Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ APREL 2015

 MÜQƏDDƏS KİTAB ƏSASINDA SÖHBƏT

Nəyə görə İsa Məsihin ölüm gününü qeyd etməliyik?

Nəyə görə İsa Məsihin ölüm gününü qeyd etməliyik?

Burada Yehovanın Şahidinin qonşuluqda yaşayan bir nəfərlə söhbəti təqdim olunur. Təsəvvür edək ki, Yeganə adında Yehovanın Şahidi Bahar xanımgilə gəlir.

«XATİRƏMİ YAD ETMƏK ÜÇÜN BUNU HƏMİŞƏ EDİN»

Yeganə: Salam, Bahar xanım. Sizi keçən həftə İsa Məsihin Xatirə gecəsində görmək çox xoş idi *. Məclisimiz xoşunuza gəldi?

Bahar: Hə, xoşuma gəldi, amma, düzünü desəm, çox şeyi başa düşmədim. Mən eşitmişəm ki, insanlar Milad bayramında İsa Məsihin doğum gününü, Pasxa bayramında onun dirilməsini qeyd edirlər. Ancaq hələ eşitməmişəm ki, kimsə onun ölüm gününü qeyd etsin.

Yeganə: Düzdür, bütün dünya Milad və Pasxa bayramını qeyd edir. Ancaq Yehovanın Şahidləri fikirləşir ki, İsa Məsihin ölüm gününü qeyd etmək daha vacibdir. Əgər bir neçə dəqiqə vaxtınız varsa, bunun səbəbini sizə izah edərdim.

Bahar: Hə, vaxtım var, buyurun.

Yeganə: Yehovanın Şahidləri İsa peyğəmbərin ölüm gününü ona görə yad edirlər ki, peyğəmbərin özü bunu buyurmuşdu. Gəlin sizinlə İsa Məsihin ölümündən əvvəlki gecə həvarilərinə dediyi sözlərə diqqət yetirək. Bu haqda İncildə, Luka 22:19 ayəsində yazılıb. Zəhmət olmasa, oxuya bilərsiniz?

Bahar: Oxuyaram. «Sonra çörək götürdü, Allaha şükür edib çörəyi böldü və şagirdlərinə verib dedi: “Bu çörək sizin uğrunuzda fəda ediləcək bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin”».

Yeganə: Çox sağ olun. Ayənin son sözlərinə diqqət yetirin, görün peyğəmbər nə buyurur: «Xatirəmi yad etmək üçün bunu həmişə edin». Davamçılarına bu sözləri deməzdən öncə peyğəmbər onun haqqında nəyi yad etməli olduqlarını izah etdi. O dedi ki, davamçıları uğrunda öz həyatını qurban verəcək. Mətta 20:28 ayəsində buna bənzər fikir yazılıb. Ayədə deyilir: «İnsan Oğlu da ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün gəlib». Qısa desək, Yehovanın Şahidləri hər il İsa peyğəmbərin ölüm günündə bir yerə yığışıb onun verdiyi fidyə qurbanlığını yad edirlər. Onun ölümü sayəsində saleh insanlar əbədi yaşaya bilərlər.

NƏYƏ GÖRƏ FİDYƏ QURBANLIĞINA EHTİYAC VAR İDİ?

Bahar: Bu fikri nə vaxtsa eşitmişəm, amma açığı, bunu başa düşmürəm, bu, necə ola bilər?

Yeganə: Düz deyirsiniz, bu mövzu əslində çox qəliz mövzudur. Amma Allahın Kəlamında yer alan ən gözəl həqiqətlərdən biridir. Yeri gəlmişkən, hələ vaxtınız var?

Bahar: Hə, bir az var.

 Yeganə: Əla. Təzəlikcə, elə mən də evdə özüm üçün bu mövzunu araşdırırdım. Çalışaram asan üsulla sizə izah edim.

Bahar: Yaxşı olardı.

Yeganə: Fidyə qurbanlığının mənasını dərk etmək üçün biz ilk növbədə Adəmlə Həvva Ədən bağında günah edəndən sonra hansı vəziyyətin yarandığını başa düşməliyik. Gəlin Romalılara 6:23 ayəsini oxuyaq. Zəhmət olmasa, oxuya bilərsiniz?

Bahar: Aha. «Günahın ödədiyi haqq ölümdür, Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır».

Yeganə: Çox sağ olun. Gəlin bu ayəni təhlil edək. Ayənin əvvəlində deyilir ki, günahın ödədiyi haqq, yəni cəza ölümdür. Allah bəşər tarixinin lap başlanğıcında bu sadə qanunu qoymuşdu. Əlbəttə ki, ta əzəldə bircə nəfər də olsun günahlı insan yox idi. Allah ilk insanları qüsursuz yaratmışdı. Onların övladları da qüsursuz, günahsız doğulmalı idilər. Buna görə də heç kimin ölməsinə səbəb yox idi. Adəmlə Həvvanın və onların bütün övladlarının şad-xürrəm, əbədi yaşamaq şansları var idi. Amma gördüyümüz kimi, hər şey başqa cür oldu.

Bahar: Hə, Adəm və Həvva qadağan olunmuş meyvəni yedilər.

Yeganə: Düz deyirsiniz. Bunu etməklə, yəni Allaha itaətsizlik göstərməklə günah etdilər. Yəni günahlı olmağı özləri seçdilər. Amma bunun altını çəkən təkcə Adəm və Həvva yox, onların bütün nəsli oldu.

Bahar: Necə yəni?

Yeganə: Gəlin sizə bir nümunə əsasında bunu izah edim. Yəqin bişirməyi xoşlayırsınız?

Bahar: Hə, xoşlayıram.

Yeganə: Tutaq ki, sizin çörək bişirmək üçün təzə və gözəl qabınız var. Amma hələ onun içində heç nə bişirməmiş qab yerə düşür və bir tərəfi əzilir. İndi onun içində çörək bişirəndə çörəklər necə çıxacaq? Yəqin nə qədər bişirirsiniz-bişirin hamısı əyri çıxacaq.

Bahar: Düz deyirsiniz, elədir.

Yeganə: Eynilə, Adəmlə Həvva Allaha qarşı itaətsizlik edəndə günah və qüsur, sanki, onları «əzdi», başqa sözlə onları korladı. Uşaqları onlar günah edəndən sonra doğulduğu üçün hamısı eyni qüsurla doğuldu, yəni dünyaya günahlı gəldi. Müqəddəs Kitabda günah deyiləndə hansısa səhv hərəkət yox, ümumi miras aldığımız vəziyyət nəzərdə tutulur. Nəticədə nə siz, nə də mən pis bir şey etməsək də, biz hələ doğulmamışdan öncə Adəmlə Həvva günah işlədərək həm bizi, həm də gələcək övladlarımızı nöqsanlı və günahlı həyata məhkum etdilər. Romalılara 6:23 ayəsinə əsasən isə günahın ödədiyi haqq ölümdür.

Bahar: Axı bu ədalətsizlikdir. Nəyə görə Adəm və Həvvanın etdiyi günaha görə bütün insanlar əbədiyyən əzab çəkməlidir?

Yeganə: Razıyam, bu, ədalətsizlik kimi görünür, amma vəziyyət heç də göründüyü kimi deyil. Adil və ədalətli Allahımız Adəmlə Həvvanı etdikləri günaha görə ölümə məhkum etdi, onların nəslini isə ümidsiz qoymadı. Allah bu çətin vəziyyətdə çıxış yolu yaratdı. Elə bu səbəbdən İsa Məsihi fidyə olaraq verdi. Romalılara 6:23 ayəsinə birdə baxsaq, görərik ki, «günahın ödədiyi haqq ölümdür» sözlərindən sonra «Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır» yazılıb. Yəni İsa Məsihin ölümü bizə günahdan və ölümdən qurtulmaq üçün yol açır *.

 FİDYƏ — ALLAHIN ƏN BÖYÜK ƏNAMI

Yeganə: Sizə bu ayədən daha bir fikir çatdırmaq istəyərdim.

Bahar: Hansı fikri?

Yeganə: Burada deyilir: «Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır». Nəzərə alsaq ki, bizim uğrumuzda əzab çəkən də, ölən də İsa Məsih olub, sizcə, nəyə görə ayədə «İsanın verdiyi ənam» yox, «Allahın verdiyi ənam» yazılıb? *

Bahar: Yalan deyərəm.

Yeganə: Adəmi də, Həvvanı da Allah yaratmışdı. Ədən bağında itaətsizlik edəndə də, Allaha qarşı günah etdilər. Əlbəttə, Allah görəndə ki, yaratdığı ilk insanlar Ona qarşı qiyam qaldırıb bu, Ona çox pis təsir etdi *. Lakin Yehova Allah dərhal problemin həllini dedi. Allah niyyət etdi ki, Onun ruhani varlıqlarından biri yer üzünə gəlsin, günahsız insan kimi yaşasın və sonda həyatını bizim uğrumuzda fidyə qurbanlığı kimi versin. Bəli, əslində bütün bu qurbanlıq Allahın ənamıdır. Fidyənin Allahın ənamı olduğunu başqa şey də göstərir. Təsəvvür edirsiniz, İsa öləndə Allah hansı hissləri keçirirdi?

Bahar: Bu haqda fikirləşməmişəm.

Yeganə: Gələndə həyətinizdə oyuncaqlar gördüm. Yəqin uşaqlarınız var?

Bahar: Hə. Bir qızım, bir oğlum var.

Yeganə: Bir təsəvvür edin, İsa Məsihin öldüyü gün Yaradanımız hansı hissləri keçirmişdi? Axı O, göydən sevimli bəndəsinin həbs olunduğunu, ələ salındığını, döyüldüyünü, sonra dirəyə mıxlandığını və elə oradaca yavaş-yavaş əzab çəkib öldüyünü görmüşdü. Bir valideyn kimi bu sizə necə təsir edərdi?

Bahar: Doğrudan da, çox dəhşətli bir şey olub. İndiyə kimi bu haqda fikirləşməmişdim.

Yeganə: Əlbəttə, Allahın həmin gün hansı hisslər keçirdiyini təsəvvür edə bilmərik, amma bir onu bilirik ki, Allahın da hissləri var. Həmçinin bütün bunların vaqe olmasına nə üçün yol verdiyini də bilirik. Yəhya 3:16 ayəsində bu, çox gözəl izah olunur. Zəhmət olmasa, oxuya bilərsiniz?

Bahar: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun».

Fidyə qurbanlığı məhəbbətin ən gözəl izharıdır

Yeganə: Minnətdaram. Ayənin ilk sözlərinə fikir verin. Burada deyilir ki, Allah dünyanı sevir. Əsas məsələ də Allahın bizi sevməsidir. Məhz məhəbbət Allahı təşviq etdi ki, Öz sevimli ruhani oğlunu yer üzünə göndərib bizim uğrumuzda qurban versin. Bəli, fidyə qurbanlığı məhəbbətin ən gözəl izharıdır. Elə buna görə də Yehovanın Şahidləri hər il bir araya gəlib İsa Məsihin ölüm gününü yad edirlər. Bəs indi necə, sizə qaranlıq qalan məqamlara aydınlıq gəldi?

Bahar: Əlbəttə. Mənə vaxt ayırdığınız üçün çox sağ olun.

Ola bilsin, sizi Müqəddəs Kitabdan hansısa bir mövzu maraqlandırır. Yaxud da Yehovanın Şahidlərinin etiqadları və necə ibadət etdikləri barədə bilmək istəyirsiniz. Yehovanın Şahidləri ilə rastlaşanda suallarınızı onlara verməkdən çəkinməyin. Əmin olun ki, onlar böyük məmnuniyyətlə suallarınıza cavab verəcəklər.

^ abz. 5 İldə bir dəfə Yehovanın Şahidləri İsa Məsihin ölüm gününün ildönümündə bir araya yığışaraq onun özünü bizim uğrumuzda fəda etməsini yad edirlər. 2015-ci ildə bu əlamətdar hadisə aprelin 3-ü cümə gününə düşür.

^ abz. 30 Bu rubrikanın davamında İsa Məsihin fidyə qurbanlığının bizi günahdan necə qurtardığı və bu fidyədən faydalanmaq üçün bizim nə etməli olduğumuz izah olunacaq. Məqaləni müxtəlif dillərdə oxuya bilərsiniz.

^ abz. 34 Tövrat, Zəbur, İncilə əsasən Allah və İsa iki ayrı-ayrı varlıqlardır. Daha ətraflı məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən nəşr olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 4-cü fəslinə baxın.

^ abz. 36 Yaradılış 3:15 ayəsinə baxın.

Əlavə məlumat

Məsih nəyin naminə iztirab çəkib öldü?

Məsihin ölümü sayəsində hansı nemətləri dada bilərsiniz?