Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ OKTYABR 2015

 MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

Mən də başqalarına kömək edə bilərmişəm

Mən də başqalarına kömək edə bilərmişəm
  • DOĞULDUĞU İL: 1981

  • ÖLKƏ: QVATEMALA

  • KEÇMİŞDƏ: FACİƏLİ UŞAQLIĞI OLUB

KEÇMİŞİM.

Mən Qvatemalanın qərbində yerləşən uzaq bir şəhərdə, Akulda dünyaya göz açmışam. Ailəm Mayya mənşəli etnik qrup olan İsil xalqına məxsusdur. Balacalıqdan həm ispan, həm də yerli dildə danışıram. Uşaqlığım Qvatemalanın 36 illik qanlı vətəndaş müharibəsi dövrünə təsadüf edib. Həmin illər ərzində çoxlu isilli həlak olmuşdu.

Dörd yaşım olanda bədbəxt bir hadisə baş vermişdi: 7 yaşlı qardaşım qumbaranı oynadarkən əlində açılmışdı. Nəticədə qardaşım həyatını itirdi, mən isə gözlərimi. Bu hadisədən sonra uşaqlığım Qvatemalada yerləşən gözdən əlil uşaqlar üçün internatda keçib. Orada Brayl əlifbasını öyrəndim. Oranın işçiləri məni başqa uşaqlarla danışmağa qoymurdular, heç bilmirdim niyə. Uşaqlar özləri də məndən qaçırdı. Yazıq canım, həmişə tənhalıqdan əziyyət çəkmişəm. İldə cəmi iki ay anamın yanında qalırdım, həmin günləri həsrətlə gözləyirdim. Anam mənə qarşı çox mehriban və qayğıkeş olub. Heyif ki, on yaşım olanda onu itirdim. Məni sevən yeganə insanı itirməyim, mənim üçün böyük zərbə oldu.

On bir yaşımda doğma şəhərimə qayıdıb ögey qardaşımgildə yaşamağa başladım. Sağ olsunlar, heç nədən korluq çəkmirdim, ancaq ehtiyacım olan emosional dəstəyi ödəyə bilmirdilər. Bəzən Allaha fəryad edirdim: «Axı anam niyə öldü? Mən niyə kor oldum?» Camaat mənə deyirdi ki, başıma gələnlər Allahın işidir. Qənaətə gəldim ki, Allah qəddar və ədalətsizdir. İstəyirdim intihar edib canımı qurtarım, amma bilmirdim necə.

Gözdən əlil olduğum üçün cismim və ruhum əzilmişdi. Bir neçə dəfə cinsi zorakılığa məruz qalmışam. Bu barədə heç kəsə bir kəlmə belə demədim. Bilirdim ki, onsuz da heç kim vecinə almayacaq. İnsanlar nadir hallarda məni dindirərdi, elə özüm də ünsiyyətcil deyildim. Özümə qapanmışdım, etibar etdiyim bir adam belə yox idi.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

Yeniyetmə yaşlarımda məktəbdə tənəffüs vaxtı iki Yehovanın Şahidi (ər-arvad) mənə yaxınlaşdı. Halıma acıyan müəlliməm onlardan mənimlə  söhbət etmələrini xahiş etmişdi. Onlar mənimlə Müqəddəs Kitabdan ölənlərin diriləcəyi və korların gözlərinin açılacağı xəbərini bölüşdülər (Əşiya 35:5; Yəhya 5:28, 29). Eşitdiklərim xoşuma gəlmişdi, amma ünsiyyətcil olmadığım üçün onlarla söhbət etmək mənə çətin idi. Buna baxmayaraq, onlar yenə də yanıma gəlib nəzakətlə və səbirlə mənə Müqəddəs Kitab dərsləri keçirdilər. Bu cütlük dağın o tayından aşıb bizim şəhərə gəlmək üçün 10 kilometrdən çox yol qət edirdi.

Ögey qardaşım onları mənə səliqəli, lakin kasıbyana geyimli adamlar kimi təsvir etmişdi. İmkanlı olmasalar da, onlar həmişə mənə kiçik hədiyyələr gətirirdilər. Anladım ki, yalnız əsil məsihilər bu cür fədakarlıq göstərər.

Brayl şrifti ilə yazılmış nəşrlərin köməyi ilə Müqəddəs Yazıları öyrənirdim. Düzdür, oxuduqlarımı başa düşürdüm, ancaq bəzi şeylərlə barışa bilmirdim. Məsələn, həm Allahın, həm də insanların gözündə dəyərli olduğuma inanmağım gəlmirdi. Yehovanın əzablara müvəqqəti olaraq nə üçün yol verdiyini dərk etsəm də, Onun qayğıkeş Yaradan olduğunu qəbul etmək mənə çətin gəlirdi *.

Müqəddəs Yazılardan öyrəndiklərim mənə tədricən düşüncə tərzimi dəyişməyə kömək etdi. Misal üçün, öyrəndim ki, Allah əzab çəkənlərin halına acıyır. O, amansız rəftara məruz qalmış xidmətçiləri barədə belə deyir: «Xalqımın əzab-əziyyətini görürəm... Nə çəkdiklərindən agaham» (Çıxış 3:7). Yehovanın nəcib keyfiyyətləri üzərində düşündükcə, həyatımı Ona həsr etmək istədim. 1998-ci ildə vəftiz olub Yehovanın Şahidlərinin sırasına qoşuldum.

Məni himayəsinə götürən qardaşla birgə

Bir il sonra Eskuintla şəhərinin yaxınlığında gözdən əlil olanlar üçün kursa getməyə başladım. Yerli yığıncaqda xidmət edən ağsaqqal gördü ki, yaşadığım yerdən yığıncağa gəlib-getmək mənə nə qədər çətindir. Ən yaxın yığıncaq mənimlə dərs keçən başqa cütlüyün yaşadığı yerdə, yəni dağın o tayında idi, buna görə də bu boyda yolu qət etmək mənə asan deyildi. Həmin qardaş Eskuintlada məni himayəsinə götürəcək və yığıncaq görüşlərinə aparıb-gətirəcək bir ailə tapır. Günü bu günə kimi, mən onlarla qalıram. Onlar mənə öz ailə üzvləri kimi baxırlar.

İman bacı-qardaşlarımın mənə necə məhəbbət göstərdikləri barədə danışacaq o qədər şey var ki! Bütün bunlar məni əsil məsihilərin arasında olduğuma əmin edir (Yəhya 13:34, 35).

MƏNƏ FAYDASI.

Artıq özümü dəyərsiz və ümidsiz hiss etmirəm. İndi həyatıma rəng qatılıb. Yehovanın Şahidlərinin maarifləndirmə işinə daha çox vaxt sərf etməklə, diqqətimi bacarmadığım şeylərə yox, Müqəddəs Kitab həqiqətlərini başqaları ilə bölüşməyə cəmləyirəm. Həmçinin yığıncaq ağsaqqalı kimi xidmət edir və yerli yığıncaqlarda, hətta minlərlə insanın iştirak etdiyi regional toplantılarda Müqəddəs Kitaba əsaslanan nitq söyləyirəm.

Brayl şriftli Müqəddəs Kitabla nitq söyləyərkən

2010-cu ildə Salvadorda Xidməti Təkmilləşdirmə Məktəbinin (hazırkı adı Padşahlıq Müjdəçiləri Məktəbi) məzunu olmuşam. Bu məktəb məni yığıncaqdakı məsuliyyətlərimi daha yaxşı yerinə yetirməyə hazırladı. Bu təlimi almaqla Öz işi üçün istənilən adamı öyrətməyə qadir olan Yehovanın gözündə dəyərli olduğumu hiss etdim.

İsa peyğəmbər demişdi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35). Bu gün tam səmimiyyətlə deyə bilərəm ki, mən xoşbəxtəm! Sən demə, mən də başqalarına kömək edə bilərmişəm!

^ abz. 13 Allahın əzablara nə üçün yol verdiyini bilmək istəyirsinizsə, Yehovanın Şahidləri tərəfindən dərc edilən «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 11-ci fəslinə baxın.