Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

 İYİRMİ ÜÇÜNCÜ FƏSİL

O, Ağasından bağışlamağı öyrəndi

O, Ağasından bağışlamağı öyrəndi

1. Hansı gün Butrusun həyatının ən pis günü idi?

BUTRUS İsa Məsihlə baxışlarının toqquşduğu o dəhşətli anı heç vaxt unutmayacaq. Görəsən, İsa Məsih Butrusa necə baxmışdı? Narazı, qınayıcı nəzərlərlə? Bunu dəqiq deyə bilmərik. Müqəddəs Kitabda sadəcə yazılıb ki, «Ağa dönüb düz Butrusun üzünə baxdı» (Luka 22:61). Bu ani baxışdan Butrus çox böyük səhvə yol verdiyini anladı. O, sevimli Ağasını danmışdı. Ağası onu danacağını qabaqcadan deyəndə o, sinəsinə döyüb demişdi ki, nə olursa olsun, onu danan deyil. Yəqin həmin gün Butrusun həyatının ən pis günü idi.

2. Butrus nəyi öyrənməli idi və Butrusun əhvalatının bizə hansı aidiyyəti var?

2 Lakin bu, hər şeyin sonu deyildi. Butrus güclü iman sahibi idi, o, öz səhvini düzəldə bilərdi. Onun İsa Məsihdən vacib bir dərsi öyrənmək imkanı var idi, bu dərs bağışlamaqla bağlı idi. Bu dərsi hamımız öyrənməliyik. Gəlin görək Butrus bunu necə öyrəndi.

O, hələ çox şey öyrənməli idi

3, 4. a) Butrus İsa Məsihə hansı sualı verdi və ola bilsin, Butrus hansı fikirdə idi? b) Daşürəkli və rəhmsiz insanların düşüncə tərzinin Butrusa sirayət etdiyini İsa Məsih necə göstərdi?

3 Təxminən altı ay əvvəl Butrus doğma şəhəri Kəfərnahumda İsa Məsihdən soruşmuşdu: «Ağa, kimsə mənə qarşı günah iş görəndə onu neçə dəfə bağışlamalıyam? Yeddi dəfə?» Yəqin Butrus özünü çox mərhəmətli insan sayırdı. Axı o dövrün din xadimləri öyrədirdilər ki, təqsirkarı uzaqbaşı üç dəfə bağışlamaq olar. İsa Məsih Butrusa belə cavab vermişdi: «Yeddi dəfə yox, lazım gəlsə, lap yetmiş yeddi dəfə bağışlamalısan» (Mət. 18:21, 22).

4 İsa Məsih nə demək istəyirdi? Olmaya, o, Butrusu başqalarının təqsirini bir-bir saymağa təşviq edirdi? Əsla! Butrusa yeddi dəfə yox, yetmiş yeddi dəfə bağışlamalı olduğunu söyləməklə  ona başa salmaq istəyirdi ki, məhəbbət olan yerdə bağışlamağın həddi olmamalıdır (1 Kor. 13:4, 5). Bununla Butrusa göstərmişdi ki, ona daşürəkli və rəhmsiz insanların düşüncə tərzi sirayət edib. Allaha bənzəmək istəyən insan isə başqalarını dönə-dönə bağışlamalıdır! (1 Yəhya 1:7—9 ayələrini oxu.)

5. İnsan bağışlamağın nə demək olduğunu nə vaxt başa düşür?

5 Butrus İsa Məsihlə mübahisə etmədi. Bəs, görəsən, onun sözlərindən dərs götürdü? İnsan bağışlamağın nə demək olduğunu, adətən, özü bağışlanmağa möhtac olanda başa düşür. Gəlin İsa Məsihin ölümündən qabaq baş verən hadisələrə nəzər salaq. Butrus Ağasının bu cür çətin anlarında ona qarşı çoxlu səhvlər etmişdi və onun əfvinə möhtac idi.

İsa Məsih Butrusu dəfələrlə bağışlayır

6. İsa Məsih şagirdlərinin ayaqlarını yumaq istəyəndə Butrus necə münasibət göstərdi və İsa Məsih onunla necə rəftar etdi?

6 İsa Məsihin yer üzündə yaşadığı son gecə idi. O, həvarilərinə hələ çox şeyi, məsələn, təvazökar olmağı öyrətməli idi. İsa Məsih adətən qulun gördüyü işi görməklə, yəni şagirdlərinin ayaqlarını yumaqla təvazökarlıq nümunəsi qoydu. Əvvəlcə Butrus ona dedi: «Ağa, sən mənim ayaqlarımı yuyacaqsan?» Sonra da etiraz etdi: «Ömrümdə qoymaram ki, sən mənim ayaqlarımı yuyasan». Daha sonra isə təkid etdi ki, təkcə ayaqlarını yox, əllərini də, başını da yusun. İsa Məsih böyük səbir göstərdi, mülayimliklə hərəkətinin məğzini və vacibliyini başa saldı (Yəh. 13:1—17).

7, 8. a) Butrus başqa hansı səhvlərə yol verdi? b) İsa Məsih mərhəmətli və bağışlayan olduğunu necə göstərdi?

7 Çox keçməmiş Butrus başqa səhvlərə də yol verdi. Həvarilərin arasına kimin daha böyük olması ilə bağlı mübahisə düşdü. Sözsüz ki, Butrus da onların arasında idi. İsa Məsih həvarilərə mehribancasına məsləhət verdi, hətta ona sadiq olduqları üçün onları təriflədi. Amma onu da dedi ki, hamısı ondan üz döndərəcək. Onda Butrus etiraz etdi: «Səninlə birgə ölmək lazım gəlsə belə, səni danmaram». İsa Məsih ona belə cavab verdi: «Bunu bil ki, bu gün, elə bu gecə xoruz iki dəfə banlamamış sən məni düz üç dəfə danacaqsan». Butrus bu sözlərə nəinki etiraz etdi, hətta özünü öyüb dedi ki, bütün həvarilər ondan üz döndərsə belə, o, sadiq qalacaq (Mət. 26:31—35; Mark 14:27—31; Luka 22:24—28; Yəh. 13:36—38).

8 Yenə də İsa Məsih Butrusa səbir göstərdi. Hətta həyatının ən ağır anlarında da, o, qeyri-kamil həvarilərinin yaxşı xüsusiyyətlərinə  fikir verirdi. İsa Məsih bilirdi ki, Butrus onu danacaq, bununla belə, ona dedi: «Mən sənin üçün Allaha yalvardım ki, imanın tükənməsin. Sən də qayıdanda qardaşlarının imanını möhkəmləndir» (Luka 22:32). Bu sözlərlə İsa Məsih göstərdi ki, o, Butrusun tövbə edib yenə də Allaha sədaqətlə xidmət edəcəyinə əmindir. İsa Məsih necə də mərhəmətli, bağışlayan insan idi!

9, 10. a) Getsemani bağında Butrus hansı səhvləri etdi? b) Butrusun səhvləri bizə nəyi xatırladır?

9 Üstündən bir qədər keçəndən sonra Butrus Getsemani bağında da bir neçə səhvə yol verdi. İsa Məsih Butrusa, Yaquba və Yəhyaya buyurmuşdu ki, o dua edib qayıdana kimi oyaq qalsınlar. İsa Məsih iztirablı anlar yaşayırdı, onun dəstəyə ehtiyacı var idi, amma Butrusgil oyaq qala bilməyib bir neçə dəfə yuxuya getdilər. İsa Məsih nəyə görə oyaq qala bilmədiklərini başa düşdüyü üçün onları bağışladı və dedi: «Bəli, ruh şövqlü, cisim isə zəifdir» (Mark 14:32—41).

10 Bir qədər sonra qılınc və dəyənəklə silahlanmış bir dəstə adam əlində məşəl bağa gəldi. İndi çox ehtiyatla hərəkət etmək lazım idi. Amma Butrus tez hərəkətə keçdi, qılıncını siyirib baş kahinin qulu Məlkin qulağını kəsdi. İsa Məsih sakit şəkildə Butrusa səhv hərəkət etdiyini başa saldı, qulun qulağını sağaltdı və davamçılarının nəyə görə zorakılıqdan uzaq durmalı olduğunu izah etdi (Mət. 26:47—55; Luka 22:47—51; Yəh. 18:10, 11). Butrus Ağasına qarşı çox səhvlər etmişdi. Bu, bizə tez-tez səhvlərə yol verdiyimizi xatırladır. (Yaqub 3:2 ayəsini oxu.) Elə gün olmur ki, səhv etməyək və Allahın əfvinə möhtac olmayaq. O gecə Butrus daha ciddi səhvə yol verdi.

Butrusun ən böyük səhvi

11, 12. a) İsa Məsihi tutanda Butrus cəsarətli olduğunu necə göstərdi? b) Butrus sözünə necə xilaf çıxdı?

11 İsa Məsih əli silahlı adamlara dedi ki, əgər onu axtarırlarsa, şagirdlərini sərbəst buraxsınlar. Onlar İsa Məsihin əl-qolunu bağlayanda Butrus çarəsiz-çarəsiz durub baxırdı. Sonra Butrus da o biri həvarilər kimi qaçıb getdi.

12 Butrusla Yəhya keçmiş baş kahin Hənnanın evinin yanına gəldilər. İsa Məsihi sorğu-suala tutmaq üçün bura gətirmişdilər. Onu bura gətirəndə Butrusla Yəhya bir qədər aralıdan onun dalınca gəlirdilər (Mət. 26:58; Yəh. 18:12, 13). Butrus qorxaq deyildi. İsa Məsihin ardınca bura gəlmək cəsarət tələb edirdi. Axı İsanı bura gətirən adamlar silahlı idilər, həm də Butrus  onlardan birinin qulağını kəsmişdi. Bütün bunlara baxmayaraq, lazım gəlsə, Ağası ilə ölməyə hazır olduğunu deyən Butrus ona bu dərəcədə sadiq qalmadı (Mark 14:31).

13. Məsihi sözün əsil mənasında izləmək üçün nə etməliyik?

13 Bu gün bir çoxları Butrus kimi Məsihi «bir qədər aralıdan» izləyir, yəni elə edir ki, heç kimin nəzərinə çarpmasın. Lakin sonralar Butrusun özünün də yazdığı kimi, Məsihi sözün əsil mənasında izləmək üçün nə olursa olsun, mümkün qədər ona yaxın olmalı və hər şeydə ondan örnək almalıyıq. (1 Butrus 2:21 ayəsini oxu.)

14. İsa Məsihin sorğu-sual olunduğu gecə Butrus nə edirdi?

14 Butrus gizlənə-gizlənə gəlib Yerusəlimin ən böyük imarətlərindən birinin darvazasının yanında dayandı. Bu imarət varlı və nüfuzlu bir adamın, baş kahin Qayafanındır. Adətən belə evlərdə həyət ortada olurdu və darvaza həyətə açılırdı. Butrus darvazadan içəri girmək istəyəndə onu buraxmadılar. Qayafanın tanışı olan Yəhya artıq içəridə idi. O gəlib qapıçıya dedi ki, Butrusu buraxsın. Görünür, Butrus Yəhyanın yanında durmadı, heç Ağasının da yanına girməyə çalışmadı. Soyuq gecədə həyətdə ocaq başında qızınan qulluqçuların yanında dayandı. O, yalançı şahidlərin evə girib-çıxdığını müşahidə edirdi (Mark 14:54—57; Yəh. 18:15, 16, 18).

15, 16. İsa Məsihin sözləri necə yerinə yetdi?

15 Butrusu içəri buraxan qarabaş ocağın işığında onun üzünü daha aydın gördü. O, Butrusu tanıyıb dedi: «Sən də bu cəliləli İsa ilə bir yerdə idin!» Butrus özünü itirdi, Məsihi tanıdığını dandı, hətta dedi ki, qızın nə haqda danışdığını başa düşmür. Sonra diqqət çəkməmək üçün gedib giriş qapısının yanında dayandı. Orada başqa bir qarabaş onu tanıdı və eyni şeyi söylədi: «Bu adam da nəsrani İsa ilə birlikdə idi». Butrus isə and-aman edib dedi: «Mən o adamı tanımıram!» (Mət. 26:69—72; Mark 14:66—68). Yəqin Butrus bu dəfə Məsihi dananda xoruz banladı, amma onun fikri o qədər dağınıq idi ki, İsa Məsihin bir neçə saat öncə dediyi sözlər yadına düşmədi.

16 Butrus hələ də nəzərə çarpmamağa çalışırdı. Birdən həyətin ətrafında duran bir dəstə adam ona tərəf gəldi. Onlardan biri Butrusun qılıncla qulağını kəsdiyi adamın, Məlkin qohumu idi. O, Butrusa dedi: «Mən səni bağda görmüşdüm. Sən də o adamın yanındaydın, yoxsa elə deyil?» Butrussa onu yanıldığına inandırmağa çalışdı. And-aman eylədi, yalan danışmadığını deyib özünə lənət yağdırdı. O, Məsihi üçüncü dəfə dandı və bu dəm xoruz ikinci dəfə banladı (Yəh. 18:26, 27; Mark 14:71, 72).

«Ağa dönüb düz Butrusun üzünə baxdı»

17, 18. a) Butrus Ağasına qarşı böyük səhv etdiyini başa düşəndə nə edir? b) Butrusu hansı fikir narahat edir?

 17 Həmin vaxt İsa Məsih eyvanda idi və həyətə baxırdı. Bu zaman fəslin əvvəlində təsvir olunduğu kimi, İsa Məsihlə Butrusun baxışları toqquşur. Butrus Məsihə qarşı nə qədər ağır günah işlədiyini başa düşür. O, pərişan halda həyətdən çıxıb şəhərin küçələrinə üz tutur. Batmaqda olan bədirlənmiş ay onun yolunu işıqlandırır. Gözləri yaşla dolur. Özünü saxlaya bilməyib hönkürtü ilə ağlamağa başlayır (Mark 14:72; Luka 22:61, 62).

18 İnsan ciddi günah işlədiyini dərk edəndə özünü əfvə layiq saymaya bilər. Yəqin Butrus da düşünürdü ki, İsa Məsih əsla onu əfv etməyəcək. Bəs sizcə, Butrusu bağışlamaq olarmı?

Butrusu bağışlamaq olarmı?

19. Butrus nə hisslər keçirir və onun məyusluğa qapılmadığı nədən görünür?

19 Səhəri gün baş verən hadisələri eşidəndə Butrusun hansı hissləri keçirdiyini təsəvvür etmək çox çətindir. İsa Məsihin bir neçə saat işgəncə çəkdiyini, öldüyünü biləndə Butrus yəqin özünü çox qınayır. Ağasının yer üzündəki son gecəsində onun əzablarını artırdığını düşünüb daha da kədərlənir. Buna baxmayaraq, məyusluğa qapılmır. Müqəddəs Kitabda yazılıb ki, Butrus tezliklə Məsihin şagirdlərinə qoşulur (Luka 24:33). Şübhəsiz, həvarilərin hamısı o dəhşətli gecədə etdikləri hərəkətə görə peşmandırlar və indi bir-birilərinə təskinlik verirlər.

20. Butrus kədərli olsa da, nə etdi və biz bundan nə öyrənirik?

20 Bu, Butrusun həyatda verdiyi ən düzgün qərarlardan biri idi. Məcazi dillə desək, Allahın xidmətçisi yıxılanda əsas məsələ onun nə dərəcədə pis yıxılması yox, yenidən özündə güc tapıb ayağa qalxması və yoluna davam etməsidir. (Məsəllər 24:16 ayəsini oxu.) Butrus, kədəri hədsiz olsa da, qardaşlarla bir yerə toplaşdı. Bu, onun güclü iman sahibi olduğunu göstərir. Adətən insan kədərə qərq olanda, yaxud peşmançılıq çəkəndə tək qalmaq istəyir. Amma bu, çox təhlükəlidir (Məs. 18:1). Belə vəziyyətdə yaxşı olardı ki, iman bacı-qardaşlarımızın yanında olaq və Allaha xidmətimizi davam etdirmək üçün güc toplayaq (İbr. 10:24, 25).

21. Şagirdlərlə birlikdə olanda Butrus hansı xəbəri eşidir?

 21 Butrus şagirdlərlə bərabər olanda Ağasının cəsədinin sərdabədən yoxa çıxdığını eşidir. Yəhya ilə birlikdə tez Ağalarının dəfn olunduğu, ağzına daş qoyulmuş sərdabənin yanına qaçır. Görünür, cavan olduğu üçün Yəhya birinci gəlib çatır. Sərdabənin ağzını açıq görəndə bilmir nə etsin. Butrussa təngnəfəs gəlib birbaş içəri girir. Sərdabə boşdur! (Yəh. 20:3—9).

22. Butrusun ürəyindəki kədəri və şübhəni nə qovur?

22 Bəs Butrus İsa Məsihin dirildiyinə inanır? Əvvəlcə yox. Hətta mömin qadınlar mələklərin peyda olub onlara Məsihin dirildiyi barədə xəbər verdiyini söyləsə də, Butrus inanmamışdı (Luka 23:55—24:11). Amma günün axırına yaxın onun ürəyində kədərdən və şübhədən əsər-əlamət qalmır. İsa Məsih sağdır, indi qüdrətli ruhani varlıqdır! O, bütün həvarilərinə görünüb. Amma onlardan əvvəl Butrusun qarşısında peyda olub. Həmin gün həvarilər bu sözləri demişdilər: «Doğrudan da, Ağa dirilib və Şimona görünüb!» (Luka 24:34). Sonralar həvari Bulus da yazmışdı ki, Məsih «Kifaya, sonra isə on iki həvariyə göründü» (1 Kor. 15:5). (Kifa və Şimon Butrusun digər adlarıdır.) Görünür, Butrus tək olanda Məsih ona görünmüşdü.

Butrus Ağasına qarşı çox səhvlər etmişdi. Elə gün olmur ki, biz də səhv etməyək və Allahın əfvinə möhtac olmayaq

23. Nəyə görə günah işləyəndə Butrusun əhvalatını yadımıza salmalıyıq?

23 İsa Məsihlə Butrusun təsirli görüşünün təfsilatları Müqəddəs Kitabda yazılmayıb. Yəqin Butrus sevimli Ağasının yenidən sağ olduğunu görəndə çox sevinir. İndi ona peşman olduğunu, çox təəssüfləndiyini söyləyə bilər. Butrusun ən böyük arzusu odur ki, Ağası onu bağışlasın. Sözsüz ki, o, Butrusu ürəkdən bağışlayır. Günah işləyəndə Butrusun əhvalatını yadımıza salmalıyıq. Heç vaxt düşünməməliyik ki, Allah bizi bağışlamayacaq. İsa Məsih comərdliklə əfv edən Yehova Allahı mükəmməl şəkildə təqlid edirdi (Əşy. 55:7).

Butrus əfv olunduğuna bir daha əmin olur

24, 25. a) Cəlilə dənizindəki səhnəni təsvir edin. b) Butrus İsa Məsihin möcüzəsini görəndə nə edir?

24 İsa Məsih həvarilərinə görüşəcəkləri yerə, Cəliləyə getməyi buyurur. Onlar ora çatanda Butrus Cəlilə dənizində balıq tutmaq fikrinə düşür. Həvarilərdən bir neçəsi də ona qoşulur. Butrus ömrünün çox hissəsini burada keçirib. Qayığın cırıltısı, dalğaların şappıltısı, əlindəki qalın tor — bunların hamısı ona doğmadır. Onlar bütün gecəni tor atırlar, amma bir dənə də olsun, balıq tuta bilmirlər (Mət. 26:32; Yəh. 21:1—3).

Butrus qayıqdan suya tullanıb sahilə üzdü

 25 Sübh çağı bir nəfər sahildən onları səsləyir və deyir ki, torlarını qayığın o biri tərəfinə atsınlar. Onlar belə də edirlər və 153 ədəd balıq tuturlar. Butrus onları səsləyən adamın kim olduğunu anlayır. Qayıqdan suya tullanıb sahilə üzür. Sahildə İsa Məsih vəfalı dostlarını ocaqda bişirdiyi balığa qonaq edir. Onun diqqəti Butrusdadır (Yəh. 21:4—14).

26, 27. a) İsa Məsih Butrusa hansı imkanı verir? b) İsa Məsih Butrusu ürəkdən bağışladığını necə sübut edir?

26 İsa Məsih, ehtimal ki, balıqlara işarə edərək Butrusdan  soruşur: «Məni çox istəyirsən, bunları?» Görəsən, Butrusun ürəyində hansı məhəbbət daha güclüdür: balıqçılığa, ya İsa Məsihə? Butrus Ağasını üç dəfə danmışdı. İndi isə Ağası imkan yaradır ki, onu sevdiyini yoldaşları qarşısında üç dəfə təsdiq etsin. Butrus belə də edir. Onda İsa Məsih ona bu məhəbbəti əməldə göstərməyin yolunu açıqlayır. Butrus müqəddəs xidməti hər şeydən üstün tutmalı, Məsihin sadiq davamçılarını ruhani cəhətdən bəsləməli və onların qayğısına qalmalıdır (Luka 22:32; Yəh. 21:15—17).

27 Beləcə, İsa Məsih Butrusu əmin edir ki, o, hələ də onun və Allahın gözündə dəyərlidir. Butrus Məsihin rəhbərliyi altında olan yığıncaqda mühüm rol oynayacaq. Məsihin Butrusu ürəkdən əfv etdiyinə bundan güclü sübut ola bilməz! Sözsüz ki, onu əfv etdiyi üçün Butrus Ağasına çox minnətdardır. O, səhvindən dərs aldı.

28. Butrusun öz adının mənasına uyğun yaşadığını haradan bilirik?

28 Butrus aldığı tapşırığı uzun illər ərzində ləyaqətlə yerinə yetirdi. O, Ağasının ölümündən qabaq buyurduğu kimi, iman qardaşlarını möhkəmləndirirdi. Səbirlə və nəvazişlə Məsihin davamçılarını bəsləyir, onların qayğısına qalırdı. Şimon adlı bu adam İsa Məsihin ona verdiyi ada, mənası «daş», «qaya» olan Butrus adına uyğun yaşayırdı. Onun imanı qaya kimi möhkəm, sarsılmaz oldu və o, bütün yığıncaq üçün gözəl örnək oldu. Bunu onun özünün yazdığı iki məktubdan aydın görmək olar. Müqəddəs Kitaba daxil olan bu məktublar göstərir ki, Butrus bağışlamaqla bağlı Ağasından öyrəndiyi dərsi heç vaxt unutmamışdı. (1 Butrus 3:8, 9; 4:8 ayələrini oxu.)

29. Butrusun imanını və İsa Məsihin mərhəmətini necə təqlid edə bilərik?

29 Biz bu əhvalatdan çox şey öyrənə bilərik. Gəlin özümüzdən soruşaq: hər gün işlədiyimiz günahlara görə Allahdan əfv diləyirik? Allahın bizi əfv etdiyinə inanıb vicdan əzabından qurtuluruq? Bəs özümüz başqalarını bağışlayırıq? Əgər bunları etsək, onda Butrusun imanını və İsa Məsihin mərhəmətini təqlid etmiş olarıq!