Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

İsrail. Qardaşlar planşet vasitəsilə təbliğ edir

 ÜMUMDÜNYA TƏBLİĞ VƏ TƏLİM İŞİ

Asiya və Yaxın Şərq

Asiya və Yaxın Şərq
  • ÖLKƏ VƏ ƏRAZİLƏRİ 49

  • ƏHALİSİ 4 409 131 383

  • TƏBLİĞÇİLƏRİN SAYI 718 716

  • MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYI 766 364

Yüz il üçün yüz saat

Bir Asiya ölkəsində məşhur teleaktrisa və model olan bir qadın Müqəddəs Kitabı öyrənməyə razılıq verdi. O, öyrəndiklərini dərhal tətbiq etməyə başladı, spiritizmlə bağlı ədəbiyyatları və Budda bütlərini atdı.

Yaxın rəfiqəsi ona yalvararaq dedi: «Heç olmasa, üç il dərsini dayandır və bütün diqqətini  karyerana cəmlə. Sonra isə Müqəddəs Kitabı yenidən oxuyarsan».

Qadın cavab verdi: «Yehovanı tapmaq üçün 24 il gözləmişəm. Niyə Onun haqda öyrənməyi üç il də təxirə salım?»

Teokratik Xidmət Məktəbində çıxış edəcəyi həftə bir kino şirkəti onunla əlaqə yaradıb dördillik gəlirli müqavilə bağlamağı təklif etdi. Amma bir şərtlə ki, ona verilən bütün rollarda oynamağa razı olmalı idi. Qadın bu təklifi rədd etdi. O, 2014-cü ilin may ayında vəftiz olunmamış təbliğçi oldu və avqust ayında 100 saat təbliğ etmək qərarına gəldi. Ondan nə üçün belə bir qərar verdiyini soruşanda cavabı belə oldu: «İsa Məsihin hakimiyyətinin 100 illiyi münasibətilə hər il üçün bir saat təbliğ etmək istəyirəm». Qadın öz məqsədinə çatdı və 2015-ci ilin yanvar ayında vəftiz olundu. Hal-hazırda bacımız köməkçi öncül kimi xidmət edir.

Həbsxanada keçirdikləri gecə boşa getmədi

Bir dəfə Şri-Lankada dörd bacımız avtobusa minib təyin olunmamış əraziyə təbliğ etməyə yollanmışdı. Bu ərazidə əsasən buddistlər yaşayır. Orada təbliğ etdikləri ikinci gün bir rahib və taksi sürücüsü bacılarla aqressiv danışmağa başladı. Çox keçməmiş təxminən 30 nəfərdən ibarət qəzəbli bir izdiham onları əhatəyə aldı. Polis bacıları polis məntəqəsinə apardı. Bacılar heç bir qanun pozuntusuna yol vermədikləri halda, gecəni həbsxanada keçirməli oldular. Onları qatı cinayətkarların olduğu kameraya saldılar, təhqir etdilər. Bununla belə, həbsxanada olmaları şahidlik verməyə  şərait yaratdı. Bacılardan biri deyir: «Düzdür, qatillərlə bir kamerada idim, amma onlara təbliğ etməyə imkanım oldu. Onlar mənim burada olduğuma görə çox təəccübləndilər və imanımla bağlı çoxlu suallar verdilər. Hətta bir nəfər məndən soruşdu: “Niyə belə xoşbəxtsən?”»

Şri-Lanka. Dörd bacı təyin olunmamış əraziyə gedir

Şri-Lankanın Ali məhkəməsi polisin haqsız yerə insan hüquqlarını pozduğuna görə verdiyimiz ərizəni qəbul etdi. Məhkəmə prosesi hələ də davam edir.

Yatağa məhkum qadına yardım

Miçiko Yaponiyada yaşayan öncül bacımızdır. O, xəstəxanada yaşlı bir qadına jest dilində dərs keçirdi. Bacı başqa xəstələrə də təbliğ etmək istəyirdi və bununla bağlı oradakı işçilərlə məsləhətləşdi. Beləcə, o, Kazumi adlı bir qadınla tanış oldu. Bu qadın eşidə bilir, ancaq danışa bilmirdi. 23 yaşında avtomobil qəzasına düşdüyü üçün yatağa məhkum olmuşdu. O, nə yemək yeyə bilir, nə də su içə bilirdi. Kazumini narahat edən çoxlu sualları var idi, buna görə də böyük məmnuniyyətlə Müqəddəs Kitabı öyrənməyə razılıq verdi.

Yaponiya. Kazumi ruhlandırıcı məktub yazır

Dərs zamanı Miçiko sual verir, Kazumi isə abzasdakı cavabı ya barmağı ilə göstərir, ya da vərəqə yazırdı. Kazuminin mobil telefonu olandan sonra Miçiko hər səhər ona zəng edib günün ayəsini oxuyurdu. O, fiziki cəhətdən getdikcə zəifləsə də, ruhani cəhətdən inkişaf edirdi və Yehovanın Şahidi olmaq istəyirdi. Kazumi 13 il dərs keçəndən sonra 61 yaşında vəftiz olunmamış təbliğçi oldu.

 O, yataq xəstəsi olduğundan yığıncaqlara gedə bilmir. Amma yığıncağın gördüyü tədbir sayəsində görüşlərə və böyük toplantılara qulaq asa bilir. Bacılar Kazuminin qabaqcadan hazırladığı şərhləri yığıncaqda səsləndirirlər.

Kazumi yığıncağa gələn hər öyrənən üçün səmimi məktublar yazır. Xəstəxana işçilərinə və ona baş çəkənlərə təbliğ edərək deyir: «Müqəddəs Kitabı öyrənsən, xoşbəxt olacaqsan».

Rahib həqiqətə hay verir

Cənub-şərqi Asiya ölkələrinin birində bacımız xəstəxanaya göz həkiminin yanına gedəndə bir rahibə rast gəldi. Bacı rahibdən soruşdu: «Gözəl bir məkanda canınız ağrımadan və əbədiyyən yaşamaq istərdiniz?»  Onların gözəl söhbəti alındı və bacımız rahibə «Allahın sözünə qulaq as» broşürünü verdi. Rahib isə öz əlaqə nömrəsini saxladı. Bacı da nömrəni yığıncaqdan bir qardaşa ötürdü. Üstündən çox keçməmiş qardaş rahiblə əlaqə saxlayıb onu xüsusi çıxışa dəvət etdi. Yığıncaq rahibin çox xoşuna gəldi, xüsusilə də həmd nəğmələri. Bacı-qardaşların rahibi mehriban qarşılaması onu heyran qoydu.

Rahib Yehovanın Şahidlərinin ilahiyyat universitetlərinin və ya seminarlarının olub-olmadığını soruşdu. Qardaş izah etdi ki, Yehovanın Şahidləri hər kəslə fərdi şəkildə Müqəddəs Kitab dərsi keçir. Sonra fürsətdən istifadə edib rahibə Müqəddəs Kitabı öyrənməyi təklif etdi. Növbəti həftə o artıq «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının birinci fəslinə hazırlaşıb qurtarmışdı. Rahib dərsini davam etdirir, yığıncaqlara gedir və «Gözətçi qülləsi»nin müzakirəsində şərhlər verirdi.

Bir dəfə o, rayon toplantısında iştirak edəndə filial nümayəndəsi onu Beyteli ziyarət etməyə dəvət etdi. Növbəti həftə rahib Beytelə getmək üçün on saat yol qət etdi. Onu burada çox mehriban qarşıladılar. 2015-ci il fevral ayının sonunda o, rahiblikdən imtina etdi. Hal-hazırda o, Müqəddəs Kitabı öyrənməyə və yığıncaq görüşlərinə getməyə davam edir.

İtmişdi, tapıldı

Bu yaxınlarda Hindistanın şimal-şərqinə öncüllər təyin olundu. Uzun illərdir xoş xəbərin təbliğ olunmadığı bu ərazidə insanlar həqiqətə böyük maraq göstərmişdilər. Bu səbəbdən öncüllər görüşlər keçirmək üçün münasib məkan axtarmağa başladılar. Bir dəfə təbliğə gedəndə onlar bir binanın tikildiyini gördülər.  Bina onların diqqətini çəkdiyi üçün geri qayıdıb maraqlanmaq qərarına gəldilər. Binanın arxasında yaşlı bir qadınla rastlaşdılar. Qadına Yehovanın Şahidi olduqlarını deyəndə onun gözləri parıldadı və «mən də Yehovanın Şahidiyəm» deyib öncülləri evinə dəvət etdi. O, öncüllərə 1970—80-ci illərin nəşrlərini göstərdi. Sən demə, bu qadın 30 il öncə Müqəddəs Kitabı öyrənib və yoldaşının maneələrinə baxmayaraq, bəzi görüşlərdə iştirak edibmiş. Qadın həqiqi dini tapdığına tam əmin idi, amma ona dərs keçən öncüllər həmin ərazidən köçdü və beləcə, o, Yehovanın Şahidləri ilə əlaqəni itirdi. Onun bütün uşaqları müxtəlif kilsələrin  üzvləri oldular, amma özü heç bir vəchlə kilsəyə getmək istəmirdi.

Hindistan. Həqiqətə maraq göstərən qadın 1970-80-ci illərin nəşrlərini göstərir

Bu yaxınlarda qadının uşaqları onu katolik kilsəsinin üzvü olması üçün təzyiq göstərməyə başladılar. Beləcə o, öləndən sonra bir katolik kimi dəfn oluna bilərdi. Axırda bacısının təkidi ilə üzv olmaq üçün kilsəyə getdi, ancaq yolda tıxac olduğundan onlar geri qayıtdılar. Bacısı ora sabah yenə gedəcəklərini dedi, amma xəstələndi. Öncüllər məhz həmin gün qadına yaxınlaşmışdılar. Hazırda o, yenidən Allahın Kəlamını öyrənir, yığıncaqlara gəlir və uşaqları ilə nəvələrini də öyrənməyə həvəsləndirir.