Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

 SƏKKİZİNCİ FƏSİL

O, məyusluğa qapılmadı

O, məyusluğa qapılmadı

1. Nəyə görə Şilo matəm içindədir?

İŞMUİLİN ürəyi qan ağlayır. Şilo matəm içindədir. Şəhər göz yaşlarına qərq olub. Neçə-neçə evdən ağlaşma, fəğan səsi eşidilir. Qadınların, uşaqların üstünə atalarının, ərlərinin, oğullarının, qardaşlarının qara xəbəri gəlir. Bir qədər əvvəl filiştlilərlə döyüşdə dörd min əsgərini itirən İsrail ordusu indi də ağır məğlubiyyətə uğrayaraq otuz min əsgərini itirib (1 İşm. 4:1, 2, 10).

2, 3. Hansı hadisələr Şilonu şərəfdən salır?

2 Şilonun faciəsi təkcə bununla bitmir. Allahın müqəddəs əhd sandığı düşmən əlindədir. Əlinin yaramaz oğulları Hüfni ilə Fənhas sandığı Şilodan çıxarıb aparmışdı. Sandıq müqəddəs çadırda, Ən müqəddəs yerdə yerləşirdi. O, Allahın hüzurunun rəmzi idi. Amma israillilər ağılsız davranıb sandığı bir talisman kimi özləri ilə döyüş meydanına aparmışdılar. Onlar düşünürdülər ki, sandıq onlara qələbə qazandıracaq. Filiştlilər isə sandığı ələ keçirdilər və Hüfni ilə Fənhası öldürdülər (1 İşm. 4:3—11).

3 Əhd sandığı əsrlər boyu Şilodakı müqəddəs çadırın tacı olub, indi isə yad əllərdədir. Bunu eşidən 98 yaşlı Əli kətildən arxaya yıxılıb ölür. Elə həmin gün Əlinin dul qalmış gəlini də doğuş zamanı ölür. O, can üstə olarkən deyir: «İsrailin şərəfi əsir düşdü». Bəli, Şilonun gözəl günləri arxada qaldı, o günlər bir daha qayıdan deyil (1 İşm. 4:12—22).

4. Bu fəsildə söhbət nədən gedəcək?

4 İşmuil bu faciəyə necə dözəcək? Onun imanı nə dərəcədə möhkəmdir? O, Yehova Allahın müdafiəsindən və iltifatından məhrum olmuş xalqa kömək edə biləcək? Hərdən İşmuil kimi, biz də imanımızı sınağa çəkən problemlərlə qarşılaşırıq, məyus oluruq. Buna görə də gəlin görək belə məqamlarda İşmuildən necə örnək ala bilərik.

 O, «salehliyi bərqərar edir»

5, 6. a) Yuxarıda təsvir olunan hadisələrdən sonra Müqəddəs Kitabda diqqət nəyə yönəlir? b) İyirmi il ərzində İşmuil nə işlə məşğul olub?

5 Yuxarıda təsvir etdiyimiz hadisələrdən sonra Allahın Kəlamında diqqət müqəddəs əhd sandığına yönəlir. Sandığı ələ keçirdikləri üçün filiştlilərin başına gələn bəlalardan, məcbur olub sandığı geri qaytarmalarından danışılır. Təxminən iyirmi ildən sonra İşmuil yenə Müqəddəs Kitabın səhifələrində meydana çıxır (1 İşm. 7:2). Bəs bu illər ərzində İşmuil nə işlə məşğul olub? Bu sualın cavabını Müqəddəs Kitabdan tapa bilərik.

İşmuil əzizlərini itirmiş və pərişan olmuş insanlara necə kömək edə bildi?

6 Həmin bu iyirmi illik zaman kəsiyindən əvvəl «İşmuil Allahın sözünü bütün İsrailə çatdırırdı» (1 İşm. 4:1). Müqəddəs Kitabı oxuyanda aydın olur ki, bu zaman kəsiyindən sonrakı dövrdə İşmuil hər il İsrailin üç şəhərinə səfər edib münaqişələri, müxtəlif məsələləri həll edir və sonra doğma yurdu Ramaya qayıdırdı (1 İşm. 7:15—17). Buradan belə nəticəyə gəlirik ki, aradakı iyirmi il ərzində də İşmuil çox iş görüb, heç vaxt boş oturmayıb.

İyirmi illik zaman kəsiyində İşmuilin nə işlə məşğul olduğunu bilməsək də, əminik ki, bu illər ərzində o, Yehova Allahın yolunda çox iş görüb

7, 8. a) İşmuil xalqa hansı xəbəri çatdırdı? b) Xalq İşmuilin sözlərinə necə hay verdi?

7 Əlinin oğullarının mənfur əməlləri xalqın imanını sarsıtmışdı. Çoxları bütlərə ibadət etməyə başlamışdı. İyirmi ildən sonra İşmuil israillilərə müraciət edib dedi: «Əgər bütün qəlbinizlə Yehovaya dönürsünüzsə, onda yad ilahları, Əşturət bütlərini aranızdan rədd edin, ürəyinizi tərəddüd etmədən Yehovaya verin və yalnız Ona xidmət edin. O da sizi filiştlilərin əlindən qurtaracaq» (1 İşm. 7:3).

8 İsraillilər filiştlilərin əlindən zülm-sitəm çəkirdi. İsrail ordusunu qırandan sonra filiştlilər Allahın xalqına zülm etməyə başlamışdılar. Onlar elə düşünürdülər ki, heç kim qabaqlarını ala bilməyəcək. Lakin İşmuil israilliləri əmin etdi ki, əgər pis əməllərindən əl çəkib Yehova Allaha dönsələr, Allah onları zülmdən qurtaracaq. Bəs onlar Yehova Allaha dönmək istəyirdilər? Bəli, israillilər «bütlərini atdılar, təkcə Yehovaya xidmət etməyə başladılar». İşmuil xalqı Yerusəlimdən şimaldakı dağlıq bölgədə yerləşən Mispaha topladı. Onlar orada oruc tutub günahlarından tövbə etdilər. (1 İşmuil 7:4—6 ayələrini oxu.)

Filiştlilər Allahın xalqının Gilqala toplaşdığını görüb hücuma keçdilər

9. Filiştlilərin əlinə hansı fürsət düşdü və xalq təhlükədə olduğunu hiss edəndə nə etdi?

 9 Filiştlilər xəbər tutdular ki, israillilər Mispaha toplaşıb. Bunu fürsət bilib Allahın xalqını qırmaq üçün ordularını ora göndərdilər. İsraillilər başlarının üstünü alan təhlükədən hali olanda qorxuya düşdülər. İşmuilə yalvardılar ki, onlar üçün dua etsin. İşmuil onların xahişini yerinə yetirdi. Həmçinin Allaha qurban gətirdi. Bu ayini icra edən zaman Filişt ordusu hücuma keçdi. Və budur, Allah «filiştlilərin üstünə şiddətli ildırım çaxdırdı» (1 İşm. 7:7—10). Yehova onların üstünə qəzəbini tökdü. Beləcə, Yehova Allah İşmuilin duasına cavab verdi.

10, 11. a) Nəyə əsasən demək olar ki, Mispahda qopan gurultu adi göy gurultusu deyildi? b) Mispahdakı döyüş nə ilə nəticələndi?

10 Filiştlilər əsil döyüşçü idilər. Ola bilməz ki, onlar göy gurultusundan qorxub anasının arxasında gizlənən uşaq kimi qorxsunlar. Amma görünür, bu, adi göy gurultusu deyildi. Bəlkə də, bu gurultu elə güclü idi ki, səsindən qulaq batırdı. Bəlkə də, bu, güzgü kimi aydın səmadan gələn səs, yaxud dağlardan qopan müdhiş əks-səda idi. Bunu dəqiq bilmirik, bir şey yəqindir ki, bu səs filiştlilərin canına vəlvələ salmışdı, onlar çaşbaş qalmışdılar. İsrail kişiləri Mispahdan çıxıb filiştliləri məğlub etdilər və onları Yerusəlimdən cənub-qərbdə yerləşən əraziyə qədər qovdular (1 İşm. 7:11). İşə bir bax, bir az əvvəl hücuma keçən tərəf indi hədəfə çevrilib.

11 Bu döyüş Allahın xalqı üçün dönüş nöqtəsi oldu. İşmuilin hakimlik etdiyi illərdə filiştlilər yavaş-yavaş geri çəkildilər. Düşmən tapdağı altındakı torpaqlar bircə-bircə israillilərə qaytarıldı (1 İşm. 7:13, 14).

12. İşmuil hansı mənada salehliyi bərqərar edirdi və nəyin sayəsində bu işi uğurla həyata keçirirdi?

12 Əsrlər sonra həvari Bulus salehliyi bərqərar edən peyğəmbərlərin və hakimlərin sırasında İşmuilin də adını çəkmişdi (İbr. 11:32, 33). İşmuil Allahın bəyəndiyi haqq işlər görür və başqalarını buna səsləyirdi. İşmuil bu işdə uğurlu idi, çünki Yehova Allahı səbirlə gözləyir, məyusluğa qapılmadan sədaqətlə Onun tapşırığını yerinə yetirirdi. O, həmişə Allaha şükür edirdi. Mispahdakı qələbədən sonra İşmuil Yehova Allahın onlara kömək etdiyinə xatirə olaraq bir daş qoymuşdu (1 İşm. 7:12).

13. a) İşmuildə olan hansı xüsusiyyətləri özümüzdə yetişdirməliyik? b) Nə vaxtdan başlayaraq bu xüsusiyyətləri özümüzdə yetişdirsək, yaxşı olar?

 13 Əgər biz də salehliyi bərqərar etmək istəyiriksə, İşmuil kimi səbirli, təvazökar olmalı və həmişə Allaha şükür etməliyik. (1 Butrus 5:6 ayəsini oxu.) Bu xüsusiyyətlər hər birimizə gərəkdir. İşmuilin cavanlıqda bu xüsusiyyətlərə yiyələnməsi onun xeyrinə oldu, çünki qocalanda o, daha da böyük çətinliklərlə qarşılaşdı.

«Oğlanların sənin yolunla getmir»

14, 15. a) Qocalıq çağında İşmuil hansı dərdlə üzləşir? b) Nəyə görə Əlidən fərqli olaraq, İşmuili qınamaq olmaz?

14 İllər keçdi, İşmuil yaşa dolub qocaldı. Onun Yuil və Əbiyya adında iki oğlu var idi. İşmuil oğullarına hakimlik işində ona kömək etməyi həvalə etmişdi. Amma əfsus ki, onlar atalarının etimadını doğrultmurdular. İşmuil təmiz və dürüst adam idi. Oğulları isə heç atalarına oxşamamışdılar. Onlar vəzifələrindən sui-istifadə edirdilər, rüşvət alıb ədalətsiz hökmlər çıxarırdılar (1 İşm. 8:1—3).

15 Bir gün İsrail ağsaqqalları yaşlı peyğəmbərin yanına şikayətə gəlib dedilər: «Oğlanların sənin yolunla getmir» (1 İşm.  8:4, 5). Görəsən, İşmuilin bundan xəbəri var idi? Müqəddəs Kitabda bu barədə heç nə deyilmir. Əlidən fərqli olaraq, İşmuil qınanılası ata deyildi. Əli oğullarının murdar əməllərinə göz yumduğu üçün, onlara Allahdan çox hörmət qoyduğu üçün Yehova Allah onu məzəmmət edib cəzalandırmışdı (1 İşm. 2:27—29). İşmuildə isə Allah məzəmmətə layiq bir şey tapmamışdı.

Oğullarının mənfur əməlləri barədə eşidəndə İşmuilə məyusluğa qapılmamağa nə kömək etdi?

16. a) Uşağın itaətsizliyi valideynə necə təsir edir? b) Valideynlər İşmuilin əhvalatından nə öyrənə bilərlər və necə təsəlli tapa bilərlər?

16 Biz bilmirik İşmuil oğullarının hərəkətindən xəbər tutanda hansı hissləri keçirdi: utandı, pis oldu, yaxud məyus oldu. Bu barədə Müqəddəs Kitabda heç nə yazılmayıb. Ancaq bir çox valideynlər onun hansı hisslər keçirdiyini yaxşı başa düşürlər. Bu gün valideynə qarşı çıxmaq, onun təlim-tərbiyəsini rədd etmək adi hal alıb. (2 Timutiyə 3:1—5 ayələrini oxu.) Bu cür yara alan valideynlər İşmuilin əhvalatından təsəlli və kömək tapa bilərlər. Oğlanları haqq yolundan çıxsa da, İşmuil bu yoldan dönmədi. Əziz valideynlər, ola bilər, övladınıza nə qədər öyüd-nəsihət versəniz də, xeyri olmur. Bununla belə, unutmayın ki, övladınız sizin davranışınıza baxıb çox şey öyrənə bilər. Həmçinin siz də İşmuil kimi Atanız Yehova Allahın qəlbini fərəhləndirə bilərsiniz.

«Üstümüzə padşah qoy»

17. İsrail ağsaqqalları İşmuildən nə tələb etdilər və bu, ona necə təsir etdi?

17 İşmuilin oğulları ağıllarına belə gətirməzdilər ki, onların tamahkarlığı və xudbinliyi nə ilə nəticələnəcək. Bir gün İsrail ağsaqqalları gəlib İşmuilə dedilər: «Başqa xalqlarda olduğu kimi üstümüzə padşah qoy bizə hökm etsin». Xalqın bu tələbi İşmuilə necə təsir etdi? Düşündümü ki, bununla xalq onu rədd edir? Axı o, neçə illərdir bu xalqa hakimlik edirdi. Amma indi israillilər padşah tələb edirdilər, onlara adi peyğəmbərin yox, başqa xalqlarda olduğu kimi, padşahın hakimlik etməsini istəyirdilər. Bunu eşitmək İşmuilə heç də xoş deyildi. Müqəddəs Kitabda yazılıb ki, bu sözlər «İşmuilə ağır gəldi» (1 İşm. 8:5, 6).

18. Yehova Allah İşmuilə necə ürək-dirək verdi və xalqın ağır günah etdiyini necə göstərdi?

18 İşmuil bu barədə Yehova Allaha dua etdi və Allahdan ona bu sözlər nazil oldu: «Xalq sənə nə deyirsə, elə. Onlar səni rədd etmirlər, bir padşah kimi Məni rədd edirlər». Bu sözlər bir tərəfdən İşmuilə ürək-dirək verdi, amma digər tərəfdən acı bir həqiqəti üzə çıxardı: israillilərin tələbi Külli-İxtiyar Sahibinə qarşı küfr idi. Yehova Allah peyğəmbəri vasitəsilə israilliləri xəbərdar  etdi ki, bu istəkləri onlara baha başa gələcək. Xalq isə İşmuilin sözünə qulaq asmaq istəməyib dedi: «Yox, qərarımız qətidir, padşah istəyirik». İşmuil də həmişəki kimi, Yehova Allahın buyruğuna əməl etdi, Allahın seçdiyi adamı padşah təyin etdi (1 İşm. 8:7—19).

19, 20. a) İşmuil Allahın tapşırığına tabe olduğunu necə göstərdi? b) İşmuil Allahın xalqına necə kömək etdi?

19 İşmuil Allahın tapşırığını necə yerinə yetirdi: könülsüz, başdansovdu? Bəlkə, o, məyusluğa qapıldı və ya kin-küdurətin qəlbində kök salmasına yol verdi? Belə vəziyyətdə yəqin çoxlarında bu cür hisslər yaranardı. Amma İşmuil buna yol vermədi. O, Talutu məsh etdi və Yehova Allahın onu seçdiyini dedi. Talutu öpdü və bununla onu padşah kimi qəbul etdiyini, ona tabe olduğunu göstərdi. Sonra üzünü xalqa tutub dedi: «Görürsünüz, Yehova kimi seçib? Xalqın arasında onun kimisi yoxdur!» (1 İşm. 10:1, 24).

20 İşmuil Yehova Allahın seçdiyi adamın mənfi cəhətlərinə yox, müsbət cəhətlərinə fikir verdi. İşmuilin özünə gəldikdə isə, onun üçün Yehova Allahın yanında qazandığı adı qorumaq gündə bir fikrə düşən insanları razı salmaqdan vacib idi (1 İşm. 12:1—4). Həmçinin o, öz işini yerinə yetirdi: Allahın xalqını ruhani təhlükədən xəbərdar etdi, onları Allaha sadiq qalmağa təşviq etdi. İşmuilin sözləri xalqın ürəyinə yol tapdı, onlar peyğəmbərə yalvardılar ki, onlardan ötrü dua etsin. O da onlara belə gözəl sözlər dedi: «Mənə gəldikdə isə, heç ağlıma da gətirə bilmərəm ki, sizdən ötrü dua etməyə son qoyub Yehovaya qarşı günah edim. Mən bundan sonra da sizə nəsihət verib yaxşı, düz yola yönəldəcəyəm» (1 İşm. 12:21—24).

İşmuildən öyrənirik ki, heç vaxt ürəyimizdə paxıllığın və kin-küdurətin yuva salmasına yol verməməliyik

21. Kiməsə təyinat veriləndə və ya məsuliyyət tapşırılanda İşmuil kimi buna necə yanaşmalıyıq?

21 Elə olubmu ki, başqasına təyinat veriləndə və ya məsuliyyət tapşırılanda məyus olasınız? İşmuildən öyrənirik ki, heç vaxt ürəyimizdə paxıllığın və kin-küdurətin yuva salmasına yol verməməliyik. (Məsəllər 14:30 ayəsini oxu.) Gəlin yadda saxlayaq ki, Yehova Allahın təşkilatında Allahın sadiq bəndələrinin hər biri üçün sevinc və məmnunluq gətirən çoxlu iş var.

 «Nə vaxtadək Taluta görə yas tutacaqsan?»

22. Talutda hansı gözəl keyfiyyətlər var idi?

22 Talut əbəs yerə İşmuilin rəğbətini qazanmamışdı, o çox yaxşı insan idi. Bu ucaboy, yaraşıqlı insan mərd və bacarıqlı olmaqla yanaşı, sadə və təvazökar idi (1 İşm. 10:22, 23, 27). Bu keyfiyyətlərlə bərabər, o, gözəl ənama — iradə azadlığına sahib idi. Bu ənam sayəsində o, həyatını özü qura, özü qərarlar qəbul edə bilərdi (Qan. 30:19). Bəs o, bundan düzgün istifadə etdi?

23. a) Təvazökar Talut necə bir insana çevrildi? b) Talutun təkəbbürlü olduğu nədən görünür?

23 Əfsus ki, hakimiyyət çox vaxt adamı dəyişir, hakimiyyətə keçəndə insanın itirdiyi ilk şey təvazökarlıq olur. Bir müddət sonra Talut təvazökar insandan təkəbbürlü insana çevrildi. O, Yehova Allahın İşmuil vasitəsilə verdiyi göstərişləri rədd etdi. Bir dəfə İşmuili gözləməyə hövsələsi çatmayıb özü Allaha qurban gətirdi. Əslində, bunu etməyə ixtiyarı yox idi, bu, İşmuilin işi idi. Bu hərəkətinə görə İşmuil onu ciddi tənbeh etdi və dedi ki, hakimiyyət onun nəslindən alınacaq. Bu, Taluta kar etmədi, əksinə, o, get-gedə daha da betər oldu (1 İşm. 13:8, 9, 13, 14).

24. a) Talut əmaliqələrlə döyüşdə Yehova Allahın sözündən necə çıxdı? b) Talut tənbehə necə yanaşdı və Yehova Allah Talutla bağlı hansı qərarı çıxardı?

24 Yehova Allah İşmuil vasitəsilə Taluta buyurdu ki, əmaliqələrlə döyüşə çıxsın. Talut əmaliqələrin zalım padşahı Aqaqı da öldürməli idi. Lakin Talut onu sağ saxladı və bu azmış kimi, məhv edilməli olan şeylərdən ən yaxşısını qənimət götürdü. İşmuil Talutu tənbeh edəndə onun nə qədər dəyişdiyi aşkar oldu. Talut tənbehi qəbul etmək əvəzinə, bəhanə gətirdi, özünü təmizə çıxartmağa, söhbəti dəyişməyə və hər şeyi xalqın boynuna yıxmağa başladı. Talut qənimətin bir hissəsini Allaha qurban gətirmək üçün saxladığını deyəndə İşmuil ona dedi: «Bunu bil, Yehovaya itaət etmək qurbandan... yaxşıdır». İşmuil çəkinmədən onu tənbeh etdi və Yehova Allahın qərarını söylədi: hakimiyyət Talutdan alınıb başqasına veriləcək * (1 İşm. 15:1—33).

25, 26. a) Nə üçün İşmuil Taluta görə yas tuturdu? b) Yehova Allah peyğəmbərinə hansı məsləhəti verdi? c) Yəssənin evində olanda İşmuil nəyi başa düşdü?

 25 İşmuil Talutun hərəkətlərinə görə pərişan oldu. Bütün gecəni Yehova Allaha fəryad etdi. Hətta Taluta görə yasa batdı. İşmuil onda gözəl xüsusiyyətlər görmüşdü, ona böyük ümidlər bəsləyirdi, amma indi bütün ümidləri puça çıxdı. Artıq o, əvvəlki Talut deyildi, o cür gözəl xüsusiyyətləri olan adam indi Yehova Allaha qarşı çıxmışdı. İşmuil daha onun üzünü görmək istəmirdi. Bir müddət sonra Yehova Allah İşmuilə məsləhət verdi: «Nə vaxtadək Taluta görə yas tutacaqsan? Mən onu İsrailin padşahı kimi rədd etmişəm. Buynuzu yağla doldur, yola düş. Səni beytləhmli Yəssənin yanına göndərirəm. Onun oğullarından birini padşah seçmişəm» (1 İşm. 15:34, 35; 16:1).

26 Bəli, Allahın işi hansısa insandan asılı deyil. İnsan Allahdan üz döndərərsə, O, Öz işini başqasının əli ilə həyata keçirəcək. İşmuil bunu başa düşüb daha Talutun dərdini çəkmədi. Yehova Allahın buyruğuna əməl edib Beytləhmə Yəssənin evinə getdi. Yəssənin qədd-qamətli oğulları var idi. İşmuil Yəssənin böyük oğlunu görəndə Yehova Allah ona bildirdi ki, yalnız xarici görkəmə fikir verməsin. (1 İşmuil 16:7 ayəsini oxu.) Axırda İşmuilin hüzuruna Yəssənin ən kiçik oğlunu, Davudu gətirdilər. Yehova Allahın seçdiyi bu idi!

İşmuil başa düşdü ki, insan nə qədər böyük çətinliklə qarşılaşsa da, Yehova Allah onu bu çətinlikdən qurtarmağa, hətta bu çətinliyi xeyrə çevirməyə qadirdir

27. a) İşmuilin imanı necə möhkəmlənirdi? b) İşmuildən nə öyrənirsiniz?

27 İşmuil ömrünün axırlarında daha da əmin oldu ki, Yehova Allah haqlı olaraq, Talutun yerinə Davudu padşah qoyub. Talut Davudun paxıllığını çəkirdi, hətta onu öldürmək istəyirdi. İş o yerə gəlib çatdı ki, Talut Allaha dönük çıxdı. Davud isə pak, cəsarətli, imanlı və sadiq insan idi. Ömrü sona yaxınlaşdıqca İşmuilin imanı daha da möhkəmlənirdi. O əmin olurdu ki, insan nə qədər böyük çətinliklə qarşılaşsa da, Yehova Allah onu bu çətinlikdən qurtarmağa, hətta bu çətinliyi xeyrə çevirməyə qadirdir. Beləliklə, İşmuil haradasa yüz il sürən mənalı həyat yolunu başa vurdu. Bütün İsrail bu mömin adama yas tutdu. Başqa cür ola da bilməzdi! Gəlin biz də İşmuil kimi iman sahibi olaq!

^ abz. 24 İşmuil özü Aqaqı öldürdü. Bu zalım padşah da, onun nəsli də ölümə layiq idi. Əsrlər sonra, görünür, Aqaqın nəslindən olan aqaqlı Haman Allahın xalqını qırmağa cəhd etmişdi (Əst. 8:3). (15 və 16-cı fəsillərə bax.)