Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

 İYİRMİNCİ FƏSİL

«İnanıram»

«İnanıram»

1. Marta nə hisslər keçirir və nəyə görə?

MARTANIN gözü qabağından qardaşı İlazərin qəbri getmir. Qardaşı ağzı daşla örtülmüş mağarada uyuyur. Martanın qəm yükü o daş qədər ağırdır. O, əziz qardaşının ölümünə heç cür inana bilmir. Artıq dörd gündür ki, qardaşı həyatda yoxdur. Bütün bu günlər ərzində camaat başsağlığına gəlir.

2, 3. a) Marta İsa Məsihə baxanda nə hisslər keçirir? b) Martanın sözləri onun haqda nə deyir?

2 İndi Martanın qarşısında qardaşının ən yaxın dostu İsa Məsih dayanıb. Ona baxdıqca Martanın yarası daha da sızlayır. Qardaşını yalnız o, ölümdən qurtara bilərdi. Amma yenə də Marta İsa Məsihə baxdıqca bir az toxtaqlıq tapır. Onun gözündəki mehribanlıq və şəfqət Martanın ürəyini ovundurur. İsa ona bir neçə sual verir. Bu suallar Martaya diqqətini dirilməyə cəmləməyə kömək edir. Söhbət əsnasında Marta həyatında ən vacib sözü deyir: «Mən inanıram ki, sən Allahın Oğlusan, dünyaya gəlməli olan Məsihsən» (Yəh. 11:27).

3 Bu sözlərdən Martanın böyük iman sahibi olduğu görünür. Müqəddəs Kitabda onun haqqında məlumat az olsa da, bu məlumatlar bizə imanımızı möhkəmləndirməyə kömək edir. Gəlin Müqəddəs Kitabı vərəqləyək və Marta barədə yazılan ilk əhvalata nəzər salaq.

«Narahat olub özünü yorursan»

4. Müqəddəs Kitabda Martagilin ailəsi barədə nə yazılıb və onların İsa Məsihə münasibəti necə olub?

4 Gəlin bu hadisədən bir neçə ay əvvələ qayıdaq. O vaxt İlazər sağ-salamat idi. O, Beytaniyyədəki evində çox hörmətli qonağı, İsa Məsihi gözləyirdi. İlazər bacıları Marta və Məryəmlə bir evdə yaşayırdı. Bəzi tədqiqatçıların fikrincə, Marta evin böyüyü olub. Çünki Müqəddəs Kitabda o, ev sahibəsi kimi təsvir olunur və bəzən adı birinci çəkilir (Yəh. 11:5). Martagilin  nə vaxtsa evli olub-olmadığını bilmirik. Ancaq bunu bilirik ki, onlar İsa Məsihlə yaxın dost idilər. Məsih Yəhudiyyədə, təqiblərlə, düşmənçiliklə qarşılaşdığı bu diyarda xidmət edərkən onlarda qalardı. Şübhəsiz, bu evdəki xoş ab-hava, İlazərgilin münasibəti ona xoş idi.

5, 6. a) Nəyə görə İsa Məsih bu dəfə gələndə Martanın başı çox qarışıq idi? b) İsa Məsih gələndə Məryəm nə etdi?

5 Evdə rahat şərait, xoş ab-hava yaratmaq üçün Marta əlindən gələni edirdi. O, qoçaq idi, həmişə işdə-gücdə idi. Bu dəfəki gəlişində də o, İsa Məsihi canla-başla qarşıladı. Bu hörmətli qonağa və ehtimal ki, onunla gələn yol yoldaşlarına cürbəcür yeməklər bişirməyə başladı. O vaxtlar qonaqpərvərlik göstərmək çox vacib idi. Qonaq gələndə onu öpüşlə qarşılayır, səndəllərini çıxarıb ayaqlarını yuyur və başına ətirli yağ sürtürdülər. (Luka 7:44—47 ayələrini oxu.) Qonağa yaxşı qulluq etmək, evin ən yaxşı yerini onun üçün ayırmaq, ləziz yeməklər bişirmək adət idi.

6 Marta ilə Məryəm İsa Məsihin gəlişi üçün yaxşı hazırlıq görürdü. Bəziləri Məryəmin Martadan fərqli olaraq, öyrənməyə daha həvəsli olduğunu düşünsə də, sözsüz ki, Məryəm İsa Məsih gələnə qədər Martaya kömək etmişdi. Amma İsa Məsih gələndən sonra o, başqa cür davrandı. İsa peyğəmbər onlarda təlim verməyə başladı. O vaxtkı din xadimlərindən fərqli olaraq, o, qadınlara hörmətlə yanaşır və təbliğinin əsas mövzusu barədə, Allahın Padşahlığı barədə onlarla söhbət edirdi. Məryəm belə bir imkanın yarandığı üçün çox sevinirdi. O, İsa Məsihin ayaqlarının yanında oturub onun ağzından çıxan hər kəlməni zehninə həkk edirdi.

7, 8. Nəyə görə Marta gərgin idi və axırda dilə gəlib nə dedi?

7 Marta çox gərgin idi. Bu qədər yeməyi bişirmək, qonaqlara qulluq etmək lazım idi. Bu şeylər onun həyəcanını daha da artırırdı. Yəqin gedib-gəldikcə boş-bikar oturan bacısına baxıb ufuldayır, qaşlarını çatırdı. Onu başa düşmək olar, axı bütün işi təkbaşına görə bilməz.

8 Axırda Marta özünü saxlaya bilməyib dilə gəldi. İsa Məsihin sözünü kəsib dedi: «Ağa, bacım məni tək qoyub kömək eləmir, niyə ona bir söz demirsən? Ona de ki, durub mənə kömək etsin» (Luka 10:40). Bu, güclü sözlərdir. Müqəddəs Kitabın başqa bir tərcüməsində Martanın sözləri bu cür tərcümə olunub: «Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb?»  (Müqəddəs Kitab Şirkəti, 2009). Üstəlik, Marta İsa Məsihə dedi ki, Məryəmə durub ona kömək etməsini söyləsin.

9, 10. a) İsa Məsih Martaya nə dedi? b) Nəyə görə deyə bilərik ki, İsa Məsih Martanın çəkdiyi zəhməti əbəs saymırdı?

9 İsa Məsihin cavabı yəqin Martanı təəccübləndirmişdi. Bu sözlər bu gün də Müqəddəs Kitabı oxuyan bəzi insanlara təəccüblü gələ bilər. İsa Məsih mülayimliklə Martaya demişdi: «Marta, Marta, sən çox şeyə görə narahat olub özünü yorursan. Əslində, insana az şey lazımdır, hətta bir şey də kifayət edər. Məryəm özünə yaxşı pay seçib və bu, ondan alınmayacaq» (Luka 10:41, 42). O, bu sözlərlə nə demək istəyirdi? Demək istəyirdi ki, Marta maddi şeyləri Allahdan çox sevir? Belə çıxır ki, o, Martanın çəkdiyi zəhməti heç sayırdı?

İsa Məsih Martanın qonaqpərvərliyini qiymətləndirirdi. O bilirdi ki, Marta məhəbbətdən və təmiz niyyətdən irəli gələrək bunu edir

Çox şey üçün narahat olub özünü yorsa da, Marta məzəmməti təvazökarlıqla qəbul etdi

10 Əlbəttə ki, yox. İsa Məsih bilirdi ki, Marta məhəbbətdən və təmiz niyyətdən irəli gələrək bu qədər zəhmət çəkir. Həmçinin o düşünmürdü ki, yaxşı süfrə açmaq qəbahətdir. Bir dəfə İsa Məsih məmnuniyyətlə Məttanın onun şərəfinə qurduğu böyük ziyafətə getmişdi (Luka 5:29). Martaya gəldikdə, söhbət yeməkdə deyildi, onun nəyi daha vacib saymağında idi. Onun başı biş-düşə o qədər qarışmışdı ki, ən vacib şeyi nəzərdən qaçırmışdı. Nəyi?

11, 12. İsa Məsih Martanı necə məzəmmət etdi?

11 Yehova Allahın sevimli Oğlu Martagilin evinə Allah haqda öyrətməyə gəlmişdi. Heç nə, hətta Martanın məhəbbətdən irəli gələrək açdığı süfrə də Allahın sözlərindən vacib ola bilməzdi. Sözsüz, İsa Məsih təəssüflənirdi ki, Marta yaranan fürsətdən istifadə edib imanını möhkəmləndirmir. Bununla belə, o, Martanı oturub ona qulaq asmağa məcbur etmirdi *. İndi İsa Məsihə etdiyi xahişlə Marta bacısını da bu fürsətdən məhrum etmək istəyirdi.

12 Buna görə İsa Məsih Martanı hörmətcil şəkildə məzəmmət etdi. Mülayimcəsinə onun adını təkrarlamaqla onu sakitləşdirməyə çalışdı və dedi ki, çox şey üçün narahat olub özünü  yormağa dəyməz. Ruhani ziyafət olan yerdə bir-iki cür yemək kifayətdir. Məryəm «özünə yaxşı pay», İsa Məsihdən təlim almağı seçmişdi və Məsih bu payı ondan almayacaqdı.

13. İsa Məsihin Martaya dediyi sözlərdən nə öyrənirik?

13 Bu qısa əhvalatdan çox şey öyrənirik. Biz yol verməməliyik ki, nə isə bizim üçün ruhani nemətlərdən vacib olsun (Mət. 5:3). Biz də Marta kimi əliaçıq, əməksevər olmağa çalışırıq. Amma qonaqpərvərlik göstərəndə o qədər də vacib olmayan şeylərə görə narahat olub özümüzü yormamalıyıq, yoxsa daha vacib şeylərdən məhrum olarıq. Bacı-qardaşlarımızla bir yerə yığışanda başımız biş-düşə, yeyib-içməyə qarışmamalıdır, çünki yığışmaqda əsas məqsəd bir-birimizi ruhlandırmaq  və bir-birimizə ruhani ənam bəxş etməkdir. (Romalılara 1:11, 12 ayələrini oxu.) Görüşün ruhlandırıcı keçməsi növbənöv yeməkdən asılı deyil, bir cür yemək də kifayət edər.

Əziz qardaşı ölür, sonra dirilir

14. Marta İsanın məzəmmətinə necə yanaşmışdı?

14 Şübhəsiz ki, Marta İsa Məsihin məzəmmətindən özünə dərs götürdü. Həvari Yəhya İlazərin xəstələndiyi barədə yazdığı parçada maraqlı bir məqamı qeyd edir: «İsa Marta ilə bacısını və İlazəri çox istəyirdi» (Yəh. 11:5). Yuxarıda təsvir olunan hadisədən, İsa Məsihin Beytaniyyəyə səfərindən aylar keçmişdi. Sözsüz ki, Marta İsa Məsihin məzəmmətindən inciməmişdi, onun sözləri Martanın xətrinə dəyməmişdi. Əksinə, o, bu məzəmməti qəbul etmişdi. Bu məsələdə də o, bizim üçün gözəl örnək qoyub. Çünki hamımızın hərdənbir məsləhətə ehtiyacı olur.

15, 16. a) Qardaşı yatağa düşəndə Marta onun üçün nə edirdi? b) Nəyə görə Marta ilə Məryəmin ümidi puça çıxdı?

15 Qardaşı xəstə yatanda Marta bütün günü ona qulluq edirdi. Qardaşının halını yüngülləşdirmək üçün əlindən gələni edirdi. Amma nə etsə də, köməyi olmurdu, İlazərin halı get-gedə pisləşirdi. Bacıları bir dəqiqə də olsun onun başının üstündən ayrılmırdı. Yəqin Marta tez-tez qardaşının solğun simasına baxır, birlikdə ağlayıb, birlikdə güldükləri günləri yadına salırdı.

16 İlazərin daha da pisləşdiyini görəndə bacıları İsa Məsihə xəbər göndərdilər. Bu vaxt o, Beytaniyyədən iki günlük yol məsafəsində olan ərazidə təbliğ edirdi. Onlar xəbər göndərib dedilər: «Ağa, əziz dostun xəstədir» (Yəh. 11:1, 3). Marta ilə Məryəm bilirdi ki, İsa İlazəri çox sevir və dostuna kömək etmək üçün əlindən gələni edəcək. Onlar ümid edirdilər ki, o, vaxtında gəlib çıxacaq. Amma onların ümidi puça çıxdı. İlazər vəfat etdi.

17. Nəyə görə Marta çaşqınlıq içində idi və İsa Məsihin şəhərə yaxınlaşdığını eşidəndə o, nə etdi?

17 Marta ilə Məryəm qardaşlarına yas saxlayır, dəfn mərasimi üçün hazırlıq görürdülər. Beytaniyyədən və ətraf ərazilərdən başsağlığına gələnləri qarşılayırdılar. Amma İsa Məsihdən xəbər-ətər yox idi. Günlər keçdikcə Martanın çaşqınlığı artırdı. Nəhayət, İlazərin ölümündən dörd gün sonra Marta xəbər tutdu ki, İsa Məsih şəhərə yaxınlaşır. Bu çevik qadın hətta dərdli  vaxtında da tez onu qarşılamağa getdi, bacısına heç nə demədi. (Yəhya 11:18—20 ayələrini oxu.)

18, 19. Marta nəyə ümid edir və nəyə görə onun imanı tərifəlayiqdir?

18 Marta İsa peyğəmbəri görəndə ona deyir: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi». Dörd gündür ki, bu fikir Martaya və bacısına rahatlıq vermir. Amma Marta hələ də ümidini üzməyib, inanır ki, İsa peyğəmbər nə isə edə bilər. O deyir: «Ancaq indi də əminəm ki, Allahdan nə istəsən, sənə verəcək». Onda İsa: «Qardaşın diriləcək», — deyib onun imanını möhkəmləndirir (Yəh. 11:21—23).

19 Marta düşünür ki, İsa peyğəmbər gələcəkdə baş verəcək dirilmədən danışır, ona görə də deyir: «Bilirəm, o, axırıncı gündə, dirilmə zamanı diriləcək» (Yəh. 11:24). Martanın dirilməyə imanı tərifəlayiqdir. O vaxtlar sadduki adlanan din xadimləri dirilmə təlimini inkar edirdilər, əslində isə Müqəddəs Kitabda  bu haqda açıq-aydın yazılıb (Dən. 12:13; Mark 12:18). Marta bilir ki, İsa peyğəmbər insanlara dirilmə ümidi barədə danışır. Hətta onun bir neçə nəfəri diriltdiyindən də xəbəri var. Amma onlardan heç biri İlazər qədər ölüm yuxusunda olmayıb. Bir azdan baş verəcək şeylər Martanın ağlından belə, keçmir.

20. İsa peyğəmbərin və Martanın Yəhya 11:25—27 ayələrində yazılmış sözlərinin mənası nədir?

20 İsa Məsih vacib bir həqiqəti vurğulayır: «Dirilmə və həyat mənəm». Bəli, Yehova Allah Öz Oğluna gələcəkdə bütün ölüləri diriltmək səlahiyyətini verib. İsa Məsih Martadan soruşur: «Buna inanırsan?» Martanın cavabı fəslin əvvəlində yazılıb. O inanır ki, İsa peyğəmbər Məsih və Yehova Allahın Oğludur, həmçinin peyğəmbərlərin dünyaya gələcəyini xəbər verdiyi şəxsdir (Yəh. 5:28, 29; Yəhya 11:25—27 ayələrini oxu).

21, 22. a) Məryəmi və başsağlığına gələnləri görəndə İsa peyğəmbər nə edir? b) İlazərin dirilməsini təsvir edin.

21 Yehova Allah və Oğlu İsa Məsih belə bir imanı yüksək qiymətləndirir. Növbəti hadisələr bunu sübut edir. Marta tez bacısını çağırır. Bir qədər sonra o, İsa peyğəmbərin Məryəmlə və onun yanındakı adamlarla danışarkən kədərləndiyini, hisslərini gizlətməyib ağladığını görür. Sonra sərdabənin ağzındakı daşı kənara çəkməyi buyurduğunu eşidir (Yəh. 11:28—39).

22 Məntiqli düşünən bir insan kimi Marta deyir ki, İlazər dörd gündür ölüb, indiyə yəqin cəsəd iylənər. İsa isə ona deyir: «Məgər sənə demədim ki, inansan, Allahın əzəmətini görəcəksən?» Marta inanır və Yehova Allahın əzəmətini görür. Allah elə oradaca Oğluna İlazəri diriltmək qüdrəti verir. Bu an baş verənlər ömrünün axırına kimi Martanın yadından çıxmayacaq. İsa peyğəmbər: «İlazər, çölə çıx!» — deyir. Bu zaman İlazərin uyuduğu sərdabədən çox zəif bir səs gəlir: sarğılarla kəfənlənmiş İlazər asta addımlarla sərdabənin ağzına yaxınlaşır. İsa peyğəmbər buyurur: «Kəfənini açın, azad olsun». Marta ilə Məryəmin sevinci yerə-göyə sığmır, onlar qaçıb qardaşlarına sarılırlar. (Yəhya 11:40—44 ayələrini oxu.) Marta qəm yükündən azad olur!

Marta İsa Məsihə iman etdiyi üçün mükafat aldı, o və bacısı Məryəm qardaşlarına qovuşdular

23. Yehova Allahla İsa Məsih sizin üçün nə etmək istəyirlər və sizdən nə gözlənilir?

23 Bu əhvalat göstərir ki, ölülərin dirilməsi xülya deyil. Dirilmə Müqəddəs Kitaba əsaslanan ümidverici təlimdir, tarixi gerçəklikdir (Əyy. 14:14, 15). Yehova Allah və Oğlu İsa Məsih  möhkəm imanlarına görə Martanı, Məryəmi və İlazəri mükafatsız qoymadılar. Onlar bu cür imanı olan hər kəsə mükafat verməkdən sevinc duyurlar. İmanınızı möhkəm saxlasanız, onlar sizə də mükafat verəcəklər.

«Marta onların qulluğunda durmuşdu»

24. Müqəddəs Kitabda Marta barədə yazılan son məlumatda nə deyilir?

24 Bu hadisədən sonra Müqəddəs Kitabda Martanın adı cəmi bir dəfə çəkilir. İsa Məsihin yer üzündə yaşadığı axırıncı həftə idi. İsa peyğəmbər bilirdi ki, qarşıda onu iztirablı anlar gözləyir, buna görə Yerusəlimdən üç kilometr aralıda yerləşən Beytaniyyəyə, dostlarıgilə getdi. Axşam İsa peyğəmbərlə İlazər cüzamlı Şimonun evində şam edirdi. Müqəddəs Kitabda deyilir ki, Marta onların qulluğunda durmuşdu. Martanın adına axırıncı dəfə bu ayədə rast gəlinir (Yəh. 12:2).

25. Məsihin davamçıları arasında Marta kimi qadınları görmək nəyə görə xoşdur?

25 Bəli, həmişə olduğu kimi, Marta iş başında idi. Müqəddəs Kitabda onun haqqında yazılan ilk məlumatda da, son məlumatda da onun işlədiyini oxuyuruq. O, əlindən gəldiyi qədər başqalarının qayğısına qalırdı. Nə yaxşı ki, bu gün də Məsihin davamçıları arasında Marta kimi qadınlar var. Onlar mətanətli, əliaçıqdırlar, imanlarını Yehova Allaha xidmət etməklə və insanlara kömək etməklə göstərirlər. Şübhəsiz, Marta sonralar da imanını bu yolla təzahür etdirdi və bu cür iman ona qarşıdakı çətinliklərə dözməyə güc verdi.

26. Martanın imanı ona nədə kömək etdi?

26 Bir neçə gündən sonra Marta əziz Ağasının, Məsihin ağır itkisini yaşadı. Üstəlik, İsanı qətlə yetirən ikiüzlülər İlazəri də öldürmək istəyirdilər, çünki İlazər diriləndən sonra çoxları İsa peyğəmbərə iman gətirmişdi. (Yəhya 12:9—11 ayələrini oxu.) Əvvəl-axır ölüm Martagili bir-birindən ayırdı. Biz bilmirik bu, necə və nə vaxt baş vermişdi. Lakin bir şeyə əminik ki, Marta imanı sayəsində axıradək mətin qaldı. Odur ki, gəlin Martanın imanını örnək alaq.

^ abz. 11 Birinci əsrdə Yəhudi cəmiyyətində qadınlar təhsil almırdılar. Onlara əsasən ev işlərini görməyi öyrədirdilər. Buna görə də Marta üçün qadın xeylağının müəllimin ayağının yanında oturub təlim alması çox qəribə idi.