Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016

Braziliya. Valdira şam işığında mobil telefonla Müqəddəs Kitabı öyrənir

 ÜMUMDÜNYA TƏBLİĞ VƏ TƏLİM İŞİ

Amerika

Amerika
  • ÖLKƏ VƏ ƏRAZİLƏRİ 57

  • ƏHALİSI 982 501 976

  • TƏBLİĞÇİLƏRİN SAYI 4 102 272

  • MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYI 4 345 532

Çöllükdə keçirilən dərs

Braziliyanın ucqar ərazisində xüsusi öncül kimi xidmət edən bir cütlük Müqəddəs Kitabı 13 il əvvəl öyrənən Valdira adlı bir qadından xəbər tutdular. Bu qadını tapmaq üçün onlar toz-torpaqlı yolu qət edib, təhlükəli çayı aşmalı oldular. Valdira Müqəddəs Kitab dərslərinə yenidən başlamaq istəyirdi. Amma ucqar ərazidə yaşadığı üçün bir tədbir görməli idi. Onun mobil telefonu olsa da, şəbəkə  yalnız çöllükdə yaxşı tuturdu. Ora isə evindən çox uzaq idi. Üstəlik, Valdiranın yalnız axşam saat doqquzdan sonra vaxtı olurdu. Təsəvvür edin: cavan qadın çöllükdə tək oturub, şam işığında telefonla Müqəddəs Kitabı öyrənir.

Valdira həmçinin telefon vasitəsilə bazar günü keçirilən görüşlərə qulaq asır. O, görüşü dinləmək üçün Müqəddəs Kitabını, «Gözətçi qülləsi» jurnalını və nəğmə kitabçasını götürüb çöllüyə yollanır. Yağış yağanda isə özü ilə çətir götürür.

Mart ayında ibadət evində keçirilən xüsusi görüşdə iştirak etmək üçün Valdira 100 kilometr yol qət etməli oldu. Həmin görüşdə Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin portuqalca yenilənmiş nəşri təqdim olunmuşdu. Valdira bu Müqəddəs Kitabı əlinə alanda sevincinin həddi-hüdudu yox idi. Müqəddəs Kitabı öyrənmək üçün etdiyi cəhdlərinə görə Valdiranı kimsə tərifləyəndə o deyir: «Burada elə də çətin bir şey yoxdur!»

«Bilirdim ki, nə vaxtsa gələcəksiniz»

Yukpa xalqı Kolumbiyada yaşayan hindilərdir. Frank adlı xüsusi öncül onların məskunlaşdığı ərazilərdən birinə təbliğ etməyə gedəndə onu xəbərdar etdilər ki, Con Kiro adlı tayfa başçısından özünü gözləsin. Çünki bu kişi təbliğ etmək istəyən bir neçə xristian qruplarını oradan qovmuşdu. Bir dəfə Con bu xristian qruplarının din xadiminin ondabir yığdığını görəndə havaya güllə ataraq onu nə ki var qovalamışdı.

Kolumbiya. Xüsusi öncül olan Frank bir qrup yukpalıya Müqəddəs Kitab dərsi keçir

Frank bölüşür: «Bu əraziyə çatanda bizi ilk dinləyən kim olsa yaxşıdır? Con Kironun qızı! Qıza “Müqəddəs Kitab əslində nə öyrədir?” kitabını göstərən kimi o dedi: “Mən  məhz bu dinə aid olmaq istəyirəm!” Sonra qız qaçıb atasına gəldiyimizi xəbər verdi. Atası bizi dərhal evinə çağırdı. Onunla görüşəndə çox həyəcanlı idik. Ağzımızı açmamış o dedi: “Bilirəm ki, sizin dininiz haqq dindir. Səkkiz il bundan qabaq Beserildə zibillikdə qızıma verdiyiniz kitabdan tapmışdım. Onu oxudum. O vaxtdan bəri yolunuzu gözləyirəm. Bilirdim ki, nə vaxtsa gələcəksiniz. İstəyirəm mənə, ailəmə və bütün icmaya Müqəddəs Kitab dərsi keçəsiniz. Nə vaxt gəlsəniz, gözüm üstdə yeriniz var”.

Bu sözləri eşidəndə doluxsunduq. Bütün icma bizə qulaq asmağa gəlmişdi. Con Kiro dediklərimizi tərcümə edirdi. Geri qayıdanda isə o, yükümüzü daşımaq üçün bizə balaca ulaq verdi. Hal-hazırda biz müxtəlif icmalardan olan  120 yukpalıya ümumilikdə 47 Müqəddəs Kitab dərsi keçirik. Onların arasında Con Kiro ilə qızı da var».

Təqibçi mövqeyini dəyişir

Hoşua adlı keçmiş qatı katolik Ekvadorda yaşayır. O yazır: «Yehovanın Şahidlərini görməyə gözüm yox idi. Düz 10 il onları təqib etmişəm. Camaatı onların üstünə qaldırar, güc tətbiq edər, oğurluqda ittiham edərdim. Sonra da polis məntəqəsində təkid edərdim ki, onların saxlanıldığı həbsxana kamerasının qapısına şəxsən özüm qıfıl vurum. Hətta elə olmuşdu ki, biz bir məsihinin maşınını yararsız hala salmışdıq. Bir dəfə isə onların motosikletini dərəyə atmışdıq.

 2010-cu ildə mən donuz qripinə tutuldum. Həkimim məsləhət gördü ki, sağalmaq üçün And dağlarının zirvəsindəki evimi tərk edib, daha isti iqlimin olduğu dənizsahili əraziyə köçüm. Mən də qohumlarımıza məxsus sahil­yanı ərazidə yerləşən kiçik fermaya köçdüm. Nəticədə, fermaya özüm qulluq edəsi oldum. Tək-tənha qalmışdım. Danışmağa adam axtarırdım. Sizcə, fermaya kim gəlsə yaxşıdır? Yehovanın Şahidləri! Təklikdən bağrım çatlayırdı. Buna görə də onlarla söhbət etmək qərarına gəldim. Söhbət əsnasında gördüm ki, onlar Müqəddəs Kitabdan məharətlə istifadə edirlər. Bu, məni valeh etdi. Maraq xatirinə onlarla Müqəddəs Kitabı oxuyub araşdırmağa başladım. Altı aydan sonra yığıncağa getdim. Onların məni mehriban, səmimi qarşılaması mənə dərin təsir bağışladı. Özümdən soruşdum: “Allahın əsil xidmətçiləri bəlkə elə bunlardır?” Beləcə mən ruhani addımlar atdım. 2014-cü ilin aprel ayında vəftiz olundum.

Yehovanın Şahidlərini təqib etdiyim üçün çox peşmanam. Düzdür, Yehova mənə az da olsa, günahımı yumağa imkan yaratdı. 2014-cü il oktyabrın 4-ü keçirilən böyük toplantıda məndən keçmişimlə bağlı müsahibə götürdülər. Qardaş məndən soruşdu: “İmkanın olsaydı, kimdən üzr istəyərdin?” Mən dərhal Edmundo qardaşın adını çəkdim. Amma onu necə tapacağımı bilmirdim. Sən demə, rayon nəzarətçisi onu səhnənin arxasında gözlətdirirmiş. Bacı-qardaşlar Edmundo ilə mənim səhnədə qucaqlaşıb ağlaşdığımızı görəndə göz yaşlarını saxlaya bilmədilər».

«Yehova, nə olar, qoy Sənin Şahidlərin məni tapsın»

Paraqvay. Bir qadın bacılardan onların Yehovanın Şahidi olub-olmadığını soruşur

Paraqvayın paytaxtı Asunsionda bir təbliğ xidməti qrupuna aid bacılar onlara təyin olunmuş ərazidə təbliğlərini bitirəndə günün qızmar vaxtı idi. Buna baxmayaraq, onlar qərar verdilər ki, güclərini toparlayıb qonşuluqda yaşayanlara da müjdə çatdırsınlar. Məsihilərdən biri belə bir fikir  söylədi: «Bəlkə də, indi kimsə dua edir». Küçənin küncündəki evdə qapının ağzında dayanan bir cavan qadın bacılarımızı gülərüzlə qarşılayıb onlardan Yehovanın Şahidi olub-olmadıqlarını soruşdu. Qadın izah etdi ki, bir ay bundan əvvəl işlə əlaqədar Boliviyadan Paraqvaya köçüb. Boliviyada yaşayanda Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi. Bura köçəndə isə qonşulardan Yehovanın Şahidlərini necə tapa biləcəyini soruşsa da, heç kim kömək edə bilməmişdi. Buna görə də Allaha dua edib dedi: «Yehova, nə olar, qoy Sənin Şahidlərin məni tapsın». Bacılarımız onun qapısına elə həmin gün gəlmişdilər və onlar Müqəddəs Kitab dərsinə başladılar.