Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

 ÜÇÜNCÜ FƏSİL

«İman gətirənlərin atası»

«İman gətirənlərin atası»

1, 2. Nuh peyğəmbərin vaxtından başlayaraq dünya necə dəyişmişdi və İbrahim peyğəmbərin buna münasibəti necə idi?

İBRAHİM PEYĞƏMBƏR başını qaldırıb doğma şəhəri Urda ucalan ziqqurata (pilləvarı məbəd) baxır *. Kahinlər ay tanrısına qurban gətirir. Qurbanın tüstüsü göyə qalxır, camaatın səs-küyü ətrafa yayılıb. İbrahim peyğəmbər qaşlarını çatıb başını bulaya-bulaya üzünü yana çevirir və qələbəlik küçə ilə evə sarı gedir. Yəqin ki, gedə-gedə Uru cənginə alan bütpərəstlik haqda düşünür. Nuh peyğəmbərin vaxtından başlayaraq bu iyrənc ibadət bütün dünyanı murdarlayıb!

2 Nuh peyğəmbər İbrahim peyğəmbərin doğulmasından iki il əvvəl vəfat etmişdi. Nuh peyğəmbər ailəsi ilə birgə gəmidən çıxandan sonra Yehova Allaha qurban təqdim etmişdi. Allah isə cavabında səmada göy qurşağı əmələ gətirmişdi (Yar. 8:20; 9:12—14). Həmin vaxt yer üzündə bir ibadət, pak ibadət mövcud idi. O vaxtdan İbrahim peyğəmbərə qədər on nəsil yaşamışdı. Onun vaxtında əhali çoxalmışdı, Yehova Allaha ibadət edən isə az idi. Hamı bütlərə ibadət edirdi. Hətta İbrahim peyğəmbərin atası Tarix də bütpərəst idi, ola bilsin, büt də düzəldirdi (Yuş. 24:2).

İbrahim peyğəmbər nəyin sayəsində gözəl iman örnəyi oldu?

3. İbrahim peyğəmbər başqa insanlardan nə ilə fərqlənirdi və biz bundan nə öyrənirik?

3 İbrahim peyğəmbər Yehova Allaha iman gətirdiyi üçün o dövrün adamlarından fərqlənirdi. Həvari Bulus onu «iman gətirənlərin atası» adlandırmışdı. (Romalılara 4:11 ayəsini oxu.) Biz də onun kimi iman sahibi ola bilərik. Gəlin görək İbrahim peyğəmbər nəyin sayəsində iman sahibi olub.

 Daşqından sonra pak ibadət

4, 5. İbrahim peyğəmbər Yehova Allah haqda kimdən eşidə bilərdi və nəyə əsasən belə deyə bilərik?

4 Maraqlıdır, İbrahim peyğəmbər Yehova Allah haqda kimdən eşitmişdi? Bildiyimiz kimi, o vaxtlar Yehova Allaha ibadət edən insanlar var idi. Onlardan biri Nuh peyğəmbərin oğlu Sam idi. Sam birinci oğul olmasa da, Müqəddəs Kitabda qardaşlarının sırasında çox vaxt adı birinci çəkilir. Yəqin səbəb onun böyük iman sahibi olmasıdır *. Daşqından bir müddət sonra Nuh peyğəmbər Yehova Allahı «Samın Allahı» adlandırmışdı (Yar. 9:26). Sam Yehova Allaha və təmiz ibadətə ehtiramla yanaşırdı.

5 Görəsən, İbrahim peyğəmbər Samı tanıyırdı? Yəqin ki. Gəlin peyğəmbərin uşaqlığını təsəvvür edək. Yəqin o fəxr edirdi ki, bəşər tarixinin dörd əsrinin canlı şahidi olan Sam kimi babası var. Sam daşqından öncə dünyada baş alıb gedən pislikləri, dünyanı pislərdən təmizləyən Daşqını, insanlar çoxaldıqca ilk xalqların yarandığını və Nəmrudun Babil qülləsini tikməklə Allaha üsyan etdiyini öz gözləri ilə görmüşdü. Amma o, Allaha sadiq qalmış, üsyana qoşulmamışdı. Buna görə də Yehova Allah Babil qülləsini inşa edənlərin dilini qarışdırsa da, Samla ailəsi Nuh peyğəmbərin danışdığı dildə, ilk bəşər dilində danışırdı. İbrahim peyğəmbər də bu nəsildən idi. Sözsüz, onun Sama hər zaman böyük hörməti olmuşdu. Üstəlik, o, ömrünün çox hissəsini Samla bir dövrdə yaşamışdı. Buna görə də deyə bilərik ki, İbrahim peyğəmbər Yehova Allah haqqında Samdan eşitmişdi.

İbrahim peyğəmbər Uru cənginə alan bütpərəstlikdən uzaq dururdu

6. a) Nədən görünür ki, İbrahim peyğəmbər Nuh əyyamındakı daşqından ibrət almışdı? b) İbrahim peyğəmbərlə Sara barədə nə demək olar?

6 İbrahim peyğəmbər Nuh əyyamındakı daşqından ibrət almışdı. Belə ki, Nuh peyğəmbər kimi, o da Yehova Allahın yolu ilə gedirdi. O, bütpərəstlikdən uzaq durur, Ur sakinlərindən, hətta ailə üzvlərindən belə, seçilirdi. İbrahim peyğəmbərin Sara adında gözəl ömür-gün yoldaşı var idi. Sara yalnız gözəlliyi ilə deyil, Yehova Allaha bəslədiyi güclü imanı ilə də fərqlənirdi *. Onların övladı olmasa da, Yehova Allaha birlikdə ibadət etdiklərinə görə xoşbəxt  idilər. Onlar həmçinin İbrahim peyğəmbərin qardaşı oğlunu, yetim qalmış Lutu himayələrinə götürmüşdülər.

7. Məsihilər İbrahim peyğəmbəri nədə təqlid etməlidirlər?

7 İbrahim peyğəmbər Yehova Allahı Urdakı bütlərə dəyişmədi. O da, arvadı da Urun bütpərəst sakinlərindən seçilməkdən qorxmurdu. Biz də özümüzdə güclü iman yetişdirmək istəyiriksə, onda bu dünyanın insanlarından seçilməkdən qorxmamalıyıq. Bu, olduqca vacibdir. Çünki İsa peyğəmbər demişdi ki, onun davamçıları dünyaya məxsus olmayacaqlar, buna görə də dünya onlara nifrət edəcək. (Yəhya 15:19 ayəsini oxu.) Əgər Yehova Allahın yolu ilə getdiyiniz üçün ailə üzvləriniz, ətrafınızdakı insanlar sizdən üz döndərirlərsə, unutmayın ki, siz bu yolda tək deyilsiniz. İbrahim peyğəmbərlə Sara da Allahın yolu ilə gedirdi.

«Öz torpağını... qoyub çıx»

8, 9. a) İbrahim peyğəmbərin həyatında hansı vacib hadisə baş verdi? b) Yehova Allah İbrahim peyğəmbərə nə buyurdu?

8 Bir gün İbrahim peyğəmbərin həyatında vacib bir hadisə baş verdi. O, Yehova Allahdan bir buyruq aldı. Bunun necə baş verdiyi Müqəddəs Kitabda ətraflı yazılmayıb. Orada sadəcə yazılıb ki, «izzət sahibi Allah» bu sadiq bəndəsinə görünür. (Həvarilərin işləri 7:2, 3 ayələrini oxu.) Ola bilsin, İbrahim peyğəmbər Külli-İxtiyar Yaradanın möhtəşəm calalını mələk vasitəsilə ötəri görmüşdü. Ətrafdakı insanların səcdə etdiyi cansız bütlərlə var olan Allah arasındakı fərqi görəndə onun nə hisslər keçirdiyini təsəvvür etmək olar.

9 Bəs Yehova Allah İbrahim peyğəmbərə nə buyurdu? Allah dedi: «Öz torpağını, qohumlarını qoyub çıx, sənə göstərəcəyim torpağa get». Amma Allah ona hansı torpağa gedəcəyini açıqlamadı, sadəcə dedi ki, gedəcəyi torpağı ona göstərəcək. Peyğəmbər doğma vətənini, qohum-əqrəbasını qoyub getməli idi. O vaxtlar Yaxın Şərqdə ailə hər şey demək idi. İnsan üçün əzizlərini qoyub uzaq yerə köçmək çox ağır idi, bəziləri üçünsə ölümdən də betər idi.

10. Nəyə görə demək olar ki, İbrahim peyğəmbərlə Saranın evlərini qoyub getməsi böyük qurban idi?

10 İbrahim peyğəmbərin yaşadığı Ur şəhəri varlı və səs-küylü şəhər idi. (« İbrahim peyğəmbərlə Saranın tərk etdiyi şəhər» adlı çərçivəyə bax.) Qazıntılar nəticəsində məlum olub ki, qədim Urda gözəl şəraitli evlər olub. Bəzi evlərin daş döşəməli həyəti olub. Bu həyətlər ailə üzvləri və qulluqçular üçün nəzərdə tutulmuş on iki və daha çox otaqlarla əhatə olunurdu. Şəhərdə içməli su qaynaqları, ayaqyolları və kanalizasiya sistemi olub. Sözsüz ki, İbrahim peyğəmbərlə Sara üçün bu cür rahat həyatı qoyub getmək böyük  qurban idi. Bir şeyi də nəzərə alaq ki, onlar cavan deyildilər. İbrahim peyğəmbərin haradasa 70, Saranın isə 60 yaşı var idi. Əlbəttə, İbrahim peyğəmbər yaxşı bir ər kimi arvadı Saranın rahat və qayğısız yaşamasını istəyirdi. Təsəvvür etmək olar, Allahdan aldıqları tapşırıq barədə danışarkən onlarda nə qədər sual yaranırdı, nə qədər narahatçılıq keçirirdilər. Saranın bu çətin tapşırığı qəbul etməsi yəqin İbrahim peyğəmbərə xoş idi. Onun kimi, Sara da rahat həyatı qoyub getməyə hazır idi.

11, 12. a) İbrahim peyğəmbərlə Sara yola çıxmazdan qabaq hansı hazırlıqları görməli idi? b) Onların yola düşdüyü günü təsvir edin.

11 İbrahim peyğəmbərlə Sara çox iş görməli idi. Onlar əşyalarını yığmalı, yola hazırlıq görməli idilər. Onlar bilmirdilər, bu səfərə özləri ilə nə götürsünlər, nə götürməsinlər. Onları ən çox narahat edən ev əhli idi, əsas da ki, İbrahim peyğəmbərin qoca atası Tarix. O, necə olsun? Qərara gəldilər ki, Tarixi özləri ilə aparsınlar və ona baxsınlar. Görünür, Tarix onlarla getməyə canla-başla razı oldu. Çünki Müqəddəs Kitabda deyilir ki, Tarix ailəsini götürüb Ur şəhərindən çıxdı. Şübhəsiz, Tarix bütpərəstlikdən əl çəkmişdi. İbrahim peyğəmbərin qardaşı oğlu Lut da onlarla getdi (Yar. 11:31).

12 Nəhayət yola düşmək vaxtı yetişdi. Təsəvvür edin: karvan şəhərin divarlarından və mühafizə xəndəyindən kənarda durub. İbrahim peyğəmbərin ailəsi və nökərləri yola düşməyə hazırdırlar. Dəvə, eşşək yüklənib, mal-heyvan bir yerə yığılıb *. Hamı həyəcan içindədir. Yəqin hər kəsin gözü İbrahim peyğəmbərə dikilib, ondan işarə gözləyir. Budur, vaxt-vədə yetişdi, onlar yola çıxırlar, Uru həmişəlik tərk edirlər.

13. Allahın bir çox xidmətçiləri İbrahim peyğəmbərlə Sara kimi necə fədakarlıq göstərirlər?

13 Bu gün Yehova Allaha ibadət edənlərin bir çoxu təbliğçilərə ehtiyac olan ərazilərə köçür. Digərləri xidmətlərini genişləndirmək üçün yeni dil öyrənir. Elələri də var ki, əvvəllər xidmətin onlar üçün çətin olan növlərində iştirak edirlər. Bu addımları atmaq üçün nələrdənsə keçmək lazımdır. Nə xoşdur ki, bu gün də Allahın İbrahim peyğəmbərlə Sara kimi, fədakar bəndələri var. Əgər biz də bu cür iman göstərsək, əmin ola bilərik ki, Yehova Allah bizə Onun yolunda elədiyimizdən artığını edəcək. O, imanı olan heç bir insanı mükafatsız qoymur! (İbr. 6:10; 11:6). İbrahim peyğəmbəri də mükafatsız qoymadı.

 Karvan Fəratı keçir

14, 15. a) İbrahimgilin Urdan Harrana səfərini təsvir edin. b) Nəyə görə İbrahim peyğəmbər müvəqqəti Harranda qalmaq qərarına gəlir?

14 Təsəvvür edin: karvan yoluna davam edir, heyvanların boğazından asılmış zınqırovların səsi eşidilir. İbrahimlə Sara bir-biri ilə söhbət edə-edə gah piyada, gah da heyvan belində yol gedir. Getdikcə ən təcrübəsiz yolçu üçün belə, səfər asanlaşır: çadırları söküb-yığmaq, yaşlı Tarixi ulağa, dəvəyə mindirmək əvvəlki kimi çətin deyil. Onlar şimal-qərbə yol alıb Fərat çayı boyunca irəliləyirlər. Həftələr günləri əvəz edir, amma onlar hələ də yol gedirlər.

15 Nəhayət, 960 kilometrlik yolu qət etdikdən sonra arı pətəyinə oxşar daxmaları olan Harran şəhərinə çatırlar. Harran inkişaf etmiş şəhərdir, şərqlə qərbə gedən ticarət yollarının kəsişməsində yerləşir. Karvan orada dayanır. İbrahimgil bir müddət orada qalırlar. Yəqin ona görə ki, Tarix çox zəifləyib, artıq yola davam edə bilmir.

16, 17. a) Allahın hansı sözləri İbrahim peyğəmbəri ruhlandırır? b) Harranda qaldığı vaxt peyğəmbər Allahdan hansı nemətləri almışdı?

16 Bir müddət keçir. Tarix 205 yaşında vəfat edir (Yar. 11:32). Yehova Allah yenidən İbrahim peyğəmbərlə danışır və bu, yaslı  vaxtında onun üçün böyük təsəlli olur. Allah İbrahim peyğəmbərə Urda verdiyi buyruğu təkrarlayır və vədlərini daha geniş açıqlayır. O, peyğəmbərə deyir ki, ondan böyük bir xalq törəyəcək və yer üzünün bütün xalqları onun vasitəsilə mübarək olacaq. (Yaradılış 12:2, 3 ayələrini oxu.) İbrahim peyğəmbər Allahın onunla bağladığı əhddən ruhlanıb yola düşməyə hazırlaşır.

17 İndi yır-yığış etmək üçün onlara daha çox vaxt lazımdır. Çünki Harranda qaldığı müddətdə Yehova Allah İbrahim peyğəmbərə xeyir-bərəkət verib. Müqəddəs Kitabda deyilir ki, İbrahim peyğəmbər Harranda mal-dövlət toplamış, qullar almışdı (Yar. 12:5). Böyük bir xalqın atası olmaq üçün İbrahim peyğəmbər var-dövlət, çoxlu qul-qarabaş sahibi olmalı idi. Bu, o demək deyil ki, Yehova Allah bütün xidmətçilərinə var-dövlət verir. Allah xidmətçilərinə Onun iradəsini icra etmək üçün nə gərəkdirsə, onu verir. Beləcə, İbrahim peyğəmbərin karvanı naməlum ünvana üz tutur.

Urdakı rahat həyatı qoyub getmək İbrahim peyğəmbərlə Sara üçün asan deyildi

18. a) Allahın xalqının tarixində vacib rol oynamış hadisə nə vaxt baş vermişdi? b) Müxtəlif illərdə nisan ayının on dördündə hansı mühüm hadisələr baş vermişdi? (« Müqəddəs Kitabda mühüm tarix» adlı çərçivəyə bax.)

18 Harrandan bir neçə günlük yol məsafəsində Karxemiş şəhəri yerləşirdi. Adətən karvanlar buradan Fərat çayını keçib yollarına davam edirdilər. Ola bilsin, məhz burada İbrahim peyğəmbər Allahın xalqının tarixində vacib rol oynamış hadisənin iştirakçısı olmuşdu. Görünür, İbrahimgil b.e.ə. 1943-cü il, sonralar nisan adlanan ayın on dördündə çayı keçmişdi (Çıx. 12:40—43). Cənubda Allahın İbrahim peyğəmbərə göstərəcəyi diyar yerləşirdi. Yehova Allahın onunla bağladığı əhd məhz həmin gün qüvvəyə mindi.

19. Yehova Allahın İbrahim peyğəmbərlə bağladığı əhdə nə daxil idi və ola bilsin, bu, peyğəmbərin yadına nəyi salır?

19 Karvan bir-bir torpaqları keçərək cənuba doğru irəliləyir və gəlib Sihamın yaxınlığındakı Möhrənin böyük ağaclarının yanında dayanır. Orada İbrahim peyğəmbərə yenidən Yehova Allahın sözü nazil olur. Allah bu dəfə övlad barədə danışır, vəd edir ki, İbrahim peyğəmbərin övladları bu torpağa sahib olacaq. Yəqin ki, həmin  an İbrahim peyğəmbərin yadına Yehova Allahın Ədən bağında söylədiyi peyğəmbərlik düşür. Allah vəd etmişdi ki, bir gün «övlad» peyda olub bəşəriyyəti xilas edəcək (Yar. 3:15; 12:7). Ola bilsin, İbrahim peyğəmbər Yehova Allahın niyyətində onun da yeri olduğunu, az da olsa, başa düşməyə başlayır.

20. İbrahim peyğəmbər Allahın ona göstərdiyi lütfü necə qiymətləndirir?

20 Yehova Allah İbrahim peyğəmbərə böyük lütf göstərdi. Peyğəmbər buna görə Allaha çox minnətdardır. O, kənanilərin yaşadığı bu torpağın içindən ehtiyatla keçərək gəlib əvvəlcə Möhrənin böyük ağaclarının yanında, sonra isə Beytelin yaxınlığında dayanır və bu yerlərdə Yehova Allaha qurbangah tikir. İbrahim peyğəmbər Allahın adını çağırır. Bəlkə də, peyğəmbər gələcək nəslini düşünüb Allaha ürəkdən minnətdarlığını bildirdi. Həmçinin, ola bilsin, o, kənanilərə Allah haqda danışırdı. (Yaradılış 12:7, 8 ayələrini oxu.) Sözsüz ki, qarşıda İbrahim peyğəmbəri böyük çətinliklər gözləyirdi. Amma o, arxaya baxmırdı, Urdakı evinin, mal-dövlətinin həsrətini çəkmirdi. O, gələcəyə baxırdı. İbranilərə 11:10 ayəsində deyilir: «O, memarı və inşaatçısı Allah olan, əsil bünövrə üzərində tikilmiş şəhəri gözləyirdi».

21. a) Allahın Padşahlığı haqda biliyimiz İbrahim peyğəmbərin biliyindən nə ilə fərqlənir? b) Siz nə etmək qərarındasınız?

21 Biz bu şəhər barədə, yəni Allahın Padşahlığı barədə İbrahim peyğəmbərdən daha çox bilirik. Bilirik ki, hazırda bu Padşahlıq göydə hökmranlıq edir və tezliklə Şeytan dünyasını məhv edəcək. Onu da bilirik ki, İbrahim peyğəmbərə uzun illər qabaq vəd olunmuş «övlad», İsa Məsih indi bu Padşahlıqda hakimiyyət sürür. Biz çox xoşbəxtik ki, İbrahim peyğəmbəri görəcəyik. Peyğəmbər diriləndə Allahın niyyətinin necə yerinə yetdiyini tamamilə başa düşəcək. Bəs siz necə, Yehova Allahın vədlərinin həyata keçdiyini öz gözünüzlə görmək istəyirsiniz? Onda İbrahim peyğəmbərdən örnək alın. Onun kimi fədakar, itaətkar olun və Yehova Allahın sizə həvalə etdiyi hər bir tapşırığı yüksək qiymətləndirin. Əgər İbrahim peyğəmbərin imanını örnək alsaq, onda «iman gətirənlərin atası» bizim də atamız olar!

^ abz. 1 Həmin vaxt İbrahim peyğəmbərin adı İbram idi. İllər sonra Allah ona İbrahim adını vermişdi. Mənası «ümmətlərin atası» deməkdir (Yar. 17:5).

^ abz. 4 İbrahim peyğəmbər də Tarixin birinci oğlu deyildi, amma qardaşları sırasında çox vaxt adı birinci çəkilirdi.

^ abz. 6 Həmin vaxt Saranın adı Saray idi. Sonralar Yehova Allah onun adını Sara qoymuşdu. Mənası «əsilzadə qadın» deməkdir (Yar. 17:15).

^ abz. 12 Bəzi alimlərin fikrincə, İbrahim peyğəmbərin vaxtında dəvə ev heyvanı deyildi. Lakin onlar bu fikri əsaslandıra bilmirlər. Müqəddəs Kitabda bir neçə yerdə yazılıb ki, İbrahim peyğəmbərin dəvələri var idi (Yar. 12:16; 24:35).