxırlar

 «Tələbələrə lazım olan elə budur»

Brayn və Roksana adlı xüsusi təyinatlı müjdəçilər Palau adasında yerləşən kollecdə ədəbiyyat arabası quraşdırmaq istəyirdilər. Onlar icazə almaq üçün kollecin rektoru ilə görüşüb ona jw.org saytımızdan ictimai şahidliklə bağlı bir video göstərdilər. Bundan savayı, ona ədəbiyyat arabasına qoyacaqları nəşrlərin hərəsindən bir nüsxə verdilər. Rektor Braynla Roksanaya bildirdi ki,  tələbə münasibətləri üzrə direktorla görüşmək lazımdır. Amma həmin görüşdən sonra müjdəçiləri daha bir görüş gözləyirdi. Onlar bu dəfə kollecin dekanı ilə söhbət etməli idilər.

Brayn deyir: «Dekanla gözəl söhbətimiz alındı. Amma o, bizi yenə rektorun ofisinə göndərdi. Orada isə bizdən ədəbiyyat arabası quraşdırmağımız üçün yazılı surətdə icazə almağımızı istədilər. Bizə elə gəlirdi ki, bizi başlarından eləyirlər. Buna görə bir az ruhdan düşmüşdük. Ancaq yenə də məktub yazdıq».

Palau. Roksana ilə Brayn tələbə şəhərciyinin yaxınlığında ədəbiyyat arabası ilə təbliğ etdikləri müddətdə tələbələrlə gözəl söhbətləri alınmışdı

 Braynla Roksana məktubu vermək üçün dekanın otağına ikinci dəfə getdilər. Onlar dekanın icazə verməyəcəyini fikirləşirdilər. Brayn bölüşür: «Dekan ona saxladığımız kitabları oxuduğunu və bəyəndiyini deyəndə şoka düşdük. O, bizə dedi ki, “tələbələrə lazım olan elə budur”». Bəli, onlar icazəni ala bildilər!

Brayn sözünə davam edir: «Tələbə münasibətləri üzrə direktor məlumat verdi ki, tələbə yataqxanasında yaşayan tələbələri bazar günləri istədikləri kilsəyə aparırlar. Üstəlik: “Əgər onlar sizin kilsəyə getmək istəsələr, ora da apara bilərik”, — dedi. Roksanayla mən təəccübdən donub qalmışdıq. Kollecdə xahişimizi rədd edəcəklərini gözləyirdik. Onlar isə əksinə, tələbələri ibadət evinə aparmağı təklif etdilər!»

Braynla Roksana ədəbiyyat arabasını tələbə şəhərciyində quraşdırdıqları gün 65 kitab, 8 jurnal və 11 broşür payladılar. Həmçinin tələbələrin çoxu ilə xeyli söhbət etdilər. Dekan və tələbə münasibətləri üzrə direktor Braynla Roksanaya dedilər ki, yenə gəlsinlər.

Müştərilər videolarımıza baxır

Beytelli olan Lipson səhər çağı təbliğ etdikdən sonra Solomon adalarındakı filiala qayıdırdı. Yolda o, bir mağazadan həmd nəğməsinin səsini eşitdi. Maraq xatirinə içəri girdi. Lipson orada uşaqlı-böyüklü hamının «Yehovanın dostu ol» silsiləsindən «Nəhayət sonsuz həyat!» adlı 55 nömrəli musiqili videoya baxdığını görəndə çox təəccübləndi. Mahnı qurtaranda mağazanın sahibi üzünü camaata tutub dedi: «Sizə başqa bir video da göstərmək istəyirəm». Sonra «Oğurluq pis işdir» adlı cizgi filmini qoşdu. Video qurtarandan sonra camaatı xəbərdar etdi ki, buradan oğurluq etməsinlər.

 Video göstərilən zaman mağazaya yeni müştərilər gəldi. Bu vaxt mağaza sahibi: «İstəyirəm, sevdiyim mahnıya siz də qulaq asasınız», — deyib 55 nömrəli nəğməni səsləndirdi. Bundan sonra «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» və «Müqəddəs Kitab dərsləri necə keçirilir?» adlı videoları Solomon adalarının picin dilində göstərdi.

Solomon adaları. Mağaza sahibi müştərilərinə jw.org saytından videolar göstərir

Solomon adalarının tək-tük sakinləri internetə girə bilir. Çünki orada internet çox bahadır və əhatə dairəsi məhduddur. Amma Yehovanın Şahidi olmayan bu kişi mağazasına gələn müştərilərə videoları göstərməklə həqiqət toxumunu səpməyə kömək edir.

O, Müqəddəs Kitabdan Allahın adını tapdı

Yeni Kaledoniyanın paytaxtı olan Numeada cavan bir cütlük hər bazar ertəsi ədəbiyyat arabası ilə təbliğ edirlər.  Bir dəfə bir qadın utana-utana arabaya yaxınlaşıb bir kəlmə demədən «Müqəddəs Kitab əslində nə öyrədir?» adlı kitabı götürüb getdi. Saat yarımdan sonra o, əlində kitab geri qayıtdı. Qadın kitabdan Yehovanın adını göstərərək dedi: «Siz bunu görmüsünüz? Bu ki Allahın adıdır! Mən Allah haqda həqiqəti anlamaq üçün həftələrdir, kitabxanadan çıxmıram. Amma sonra gəlib sizdən bu kitabı götürdüm. Maşınıma minib kitabı açdım və gözümə ilk sataşan Allahın adı oldu. Sizə minnətdarlığımı bildirmək üçün gəlmişəm». Həmin cütlük qadınla söhbət etdi və ona «Müqəddəs Kitab öyrədir» kitabından «Allahın adının mənası və istifadə edilməsi» adlı əlavələr bölməsini oxumağı məsləhət gördü. Qadın bildirdi ki, o, əvvəlcə kitabxanada axtarışlar aparmaq istəyir. Ancaq sualı yaranarsa, hara gəlmək lazım olduğunu bilir.