Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İman örnəkləri

 DOQQUZUNCU FƏSİL

O, ağılla hərəkət etdi

O, ağılla hərəkət etdi

1—3. a) Abiqayilin ailəsini hansı təhlükə gözləyir? b) Bu fəsildə Abiqayil haqda nə öyrənəcəyik?

ABİQAYİL qarşısında duran cavanın gözündə qorxu, həyəcan oxuyur. Onun həyəcanı səbəbsiz deyil. Abiqayilin ailəsini ciddi təhlükə gözləyir. Dörd yüzə yaxın döyüşçü Abiqayilin əri Nabalın evindəki kişiləri qırmağa gəlir. Nəyə görə?

2 Hər şeyin günahkarı Nabaldır. O, həmişəki kimi, kobudluq edib. Amma bu dəfə onun hərəkəti cavabsız qalmayacaq, çünki o, igid və sadiq döyüşçülərin hörmətli sərkərdəsinə qarşı hörmətsizlik edib. Abiqayilin qarşısında duran cavan Nabalın işçilərindən, yəqin ki, çobanlarından biridir. O, əbəs yerə Abiqayilin yanına gəlməyib, əmindir ki, Abiqayil bir tədbir töküb Nabalın ev əhlini bu bəladan qurtaracaq. Amma qadın xeylağı ordunun qarşısında nə edə bilər?

Qadın xeylağı ordunun qarşısında nə edə bilər?

3 Əvvəlcə, gəlin bu gözəl insanla, Abiqayillə yaxından tanış olaq. O, kimdir? Necə olub ki, ailəsi təhlükə ilə üz-üzə durub? Biz onun imanını necə örnək ala bilərik?

Ağıllı və gözəl qadın

4. Nabal necə insan idi?

4 Abiqayillə Nabal bir-birinə heç yaraşmırdılar. Nabal gündüz çıraqla da axtarsaydı, Abiqayil kimi qadın tapa bilməzdi. Nabal ona layiq ər deyildi. Nabal varlı olduğu üçün özünü hamıdan yuxarı tuturdu. Bəs başqaları onun haqqında nə düşünürdü? Müqəddəs Kitabda Nabal kimi tənqid olunan ikinci adam yoxdur. Hətta onun adının mənası «axmaq», «ağılsız» deməkdir. Biz bilmirik, bu, ona doğulanda qoyulan ad idi, yoxsa sonradan verilən ləqəb. Bir şeyi deyə bilərik ki, bu ad ona yaraşırdı. Nabal «kobud və bədxasiyyət» insan idi. O, zalımın və əyyaşın biri idi. Hamı ondan  qorxurdu, hər kəsin ondan zəhləsi gedirdi (1 İşm. 25:2, 3, 17, 21, 25).

5, 6. a) Abiqayili hansı gözəl xüsusiyyətlər bəzəyirdi? b) Nəyə görə Abiqayil bu cür yaramaz kişiyə ərə getmişdi?

5 Abiqayil isə tamam başqa cür adam idi. Onun adının mənası «atam özünü sevindirdi» deməkdir. Çox atalar qızlarının gözəlliyi ilə fəxr edir. Hikmətli ata isə qızının daxili gözəlliyi ilə qürur duyur. Çox vaxt zahirən gözəl insanlar ağıllı, hikmətli, cəsarətli və mömin olmağa can atmırlar. Abiqayil isə belə qadın deyildi. Müqəddəs Kitabda onun gözəlliyi ilə yanaşı, ağlı da tərif olunur. (1 İşmuil 25:3 ayəsini oxu.)

6 Kimdəsə sual yarana bilər ki, nəyə görə bu cür ağıllı qadın belə yaramaz kişiyə ərə getmişdi. Qeyd edək ki, qədimdə oğlanla qızı valideynləri evləndirirdi. Hətta cavanlar özləri evlənəndə də valideynlərinin xeyir-duası çox vacib idi. Ola bilsin, Abiqayil valideynlərinin razılığı ilə özü Nabala ərə getmişdi. Ya da valideynləri Nabalın var-dövlətinə və ad-sanına görə bu nikahı düzüb-qoşmuşdular. Bəlkə də, kasıbçılıq onları buna vadar etmişdi. Səbəb nə olursa olsun, var-dövlət Nabalı yaxşı ər edə bilməmişdi.

7. a) Uşağına nikaha düzgün münasibət aşılamaq istəyən valideyn nədən qaçmalıdır? b) Abiqayil nə etməyə çalışırdı?

7 Yaxşı valideyn övladına nikaha düzgün münasibət aşılamalıdır. Onlar uşaqlarını puluna görə kiminləsə evlənməyə təhrik etməməlidirlər. Habelə uşaqları ailə qurmaq üçün hələ çox cavandırlarsa, onları kiminləsə görüşməyə təşviq etməməlidirlər (1 Kor. 7:36). Abiqayil üçünsə bu şeylər barədə fikirləşmək artıq gec idi, çünki o, ərdə idi. Amma bu cür nikahda yaxşı arvad olmaq üçün o, əlindən gələni edirdi.

«Onları təhqir etdi»

8. Nabal kimi təhqir etdi və nəyə görə bu, ağılsız hərəkət idi?

8 Nabalın ucbatından Abiqayil çox çətin bir vəziyyətə düşmüşdü. Nabal gör kimi təhqir etmişdi, Allahın sadiq qulu Davudu. Davud Yehova Allahın İşmuil peyğəmbər vasitəsilə təyin etdiyi padşah idi. Allah onu Talutun yerinə seçmişdi (1 İşm. 16:1, 2, 11—13). Talutsa onun paxıllığını çəkir, onu öldürmək istəyirdi. Buna görə də Davud onun əlindən səhraya qaçıb 600 döyüşçüsü ilə birgə orada yaşayırdı.

9, 10. a) Davudla adamları acından ölməmək üçün nələrə qatlaşmalı olurdular? b) Davudla adamları Nabal üçün hansı yaxşılığı etmişdi? (Həmçinin 10-cu abzasın haşiyəsinə bax.)

9 Nabal Məunda yaşayırdı. O, yaxınlıqdakı Karmeldə  işləyirdi *. Ehtimal ki, orada onun torpaq sahəsi var idi. Nabal üç min qoyun-quzuya sahib idi. Məunla Karmel şəhəri qoyun-quzu bəsləmək üçün yararlı olan yaylaqların ortasında yerləşirdi. Bu bölgə hər tərəfdən boş torpaqlarla əhatə olunmuşdu. Cənuba doğru böyük Fəran səhrası uzanırdı. Şərqə tərəf Şor dəniz istiqamətində uçurumlar və mağaralarla dolu çöllüklər var idi. Bu çöllüklərdə Davudla adamları çoxlu çətinliklərlə üzləşirdilər, yaşamaq uğrunda mübarizə aparırdılar, acından ölməmək üçün heyvan ovlamalı olurdular. Onlar tez-tez Nabalın çobanları ilə qarşılaşırdılar.

10 Davudun adamları bu çobanlarla necə rəftar edirdilər? Onlar ürəkləri istəyəndə Nabalın sürüsündən qoyun-quzu götürə bilərdilər, amma bunu etmirdilər. Əksinə, dörd tərəfdən divar olub Nabalın sürüsünü və çobanlarını qoruyurdular. (1 İşmuil 25:15, 16 ayələrini oxu.) Çünki çobanları və sürünü hər tərəfdən təhlükə gözləyirdi. Onların dörd yanı yırtıcı heyvanlarla dolu idi. Həmçinin bu torpaq sahələri İsrailin cənub sərhədi yaxınlığında yerləşdiyi üçün tez-tez bura yadelli quldurlar və oğrular basqın edirdilər *.

11, 12. a) Davud Nabala göndərdiyi xəbərdə ona hörmət etdiyini necə göstərdi? b) Nabal bu xəbərə necə yanaşdı və nəyə görə bu, düzgün deyildi?

11 Səhrada bu boyda adamı doyurmaq elə də asan iş deyildi. Bir dəfə Davud Nabalın yanına on adam göndərib ondan kömək istədi. O, əlverişli vaxt seçmişdi. Çünki həmin vaxt qoyun qırxımı idi. Adətən bu zaman insanlar əliaçıq olurdular, qonaqlıq verirdilər. Davud sözlərində də ehtiyatlı idi, o, Nabala hörmətcil şəkildə müraciət etdi. Ona göndərdiyi xəbərdə «oğlun Davud» sözlərini işlətdi ki, bu da Davudun Nabalın yaşına hörmət etdiyini göstərir. Bəs Nabal Davudun göndərdiyi xəbərə necə yanaşdı? (1 İşm. 25:5—8).

12 Nabal özündən çıxdı! Abiqayilə xəbər gətirən cavanın sözlərinə görə, o, Davudun qasidlərini təhqir etdi. Xəsis Nabal çörəyindən, suyundan, ətindən Davuda vermək istəməyib hay-küy saldı. O, Davuda yuxarıdan aşağı baxıb onu ağasından qaçan qul adlandırdı. Görünür, Talut kimi, onun da Davuda münasibəti pis idi. Amma Yehova Allahın Davuda münasibəti başqa cür idi. Allah  onu sevirdi, ona ağasına asi çıxan qul kimi yox, İsrailin gələcək padşahı kimi baxırdı (1 İşm. 25:10, 11, 14).

13. a) Nabalın sözləri Davuda necə təsir etdi? b) Yaqub 1:20 ayəsi Davudun hərəkətilə bağlı nəyi açıqlayır?

13 Qasidlər Nabalın sözlərini Davuda çatdıranda o qəzəbdən alovlandı. Əmr verdi ki, hamı qılıncını qurşasın. Davud özü də silahlandı və dörd yüz əsgərini toplayıb yola düşdü. O and içdi ki, Nabalın evində bir nəfər də olsun kişini sağ buraxmayacaq (1 İşm. 25:12, 13, 21, 22). Davudun qəzəbini başa düşmək olar, lakin qəzəbini bu yolla soyutması düzgün deyildi. İncildə yazılıb: «İnsanın qəzəbi onu Allah qarşısında saleh etmir» (Yaq. 1:20). Bəs, görəsən, Abiqayil ev əhlini bu bəladan necə qurtaracaq?

«Ağlına bərəkallah»

14. a) Nabalın səhvini düzəltmək üçün Abiqayil ilk öncə nə etdi? b) Naballa Abiqayilin arasındakı fərqdən nə öyrənirik? (Həmçinin haşiyəyə bax.)

14 Abiqayil Nabalın səhvini düzəltmək üçün artıq müəyyən mənada addım atmışdı. Ona xəbər gətirən cavana diqqətlə qulaq asmışdı. Ərindən fərqli olaraq, o, dinləməyi bacarırdı. Həmin cavan Nabal haqqında demişdi: «Ağa da elə sərt adamdır ki, ona bir söz demək olmur» * (1 İşm. 25:17). Nabal özündən elə razı idi ki, başqalarına qulaq asmırdı. Onun kimi qürurlu adamlar bu gün də çoxdur. Xəbər gətirən cavan bilirdi ki, Abiqayil başqa cür adamdır. Buna görə də məsələni gəlib Abiqayilə danışdı.

Nabaldan fərqli olaraq, Abiqayil dinləməyi bacarırdı

15, 16. a) Nədən görünür ki, Abiqayil «Məsəllər» kitabında tərif olunan qadın kimi bacarıqlı idi? b) Nəyə əsasən deyə bilərik ki, Abiqayil ərinin başçılığına hörmətsizlik etməmişdi?

15 Abiqayil tez tədbir töküb hərəkətə keçdi. Bu əhvalatda onun düz dörd dəfə cəld davrandığı görünür. O, Davud və onun adamları üçün bolluca sovqat hazırladı: çörək, şərab, qoyun cəmdəyi, qovurğa, kişmiş lavaşanası və əncir lavaşanası. O, evin xanımı olduğu üçün yaxşı bilirdi, evində nəyi var, nəyi yoxdur. Abiqayil lap «Məsəllər» kitabında tərif olunan qadın kimi yaxşı arvad idi (Məs. 31:10—31). O, sovqatı nökərlərinə verib onları qabaqda göndərdi, özü də dallarınca getdi. Amma ərinə heç nə demədi (1 İşm. 25:18, 19).

 16 Kimsə fikirləşə bilər ki, Abiqayil bununla ərinin başçılığına hörmətsizlik etmişdi. Lakin bu, belə deyil. Axı onun əri Yehova Allahın məsh olunmuşunu təhqir etmişdi. Üstəlik, onun bu hərəkəti evindəki günahsız insanların ölümünə səbəb ola bilərdi. Abiqayil işə qarışmasaydı, ərinin günahına şərik olmuş olardı. Bu vəziyyətdə Abiqayil Allahın başçılığını ərinin başçılığından üstün tutmalı idi.

17, 18. Abiqayil Davuda necə yaxınlaşdı və onu fikrindən daşındırmaq üçün nə dedi?

17 Bir azdan Abiqayil Davudla və onun adamları ilə rastlaşdı. Abiqayil cəld ulaqdan düşdü və Davudun önündə təzim etdi (1 İşm. 25:20, 23). O, Davuda nə fikirləşdiyini söylədi, yalvar-yaxar etdi ki, ərinə və evindəki adamlara rəhm etsin. Davudu fikrindən daşındırmaq üçün Abiqayil nə dedi?

«İzin ver, bu qarabaşın sənə bir söz desin»

18 Abiqayil bu məsələdə məsuliyyəti öz boynuna götürdü və Davuddan əfv dilədi. Ərinin daşıdığı ada layiq olduğunu, axmaq olduğunu etiraf etdi. Yəqin bununla demək istəyirdi ki, bu cür adama əl qaldırmaq ona yaraşmaz. Davudun Yehovanın müharibələrini apardığını söylədi və beləcə, onu Yehova Allahın elçisi kimi qəbul etdiyini göstərdi. Həmçinin Davuda Yehova Allahın onu İsrailin hökmdarı edəcəyini dedi. Bununla göstərdi ki, Allahın padşahlıqla bağlı Davuda verdiyi vəddən xəbərdardır. Üstəlik, Abiqayil Davuda dedi ki, sonradan peşman olacağı işi görməsin, əlini qana bulamasın. (1 İşmuil 25:24—31 ayələrini oxu.) O, Davudla xoş, mehriban danışdı.

19. Abiqayilin sözləri Davuda necə təsir etdi və nəyə görə Davud onu təriflədi?

19 Abiqayilin sözləri Davuda necə təsir etdi? Davud Abiqayilin sovqatını götürdü və dedi: «Səni mənim qarşıma göndərən İsrailin Allahı Yehovaya alqış olsun! Ağlına bərəkallah! Məni qan tökməkdən, öz əlimlə qisasımı almaqdan çəkindirdiyinə görə afərin olsun sənə!» Davud Abiqayili cəsarətli addım atıb cəld onu qarşılamağa gəldiyinə görə təriflədi və onu qan tökməkdən saxladığını etiraf etdi. Sonra da ona: «Sağ-salamat get. Mən səni dinlədim. Sözünü yerə salmayacağam», — dedi (1 İşm. 25:32—35).

«Qarabaş olmağa hazıram»

20, 21. a) Abiqayilin ərinin yanına qayıtmağı nəyə görə tərifəlayiqdir? b) Abiqayil əri ilə nə vaxt danışdı və bu, onun cəsarətli və ağıllı olduğunu necə göstərir?

20 Abiqayil geri qayıdanda, sözsüz ki, Davudla söhbəti barədə  düşünürdü. O, Allahın sadiq bəndəsi, mehriban insan olan Davudla qəddar əri arasındakı kəskin fərqi görməmiş olmazdı. Lakin bu barədə çox fikirləşmədi. Müqəddəs Kitabda deyilir: «Abiqayil Nabalın yanına qayıtdı». Bəli, o, ərinin yanına qayıtdı və əlindən gəldiyi qədər ailədəki vəzifəsini yerinə yetirməyə davam etdi. Abiqayil ərinə Davuda və adamlarına sovqat göndərdiyini deməli idi, əri bunu bilməli idi. Ona təhlükənin sovuşduğunu da söyləməli idi. Axı əri bunu başqasından eşitsəydi, lap biabırçılıq olardı. Lakin o gələn kimi əri ilə danışmadı. Çünki həmin gün Nabal padşaha layiq ziyafət verirdi və o ki var içmişdi (1 İşm. 25:36).

Abiqayil qorxmadan Nabala onu ölümdən qurtardığını söylədi

21 Bu vəziyyətdə də Abiqayil cəsarətli və ağıllı olduğunu göstərdi. O, səhərə qədər gözlədi ki, Nabal içkidən ayılsın. Nabalın ağlı başında olmalı idi ki, Abiqayilin nə dediyini başa düşsün. Amma bir şey də var ki, o, ayıq vaxtı daha təhlükəli ola bilərdi. Buna baxmayaraq, Abiqayil ona hər şeyi danışdı. Yəqin o, ərinin özündən çıxacağını, hətta ona əl qaldıracağını gözləyirdi. Lakin Nabal oturduğu yerdə quruyub qaldı (1 İşm. 25:37).

22. Nabalın aqibəti necə oldu və buradan Allahın ailədəki zorakılığa münasibəti barədə nə öyrənirik?

22 Nabala nə oldu? Müqəddəs Kitabda deyilir: «Nabal meyit kimi oldu, iflic vurmuştək, daş kimi düşüb qaldı». On gündən sonra Nabal öldü, amma ölümünə səbəb yalnız iflic deyildi. Tövratda yazılıb: «Yehova Nabalı vurdu və o öldü» (1 İşm. 25:38). Nabala verilən bu layiqli cəza Abiqayilin əzablı günlərinə son qoydu. Bu gün Yehova Allah heç kimi fövqəltəbii şəkildə cəzalandırmır. Amma bu əhvalat göstərir ki, ailədəki zorakılıq Yehova Allahın gözündən yayınmır. Vaxtı çatanda Allah haqq-ədaləti bərqərar edir. (Luka 8:17 ayəsini oxu.)

23. Allah Abiqayil üçün daha nə etdi və haradan bilirik ki, Davudun evlənmək təklifi Abiqayili qürurlandırmadı?

23 Yehova Allah Abiqayili zalım ərin əlindən qurtarandan sonra onu xoşbəxtliyə qovuşdurdu. Davud Nabalın ölüm xəbərini eşidəndə Abiqayilə elçi göndərdi. Abiqayilin cavabı belə oldu: «Ağamın adamlarının ayağını yuyan qarabaş olmağa hazıram». Göründüyü kimi, Davudun təklifi Abiqayili qürurlandırmadı, o, Davudun qullarının qulu olmağa belə, razı  idi. Müqəddəs Kitabda yazılıb ki, Abiqayil tez durub Davudun yanına getdi (1 İşm. 25:39—42).

24. a) Abiqayil yeni nikahda hansı çətinliklərlə qarşılaşdı? b) Yehova Allah və əri Davud Abiqayilə necə yanaşırdı?

24 Abiqayilin əhvalatı xoşbəxt sonluqlu nağıl deyildi. Onun yeni nikahı da problemsiz ötüşmədi. Davud ondan əvvəl Ahnaam adında bir qadınla evlənmişdi. O vaxtlar Allah çoxlu arvad almağa icazə versə də, sözsüz ki, bu cür ailədə yaşamaq Allaha ibadət edən qadınlar üçün çətin idi. Həmçinin Davud hələ padşah deyildi, buna görə də çoxlu çətinliklərlə üzləşirdi. Abiqayil həmişə ərinə kömək və dəstək olurdu. O, ona oğul da bəxş etdi. O görürdü ki, əri onun qədrini bilir, onu qoruyur. Hətta bir dəfə onu quldurların əlindən qurtarmışdı (1 İşm. 30:1—19). Bununla Davud Yehova Allahı təqlid etmişdi. Çünki Allah Ona ibadət edən ağıllı, cəsarətli qadınları sevir və qiymətləndirir.

^ abz. 9 Bu, İlyas peyğəmbərin Baal peyğəmbərləri ilə üz-üzə gəldiyi şimaldakı Karmel dağı deyil. (10-cu fəslə bax.) Bu, cənubdakı Fəran səhrasının kənarında yerləşən Karmel şəhəridir.

^ abz. 10 Ehtimal ki, Davud torpaq sahiblərini və onların sürülərini qorumağa Yehova Allaha xidmət kimi baxırdı. Yehova Allahın niyyəti o idi ki, İbrahimin, İshaqın və Yaqubun nəsli bu torpaqda yaşasın. Buna görə də torpağı yadelli işğalçılardan və quldur dəstələrindən qorumaq müqəddəs xidmət idi.

^ abz. 14 Cavan oğlanın Nabala aid işlətdiyi sözün ibrani dilindən hərfi tərcüməsi «belial (yaramazlıq) oğlu» deməkdir. Müqəddəs Kitabın digər tərcümələrində bu cümlədə Nabal haqqında yazılıb ki, «o, heç kimə qulaq asmaq istəmir» və nəticə olaraq, «onunla danışmağa dəyməz».