Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

 ONUNCU FƏSİL

O, pak ibadətin keşiyində dururdu

O, pak ibadətin keşiyində dururdu

1, 2. a) İsraillilər hansı vəziyyətdədirlər? b) İlyas peyğəmbər Karmel dağında kimlərlə qarşı-qarşıya durub?

İLYAS PEYĞƏMBƏR güc-bəla ilə Karmel dağına qalxan camaata baxır. Üç il yarım sürən aclıq öz sözünü deyib. Səhərin alatoranında belə, camaatın kasıb və yoxsul olduğu asanlıqla sezilir.

2 Baalın 450 nəfər peyğəmbəri də onların arasındadır. Yehovanın peyğəmbərinə nifrətlə alışıb yanan bu peyğəmbərlər başlarını dik tutub şəstlə irəli gedirlər. Məlikə İzəbil Yehova Allahın sadiq qullarının çoxunu edam etdirib, ancaq İlyas peyğəmbər heç bir vəchlə Baalın qarşısında əyilmir. O, nə vaxtadək mətin qalacaq? Yəqin Baalın peyğəmbərləri fikirləşirlər ki, İlyas peyğəmbər təkbaşına onların qarşısında duruş gətirə bilməyəcək (1 Pad. 18:4, 19, 20). Əhəb padşah da arabasına minib ora gəlib. Onun da İlyas peyğəmbərdən zəhləsi gedir.

3, 4. a) Nəyə görə demək olar ki, İlyas peyğəmbər bir qədər qorxur? b) Bu fəsildə hansı suallara cavab tapacağıq?

3 Bu gün İlyas peyğəmbərin həyatında ən ağır gündür. Peyğəmbər dağa qalxan camaata baxır. Bir azdan hamı xeyirlə şərin heç vaxt görünməmiş qarşıdurmasının şahidi olacaq. Hava işıqlaşdıqca peyğəmbər hansı hissləri keçirir? «Bizim kimi adi bir insan» olduğu üçün qorxu hissi ona da yad deyil. (Yaqub 5:17 ayəsini oxu.) Bir şeyi dəqiq bilirik ki, imansız insanların, dönük padşahın və mənfur kahinlərin arasında o, özünü tək hiss edir (1 Pad. 18:22).

4 İsraili bu acınacaqlı vəziyyətə salan nə olmuşdu? Bu əhvalatın bizə nə aidiyyəti var? Gəlin İlyas peyğəmbərin qoyduğu iman örnəyinə nəzər salaq və görək ondan nə öyrənə bilərik.

Uzun sürən mübarizənin sonu

5, 6. a) İsraildə nə baş verirdi? b) Padşah Əhəb Yehova Allaha qarşı necə hörmətsizlik etmişdi?

5 İlyas peyğəmbər uzun illər idi ki, pak ibadətin necə sıxışdırıldığını,  necə tapdalandığını çarəsiz-çarəsiz izləyirdi. Xeyli vaxt idi ki, İsraildə pak dinlə saxta din arasında mübarizə gedirdi, israillilər Yehova Allahı qoyub qonşu xalqların allahlarına ibadət edirdilər. İlyasın vaxtında bütpərəstlik daha da geniş yayılmışdı.

6 Əhəb padşah Yehova Allaha qarşı böyük sayğısızlıq etmişdi. O, Sidon padşahının qızı İzəbillə evlənmişdi. İzəbil Baala ibadəti bütün İsrailə yaymaq, Yehova Allaha ibadətinsə kökünü kəsmək istəyirdi. Çox keçmədi ki, Əhəb onun təsiri altına düşdü. O, Baal üçün məbəd və qurbangah tikdi, Baala ibadətə başçılıq etməyə başladı (1 Pad. 16:30—33).

7. a) Nəyə görə Baala ibadət iyrənc idi? b) Nəyə əsasən deyə bilərik ki, quraqlıqla bağlı məlumatlar arasında ziddiyyət yoxdur? (Həmçinin  çərçivəyə bax.)

7 Nəyə görə Baala ibadət iyrənc idi? Çünki bu ibadət israilliləri Yehova Allahdan uzaqlaşdırmışdı. Bu din həmçinin murdar və qəddar din idi. Baalın məbədində kişilər və qadınlar fahişəlik edirdi, ona ibadət edənlər əxlaqsız ayinlər icra edir, hətta uşaqlarını Baala qurban gətirirdilər. Buna görə də Yehova Allah İlyas peyğəmbəri Əhəbin yanına göndərib ona quraqlıq olacağını xəbər verdi. Peyğəmbər deməyincə yağış yağmayacaqdı (1 Pad. 17:1). Bir neçə ildən sonra İlyas peyğəmbər Əhəbi görməyə getdi. Ona xalqı və Baal peyğəmbərlərini Karmel dağına toplamasını söylədi *.

Baala ibadətin əsasını təşkil edən amillər bu gün də insanlara güclü təsir göstərir

8. Baala ibadətlə bağlı məlumatdan nə öyrənirik?

8 Bu əhvalatın bizə nə aidiyyəti var? Kimsə düşünə bilər ki, Baala ibadətlə bağlı məlumatın bizə heç bir aidiyyəti yoxdur, çünki bu gün nə Baalın məbədi, nə qurbangahı var. Amma bu, sadəcə tarixi məlumat deyil (Rom. 15:4). «Baal» sözünün mənası «sahib», «ağa» deməkdir. Yehova buyurmuşdu ki, xalqı başqa allahları yox, Onu özünün «baalı», yəni ağası saymalıdır (Əşy. 54:5, haşiyə). Bu gün də insanlar Qadir Allahı qoyub müxtəlif «ağalara» qulluq edirlər. Əksəriyyət Yehova Allaha ibadət etmir, pulun, karyeranın, əyləncənin, ehtirasın və bir sıra şeylərin qulu olub, onları özlərinə «ağa» seçib (Mət. 6:24; Romalılara 6:16 ayəsini oxu). Baala ibadətin əsasını təşkil edən amillər bu gün də insanlara güclü təsir göstərir. İlyas  peyğəmbərlə Baal peyğəmbərləri arasındakı mübarizə bizə kimə qulluq edəcəyimizlə bağlı düzgün qərar verməyə kömək edəcək.

«Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz?»

9. a) Nəyə görə Karmel dağı Baala ibadəti ifşa etmək üçün münasib yer idi? (Həmçinin haşiyəyə bax.) b) İlyas peyğəmbər camaata nə deyir?

9 Karmel dağının zirvəsindən gözəl mənzərə açılır: aşağıda Qişon vadisi ilə Böyük dəniz (Aralıq dənizi), uzaqda, şimal tərəfdə Livan dağları *. Amma bu həlledici gündə günəş qalxdıqca göz önündə acınacaqlı mənzərə canlanır. Yehova Allahın İbrahim peyğəmbərin nəslinə verdiyi, bir vaxtlar bərəkətli olan  bu torpaq indi cansız səhraya dönüb. İsraillilərin ağılsızlığı ucbatından torpaq bərbad vəziyyətdədir, günəşin qızmar şüaları onu qarsıdıb. Camaat bir yerə toplaşanda İlyas peyğəmbər onlara yaxınlaşıb deyir: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Yehova Allahdırsa, Onun dalınca gedin. Yox əgər Baal Allahdırsa, onda onun dalınca gedin!» (1 Pad. 18:21).

10. Hansı mənada israillilər iki tərəfə əyilirdilər və onlar hansı vacib amili yaddan çıxarmışdılar?

10 İlyas peyğəmbər israillilərə «nə vaxta qədər iki tərəfə əyiləcəksiniz?» deməklə nəyi nəzərdə tuturdu? Xalq başa düşmürdü ki, ya Yehova Allaha ibadət etməlidir, ya Baala. Onlar düşünürdülər ki, həm iyrənc ayinləri ilə Baalı razı sala bilərlər, həm də Yehova Allahdan lütf diləyə bilərlər. Yəqin inanırdılar ki, Baal onların məhsullarına və sürülərinə bərəkət verəcək, ordular Allahı Yehova isə onları düşmən əlindən qurtaracaq (1 İşm. 17:45). Zəmanəmizin bir çox adamları kimi onlar da vacib bir amili yaddan çıxarırdılar: Yehova Allaha şərik qoşmaq olmaz! O, hamıdan tam sədaqət tələb edir və belə də olmalıdır. Yehova Allah eyni zamanda həm Ona, həm də başqa bir şeyə qulluq edən insanın ibadətini qəbul etmir, hətta bunu Özünə qarşı küfr sayır. (Çıxış 20:5 ayəsini oxu.)

11. İlyas peyğəmbərin sözləri bizə nədə kömək edir?

11 İsraillilər eyni vaxtda iki yolla getmək istəyən adama bənzəyirdilər. Bu gün də çoxları eyni səhvi təkrarlayır, onlar başqa «baalların» həyatlarına girib Allaha ibadətin yerini tutmasına yol verirlər. Amma İlyas peyğəmbərin israillilərə dediyi sözlər bizə nəyə üstünlük verdiyimizi və nə cür ibadət etdiyimizi yoxlamağa kömək edəcək.

Həlledici məqam

12, 13. a) İlyas peyğəmbər Baal kahinlərinə nə təklif edir? b) İlyas peyğəmbər kimi Yehova Allaha güvəndiyimizi necə göstərə bilərik?

12 İlyas peyğəmbər Baal kahinlərini sınaq meydanına çağırır. Bu adi sınaq kimin düz, kimin səhv olduğunu aydın göstərəcək. Baal kahinləri qurbangah düzəltməli, üstünə qurban qoyub allahlarından od diləməlidirlər. Eyni şeyi İlyas peyğəmbər də edəcək. Peyğəmbər deyir ki, kim odla cavab versə, Allah odur. O, yaxşı bilir, Allah kimdir. Onun imanı o qədər güclüdür ki, o, rəqiblərinin işini asanlaşdırır və meydanı birinci onlara verir. Beləcə, Baal peyğəmbərləri qurbanlıq buğa  seçib hazırlayır və allahlarına yalvarmağa başlayırlar * (1 Pad. 18:24, 25).

13 Hazırda Yehova Allah möcüzə göstərmir. Amma O, bu gün də həmin Allahdır. Biz də İlyas peyğəmbər kimi Ona tam etibar edə bilərik. Məsələn, kimsə Müqəddəs Kitabda yazılan fikirlərlə razı olmayanda imkan verməliyik ki, əvvəlcə o, fikrini desin, bundan qorxmamalıyıq. İlyas peyğəmbər kimi biz də yol verməliyik ki, ona Allah cavab versin. Biz özümüzə yox, insanı islah etməyə qadir olan Müqəddəs Kitaba güvənməliyik (2 Tim. 3:16).

Peyğəmbər yaxşı bilir ki, Baala ibadət edənlər əslində olmayan bir şeyə ibadət edirlər və o, israillilərin də bunu başa düşməsini istəyir

14. İlyas peyğəmbər Baal peyğəmbərlərini necə və nəyə görə lağa qoyur?

14 Baal peyğəmbərləri qurbanı qurbangahın üstünə qoyub allahlarını çağırmağa başlayırlar. Onlar durmadan: «Baal, bizə cavab ver!» — deyə bağırırlar. Dəqiqələr, saatlar keçir, amma heç bir səs-soraq yoxdur. Günorta olanda İlyas peyğəmbər bu fırıldaqçıları lağa qoyub deyir: «Bərkdən çığırın! Axı o, allahdır. Bəlkə, fikrə dalıb, yaxud ayaqyoluna gedib. Ya da yatır, durğuzmaq lazımdır!» Peyğəmbər yaxşı bilir ki, Baala ibadət edənlər əslində olmayan bir şeyə ibadət edirlər və o, israillilərin də bunu başa düşməsini istəyir (1 Pad. 18:26, 27).

15. Bu hadisədən necə görünür ki, Yehova Allahı qoyub başqa «ağalara» qulluq etmək ağılsızlıqdır?

15 Baal peyğəmbərləri coşub dəlilik edirlər, adətləri üzrə bədənlərini xəncərlə, nizə ilə yaralayır, özlərini qana boyayırlar. Amma nə fayda?! Nə bir səs-səmir gəlir, nə də hay verən olur (1 Pad. 18:28, 29). Bəli, Baal adlı allah yoxdur. Baal xalqı Yehova Allahdan uzaqlaşdırmaq üçün Şeytanın uydurduğu yalandır. Həqiqət budur: Yehova Allahı qoyub başqa «ağalara» qulluq edənlər əvvəl-axır məyus olurlar, hətta rüsvay olurlar. (Zəbur 25:3; 115:4—8 ayələrini oxu.)

Allah cavab verir

16. a) İlyas peyğəmbər qurbangahı bərpa etməklə israillilərə nəyi başa salmaq istəyir? b) Peyğəmbər Allaha güvəndiyini daha necə göstərir?

16 Axşamüstü İlyas peyğəmbər hazırlıq görməyə başlayır.  On iki daş götürüb pak ibadətə düşmən kəsilənlərin uçurduğu qurbangahı bərpa edir. Bu sayda daş götürməklə o, onqəbiləli İsrail xalqına başa salmaq istəyir ki, Qanun İsrailin on iki qəbiləsinə verilib və onlar ona riayət etməyə borcludurlar. Peyğəmbər qurbanı qurbangahın üstünə qoyur. Sonra həm qurbanın, həm də qurbangahın üstünə çoxlu su tökməyi buyurur. (Yəqin suyu yaxınlıqdakı Aralıq dənizindən gətizdirir.) Hətta qurbangahın ətrafında xəndək qazdırıb, içini su ilə doldurur. İlyas peyğəmbər Baal peyğəmbərlərinin işini asanlaşdırmışdı, amma öz işini Yehova Allaha etibar etdiyindən çətinləşdirmişdi (1 Pad. 18:30—35).

İlyas peyğəmbərin duasından görünür ki, o, hələ də xalqı düşünürdü, istəyirdi ki, Allah xalqı Özünə tərəf döndərsin

17. İlyas peyğəmbərin duasından onun haqqında nə öyrənirik və onu necə təqlid edə bilərik?

17 Hazırlıq görüb qurtarandan sonra İlyas peyğəmbər dua edir. Peyğəmbərin qısa duasından onun üçün nəyin vacib olduğunu aydın görmək olar. Birincisi və ən əsası, o, camaata əyan etmək istəyirdi ki, İsraildə Allah Yehovadır, Baal yox. İkincisi, göstərmək istəyirdi ki, o, Yehova Allahın quludur və bütün şərəf Allaha məxsusdur. Və üçüncüsü, onun duasından görünür ki, o, hələ də xalqı düşünürdü, istəyirdi ki, Allah xalqı Özünə tərəf döndərsin (1 Pad. 18:36, 37). İsraillilər Allaha xəyanət edib ölkəni acınacaqlı vəziyyətə salsalar da, peyğəmbər onları sevirdi. Biz də dua edərkən İlyas kimi təvazökar olmalı, Allahın adını düşünməli və köməyə ehtiyac duyanları yada salmalıyıq.

18, 19. a) Yehova Allah peyğəmbərin duasına necə cavab verir? b) Peyğəmbər xalqa nə əmr edir və nəyə görə Baal kahinləri əfvə layiq deyillər?

18 İlyas peyğəmbər dua etməzdən əvvəl, bəlkə də, camaatda sual yaranmışdı: «Görəsən, Yehova Allah da Baal kimi saxta çıxacaq?» Duadan dərhal sonra onlar suallarına cavab aldılar. Müqəddəs Kitabda yazılıb: «Onda Yehova göydən od göndərdi. Od yandırma qurbanını, odunları, daşları, torpağı yandırdı, xəndəkdəki suyu uddu» (1 Pad. 18:38). Bu, inanılmaz idi, əsil möcüzə idi! Bunu görən xalq nə etdi?

«Onda Yehova göydən od göndərdi»

19 Onlar ucadan: «Allah Yehovadır! Yehovadır Allah!» — deyə qışqırdılar (1 Pad. 18:39). Axır ki, xalqın gözü açıldı. Lakin  onların Yehova Allaha iman gətirdiyini demək olmazdı. Göydən düşən alovu görüb, «Allah Yehovadır!» demələri Yehova Allaha iman gətirdiklərinə sübut deyildi. İlyas peyğəmbər onlara imanlarını əməldə göstərməyi buyurdu. Onlardan illər əvvəl etməli olduqları şeyi — Allahın Qanununu icra etməyi tələb etdi. Qanunda buyrulurdu ki, yalançı peyğəmbərlər və bütə sitayiş edənlər qətlə yetirilməlidir (Qan. 13:5—9). Baal kahinləri Yehova Allaha düşmən idilər, bilə-bilə Ona qarşı çıxırdılar. Onlar əfvə layiq deyildilər! Axı günahsız uşaqları diri-diri yandırıb qurban gətirənləri necə bağışlamaq olar?! (Məsəllər 21:13 ayəsini oxu; Ərm. 19:5.) Beləcə, xalq İlyas peyğəmbərin əmri ilə onları qətlə yetirdi (1 Pad. 18:40).

20. Nəyə görə kahinlərin qətli ilə bağlı səslənən tənqidlər əsassızdır?

20 Bu gün bəzi tənqidçilər Baal kahinlərinin qətlini kəskin tənqid edirlər. Onlar qorxurlar ki, dini fanatlar bunu əldə bayraq tutaraq başqa dinin nümayəndələrinə qarşı zor tətbiq edərlər. Əfsus ki, bu gün belə fanatlar çoxdur. Amma İlyas peyğəmbər dini fanat deyildi. O, Yehova Allahın adil hökmünü icra etmişdi. Həm də ki, məsihilər bilirlər ki, İlyas peyğəmbərdən fərqli olaraq, pis adamları qətlə yetirməyə onların ixtiyarı yoxdur. Onlar İsa peyğəmbərin Butrusun timsalında bütün məsihilərə verdiyi əmrə tabe olurlar: «Qılıncını qaytar qoy qınına. Qılınc götürən hər kəs qılıncdan öləcək» (Mət. 26:52). Gələcəkdə Yehova Allah İsa Məsihin vasitəsilə adil hökmünü icra edəcək.

21. Biz İlyas peyğəmbərdən nədə örnək almalıyıq?

21 İmanla həyat sürmək hər bir məsihinin borcudur (Yəh. 3:16). Bunun bir yolu İlyas peyğəmbər kimi iman sahiblərindən örnək almaqdır. O, yalnız Yehova Allaha ibadət edirdi, başqalarını da buna səsləyirdi. Şeytanın insanları Allahdan uzaqlaşdırmaq üçün yaratdığı dini cəsarətlə ifşa edirdi. Həmçinin hər şeydə Yehova Allaha etibar edirdi, öz bacarığına, öz ağlına güvənmirdi. Bəli, İlyas peyğəmbər pak ibadətin keşiyində dururdu! Gəlin daima onun imanını örnək alaq!

^ abz. 9 Dənizdən əsən külək Karmel dağının yamacları boyunca yuxarı qalxaraq özü ilə dağın başına yağış və bol şeh gətirirdi. Bu səbəbdən Karmel dağı adətən yamyaşıl olurdu. Baala ibadət edənlər inanırdılar ki, yağışı o yağdırır. Buna görə də Baala əsasən bu dağda ibadət edirdilər. Odur ki, çılpaqlaşmış, qupquru qurumuş Karmel dağı Baala ibadəti ifşa etmək üçün ən münasib yer idi.

^ abz. 12 İlyas peyğəmbər onlara demişdi ki, qurbana od vurmasınlar. Nəyə görə? Bəzi alimlər deyir ki, hərdən bütpərəstlər altında çala olan qurbangahların üstündə qurban gətirirdilər və camaat odun fövqəltəbii şəkildə peyda olduğunu düşünürdü.