Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ № 1, 2017

 İMAN ÖRNƏKLƏRİ HƏNUQ PEYĞƏMBƏR

O, Allahın razılığını qazandı

O, Allahın razılığını qazandı

HƏNUQ PEYĞƏMBƏRİN ömrü uzun olub. Bizim üçün təsəvvür etmək çətin olsa da, bu peyğəmbər 365 il yaşayıb. Bu yaş bizim dövrümüzdə çox yaşamış dörd insanın yaşının cəminə bərabərdir. Ancaq o dövr üçün bu yaşda olan insanlar qoca sayılmırdılar. Əlli əsr bundan öncə insanlar bizdən çox yaşayırdılar. Hənuq peyğəmbər anadan olanda Allahın yaratdığı ilk insanın, Adəmin 600 yaşı var idi. Adəm bundan sonra hələ 300 il də yaşadı! Adəmin nəslindən olan bəzi insanlar isə ondan da çox yaşamışdılar. Buna görə də Hənuq peyğəmbərin 365 yaşı olsa da, kifayət qədər gümrah idi. Belə desək, onun həyatı hələ qabaqda idi. Ancaq bu, belə olmadı.

Hənuq peyğəmbər böyük bir təhlükə içərisində idi. Belə bir səhnəni təsəvvür edin: peyğəmbər canını götürüb qaçır. Allahdan aldığı xəbəri çatdıran zaman insanların buna münasibəti gözünün qabığından getmir. Onlar qəzəbdən alışıb-yanırdılar. Bu insanlar peyğəmbərə nifrət edirdilər, onun çatdırdığı xəbər və onu göndərən Allah haqda heç nə eşitmək istəmirdilər. Onlar Hənuq peyğəmbərin Allahı Yehovaya heç nə edə bilməzdilər, ancaq peyğəmbərə zərər yetirmək onlar üçün çətin deyildi. Yəqin peyğəmbər ailəsini bir də görəcəyinə ümid etmir. Həyat yoldaşı, qızı, oğlu Mətuşələh və nəvəsi Ləmek onun gözü qarşısından keçir (Yaradılış 5:21—23, 25). Görəsən, bu onun sonuncu günüdür?

Müqəddəs Kitabda Hənuq peyğəmbər haqda məlumat azdır: onun haqqında cəmi üç yerdə yazılıb (Yaradılış 5:21—24; İbranilərə 11:5; Yəhuda 14, 15). Buna baxmayaraq, bu ayələr böyük iman sahibi olan bu insan haqda şəkil yaratmaq üçün kifayət edir. Ola bilsin, Hənuq peyğəmbər kimi, siz də ailənizi dolandırmalısınız. Bəlkə də, elə olub ki, haqqın tərəfində durmaq üçün siz də, peyğəmbər kimi, mübarizə aparmalı olmusunuz. Belədirsə, bu mömin insanın imanından çox şey öyrənə bilərsiniz.

«HƏNUQ ALLAHIN YOLU İLƏ GEDİRDİ»

Hənuq peyğəmbərin dövründə bəşəriyyət yolunu azmışdı. Adəmdən sonra yeddinci nəsil idi. Düzdür, o dövrdə insanlar Adəmlə Həvvanın itirdiyi kamilliyə daha yaxın idilər. Elə buna görə də o vaxt insanlar çox yaşayırdılar. Ancaq onlar əxlaqi cəhətdən tamam pozulmuşdular və Allahdan çox uzaqlaşmışdılar. Dünyada zorakılıq baş alıb gedirdi. Bu vəziyyət bəşəriyyətin ikinci nəslinin dövründə, Qabil qardaşı Habili öldürəndə başlamışdı. Qabilin nəslindən olan bir nəfər isə ondan daha qəddar və kinli olması ilə fəxr edirdi! Adəmin üçüncü nəslinin dövründə vəziyyət getdikcə pisləşdi. Həmin vaxtdan insanlar Yehovanın adını çəkməyə başladılar, lakin bu adı Ona ibadət etmək məqsədilə çəkmirdilər. Bu insanlar Allahın müqəddəs adını hörmətsiz şəkildə, nalayiq tərzdə istifadə edirdilər (Yaradılış 4:8, 23—26).

Bu vəziyyət Hənuq peyğəmbərin dövründə artıq adi hala çevrilmişdi. Buna görə də o, yetkin yaşa çatanda seçim etməli idi. Ya dövründəki insanlar kimi olmalı, ya da yeri göyü yaradan Yehova Allahı axtarmalı idi. Peyğəmbərin Habil haqda bildikləri ona dərin təsir bağışlamışdı. Adəmin oğlu olan Habil Yehovaya Onu razı salan tərzdə ibadət etdiyinə görə  öldürülmüşdü. Hənuq peyğəmbər də Habil kimi olmağı qət etdi. Yaradılış 5:22 ayəsində yazılıb ki, Hənuq Allahın yolu ilə yeriyirdi. Bu sözlər göstərir ki, Hənuq peyğəmbər Allahsız dünyada Allahın yolu ilə gedən yeganə insan idi. Müqəddəs Kitabda bu cür sözlər birinci dəfə məhz Hənuq peyğəmbər barədə yazılıb.

Həmin ayədə həmçinin deyilir ki, Hənuq peyğəmbər oğlu Mətuşələh dünyaya gələndən sonra da Allahın yolu ilə yeridi. Deməli, 65 yaşı olanda o artıq ailə başçısı idi. Müqəddəs Kitabda onun arvadının adı, «oğul və qızları»nın sayı yazılmayıb. Əgər bir ata ailə sahibi ola-ola Allahın yolu ilə gedirsə, onda o, ailəsinə Allahın buyurduğu kimi baxmalıdır. Hənuq peyğəmbər dərk edirdi ki, Allah ondan arvadına sadiq qalmağı gözləyir (Yaradılış 2:24). Həm də sözsüz ki, o, övladlarını Allahın yolunda böyütmək üçün əlindən gələni edirdi. Bunun hansı bəhrəsi oldu?

Müqəddəs Kitabda bu barədə təfərrüatlar yazılmayıb. Orada Hənuqun oğlu Mətuşələhin imanı barədə heç nə deyilmir. Sadəcə göstərilir ki, o, yer üzündə ən çox yaşayan insan olub və Daşqına qədər ömür sürüb. Mətuşələhin Ləmek adlı bir oğlu var idi. Ləmek babası Hənuqla bir əsr eyni dövrdə yaşayıb. O, çox mömin insan idi. Ləmek Yehova Allahın ruhu ilə oğlu Nuh haqda peyğəmbərlik söyləmişdi. Bu peyğəmbərlik Daşqından sonra yerinə yetdi. Nuh da, ulu babası Hənuq kimi, zəmanəsinin adamlarından fərqli olaraq, Allahın yolu ilə gedirdi. O, Hənuq peyğəmbəri heç vaxt görməmişdi. Buna baxmayaraq, Hənuq peyğəmbər gələcək nəsli üçün gözəl örnək qoyub getmişdi. Nuh peyğəmbər ulu babası Hənuq peyğəmbərin imanı barədə ehtimal ki, atası Ləmekdən, babası Mətuşələhdən və ya Hənuq peyğəmbərin atası Yarəddən (Yarəd Nuh peyğəmbərin 366 yaşı olanda ölmüşdü) öyrənmişdi (Yaradılış 5:25—29; 6:9; 9:1).

Hənuq peyğəmbərlə Adəm arasındakı təzada fikir verək. Adəm kamil insan idi, amma Yehovaya qarşı günah işlədi və nəsli üçün əzab dolu günahlı həyata yol açdı. Hənuq peyğəmbər isə günahlı insan olsa da, Allahın yolu ilə yeridi və öz nəslinə əsl iman nümunəsi qoydu. Hənuq peyğəmbərin 308 yaşı olanda Adəm öldü. Görəsən, xudbincəsinə davranan Adəm öləndə ailəsi ona görə yas saxladı? Biz bunu dəqiq bilmirik. Ancaq hər bir halda Hənuq peyğəmbər «Allahın yolu ilə gedirdi» (Yaradılış 5:24).

Əgər sizin də üzərinizdə ailə məsuliyyəti varsa, Hənuq peyğəmbərdən çox şey öyrənə bilərsiniz. Ailəni maddi cəhətdən təmin etmək vacib olsa da, ailəyə Allahın yollarını öyrətməkdən vacib heç nə ola bilməz (1 Timutiyə 5:8). Siz bu tələbatı təkcə sözlərinizlə yox, əməllərinizlə də ödəməlisiniz. Əgər siz də, Hənuq peyğəmbər kimi, Allahın yolu ilə gedir, Müqəddəs Kitabın həyat bələdçiniz olmasına yol verirsinizsə, onda ailənizə zəngin bir miras — gözəl örnək qoyacaqsınız.

«HƏNUQ ONLAR HAQQINDA PEYĞƏMBƏRLİK ETMİŞDİ»

Hənuq peyğəmbər allahsız insanlar arasında yaşadığı üçün çox güman ki, özünü tənha hiss edirdi. Bəs Yehova Allah Hənuqa qarşı biganə idi? Əlbəttə, yox. Bir gün Yehova öz sadiq peyğəmbəri ilə danışdı. Allah Hənuq peyğəmbərə insanlara çatdırması üçün  bir xəbər verdi. Beləcə, O, Hənuqu Öz peyğəmbəri seçdi. Hənuq ilk insan idi ki, dediyi peyğəmbərlik Müqəddəs Kitabda qələmə alınmışdı. Biz bu barədə əsrlər sonra Allahın ruhu ilə Hənuqun peyğəmbərliyini yazan Yəhudadan öyrənirik *.

Hənuq nə haqda peyğəmbərlik etmişdi? O demişdi: «Budur, Yehova on minlərlə müqəddəs mələyi ilə gəldi ki, hamı üzərində hökmünü icra etsin və bütün allahsızları qorxub-çəkinmədən gördükləri pis işlərinə görə, Allah qorxusu olmayan günah sahiblərini Ona qarşı dedikləri bütün biabırçı sözlərə görə ittiham etsin» (Yəhuda 14, 15). Fikir verdinizsə, Hənuq peyğəmbər hadisələri keçmiş zamanda nəql edir, sanki, Allah bu peyğəmbərlikdə deyilənləri artıq yerinə yetirib. Müqəddəs Kitabda yazılan digər peyğəmbərliklərin çoxu da bu üslubda yazılıb. Peyğəmbərin dediklərinin həyata keçəcəyi o qədər dəqiqdir ki, onlar artıq olmuş bir şey kimi təsvir olunub! (Əşiya 46:10).

Hənuq peyğəmbər bədxah insanlara Allahın xəbərini çatdırırdı

Hənuq peyğəmbər üçün bu xəbəri hamıya çatdırmaq asan idimi? Onun çatdırdığı xəbərin nə qədər güclü olduğuna diqqət yetirin. O, bu insanları, onların əməllərini mühakimə etmək üçün «allahsızlar», «Allah qorxusu olmayan günah sahibləri» kimi sözlərdən istifadə edir. Peyğəmbərlik bütün insanlara göstərir ki, Ədən bağından qovulandan sonra qurduqları dünya tamamilə korlanıb. Yehova «on minlərlə müqəddəs mələyi» ilə gəlib o dövrdə yaşayanları məhv edəcək. Hənuq peyğəmbər bu xəbəri cəsarətlə bəyan edir, özü də təkbaşına! Yəqin ki, o vaxt hələ gənc olan Ləmek babasının bu cəsarətini heyran-heyran müşahidə edirdi. Doğrudan da, Hənuqun cəsarəti heyrətləndirici idi!

Hənuq peyğəmbərin imanı üzərində düşünərək özümüzdən soruşa bilərik: yaşadığımız bu dünyaya Allahın yanaşdığı kimi yanaşırıq? Peyğəmbərin cəsarətlə bəyan etdiyi peyğəmbərlik bizim dövrümüzə də aiddir: orada deyilmiş sözlər Hənuq peyğəmbərin dövründə yerinə yetdiyi kimi, bizim dövrdə də yerinə yetəcək. Onun dediyi kimi, Yehova Allah Nuh peyğəmbərin dövründə allahsızların üzərinə böyük Daşqın gətirdi. Bu müsibət bizim dövrümüzdə olacaq daha böyük müsibətə bir nümunə idi (Mətta 24:38, 39; 2 Butrus 2:4—6). Bu gün də Allah on minlərlə müqəddəs mələyi ilə birgə allahsız insanları ədalətlə mühakimə etmək üçün hazır dayanıb. Hər birimiz Hənuq peyğəmbərin çatdırdığı bu xəbərin vacibliyini dərk etməli və bunu başqalarına deməliyik. Ola bilsin, ailə üzvlərimiz və dostlarımız bizdən yan gəzir. Bəlkə də, bəzən özümüzü tənha hiss edirik. Yehova Allah Hənuq peyğəmbəri heç vaxt tərk etmədi. Bu gün də öz sadiq bəndələrini tərk etməyəcək!

«KÖÇÜRÜLDÜ Kİ, ÖLÜMÜ GÖRMƏSİN»

Hənuq peyğəmbərin aqibəti necə oldu? Peyğəmbərin ölümü həyatından da müəmmalı idi. Müqəddəs Kitabda bu barədə qısaca deyilir: «Hənuq Allahın yolu ilə gedirdi. Sonra o qeyb oldu, çünki Allah onu apardı» (Yaradılış 5:24). Allah Hənuq peyğəmbəri hansı mənada apardı? Həvari Bulus bunu belə izah edir: «Hənuq imanı sayəsində köçürüldü ki, ölümü görməsin. Allah Hənuqu köçürtdüyü üçün onu heç yerdə tapmaq mümkün olmadı. O, köçürülməzdən əvvəl Allahın razılığını qazandığı barədə şəhadət aldı» (İbranilərə 11:5). Həvari Bulus «köçürüldü ki, ölümü görməsin» sözləri ilə nəyi nəzərdə tuturdu? Bəzi Müqəddəs Kitab tərcümələrində yazılıb ki, Allah Hənuq peyğəmbəri göyə apardı. Ancaq bu, mümkün deyil. Müqəddəs Kitabda göstərilir ki, İsa Məsih dirildilib göyə qaldırılan ilk şəxs idi (Yəhya 3:13).

 Bəs onda Hənuq peyğəmbər hansı mənada «köçürüldü ki, ölümü görməsin»? Görünür, Yehova elə etdi ki, Hənuq peyğəmbərin həyatı amansız düşmənlərinin əlinə keçmədən dayansın. Ancaq peyğəmbər bundan öncə «Allahın razılığını qazandığı barədə şəhadət aldı». Bu necə oldu? Ölməsinə bir az qalmış o, Allahdan vəhy aldı. Görünür, bu vəhydə o, özünün yerüzü Cənnətdə olduğunu görmüşdü. Allahın ondan razı qaldığı ilə bağlı belə bir nişanə aldıqdan sonra o, ölüm yuxusuna getdi. Hənuq və Allahın digər sadiq bəndələri haqda yazarkən həvari Bulus demişdi: «Hamısı həyatı imanla başa vurdu» (İbranilərə 11:13). Bundan sonra yəqin ki, düşmənləri onun cəsədini axtardılar, amma «onu heç yerdə tapmaq mümkün olmadı». Görünür, Yehova Allah onun cəsədini yoxa çıxarmışdı. Bununla Allah onun cəsədini murdar etmək və ya onu yalan dini yaymaq üçün istifadə etmək istəyənlərin qarşısını aldı *.

Bütün bunları nəzərə alaraq, gəlin Hənuqun həyatının necə sona çatdığını gözümüzün qabağına gətirək. Belə bir səhnəni təsəvvür edin, amma unutmayın ki, bu sadəcə bir ehtimaldır: Hənuq canını götürüb qaçır. Artıq taqəti qalmayıb. Çatdırdığı xəbərə görə qəzəbdən alışıb yanan düşmənləri onu təqib edir. Hənuq bir yer tapıb gizlənir və bir az dincini alır. O bilir ki, onlardan çox qaça bilməz. Qarşıda onu əzablı ölüm gözləyir. Bu vaxt ərzində o, Allaha dua edir və birdən ürəyinə rahatlıq çökdüyünü hiss edir. Ona Allahdan vəhy nazil olur. Peyğəmbər onu uzaqlara aparan bu vəhyin gerçək olduğunu zənn edir.

Yehova Allah əzablı ölümlə üz-üzə olan Hənuq peyğəmbərin həyatını köçürdü

Onun vəhydə gördüklərini bir anlıq xəyalınızda canlandırın: yaşadığı dünyadakı vəziyyətdən tamamilə fərqli bir həyat. Hər şey Ədən bağında olduğu kimi gözəldir. Artıq bu bağa girməyə mane olan kərrublar da yoxdur. Burada saysız-hesabsız insan var. Hamısı da sağlam və gümrahdır. Hamı sülh içində yaşayır. Hənuq peyğəmbərin gördüyü nifrətin, dini ədavətin izi belə yoxdur. Peyğəmbər Yehova Allahın onu sevdiyini, ondan razı qaldığını hiss edir. O əmindir ki, bura onun evidir. Getdikcə özünü daha da yaxşı hiss edir və bu minvalla gözlərini bağlayıb dərin yuxuya, ölüm yuxusuna gedir.

Bu günə kimi də o, ölüm yuxusundadır; Yehova Allahın mükəmməl yaddaşındadır. İsa peyğəmbər sonralar demişdi ki, elə bir vaxt gələcək ki, Allahın yaddaşında olanların hamısı Məsihin səsini eşidəcək və diriləcəklər. Onlar gözlərini gözəl, sülhün hökm sürdüyü yeni dünyada açacaqlar (Yəhya 5:28, 29).

Bəs siz orada olmaq istəyərdiniz? Təsəvvür edin ki, Cənnətdə Hənuq peyğəmbəri görürsünüz. Ondan nələr-nələr öyrənə bilərik! Soruşa bilərik ki, onun ölümünü düz təsəvvür etmişdik, yoxsa yox? O vaxta qədər isə vaxt itirmədən ondan vacib bir sahədə örnək almalıyıq. Hənuq peyğəmbər haqda danışandan sonra həvari Bulus demişdi: «İman etmədənsə Allahın razılığını qazanmaq mümkün deyil» (İbranilərə 11:6). Buna görə də hər birimiz Hənuq peyğəmbərin cəsarətini və imanını özümüzə örnək götürməliyik!

^ abz. 14 Bəzi Müqəddəs Kitab alimləri hesab edir ki, Yəhuda «Hənuqun Kitabı» adlı apokrifik nəşrdən sitat gətirib. Lakin bu kitab naməlum mənbədən olan uydurulmuş əsərdir və yanlış olaraq Hənuq peyğəmbərə aid edilir. Orada Hənuqun dediyi peyğəmbərlik sözləri dəqiqliklə yazılsa da, ehtimal ki, bizim dövrümüzə çatmayan hər hansı bir yazılı sənəddən götürülüb, ya da şifahi ənənə əsasında yazılıb. Yəhuda da ehtimal ki, həmin qədim mənbələrdən istifadə edib, yaxud Hənuqun həyatını göydən müşahidə edən İsa Məsihdən məlumat alıb.

^ abz. 20 Yehova Allah həmçinin Musa peyğəmbərin və İsa Məsihin də cəsədlərini yoxa çıxarmışdı ki, heç kim bu cəsədləri başqa məqsəd üçün istifadə etməsin (Qanunun təkrarı 34:5, 6; Luka 24:3—6; Yəhuda 9).