Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

İngiltərə. Bacı-qardaşlar beynəlxalq toplantıya gələn qonaqları qarşılayırlar

 ÜMUMDÜNYA TƏBLİĞ VƏ TƏLİM İŞİ

Avropa

Avropa
  • ÖLKƏ VƏ ƏRAZİLƏRİ 47

  • ƏHALİSİ 743 421 605

  • TƏBLİĞÇİLƏRİN SAYI 1 614 244

  • MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYI 842 091

Təsadüfi tanışlıq Müqəddəs Kitab dərsinə yol açdı

 İngiltərənin paytaxtı Londonda baş tutan beynəlxalq toplantı bura gələn qonaqlar və yerli bacı-qardaşlar üçün möhtəşəm hadisə idi. Endryu və Elizabet qonaqları qarşılamaq üçün Londondakı otellərin birinə yollandılar. Otelin foyesində gözəl geyinmiş bir qadını görəndə onun bacımız olduğunu zənn etdilər. Elizabet yaxınlaşıb həmin qadını mehribancasına qucaqladı. Qadın bunu təəccüblə qarşıladı. Elizabet dərhal üzrxahlıq edərək dedi:

— Bağışlayın. Elə bildim, qonaqlardan birisiniz. Qadın dedi:

— Hansı qonaqlardan?

Elizabet qeydiyyat masasında Yehovanın Şahidlərini qarşılamaq üçün qoyulmuş yazını göstərdi. Qadın: «Ay nə gözəl!» — dedi və əlavə etdi: «Mən də Yehovanın Şahidlərinə oxşayıram?»

Söhbət əsnasında məlum oldu ki, Vivyen adlı bu qadın əslən nigeriyalıdır və Elizabetin evinin yaxınlığında yaşayır. Vivyen Müqəddəs Kitabı öyrənməyə razılıq verdi və hətta uşaqlarının da öyrənməsini istəyirdi. Endryu ilə Elizabet Vivyenin evinə getdilər. İndi səmimi qarşılayıb qucaqlamaq Vivyenin növbəsi idi. Onların mərkəzi Londondakı təsadüfi tanışlığı Vivyenə müsbət təsir bağışlamışdı. Endryu ilə Elizabet «Müqəddəs Kitab öyrədir» kitabını Vivyenə göstərəndə o bildirdi ki, onda artıq bu kitab var və onu dörd övladı ilə birgə oxuyur. Vivyen biləndə ki, bu kitabla əslində dərs keçirik, sevincək dedi: «Gəlin onda başlayaq!»

Bir qardaşdan məktub

2014-cü ilin noyabr ayında Slovakiyada qaraçı dilində yığıncaq yarandı. Bu yaxınlarda keçirilən rayon toplantısında bu dildə danışan 21 təbliğçi vəftiz olundu. Təbliğçilərin hamısı eyni kənddən idilər. Həmin yığıncaqda Məsihin ölümünü anma mərasimi zamanı  495 nəfər iştirak etmişdi. Yenicə vəftiz olmuş bir qardaş özü haqda belə yazır:

Slovakiya. İki təbliğçi qaraçı millətindən olan qadına xoş xəbəri çatdırır

«Mən Jehra ərazisində (Slovakiya) yaşayan qaraçı millətinə mənsubam. Burada əksəriyyət bizə yuxarıdan aşağı baxır. Onların gözündə biz murdar, yalançı və oğruyuq. Bir dəfə kilsəyə gedəndə xidmətçi mənim bu kilsəyə aid olmadığımı bildirib çıxıb getməyimi istədi. Belə şeylərdən sonra başqa millətlərdən olan insanlara münasibətimi yəqin təsəvvür edirsiniz. Ancaq günlərin bir günü Yehovanın Şahidləri məni öz ibadət evlərinə dəvət etdilər. Ora gedəndə daxilimdə bir təlatüm var idi, yenə məyus olacağımı düşünürdüm. Amma hələ ibadət evinə girməmiş yanıldığımı başa düşdüm. Bir mehriban slovakiyalı əl verib mənimlə salamlaşdı. Bu, mənə elə dərin təsir bağışlamışdı ki, hətta görüş vaxtı diqqətimi məruzəyə cəmləyə bilmirdim. Hey düşünürdüm: “Necə ola bilər ki, buradakı insanlar mənimlə bu cür mehriban davransın?”

Həmin gecə gözümə yuxu getmədi. İbadət evində olanlar ağlımdan çıxmırdı. Buna görə də qərara gəldim ki, bir də ora gedim və onların mehriban münasibətinin təsadüf olub-olmadığını dəqiqləşdirim. Bu dəfə oradakı insanlar məni daha da mehriban qarşıladılar. Sanki neçə ilin dostu idik. Həmin vaxtdan bəri bir dəfə də olsun, yığıncağı buraxmadım. Bir müddət sonra vəftiz oldum. Qardaşların mənə göstərdikləri mehriban münasibət bundan sonra da dəyişmədi. Onlar məni qiymətləndirdiklərini daima hiss etdirirlər. Bəzən özlərinin qıyıb yemədikləri yeməyi mənim qabağıma qoyurlar! İstəyirəm ki, həmişə bu təşkilatın bir hissəsi olum və Yehovaya əbədiyyən xidmət edim».

 Duasına cavab aldı

Azərbaycanda yaşayan Aysel adlı bacımız avtobusla Gəncədən Bakıya gedirdi. O, yolda kiməsə təbliğ etmək istəyirdi və bununla bağlı Yehovaya dua etdi. Aysel artıq öz yerində əyləşsə də, bir qadın xahiş etdi ki, gəlib onun yanında otursun. Aysel qadınla söhbət etməyə başladı və yavaş-yavaş söhbəti Müqəddəs Kitaba gətirib çıxartdı. Qadın bildirdi ki, İsa Məsihə böyük hörməti var və onun haqqında daha çox bilmək istəyir. Onlar yenidən görüşmək üçün bir-birinə əlaqə nömrələrini verdilər. Qadın Ayseldən xahiş etdi ki, mümkünsə, gələndə özü ilə Müqəddəs Kitab gətirsin.

Aysel Gəncəyə qayıdanda bu qadınla görüşmək üçün onun iş yerinə getdi. Qadın bacımıza bildirdi ki, onun hər gün oxuduğu «dua kitabı» var. Aysel həmin kitabı görəndə məəttəl qaldı. Sən demə, qadının dediyi kitab bizim 2013-cü ilin «Müqəddəs Yazıları hər gün araşdırın» kitabçası idi. Aysel qadınla Müqəddəs Kitab dərsinə başladı. O, çox sevinirdi ki, Yehova ona qeyri-rəsmi şahidlik etmək üçün cəsarət verdi.

Dustaqdan minnətdarlıq məktubu

İspaniyadan belə bir məktub almışıq:

«Əvvəla, hər cür insana xoş xəbəri çatdırmaq üçün çəkdiyiniz əziyyətə görə sizə minnətdarlığımı bildirirəm.

Yehovanın Şahidləri ilə ilk dəfə 15 il əvvəl Tiranada (Albaniya) qarşılaşmışam. Bir təbliğçinin cəsarət edib bizə yaxınlaşması məni heyran qoymuşdu. Çünki biz 10 gəncdən ibarət bir quldur dəstəsi idik. Bizimlə kəlmə kəsməyə heç kim cürət etmirdi. Ancaq o qardaş üstümüzdə silah olmasına baxmayaraq, bizimlə söhbət etdi.  O, cəsarətlə bizə Müqəddəs Kitab haqda danışdı. Onun bu cəsarəti mənə dərin təsir bağışladı.

Dörd il əvvəl burada, İspaniyada bir məsihi həbsxanada mənə baş çəkib Müqəddəs Kitab dərsi təklif etdi. Bu təklifi qəbul etdim və o vaxtdan bəri yaxşılığa doğru dəyişmişəm. Mən artıq zorakı və aqressiv deyiləm. Heç yadıma da gəlmir, axırıncı dəfə nə vaxt başım bəla çəkib. Yehovanı tanımağım həyatıma məna qatdı. Çalışıram, ətrafımdakı insanlarla yola gedim. Artıq bir ildir ki, vəftiz olunmamış təbliğçiyəm.

12 ildir həbsdə olmağıma baxmayaraq, son 4 il ərzində heç vaxt duymadığım xoşbəxtliyi və daxili rahatlığı duyuram. Hər gün buna görə Yehovaya şükr edirəm.

Bir neçə həftə əvvəl jw.org saytında bəzi videolara baxdım. Baxdığım videoların arasında Birləşmiş Ştatlarda dustaq olmuş bir qardaşın həyat hekayəsi məni mütəəssir etdi. Xasiyyətcə soyuqqanlı olsam da, qardaşın həyatında etdiyi dəyişikliklərə baxanda göz yaşlarımı saxlaya bilmədim.

Siz ki xoş xəbəri hər cür insana çatdırmaq üçün ruhani qidanı bu qədər dilə tərcümə edir və həbsdə olan bizlərə baş çəkirsiniz, qoy Yehova işinizi avand eləsin!

Sizə çox minnətdaram».

 «Nəhayət, qəlb rahatlığı tapdım!»

İsveçdə yaşayan 68 yaşlı Filisiti bölüşür: «İçimdə həmişə boşluq hiss etmişəm. Həyat məni öz axarı ilə aparırdı. Daxili rahatlıq axtarırdım, amma nə fayda, tapa bilmirdim». Katolik təlimləri Filisitini qane etmədiyi üçün o, başqa dinlərin təlimlərini araşdırmağa başlamışdı. Axırda isə cadugərliklə və falçılıqla məşğul oldu.

Yaşamaqda bir məna tapmadığına görə çarəni həyatına sui-qəsd etməkdə görürdü. Filisiti bölüşür: «Ağlaya-ağlaya Allahı çağırdım. “Nə etməyimi istəyirsən?” — deyə soruşdum. İki həftədən sonra qapım döyüldü. Bir gülərüz cavan oğlan Allahın Kəlamını dinləmək istəyib-istəmədiyimi soruşdu. Ürəyimdə dedim: “Ay Allah, yox, mən axı Yehovanın Şahidlərini nəzərdə tutmurdum!”»

Filisiti dərhal qapını bağlamaq istəsə də, dayanıb onları dinləmək qərarına gəldi və sonra Müqəddəs Kitabı öyrənməyə razılıq verdi. O deyir: «Müqəddəs Kitaba başqa prizmadan baxmağa başladım». Filisiti 2014-cü ildə İsveçdə keçirilən regional toplantıda vəftiz oldu. İndi o, belə deyir: «Ömürbillah axtardığım bu imiş. Nəhayət, qəlb rahatlığı tapdım!»