Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

 İYİRMİ BİRİNCİ FƏSİL

O, qorxu və şübhə ilə mübarizə aparırdı

O, qorxu və şübhə ilə mübarizə aparırdı

1—3. Butrus gün ərzində nələrin şahidi olub və gecə nə baş verir?

BUTRUS güc-bəla ilə avar çəkə-çəkə qaranlıq gecəyə baxır. Üfüqdə işartı görünür. Görəsən, bu, nə işartıdır? Olmaya, dan yeri sökülür? Saatlarla avar çəkməkdən onun kürəyi, beli ağrıyır. Butrusun saçlarını dağıdan külək Cəlilə dənizini təlatümə gətirir. Dalğalar dayanmadan qayığın ön tərəfinə çırpılır. Butrusun üst-başı su içindədir. Amma o, avar çəkməyə davam edir.

2 Butrus və yoldaşları İsa Məsihi sahildə qoyub qayıqla dənizə çıxıblar. Bu gün İsa Məsih bir neçə çörək və balıqla minlərlə adamı doyurmuşdu. Bunu görən camaat onu padşah qoymaq istəmişdi. Amma İsa Məsih siyasətə qarışmaq istəmirdi və davamçılarının da siyasətdən uzaq durmasını istəyirdi. Buna görə də onlara buyurmuşdu ki, qayığa minib o biri sahilə üzsünlər. Özü isə təklikdə dua etmək üçün dağa qalxmışdı (Mark 6:35—45; Yəhya 6:14—17 ayələrini oxu).

3 Butrusgil qayığa minəndə hələ tam bədirlənməmiş ay onların başının üstündə idi. İndi isə ay üfüqə sarı enir. Amma onlar cəmi bir-iki kilometr üzə biliblər. Aramsız əsən küləyin və coşan dalğaların səsindən bir-birilərini eşitmirlər. Yəqin bu vaxt Butrus fikrə gedir.

Butrus iki il ərzində İsa Məsihdən çox şey öyrənmişdi və hələ çox şey də öyrənməli idi

4. Butrus bizə nədə gözəl örnəkdir?

4 Butrus çox şey haqda düşünür. O, nəsrani İsa ilə ilk dəfə iki il bundan qabaq tanış olub. Düzdür, o vaxtdan bəri o, çox şey öyrənib, amma hələ çox şey də öyrənməlidir. Məsələn, qorxu  və şübhə ilə mübarizə aparmağı öyrənməlidir. Butrusun buna hazır olması bizim üçün gözəl örnəkdir.

«Biz Məsihi tapmışıq»

5, 6. Butrus haqda nə bilirik?

5 Butrus İsa Məsihlə tanış olduğu günü heç vaxt unutmayacaq. Bir gün qardaşı Andreas ona xəbər gətirib demişdi: «Biz Məsihi tapmışıq». Bu sözlər Butrusun həyatında dönüş nöqtəsi olmuşdu (Yəh. 1:41).

6 Butrus Cəlilə dənizinin şimal sahilindəki Kəfərnahum şəhərində yaşayırdı. O və qardaşı Andreas Zəbədinin oğulları Yaqub və Yəhya ilə birgə balıqçılıq edirdilər. Butrus arvadı, qayınanası və qardaşı Andreasla bir yerdə yaşayırdı. Balıqçılıqla ailə dolandırmaq asan deyildi. Balıqçıdan güc və bacarıq tələb olunurdu. Balıqçılar balıq tutmaq üçün bütün gecəni əlləşib-vuruşurdular. Torları iki qayıq arasına atır və sonra tora düşən balıqları qayığa çəkirdilər. Gündüzlər də onların işi asan olmurdu, balıqları saf-çürük edir, satır, torları təmir edir və təmizləyirdilər.

7. Butrus Məsihlə bağlı hansı xəbəri eşitdi və nəyə görə bu, şad xəbər idi?

7 Müqəddəs Kitabda deyilir ki, Andreas Vəftizçi Yəhyanın şagirdi idi. Şübhəsiz, o, Yəhyadan eşitdiklərini Butrusa danışırdı, Butrus da ona diqqətlə qulaq asırdı. Bir gün Yəhya Andreasın yanında nəsrani İsanı göstərib dedi: «Budur Allahın Quzusu!» Andreas dərhal İsa peyğəmbərin davamçısı oldu və sevinə-sevinə gəlib Butrusa dedi ki, hamının intizarla gözlədiyi Məsih gəlib (Yəh. 1:35—40). Təxminən dörd min il əvvəl Ədəndə baş verən üsyandan sonra Yehova Allah vəd vermişdi ki, gün gələcək, bəşəriyyəti xilas edən bir nəfər peyda olacaq (Yar. 3:15). Andreas məhz bu Xilaskarı, Məsihi görmüşdü! Butrus bu xəbəri eşidən kimi tez onu görməyə getdi.

8. İsa Məsihin Butrusa verdiyi adın mənası nədir və nəyə görə bəziləri bu adın ona uyğun gəlmədiyini düşünürlər?

8 O günədək Butrus Şimon və ya Şəmun kimi tanınırdı. Lakin İsa peyğəmbər onu görəndə belə dedi: «Yəhya oğlu Şimon, indən belə səni Kifa (yunanca Butrus) çağıracaqlar» (Yəh. 1:42). Kifa adının mənası «daş», «qaya» deməkdir. Görünür, İsa Məsihin sözləri peyğəmbərlik idi. O bilirdi ki, gələcəkdə Butrus qaya kimi olacaq, onun davamçıları üçün möhkəm, sarsılmaz və etibarlı dayaq olacaq. Yəqin Butrus özü haqda bu cür fikirləşmirdi. Bu gün Müjdələri oxuyan bəzi adamlar da Butrusun qaya kimi möhkəm və etibarlı olduğuna şübhə edirlər. Onun zəif, səbatsız və qətiyyətsiz olduğunu deyirlər.

9. Yehova Allahla İsa Məsih bizdə nəyə diqqət yetirirlər və nəyə görə onlara inanmalıyıq?

 9 Butrusun qüsurları var idi və İsa peyğəmbər bunu yaxşı görürdü. Lakin o, səmavi Atası Yehova kimi insanlarda yaxşı şeyləri görməyə çalışırdı. O, Butrusda çoxlu gözəl xüsusiyyətlər görürdü və ona bu xüsusiyyətləri üzə çıxarmağa kömək etmək istəyirdi. Bu gün də Yehova Allah və İsa Məsih hər birimizin gözəl xüsusiyyətlərinə diqqət yetirirlər. Bəzən biz fikirləşə bilərik ki, bizdə o qədər də yaxşı xüsusiyyət yoxdur, onlar bizdə nə tapa bilərlər. Amma onlara inanmalıyıq və Butrus kimi yol verməliyik ki, onlar bizi tərbiyə etsinlər, bizi düzəltsinlər. (1 Yəhya 3:19, 20 ayələrini oxu.)

«Qorxma!»

10. Butrus nələrin şahidi olmuşdu və buna baxmayaraq, nə etmişdi?

10 Ola bilsin, bu hadisədən sonra Butrus müəyyən müddət İsa Məsihlə təbliğ işində əməkdaşlıq etmişdi. Bəlkə də, onun ilk möcüzəsinin, Qanə kəndində toyda suyu şəraba çevirməyinin şahidi olmuşdu. Ən əsası isə, İsa Məsihin səmavi Padşahlıq barədə müjdələdiyi gözəl, ümidverici xəbəri eşitmişdi. Bütün bunlara baxmayaraq, Butrus ondan ayrılıb balıqçılığa qayıtmışdı. Amma bir neçə aydan sonra yenidən İsa Məsihlə görüşmüşdü. Məsih onu özü ilə təbliğ etməyə dəvət etmişdi.

11, 12. a) Butrus bütün gecə hansı əziyyətlərə qatlaşmışdı? b) İsa peyğəmbər təlim verərkən Butrus yəqin nə barədə düşünürdü?

11 Gecə Butrusun işi heç gətirməmişdi. Balıqçı yoldaşları ilə suya dönə-dönə tor atmış, amma bir dənə də olsun, balıq tuta bilməmişdi. Butrus bütün bacarıq və qabiliyyətini işə salmışdı, balıqların yemləndiyi yerlərə tor atmışdı. Şübhəsiz, bütün balıqçılar kimi, onun da ürəyindən keçirdi ki, kaş suda qaynaşan balıqların yerini görə biləydi, ya da balıqları necəsə tora sala biləydi. Yəqin bu cür düşüncələr onun ovqatını daha da pozurdu. Axı Butrus kef üçün balıq tutmurdu, bütün ailə onun əlinə baxırdı. Axırda o, əliboş sahilə üzdü. Əliboş qayıtsa da, torları təmizləmək lazım idi. O, torları təmizləyərkən İsa Məsih ona yaxınlaşdı.

İsa Məsih Allahın Padşahlığı barədə danışdıqca Butrus yorulmadan qulaq asırdı

12 Camaat İsa Məsihin ətrafına toplaşıb diqqətlə ona qulaq asırdı. Adam çox olduğundan o, Butrusun qayığına minib ondan xahiş etdi ki, qayığı sahildən bir az aralasın. Suyun üstündə onun səsi aydın eşidilirdi. Hamı kimi, Butrus da heyran-heyran İsa Məsihi dinləyirdi. İsa Məsih təbliğinin əsas mövzusu barədə, Allahın Padşahlığı barədə danışdıqca o, yorulmadan qulaq  asırdı. Məsihlə birgə ümidverici xəbəri bütün ölkədə bəyan etmək Butrus üçün böyük şərəf olardı. Amma bu, mümkün deyildi. Axı onun ailəsi var idi, onları kim dolandıracaqdı? Yəqin Butrus yenə də gecəki uğursuzluğu yadına saldı (Luka 5:1—3).

13, 14. İsa peyğəmbər hansı möcüzəni göstərdi və bu, Butrusa necə təsir etdi?

13 İsa peyğəmbər xalqa vəz edib qurtarandan sonra Butrusa dedi: «Qayığı dərin bir yerə sürüb torları suya atın». Butrus İsanın sözlərinə şübhə ilə yanaşıb dedi: «Müəllim, bütün gecəni əlləşmişik, amma bir şey tutmamışıq. İndi ki sən deyirsən, baş üstə, torları ataram». Butrus torları yenicə yumuşdu. Onun sözlərindən görünür ki, suya tor atmaq istəmirdi, ələlxüsus da günün bu saatında, balıqların yem axtarmadığı bir vaxtda. Amma o, İsanın buyruğuna əməl etdi. O biri qayıqdakı yoldaşlarına işarə etdi ki, onların ardınca üzsünlər (Luka 5:4, 5).

14 Butrus torları sudan çıxarmaq istəyəndə gördü ki, torlar həddən artıq ağırdır. O, çaşqınlıq içində idi. Butrus var gücü ilə torları özünə sarı dartdı. Torlar balıqla dolu idi! O, həyəcanla o biri qayıqdakı yoldaşlarını köməyə çağırdı. Çox keçməmiş aydın oldu ki, balıqlar bir qayığa yerləşməyəcək. Onlar qayığın ikisini də balıqla doldurdular. Ağırlıqdan qayıqlar batmağa başladı. Butrus çaşbaş qalmışdı. O, əvvəl də İsa Məsihin möcüzələrinin şahidi olmuşdu, amma bu möcüzəni Məsih şəxsən onun üçün etmişdi. Butrusdan fərqli olaraq, Məsihdə qeyri-adi qüvvə var idi, o, balıqları tora sala bilirdi. Butrusu vahimə bürümüşdü. O, İsa peyğəmbərin ayaqlarına yıxılıb dedi: «Ağa, mən günahlı adamam, sənə layiq deyiləm». O, özünü İsa Məsihin, Allahın gücü ilə möcüzələr göstərən insanın yanında olmağa layiq saymırdı. (Luka 5:6—9 ayələrini oxu.)

«Ağa, mən günahlı adamam»

15. İsa Məsih Butrusa nahaq yerə şübhə etdiyini və qorxduğunu necə başa saldı?

15 İsa Məsih mehribancasına Butrusa dedi: «Qorxma! İndən belə adam ovlayacaqsan» (Luka 5:10, 11). İndi qorxmağın, şübhə etməyin vaxtı deyildi. Butrusun ailəsini düşünüb İsa Məsihin ardınca getməyə tərəddüd etməsi, səhvlərinə, qüsurlarına görə qorxması əsassız idi. İsa Məsihin gördüyü iş çox vacib idi,  bu iş bəşəriyyətin tarixini dəyişəcəkdi. O, comərdliklə əfv edən Allaha xidmət edirdi (Əşy. 55:7). Yehova Allah Butrusun həm fiziki, həm də ruhani tələbatlarını ödəyəcəkdi (Mət. 6:33).

16. Butrus, Yaqub və Yəhya İsa Məsihin dəvətinə necə yanaşdı və nəyə görə demək olar ki, onlar həyatlarında ən düzgün qərarı verdilər?

16 Yaqub və Yəhya kimi, Butrus da İsa Məsihin dəvətini dərhal qəbul etdi. Müqəddəs Kitabda yazılıb: «Onlar qayıqları sahilə çıxartdılar və hər şeyi qoyub İsanın ardınca getdilər» (Luka 5:11). Bununla Butrus İsa Məsihə və onu göndərənə iman gətirdiyini göstərdi. Bu, onun həyatında verdiyi ən düzgün qərar idi. Bu gün şübhəni və qorxunu dəf edib Allaha xidmət edən məsihilər də imanlı olduqlarını göstərirlər. Yehova Allah Ona güvənənlərin ümidini heç vaxt boşa çıxarmır (Zəb. 22:4, 5).

 «Nə üçün şübhə etdin?»

17. İsa Məsihlə tanışlığından iki il sonra Butrus nələr haqda düşünür?

17 Gəlin fəslin əvvəlində təsvir olunan hadisəyə, Butrusun İsa Məsihlə tanışlığından təqribən iki il sonraya qayıdaq. Butrus küləkli bir gecədə Cəlilə dənizində avar çəkir. Həmin an onun başında nələr dolaşdığını bilə bilmərik. Düşünməyə o qədər şey var ki! İsa peyğəmbər Butrusun qayınanasına şəfa vermişdi. Dağda camaatın qarşısında vəz etmişdi. O, verdiyi təlimlərlə, gördüyü qüdrətli işlərlə Yehova Allahın seçilmişi, Məsih olduğunu sübut etmişdi. Aylar keçdikcə, Butrus qorxunu, şübhəni dəf etməyi öyrənmişdi. İsa Məsih hətta onu öz həvarisi seçmişdi. Lakin bir azdan o, ürəyində hələ də qorxu və şübhə olduğunu aşkar edəcək.

18, 19. a) Cəlilə dənizində Butrus nəyin şahidi olur? b) İsa Məsih Butrusun hansı xahişini yerinə yetirir?

18 Gecə, haradasa saat üç-altı arası, Butrus qəfildən avar çəkməyi dayandırır, yerində donub qalır. Dalğaların arasında nəsə hərəkət edir! Bu nədir belə? Bəlkə, ay işığında dalğalardan sıçrayan damcıların işartısıdır? Xeyr! Bu, nədirsə suyun üzərində dimdik durub. Bu ki insandır! O, suyun üstü ilə yeriyir. Elə təəssürat yaranır ki, bu adam onların yanından keçib getmək istəyir. Həvarilərin canına vahimə düşür, onun kabus olduğunu düşünürlər. Onda bu adam deyir: «Mənəm, qorxmayın, cəsarətli olun!» Bu adam İsa peyğəmbərdir! (Mət. 14:25—28).

19 Butrus ona deyir: «Ağa, əgər sənsənsə, mənə əmr et suyun üstü ilə yanına gəlim». Bu məqamda o, cəsarət göstərir. Bu möcüzədən cuşa gələn Butrus imanını daha da möhkəmləndirmək üçün İsa Məsih kimi suyun üstü ilə yerimək istəyir. Məsih Butrusa ona sarı gəlməyi buyurur. O da qayıqdan çıxıb təlatümlü dənizin üzərində durur. Gəlin Butrusun suyun üstündə durduğunu, ayağının bərk yerdə dayandığını görəndə hansı hissləri keçirdiyini təsəvvür edək. İsa Məsihə yaxınlaşdıqca yəqin onu həyəcan bürüyür. Amma çox keçməmiş o, fərqli bir hiss yaşayır. (Mətta 14:29 ayəsini oxu.)

«Fırtınaya baxanda qorxub batmağa başladı»

20. a) Butrusun diqqəti nəyə yayınır və nəticədə nə baş verir? b) İsa Məsih Butrusa nə deyir?

20 Butrus bütün diqqətini İsa Məsihə cəmləməlidir. Çünki Butrusu Yehova Allahın qüdrəti ilə coşqun dənizin üzərində saxlayan odur. Butrus iman gətirdiyi üçün o, bunu etdi. Lakin birdən Butrusun fikri yayınır, o, fırtınaya baxıb qorxur. Qayığı döyəcləyən, havaya fışqıran, köpüklənən dalğalara bir anlıq  baxmaq onun canına vahimə salır. Yəqin Butrus batdığını, gölün dibinə endiyini gözünün qabağına gətirir. Ürəyində qorxu artdıqca imanı azalır. İsa Məsih Butrusun gələcəkdə sarsılmaz olacağını görüb ona Daş adını vermişdi. İndi isə imanının azlığından Butrus daştək suya qərq olur. Butrus üzməyi yaxşı bacarsa da, qışqırıb imdad diləyir: «Ağa, məni xilas et!» İsa Məsih əlini uzadıb onu sudan çıxarır. Onlar suyun üstündə duranda İsa ona bu düşündürücü sözləri deyir: «Ey az imanlı, nə üçün şübhə etdin?» (Mət. 14:30, 31).

21. Nəyə görə şübhələri ürəyimizdən qovmalıyıq və bunu necə edə bilərik?

21 «Şübhə etdin» sözləri yerində deyilmişdi! Şübhə çox güclü hissdir. O, insanın imanını məhv edə bilər. Ürəyimizdən şübhələri qovmasaq, get-gedə imanımız zəifləyəcək və ruhani cəhətdən «batacağıq». Biz şübhələrlə mübarizə aparmalıyıq. Diqqətimizi düzgün istiqamətə yönəltməliyik. Əgər bizi qorxudan, ruhdan salan, diqqətimizi Yehova Allahdan və İsa Məsihdən yayındıran şeylərə fikir versək, şübhələr get-gedə artacaq. Gəlin diqqətimizi Yehova Allaha və İsa Məsihə, həmçinin onları sevən insanların uğrunda keçmişdə və indi etdikləri və gələcəkdə edəcəkləri işlərə cəmləyək. Onda imanımıza xələl yetirən şübhələri ürəyimizdən tamamilə silib ata biləcəyik.

22. Nəyə görə Butrus gözəl iman örnəyidir?

22 Butrus İsa Məsihin ardınca qayığa minəndə fırtınanın dayandığını görür. Dəniz sakitləşir. Butrus digər həvarilərlə birgə deyir: «Sən, doğrudan da, Allahın Oğlusan» (Mət. 14:33). Sübh şəfəqi dənizin üzərinə işıq saçdıqca Butrusun qəlbi minnətdarlıqla dolur. O başa düşür ki, şübhə və qorxu ilə mübarizə aparmalıdır. İsa Məsihin dediyi qayatək sarsılmaz məsihi olmaq üçün Butrus hələ özündə çox şeyi düzəltməlidir. Bununla belə, o, öz üzərində çalışmaq, ruhani cəhətdən möhkəmlənmək əzmindədir. Bəs biz də bu cür əzmliyik? Belə isə gəlin Butrusun imanını örnək alaq!