Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

 BEŞİNCİ FƏSİL

«Ləyaqətli qadın»

«Ləyaqətli qadın»

1, 2. a) Rutun gördüyü işi təsvir edin. b) Rut Allahın Qanununun və Onun xalqının hansı gözəl cəhətlərini görür?

QARANLIQ Beytləhmin ətrafındakı zəmiləri qoynuna alır. İşçilərin çoxu asta-asta təpənin üstündəki şəhər darvazasına tərəf qalxır. Rut dizi üstə çöküb yığdığı arpanı döyür. O, səhər açılandan işləyir. Yazıq lap əldən düşüb, amma yenə də işdən qalmır. Sünbülləri paya ilə döyəcləyərək dəni samandan ayırır. İşi ağır olsa da, bugünkü gün gözlədiyindən yaxşı olub.

2 Deyəsən, həyat cavan yaşında dul qalmış bu qadının üzünə yavaş-yavaş gülməyə başlayır. Ötən fəsildən gördüyümüz kimi, o, qayınanası ilə qalmaq qərarına gəldi və and içdi ki, onu heç vaxt tərk etməyəcək, onun Allahı Yehovaya ibadət edəcək. Əzizlərini itirən bu qadınlar birlikdə Muabdan Beytləhmə gəldilər. Bir müddət sonra Rut öyrəndi ki, Yehova Allahın israillilərə verdiyi Qanunda İsraildə yaşayan kasıbların və yadellilərin ləyaqətinə hörmət edən göstərişlər var. İndi isə, Qanuna tabe olan insanların, Yehova Allahın sadiq bəndələrinin nə qədər saleh, nə qədər xeyirxah olduğunu görür və bu, onun yaralı ürəyinə, sanki, məlhəm olur.

3, 4. a) Buəz Rutu necə ruhlandırdı? b) Rutun nümunəsi maddi böhran yaşayan bu dünyada bizə necə kömək edə bilər?

3 Bu insanlardan biri də Buəzdir. Rut məhz bu zəngin və yaşlı adamın zəmilərində başaq yığır. O, bu gün Ruta ata qayğısı göstərdi. Qayınanası Naimənin qayğısına qaldığı üçün və tək olan Yehova Allahın qanadları altına sığındığı üçün onu təriflədi. Buəzin dediyi xoş sözləri düşündükcə Rutun üzündə gizli təbəssüm yaranır. (Rut 2:11—14 ayələrini oxu.)

 4 Bəlkə də, Rut sabahını düşünüb narahat olur. Əri, övladı olmayan bu yoxsul qərib bundan sonra həm özünün, həm də qayınanasının qayğısına necə qalacaq? Görəsən, təkcə başaq yığmaqla dolana biləcəklər? Qocalanda ona kim baxacaq? Bu cür narahatçılığı başa düşmək olar. Bu gün də maddi böhran yaşayan dünyada əksər insanları bu cür fikirlər narahat edir. Görəcəyimiz kimi, Rutun imanı ona çətinliklərə sinə gərməyə kömək etmişdi. Biz ondan çox şey öyrənə bilərik.

Ailəni ailə edən nədir?

5, 6. a) Nəyə görə demək olar ki, Rutun ilk iş günü uğurlu olur? b) Naimə Rutu görəndə nə deyir?

5 Rut sünbülləri döyüb qurtarır. Yığdığı başaqdan bir efaya (təxminən 14 kq) yaxın arpa çıxır. Qaş qaralanda arpanı parçaya büküb başına qoyur və evə qayıdır (Rut 2:17).

6 Sevimli gəlinini görəndə Naimənin ürəyi açılır. Yəqin Rutun çoxlu arpa gətirdiyini görəndə o, çox təəccüblənir. Arpanın çoxluğundan başa düşür ki, kimsə gəlininə iltifat göstərib, buna görə də soruşur: «Bu gün harada işləmisən, harada başaq yığmısan? Qoy sənə yaxşılıq edən adam xeyir-bərəkət tapsın!» (Rut 2:19). Rut Buəzin işçilərə verdiyi nahardan qalan yeməyi çıxarır və qayınanası ilə birlikdə oturub yeyir.

7, 8. a) Naimə Buəzin etdiyi yaxşılığın arxasında kimin durduğunu düşünür və nəyə görə? b) Rut qayınanasına məhəbbətini daha necə göstərir?

7 Gəlin-qayınana söhbətə başlayır. Rut Naiməyə Buəzin ona etdiyi yaxşılıqdan danışır. Naimə sevinərək deyir: «Dirilərdən və ölülərdən məhəbbətini əsirgəməyən Yehova ona xeyir-dua versin» (Rut 2:20). Naimə başa düşür ki, bu yaxşılığın arxasında Yehova Allah durur. Çünki Allah Öz xidmətçilərini əliaçıq olmağa səsləyir və söz verir ki, onların xeyirxah əməllərinin əvəzini mütləq verəcək *. (Məsəllər 19:17 ayəsini oxu.)

8 Naimə Ruta Buəzin təklifini qəbul edib onun zəmilərində başaq yığmağı və qarabaşlarına yaxın işləməyi məsləhət görür. O, qayınanasına qulaq asır. Rut 2:22, 23  ayələrində bir daha Rutun məhəbbəti görünür. Orada deyilir: «Rut qayınanası ilə yaşayırdı». Gəlin özümüzdən soruşaq: «Mən də Rut kimi ailəmin qədrini bilirəm? Həmişə əzizlərimə dayaq oluram? Dar gündə onların köməyinə çatıram?» Unutmayın, bu cür gözəl əməllər Yehova Allahın nəzərindən qaçmır.

Rutla Naimədən örnək alaraq ailəmizin qədrini bilməliyik

9. Rutla Naimənin əhvalatından ailə ilə bağlı nə öyrənirik?

9 Çoxları düşünür ki, əsil ailə ata, ana, övlad, nənə-baba və sairədən ibarət olmalıdır. Onda belə çıxır ki, Rutla Naiməni ailə saymaq olmaz? Xeyr! Onların əhvalatı göstərir ki, Yehovanın xalqının arasında olan natamam ailələr də isti ocaq ola bilər. Bu cür ailələrdə də mehribançılıq, məhəbbət və xeyirxahlıq hökm sürə bilər. Ailəmiz tam da olsa, natamam da olsa, qədrini bilməliyik. İsa peyğəmbər demişdi ki, məsihi yığıncağı ailəsi olmayanlara ailə ola bilər (Mark 10:29, 30).

Rutla Naimə bir-birinə dayaq olurlar

«Üzərinə qohumluq borcu düşən adamdır»

10. Naimə Rut üçün nə etmək istəyir?

10 Rut arpa yığımından buğda yığımına qədər Buəzin zəmilərində başaq yığır. (Arpa yığımı apreldən iyuna qədər davam edirdi.) Günlər, həftələr ötdükcə Naimə gəlininin rifahı üçün nə edə biləcəyini düşünür. Muabda olanda Naimə ümid etmirdi ki, Ruta isti bir yuva tapa bilər (Rut 1:11—13). Lakin indi o, başqa cür fikirləşir. Naimə Ruta deyir: «Qızım, gəl səni ərə verim, sənin də isti yuvan olsun» (Rut 3:1). O vaxtlar qızı, oğlanı valideynləri evləndirərdi. Rut da Naiməyə qızı kimi idi. Naimə ona isti yuva tapmaq istəyirdi. İstəyirdi ki, onun ev-eşiyi, qayğısına qalan əri olsun. Bəs Naimə bunu necə edəcək?

11, 12. a) Hansı qanuna əsasən, Buəzin üzərinə qohumluq borcu düşürdü? b) Rut qayınanasının məsləhətinə necə yanaşır?

11 Rut ilk dəfə Buəzin adını çəkəndə Naimə demişdi: «O, qohumumuzdur, üzərinə qohumluq borcu düşən adamdır» (Rut 2:20). Bu, nə deməkdir? Allahın israillilərə verdiyi Qanunda  çətin vəziyyətdə olan kasıb və natamam ailələrin rifahına xidmət edən göstərişlər var idi. O vaxtlar qadın övladı olmadan dul qalardısa, bu, onun üçün xüsusilə böyük zərbə olurdu, çünki ərinin nəsli kəsilə, adı isə unudula bilərdi. Buna görə də Qanuna əsasən, dul qalan qadını qaynı almalı idi *. Beləcə, ondan doğulan oğul mərhumun adını yaşadacaq və ailənin mülkünə sahib çıxacaqdı (Qan. 25:5—7).

12 Naimə Ruta bir məsləhət verir. Ola bilsin, bu məsləhət Ruta qəribə gəlir, təəccübdən gözləri böyüyür. İsraildəki qanunlar hələ də onun üçün yenidir, adət-ənənələr hələ də ona yaddır. Bununla belə, hörmətdən irəli gələrək qayınanasının hər kəlməsinə diqqətlə qulaq asır. Bəlkə də, bu məsləhət Rutu utandırır, ona qəribə, alçaldıcı görünür. Amma o razılaşır və mülayimcəsinə deyir: «Necə demisən, elə də eləyərəm» (Rut 3:5).

13. Rut böyüyün sözünə qulaq asmaqda bizə necə nümunə qoyub? (Həmçinin Əyyub 12:12 ayəsinə bax.)

13 Bəzən cavanlara böyüklərin məsləhətinə qulaq asmaq çətin olur. Düşünürlər ki, yaşlı nəsil onların problemlərini başa düşmür. Rutdan öyrənirik ki, təvazökar olub  böyüklərə qulaq assaq, xeyir taparıq. Çünki onlar bizi sevdikləri, yaxşılığımızı  istədikləri üçün məsləhət verirlər. (Zəbur 71:17, 18 ayələrini oxu.) Bəs görəsən, Naimə Ruta nə məsləhət verdi? Bu məsləhətə qulaq asmaq Ruta xeyir gətirdi, yoxsa yox?

Rut xırmana gedir

14. Xırman necə yer idi və orada hansı iş görülürdü?

14 Həmin axşam Rut xırmana gedir. Xırman kəndlilərin taxıl döyüb sovurduğu bərk döşəməli meydança idi. Xırman ya təpənin döşündə, ya da başında olurdu. Axşama yaxın burada güclü yel əsirdi. Dəni samandan və küləşdən ayırmaq üçün taxılı ya yaba ilə, ya da bellə yelə verirdilər. Beləcə, saman sovrulur, dən isə ağır olduğundan yerə düşürdü.

15, 16. a) Buəz işini qurtarandan sonra Rut nə edir? b) Buəz ayaq ucunda kiminsə uzandığını necə hiss eləyir?

15 Rut işçilərin işlərini qurtarmasını gözləyir. Buəz zəmisində taya-taya yığılmış taxılın sovrulub təmizlənməsinə nəzarət edir. Yaxşıca şam elədikdən sonra taxıl tayalarından birinin yanında uzanır. (O vaxtlar məhsulu oğrulardan və quldurlardan qorumaq üçün xırmanda gecələyirdilər.) Rut görür ki, Buəz yatmağa hazırlaşır. İndi qayınanasının məsləhətinə əməl etmək vaxtıdır.

16 Buəz dərin yuxuya gedib. Rut ürəyi döyünə-döyünə  ona yaxınlaşır. Naimənin dediyi kimi, Buəzin ayaqlarının üstünü açır, ayaq ucunda uzanıb gözləyir. Bu vaxt ona bir ömür kimi uzun gəlir. Gecəyarısı Buəz soyuqdan titrəyib yuxudan oyanır. Yəqin ayağının üstünü örtmək üçün dikələndə hiss eləyir ki, ayaq ucunda kimsə uzanıb. Müqəddəs Kitabda deyilir: «O... gördü ki, ayaq ucunda bir qadın xeylağı uzanıb» (Rut 3:8).

17. Hansı amillər Rutun nalayiq iş tutmadığını göstərir?

17 Buəz ondan soruşur: «Sən kimsən?» Rut titrək səslə cavab verir: «Qarabaşın Rutam,.. ətəyinlə qarabaşının üstünü ört, çünki üzərində qohumluq borcu var» (Rut 3:9). Bu gün bəzi tənqidçilər hesab edirlər ki, Rut hərəkəti və sözləri ilə cinsi yaxınlığa eyham vururdu. Amma onlar növbəti iki amili nəzərə almırlar. Birincisi, Rut o dövrün adətlərinə uyğun hərəkət etmişdi, bu adətlər isə bu gün bizə qəribə görünə bilər. Buna görə də Rutun hərəkətini indiki pozğun dünyanın arşını ilə ölçmək düzgün olmazdı. İkincisi, Buəzin sözlərindən görünür ki, o, Rutu ismətli qadın hesab edirdi və bu hərəkətinə görə onu tərifləmişdi.

Rut Buəzin yanına təmiz niyyətlə və öz xeyrini güdmədən gedir

18. a) Buəzin hansı sözləri Ruta rahatlıq gətirir? b) O, Rutun hansı yaxşı əməllərindən danışır?

18 Buəzin səsindəki mülayimlik Rutun qəlbinə rahatlıq gətirir. Buəz ona deyir: «Qoy Yehova sənə yar olsun, qızım! İndi sən əvvəlkindən də böyük yaxşılıq etdin. Çünki nə kasıb, nə də varlı cavanın ardınca düşmədin» (Rut 3:10). Rutun birinci yaxşılığı Naimə ilə İsrailə gəlməyi və onun qeydinə qalmağı idi. İkinci yaxşılığı isə cavan olsa da, özünə cavan ər axtarmaması idi. Rut Naimə ilə yanaşı, onun mərhum ərini də düşünürdü. O istəyirdi ki, mərhumun adı doğma yurdunda yaşasın. İndi başa düşmək olar, nəyə görə bu cavan gəlinin hərəkəti Buəzə xoş təsir bağışlamışdı.

19, 20. a) Nəyə görə Buəz Rutla dərhal evlənmir? b) Buəz Ruta necə xeyirxahlıq göstərir və onun adına ləkə gəlməsin deyə, nə edir?

19 Buəz sözünə davam edir: «Qızım, qorxma. Nə istəsən, sənin üçün edəcəyəm, çünki bu şəhərdə hər kəs sənin ləyaqətli qadın olduğunu bilir» (Rut 3:11). Rutla evlənmək  fikri Buəzə xoş gəlir. Yəqin Rut ona «üzərində qohumluq borcu var» deyəndə o, elə də təəccüblənmədi. Bununla belə, Buəz vicdanlı adamdır, yalnız özünü fikirləşmir. Ruta deyir ki, Naimənin mərhum ərinin nəslində üzərinə qohumluq borcu düşən daha yaxın qohumu var. Buna görə də əvvəlcə o adamın yanına gedib Rutu almağı təklif edəcək.

Rut hamıya qarşı xeyirxah və hörmətcil olduğu üçün yaxşı ad qazanmışdı

20 Buəz Ruta deyir ki, sabaha qədər yatıb-dincəlsin, amma səhərin alaqaranlığında, kimsə onu görməmiş durub getsin. Bununla o həm Rutun, həm də özünün adını təmiz saxlamaq istəyir, çünki camaat bunu düz başa düşməyə bilər. Rut onun ayaq ucunda uzanıb yatır. Yəqin Buəzin xoş rəftarından sonra onun ürəyi bir az da sakitləşib. Səhərin alaqaranlığında Rut oyanır. Buəz onun bürüncəyinə bolluca arpa töküb, Beytləhmə yola salır. (Rut 3:13—15 ayələrini oxu.)

21. Nəyin sayəsində Rut ləyaqətli qadın adını qazanıb və biz ondan necə örnək ala bilərik?

21 Yuxarıda oxuduğumuz kimi, Buəz Ruta demişdi ki, bütün camaat onu ləyaqətli qadın kimi tanıyır. Yəqin bu sözləri yadına salanda Rut fərəh hissi duyurdu. Sözsüz ki, Rut əsas etibarı ilə Yehova Allahı tanımaq və Ona ibadət etmək istədiyi üçün camaat arasında bu adı qazanmışdı. Həmçinin Rut Naiməyə və onun xalqına hörmət edir, onlara qarşı xeyirxah münasibət bəsləyirdi. Ona yad olan adət-ənənələrə öyrəşməyə çalışırdı. Biz də Rutdan örnək alıb insanlara, onların adət-ənənəsinə hörmət etməliyik. Belə etsək, hamının yanında yaxşı ad qazanarıq.

Rutun isti yuvası

22, 23. a) Buəzin Ruta altı ölçü arpa verməsi nə məna daşıyır? (Haşiyəyə bax.) b) Naimə Ruta nə məsləhət görür?

22 Rut qayıdanda qayınanası soruşur: «Qızım, necə oldu?» O, işin nə yerdə olduğunu öyrənmək istəyir. Bilmək istəyir ki, Buəz onu alacaq, ya yox. Rut hər şeyi qayınanasına danışır və Buəzin onun üçün göndərdiyi arpanı ona verir * (Rut 3:16, 17).

 23 Naimə Ruta həmin gün evdə qalıb başaq yığmağa getməməyi məsləhət görür. O deyir: «O adam bu işi günü bu gün həll etməyincə rahatlaşan deyil» (Rut 3:18).

24, 25. a) Buəzin dürüst olduğu və öz mənfəətini güdmədiyi nədən görünür? b) Rut hansı mükafatı alır?

24 Naimənin dediyi kimi olur. Buəz şəhər darvazasının yanında, şəhər ağsaqqallarının toplaşdığı yerdə durub Əliməlikin yaxın qohumunun oradan keçməsini gözləyir. O gələndə şahidlərin yanında ona Rutla evlənib qohumluq borcunu yerinə yetirməyi təklif edir. O isə mirasını itirməkdən qorxub bundan boyun qaçırır. Belə olan halda Buəz şahidlərin qarşısında bildirir ki, qohumluq borcunu özü yerinə yetirəcək: Naimənin mərhum əri Əliməlikin mülkünü alacaq və Məhlunun dul qalmış arvadı Rutla evlənəcək. Beləliklə də, mərhumun adını öz irsinə qaytaracaq (Rut 4:1—10). Buəz, həqiqətən də, dürüst və öz mənfəətini güdməyən insandır.

25 Buəz Rutla evlənir. Müqəddəs Kitabda deyilir: «Yehovanın izni ilə Rut hamilə qaldı və bir oğul doğdu». Beytləhm qadınları Naiməyə gözaydınlığı verir, Rutu tərifləyərək onun yeddi oğuldan da artıq olduğunu deyir. Müqəddəs Kitabdan öyrənirik ki, sonralar Rutun oğlundan Davud padşah törəyir (Rut 4:11—22). Davudunsa nəslindən İsa Məsih gəlir (Mət. 1:1) *.

Yehova Allah Rutu Məsihin ulu nənəsi olmaq şərəfinə layiq görür

26. Rutla Naimənin əhvalatından nə öyrənirik?

26 Rut da, onun övladını öz balası kimi böyüdən Naimə də Yehova Allahdan bol nemət aldı. Onların əhvalatı aydın şəkildə göstərir ki, Yehova Allah zəhmətlə ailəsini dolandıranları və Onun xalqına qoşulub sədaqətlə Ona qulluq edənləri unutmur. Buəz, Naimə və Rut kimi sadiq bəndələrini əsla mükafatsız qoymur!

^ abz. 7 Naimənin dediyi kimi, Yehova Allah yalnız dirilərə yox, ölülərə də məhəbbət göstərir. Naimə ərini və oğullarını, Rut isə ərini itirmişdi. Əzizlərini itirən bu qadınlara kimsə yaxşılıq edəndə, sanki, onların əzizlərinə yaxşılıq etmiş olurdu. Çünki sağ olsaydılar, Naiməgilin qayğısına onlar qalardı.

^ abz. 11 Dul qalan qadını almağa və mərhumun mülkünə yiyə durmağa ilk növbədə qayınlarının, sonra isə ərinin ən yaxın qohumlarının haqqı çatırdı (Say. 27:5—11).

^ abz. 22 Buəz naməlum çəki vahidi ilə Ruta altı ölçü arpa pay vermişdi. Görünür, o, bununla demək istəyirdi ki, altı iş günündən sonra Şənbə istirahəti gəldiyi kimi, tezliklə Rut da çətin həyatdan dincliyə çıxacaq, ərə gedib isti yuva quracaq. Yaxud da, ola bilsin, o, Ruta götürə biləcəyi qədər arpa (ehtimal ki, altı bel) vermişdi.

^ abz. 25 Rut Məsihin əcdadları arasında adı çəkilən beş qadından biridir. Buəzin anası Rahab da onların sırasındadır (Mət. 1:3, 5, 6, 16). Rut kimi, o da israilli deyildi.