Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

Yekun

Yekun

«Vədləri iman və səbirlə miras alanlardan nümunə götürəcəksiniz» (İBRANİLƏRƏ 6:12).

1, 2. Nəyə görə özümüzdə iman yetişdirmək həyati vacibdir? Misal çəkin.

İMAN. Bu gözəl sözün arxasında çox gözəl xüsusiyyət durur. Bu sözü eşidəndə bir şeyi də yadımıza salmalıyıq: iman həyati vacib xüsusiyyətdir! İnsanda iman yoxdursa, mütləq onu yetişdirməlidir. Varsa, mütləq onu qorumalı və bəsləməlidir. Nəyə görə?

2 Təsəvvür edin ki, ucsuz-bucaqsız səhrada yol gedirsiniz. Susuzluqdan diliniz damağınıza yapışıb. Birdən haradansa su tapırsınız. Təbii ki, su buxarlanmasın deyə, onu gündən qoruyacaqsınız. Həmçinin su qabını ağzınacan dolduracaqsınız ki, mənzil başına çatana kimi bəs eləsin. Bu gün biz ruhani səhrada yaşayırıq. Bu səhrada əsil iman sutək çətin tapılır. Əgər «iman qabımızı» ağzınacan doldurmasaq və imanı «günəş şüalarından» qorumasaq, o, tez bir zamanda «buxarlanıb yoxa çıxacaq». İman həyati vacibdir. İnsan susuz yaşaya bilmədiyi kimi, imansız da yaşaya bilməz, ruhani cəhətdən ölər! (Rom. 1:17).

3. Yehova Allah bizə iman sahibi olmağa necə kömək edir və biz nəyi yadda saxlamalıyıq?

3 Yehova Allah bilir ki, iman bizim üçün çox vacibdir. Eyni zamanda, imanı yetişdirməyin, onu qorumağın nə qədər çətin olduğunu da bilir. Məhz buna görə də Öz Kəlamında imanları ilə bizə örnək olacaq insanlar haqqında yazdırıb. Müqəddəs Kitabda deyilir: «Vədləri iman və səbirlə miras alanlardan nümunə götürəcəksiniz» (İbr. 6:12). Yehova Allahın təşkilatı bizi təşviq edir ki, əlimizdən gələni edib imanlı insanlardan örnək alaq. Bu kitabda biz onların bir neçəsinin nümunəsini nəzərdən keçirmişik. Bəs bundan sonra nə etməliyik? Gəlin iki şeyi yadda saxlayaq: 1) imanımızı daim möhkəmləndirməliyik; 2) ümidimizi həmişə canlı saxlamalıyıq.

4. Nəyə görə imanı qoruyub saxlamaq çətindir və nə üçün biz təslim olmamalıyıq?

4 Biz imanımızı daim möhkəmləndirməliyik. Şeytan imanımıza düşmən kəsilib. Dünyanın ağası olan bu güclü düşmən dünyanı bir növ səhraya döndərib və buna görə də imanı qoruyub saxlamaq çox çətindir. Sözsüz, Şeytan bizdən qat-qat güclüdür. Onda belə çıxır ki, biz heç vaxt özümüzdə iman yetişdirməyə və möhkəmləndirməyə müyəssər olmayacağıq? Xeyr, bu, belə deyil! Sonsuz Qüdrət Sahibi Yehova Allah imanlı insanlara Dostdur. O, bizi əmin edir ki, Onun köməyi ilə Şeytana müqavimət göstərə bilərik, hətta Şeytanı özümüzdən uzaqlaşdıra bilərik (Yaq. 4:7). Şeytana müqəvimət göstərmək üçün biz hər  gün imanımızı möhkəmləndirməliyik. Bunu necə edə bilərik?

5. Müqəddəs Kitabda adları çəkilən insanlar nəyin sayəsində imanlı olmuşdular?

5 Təbii ki, Müqəddəs Kitabda adları çəkilən imanlı insanlar anadan imanlı doğulmayıblar. Onlar haqqında öyrənəndə görürük ki, iman Yehova Allahın müqəddəs ruhunun bəhrəsidir (Qal. 5:22, 23). Onlar Yehova Allahdan kömək diləyirdilər və Allah onların imanını möhkəmləndirirdi. Gəlin onlardan örnək alaq və unutmayaq ki, Yehova Allah Ondan müqəddəs ruh diləyənlərə, eləcə də dualarına uyğun hərəkət edənlərə bol-bol müqəddəs ruh verir (Luka 11:13). Biz daha nə etməliyik?

6. İmanlı insanların əhvalatından tam fayda əldə etmək üçün nə etməliyik?

6 Bu kitabda biz cəmi bir neçə iman örnəyinin həyatına nəzər salmışıq. Əslində, bu cür örnəklərin sayı olduqca çoxdur. (İbranilərə 11:32 ayəsini oxu.) Onların hər biri bir dəryadır. Gəlin dua edərək və fikrimizi cəmləyərək onlar haqqında dərin araşdırma aparaq. Onların əhvalatlarını səthi oxusaq, imanımız yetərincə möhkəmlənməyəcək. Tam fayda əldə etmək üçün vaxt ayırıb oxuduğumuz parçanın kontekstinə baxmalı və hadisələrin cərəyan etdiyi dövr haqqında məlumat tapmalıyıq. Bu qeyri-kamil adamların «bizim kimi adi bir insan» olduğunu yadımızda saxlasaq, onlar bizim üçün daha real olacaqlar (Yaq. 5:17). Biz başa düşəcəyik ki, üzləşdiyimiz sınaqlarla və yaşadığımız problemlərlə onlar qarşılaşsaydılar, hansı hissləri keçirərdilər.

7—9. a) Bizə verilən tapşırıqlar keçmişdə yaşamış imanlı insanlara verilsəydi, onlar hansı hissləri keçirərdilər? b) Nəyə görə imanımızı əməllərlə möhkəmləndirməliyik?

7 İmanın möhkəmlənməsində əməllər də vacib rol oynayır. Çünki Müqəddəs Kitabda yazılıb: «Əməlsiz iman... ölüdür» (Yaq. 2:26). Yehova Allah bu gün bizə verdiyi buyruqları bu kitabda haqqında danışdığımız imanlı insanlara versəydi, şübhəsiz, onlar çox sevinərdilər.

8 Yehova Allah İbrahim peyğəmbərə səhrada tikilmiş daş qurbangahın üstündə qurban gətirməyi yox, gözəl Padşahlıq zalında və böyük toplantılarda iman bacı-qardaşları ilə bir yerdə toplaşaraq ibadət etməyi buyursaydı, o, hansı hissləri keçirərdi? Axı bu görüşlərdə onun «uzaqdan» gördüyü vədlər araşdırılır və təfsilatları ilə nəzərdən keçirilir. (İbranilərə 11:13 ayəsini oxu.) Yaxud İlyas peyğəmbərə zalım padşahın hakimiyyəti altında yox, əmin-amanlıq içində Yehova Allaha xidmət etmək, Baal peyğəmbərlərini edam etmək yox, insanlara rahatlıq və ümid verən xəbəri çatdırmaq tapşırılsaydı, o, hansı hissləri keçirərdi? Bəli, Müqəddəs Kitabda adı çəkilən imanlı insanlar bizə verilən tapşırıqları məmnuniyyətlə qəbul edərdilər.

9 Odur ki, gəlin əməllərimizlə imanımızı  möhkəmləndirək. Beləcə, Allahın Kəlamında adı çəkilən imanlı insanlardan örnək aldığımızı göstərəcəyik və ön sözdə yazıldığı kimi, onlarla yaxın dost olacağıq. Yaxın gələcəkdə isə bu insanlardan bəziləri sözün əsil mənasında bizim dostumuz olacaq.

10. Cənnətdə hansı sevinci yaşayacağıq?

10 Ümidimizi həmişə canlı saxlamalıyıq. İmanlı insanlar hər zaman Allahın verdiyi ümiddən güc alıblar. Ümid bizə də güc verə bilər. Məsələn, salehlər dirilən vaxt Allahın sadiq bəndələri ilə görüşəndə duyacağınız sevinci təsəvvür edin. (Həvarilərin işləri 24:15 ayəsini oxu.) Onlara hansı sualları vermək istəyərdiniz?

11, 12. Yeni dünyada siz a) Habilə; b) Nuh peyğəmbərə; c) İbrahim peyğəmbərə; ç) Ruta; d) Abiqayilə; e) Əstərə hansı sualları vermək istəyərdiniz?

11 Habillə görüşəndə ondan soruşmaq istəməzdiniz, Adəmlə Həvvanın görkəmi necə olub? Bəlkə də, soruşmaq istəyəcəksiniz: «Ədən bağının girişində keşik çəkən kərrublarla danışmısan? Onlar sənə nəsə deyiblər?» Bəs Nuh peyğəmbərdən nə soruşacaqsınız? Bəlkə, ondan soruşacaqsınız: «Heç olub ki, nefilimlərdən qorxasan? Gəmidə o qədər heyvanı bir il necə saxlamısan?» Yəqin İbrahim peyğəmbərdən soruşmaq istəyəcəksiniz: «Samı görmüsən? Yehova Allah haqda kimdən öyrənmisən? Ur şəhərini tərk etmək çətin idi?»

12 Bəs imanlı qadınlardan nə soruşacaqsınız? Yəqin bu sualları verəcəksiniz: «Rut, səni Yehova Allaha ibadət etməyə nə təşviq etdi?» «Abiqayil, Davuda kömək etdiyini Nabala deməyə qorxurdun?» «Əstər, Müqəddəs Kitabda yazılanlardan savayı, Mərdəhayla sənin həyatında nələr baş vermişdi?»

13. a) Dirilənlər, ola bilsin, sizə hansı sualları verəcəklər? b) Qədimdə yaşamış imanlı insanları görəcəyinizi təsəvvür edəndə hansı hissləri keçirirsiniz?

13 Sözsüz ki, onların da sizə sualları olacaq. Təsəvvür edin, onlara axırzaman haqqında və Yehova Allahın çətin vaxtlarda xalqına kömək etdiyi barədə necə şövqlə danışacaqsınız. Şübhəsiz, Yehova Allahın Öz vədlərini necə həyata keçirdiyini öyrənmək onlara güclü təsir bağışlayacaq. Cənnətdə Müqəddəs Kitabda adları çəkilən Allahın sadiq bəndələrini təsəvvür etməyə artıq ehtiyac qalmayacaq. Onlar bizimlə birlikdə Cənnətdə olacaqlar! Buna görə də əlinizdən gələni edin ki, bu insanlar sizin üçün real olsunlar. Onların imanını örnək alın. Arzu edirik ki, onlarla yaxın dost olub, birlikdə Yehova Allaha əbədiyyət boyu ibadət edəsiniz!