Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

 ON YEDDİNCİ FƏSİL

«Mən Yehovanın quluyam!»

«Mən Yehovanın quluyam!»

1, 2. a) Məryəmin evinə gələn qonaq onu necə salamlayır? b) Məryəmin həyatını nə dəyişir?

MƏRYƏM evinə gələn qonağı görəndə heyrətlənir. O, nə onun atasının, nə də anasının yanına gəlib. Qonaq Məryəmin yanına gəlib. O, nəsrani deyil, Məryəm onu tanımır. Nasirə kimi balaca şəhərdə yad adam tez gözə çarpır. O ki qaldı bu qonağa, Məryəm onun nəsrani olmadığını o saat başa düşür. O, Məryəmi qeyri-adi şəkildə salamlayır. Ona deyir: «Salam, ey Allahın mübarək bəndəsi! Yehova səninlədir!» (Luka 1:26—28 ayələrini oxu.)

2 Bununla da Cəlilənin Nasirə şəhərindən olan Əlinin qızı Məryəmlə tanış oluruq. Məryəmlə tanışlığımız onun həyatının vacib məqamından başlayır. Məryəm mömin bir insanla, dülgər Yusiflə nişanlıdır. Yusif varlı deyil. Məryəm onu gələcəkdə necə həyat gözlədiyini yaxşı bilir: o, sadə həyat sürəcək, ərinə kömək edəcək, uşaq böyüdəcək. İndi isə gözləmədiyi halda evinə gələn qonaq ona Allahdan bir buyruq gətirib. Bu buyruq Məryəmin həyatını dəyişəcək.

3, 4. Məryəm haqda dəqiq məlumat almaq üçün nə etməliyik?

3 Bəzilərinə təəccüblü gəlir ki, nəyə görə Məryəm barədə Müqəddəs Kitabda az məlumat var. Orada Məryəmin mənşəyi, necə insan olduğu haqda çox az danışılır. Xarici görünüşü barədə isə heç nə deyilmir. Bununla belə, Allahın Kəlamından Məryəm haqqında çox şey öyrənə bilərik.

4 Məryəm haqda öyrənmək üçün gəlin bir çox dinlərin onun barəsində öz təbəələrinə öyrətdiyi şeyləri bir qırağa qoyaq, heykəltəraşların, rəssamların təsvir etdiyi Məryəmi yaddan çıxaraq. Habelə bu təvazökar qadını «Tanrı anası», «Səma məlikəsi» kimi tanıdan dini təlimləri, ehkamları kənara qoyaq. Gəlin görək onun haqda İncildə nə deyilir. İncildən Məryəmin imanı barədə və onun imanını örnək götürmək barədə çox şey öyrənirik.

 Mələyin ziyarəti

5. a) Məryəm Cəbrayıl mələyin sözlərinə necə yanaşır və biz bundan nə öyrənirik? b) Məryəmdən nədə örnək alırıq?

5 Məryəmin evinə gələn qonaq insan deyil, Cəbrayıl mələkdir. O, Məryəmə «Allahın mübarək bəndəsi» deyəndə Məryəm bərk həyəcanlanır və bu salamın nə demək olduğunu fikirləşməyə başlayır (Luka 1:29). Mələyin sözlərindən onun Allahın gözündə lütf qazandığı görünür. Sözsüz ki, bu, Məryəm üçün çox vacib idi. Amma o, qürrələnib artıq Allahın lütfünü qazandığını düşünmədi. Məryəmdən örnək alaraq biz də Allahın lütfünü qazanmağa can atmalıyıq. Eyni zamanda, qürrələnib artıq Allahın lütfünü qazandığımızı düşünməməliyik. Yadda saxlamalıyıq ki, Allah məğrurlara qarşı çıxır, təvazökarları və həlimləri isə sevir, onlara kömək olur (Yaq. 4:6).

Məryəm qürrələnib artıq Allahın lütfünü qazandığını düşünmədi

6. Allah Cəbrayıl mələk vasitəsilə Məryəmə hansı şərəfli tapşırığı verir?

6 Məryəm bundan sonra da təvazökar olmalıdır. Çünki Allah Cəbrayıl mələk vasitəsilə ona çox şərəfli bir tapşırıq verir. Deyir ki, o, bir uşaq doğacaq və bu uşaq bəşəriyyət üçün önəmli insan olacaq. Cəbrayıl ona deyir: «O, böyük olacaq, Haqq-Taalanın Oğlu adlanacaq. Yehova Allah ona atası Davudun taxtını verəcək. O, Yaqubun evi üzərində əbədiyyən hökmranlıq edəcək, onun Padşahlığının sonu olmayacaq» (Luka 1:32, 33). Sözsüz ki, Məryəm təxminən min il qabaq Allahın Davud peyğəmbərə verdiyi vədi bilir. Allah vəd vermişdi ki, Davud peyğəmbərin nəslindən olan bir kəs əbədi hakimiyyət sürəcək (2 İşm. 7:12, 13). Beləcə, Məryəmin oğlu əsrlər boyu Allahın xalqının gözlədiyi Məsih olacaq!

Allah Cəbrayıl mələk vasitəsilə Məryəmə çox şərəfli bir tapşırıq verir

7. a) Məryəmin mələyə dediyi sözlərdən onun barəsində nə öyrənirik? b) Bugünkü gənclər Məryəmdən nə öyrənirlər?

7 Üstəlik, mələk deyir ki, Məryəmin oğlu «Haqq-Taalanın Oğlu adlanacaq». Maraqlıdır, necə ola bilər ki, adi insan Allahın Oğlunu dünyaya gətirsin? Ümumiyyətlə, Məryəm necə hamilə qala bilər? Axı o, hələ Yusifə ərə getməyib, onlar nişanlıdırlar. Məryəm açıq-aşkar mələyə deyir: «Bu, necə ola bilər? Axı mənim kişi ilə yaxınlığım olmayıb?» (Luka 1:34). Gördüyümüz kimi, Məryəm bakirə olduğunu deməyə utanmır, bakirəliyi ilə fəxr edir. İndiki zəmanədə gənclərin çoxu bəkarətlərini qorumur və bəkarətini qoruyanları lağa qoyur. Zəmanə dəyişsə də,  Yehova Allah dəyişməyib (Məl. 3:6). Məryəmin vaxtında olduğu kimi, bu gün də Yehova Allah Onun əxlaq qaydalarına əməl edənləri əziz tutur. (İbranilərə 13:4 ayəsini oxu.)

8. Məryəm günahlı ola-ola necə kamil uşaq dünyaya gətirə bilərdi?

8 Məryəm mömin insan olsa da, günahlı idi. Necə ola bilər ki, günahlı insan Allahın Oğlunu, kamil uşaq dünyaya gətirsin? Cəbrayıl mələk deyir: «Müqəddəs ruh üzərinə gələcək, Haqq-Taalanın gücü sənin üstünə kölgə salacaq. Buna görə də bətnindən çıxana müqəddəs deyiləcək, o, Allahın Oğlu adlanacaq» (Luka 1:35). «Müqəddəs» sözünün mənası «təmiz», «pak» deməkdir. Adətən uşaq doğulanda günah valideynlərindən ona keçir. Bu halda isə Yehova Allah misli-bərabəri olmayan möcüzə göstərəcəkdi. Allah Oğlunun həyatını göydən Məryəmin bətninə köçürəcəkdi. Sonra müqəddəs ruh, yəni Allahın fəal qüvvəsi Məryəmin üstünə kölgə salacaq, bətnindəki körpəni günahdan qoruyacaqdı. Bəs Məryəm mələyin sözlərinə inandı? Bu sözlərə necə yanaşdı?

Məryəmin Cəbrayıl mələyə cavabı

9. a) Tənqidçilər nəyə şəkk gətirirlər və nəyə görə onlar yanılırlar? b) Cəbrayıl mələk Məryəmin imanını necə möhkəmləndirdi?

9 Tənqidçilər və Xristian dünyasının bəzi ilahiyyatçıları bakirə qızın hamilə qaldığına şəkk gətirirlər. Elmli, bilikli olsalar da, adi bir şeyi başa düşmürlər. Cəbrayıl mələyin dediyi kimi, «Allah üçün mümkün olmayan şey yoxdur» (Luka 1:37, Müqəddəs Kitab Şirkəti, 2009). Məryəm isə mələyin sözlərinə şəkk gətirmədi, çünki o, güclü iman sahibi idi. Amma bu, o demək deyil ki, o, hər eşitdiyi sözə kor-koranə inanırdı. Hər bir düşünən insan kimi, ona da eşitdiyi sözlərə inanmaq üçün sübut lazım idi. Allahın vədinə inansın deyə, Cəbrayıl mələk ona başqa bir sübut da verdi. Ona dedi ki, uzun illər sonsuz olan qohumu, yaşlı İlsəba möcüzəvi yolla hamilə qalıb.

10. Ola bilsin, Məryəm nəyə görə narahat idi?

10 Görəsən, Məryəm nə edəcək? Allah ona tapşırıq həvalə etmişdi və Cəbrayıl mələk vasitəsilə dediyi hər şeyi edəcəyinə sübut vermişdi. Bu, şərəfli tapşırıq olsa da, sözsüz ki, Məryəm çox narahat olurdu. Birincisi, Məryəm Yusiflə nişanlı idi. Görəsən, Yusif onun hamilə olduğunu eşidəndə nə edəcəkdi, onunla ailə qurmaq fikrində qalacaqdı? İkincisi, bu, çox böyük məsuliyyət idi. Çünki bətnində Allahın yaratdığı ən əziz varlığı, Onun Oğlunu daşıyacaqdı. Məryəm körpənin qayğısına qalmalı, onu pis dünyada qorumalı idi. Doğrudan da, bu, böyük məsuliyyət idi!

11, 12. a) Allaha sədaqətlə qulluq etmiş kişilər hərdən Allahın verdiyi tapşırığa necə yanaşıblar? b) Məryəmin Cəbrayıl mələyə dediyi sözlərdən onun haqqında nə öyrənirik?

 11 Müqəddəs Kitabdan görünür ki, hətta Allaha sədaqətlə xidmət etmiş kişilər də hərdən Allahın verdiyi tapşırığı yerinə yetirməyə qorxublar. Məsələn, Musa peyğəmbər yaxşı danışa bilmədiyini deyərək Allahın elçisi olmaq istəməmişdi (Çıx. 4:10). Ərəmya peyğəmbər də «mən gəncəm» söyləyərək Allahın tapşırığını icra etməyə yararlı olmadığını demişdi (Ərm. 1:6). Yunus peyğəmbər isə Allahın tapşırığından boyun qaçırmışdı! (Yun. 1:3). Görəsən, Məryəm nə edəcək?

12 Məryəm Cəbrayıl mələyə deyir: «Mən Yehovanın quluyam! Qoy sən deyən kimi olsun» (Luka 1:38). Məryəmin təvazökarlıqla, itaətkarlıqla dediyi bu sözlər bu gün bütün iman sahiblərinə yaxşı tanışdır. Qədimdə qulun həyatı büsbütün ağasından asılı idi. Məryəm də Yehova Allahı öz Ağası hesab edir. O, etibarlı əllərdə olduğunu, Allahın sadiq adamla sadiq olduğunu yaxşı bilir və əmindir ki, bu çətin tapşırığı yerinə yetirmək üçün əlindən gələni etsə, Allah onu mükafatsız qoymayacaq (Zəb. 18:25).

Məryəm əmin idi ki, vəfalı Allahın, Yehovanın etibarlı əllərindədir

13. Allahın verdiyi tapşırıq bizə çətin, hətta mümkünsüz görünəndə Məryəm kimi nə etməliyik?

13 Hərdən Allahın verdiyi tapşırıq bizə çətin, hətta mümkünsüz görünə bilər. Amma Müqəddəs Kitab bizə Allaha etibar etməyə və Məryəm kimi bütünlüklə Ona güvənməyə kömək edir (Məs. 3:5, 6). Əgər Yehova Allaha güvənsək, O, bizi mükafatsız qoymayacaq və imanımızı möhkəmləndirməyə kömək edəcək.

Məryəm İlsəbagilə gedir

14, 15. a) Yehova Allah Məryəmin imanını necə möhkəmləndirir? b) Luka 1:46—55 ayələrindən Məryəm haqqında nə öyrənirik?

14 Cəbrayıl mələyin İlsəba barədə dediyi sözlər Məryəm üçün böyük məna kəsb edir. Onun vəziyyətini İlsəbadan yaxşı kim başa düşə bilər? Məryəm tez-tələsik Yəhuda dağlıq bölgəsinə üz tutur. Oraya haradasa üç-dörd günə getmək olar. İlsəbagilin evinə girən kimi Yehova Allah Məryəmə imanını möhkəmləndirmək üçün daha bir sübut verir. İlsəba Məryəmin salamını eşidəndə bətnindəki uşaq sevincdən tərpənir. İlsəba müqəddəs  ruhla dolub Məryəmə «Ağamın anası» deyir. Allah İlsəbaya əyan etmişdi ki, Məryəmin dünyaya gətirəcəyi övlad onun Ağası, Məsih olacaq. Üstəlik, İlsəba Allahdan ilham alaraq Məryəmi sadiq və itaətkar olduğuna görə tərifləyib deyir: «İman gətirdiyin üçün xoşbəxtsən» (Luka 1:39—45). Bəli, Yehova Allahın Məryəmə verdiyi bütün vədlər gerçək olacaq!

Məryəmlə İlsəbanın dostluğu onların hər ikisi üçün gözəl nemət idi

15 Sonra Məryəm danışmağa başlayır. Onun sözləri Müqəddəs Kitabda qorunub saxlanıb. (Luka 1:46—55 ayələrini oxu.) Müqəddəs Kitabın bir neçə yerində Məryəmin sözləri yazılıb. Bu ayələrdə yazılanlar onlardan ən uzunudur. Bu ayələrdən onun haqqında çox şey öyrənə bilərik. O, Məsihin anası olmaq şərəfinə  layiq görüldüyü üçün Yehova Allaha həmd-səna edir. Yehova Allahın təkəbbürlüləri və güclüləri alçaltdığını, Ona qulluq edən fağırları, acları yüksəltdiyini söyləyir. Bu sözlər Məryəmin güclü iman sahibi olduğundan xəbər verir. Buradan həmçinin onun Müqəddəs Yazıları yaxşı bildiyi görünür. Məryəm bu parçada Tövratdan iyirmidən çox sitat gətirir *.

16, 17. a) Məryəm və oğlu nədə bizə örnək qoyublar? b) Məryəmin İlsəbanın yanına gəlməsindən dostluq barədə nə öyrənirik?

16 Şübhəsiz, Məryəm Allahın Kəlamından oxuduqları barədə dərindən düşünürdü. O, hisslərini öz sözləri ilə ifadə edə bilərdi, amma bunu etmədi, Müqəddəs Yazılardan sitat gətirdi. Bu, onun təvazökar olduğunu göstərir. Bətnindəki uşaq da bir gün bu cür təvazökarlıq göstərib deyəcək: «Verdiyim təlim mənim deyil, məni göndərənindir» (Yəh. 7:16). Gəlin özümüzdən soruşaq: «Bəs mən Allahın Kəlamına bu cür hörmət və ehtiram bəsləyirəm? Yoxsa öz fikirlərimi irəli sürür, öz bildiyimi öyrədirəm?» Məryəmin Allahın Kəlamına münasibəti bəllidir.

17 Məryəm təqribən üç ay İlsəbanın yanında qalır. Sözsüz ki, bu vaxt ərzində onlar bir-birini ruhlandırırlar (Luka 1:56). Bu əhvalat dostluğun gözəl bir nemət olduğunu göstərir. Yehova Allahı ürəkdən sevən insanlarla dostluq etsək, imanımız get-gedə möhkəmlənəcək və Yaradanımıza daha da yaxın olacağıq (Məs. 13:20). Gün gəlir, Məryəmin evə qayıtmaq vaxtı çatır. Görəsən, Yusif Məryəmin hamilə olduğunu biləndə nə deyəcək?

Məryəm və Yusif

18. Məryəm Yusifə nəyi açıb deyir və o, buna necə yanaşır?

18 Ehtimal ki, Məryəm hamilə olduğunu hamı biləndən sonra Yusifə demək fikrində deyil. Nə olur olsun, Yusifə bunu açıb deməlidir. Yəqin Yusiflə danışmazdan qabaq o, çox narahat olur, düşünür ki, görəsən, bu namuslu və mömin insan onun sözlərinə necə yanaşacaq. Buna baxmayaraq, o, hər şeyi Yusifə danışır. Təsəvvür edin Yusif necə pis olur. O, nişanlısına inanmaq istəyir, amma düşünür ki, o, ona xəyanət edib. Müqəddəs Kitabda deyilmir, həmin vaxt onun ağlından nələr keçirdi. Bircə bu yazılıb ki, o boşanmaq qərarına gəldi. O vaxtlar nişanlı qızla oğlana evli kimi baxırdılar. Amma Yusif Məryəmi camaatın qabağında biabır etmək istəmir, buna görə də onu gizlicə boşamaq qərarına gəlir (Mət. 1:18, 19). Sözsüz ki, Yusifin pərişan  halını görəndə Məryəmin ürəyi ağrıyır və ona inanmadığı üçün Yusifi qınamır.

19. Yehova Allah Yusifə düzgün qərar verməyə necə kömək edir?

19 Yehova Allah Yusifə düzgün qərar verməyə kömək edir. Allahın mələyi yuxuda ona deyir ki, Məryəm fövqəltəbii şəkildə hamilə qalıb. Bu, Yusifin ürəyini sakitləşdirir. Yusif də Məryəm kimi Yehova Allahın buyruğuna əməl edir. O, Məryəmlə evlənir və Allahın Oğlunu böyütmək kimi şərəfli tapşırığı boynuna götürür (Mət. 1:20—24).

20, 21. Ər-arvadlar və evlənmək niyyətində olanlar Məryəmlə Yusifdən nə öyrənirlər?

20 Bu gün ər-arvadlar və evlənmək niyyətində olanlar iki min il əvvəl yaşamış bu cavanlardan çox şey öyrənə bilərlər. Yusif arvadının öz öhdəsinə düşən işləri və analıq borcunu yerinə yetirdiyini gördükcə yəqin düşünürdü: «Nə yaxşı ki, mələk mənə düzgün qərar verməyə kömək edib». O başa düşürdü ki, mühüm qərarlar verəndə Yehova Allaha etibar etmək vacibdir (Zəb. 37:5; Məs. 18:13). Sözsüz ki, o, diqqətli və nəzakətli ailə başçısı idi.

21 Bəs Məryəmin Yusifə ərə getməyə razı olmağından nə öyrənirik? Əvvəlcə vəziyyəti başa düşmək Yusif üçün çətin idi, amma Məryəm səbirlə Yusifin qərar verməyini gözlədi, çünki o, Məryəmin əri və ailəsinin başçısı olacaqdı. O, səbirli olmağın nə qədər vacib olduğunu başa düşdü və beləcə, bugünkü məsihi qadınlara nümunə qoydu. Ehtimal ki, bu vəziyyət Yusiflə Məryəmə bir-birinə qarşı dürüst olmağın və açıq danışmağın çox vacib olduğunu öyrətdi. (Məsəllər 15:22 ayəsini oxu.)

22. Yusiflə Məryəmin nikahının təməlində nə dururdu və onların üzərinə hansı məsuliyyət düşmüşdü?

22 Bu cavan ailənin təməli möhkəm idi. Yusif də, Məryəm də Yehova Allahı hər kəsdən, hər şeydən çox sevirdi. Onlar məsuliyyətli, qayğıkeş valideyn olub Yehova Allahı razı salmaq istəyirdilər. Sözsüz ki, qarşıda onları gözəl nemətlər gözləyirdi, amma həyat çətinliksiz də ötüşməyəcəkdi. Onların üzərinə İsanı, gələcəkdə ən dahi insan olacaq şəxsi böyütmək kimi böyük məsuliyyət düşmüşdü.

^ abz. 15 Görünür, Məryəm mömin Hənnənin sözlərini də sitat gətirir. Yehova Allah Hənnəyə də övlad bəxş etmişdi. (6-cı fəsildəki «Dərin mənalı dualar» adlı çərçivəyə bax.)