Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ APREL 2015

 MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

Həyatımı dəyişən üç sual

Həyatımı dəyişən üç sual
  • DOĞULDUĞU İL: 1949

  • ÖLKƏ: BİRLƏŞMİŞ ŞTATLAR

  • KEÇMİŞDƏ: MƏNALI HƏYATIN AXTARIŞINDA OLUB

KEÇMİŞİM.

Mən Nyu–Yorkun (ABŞ) şimalında yerləşən kiçik şəhərdə, Ankramda böyüyüb boya-başa çatmışam. Bu şəhərdə hər addım başı südçülük fermaları var idi. Buna görə də inəklərin sayı insanların sayını keçmişdi.

Şəhərimizdə bircə kilsə var idi. Ailəmiz də ora gedirdi. Hər bazar səhər-səhər babam ayaqqabımı təmizləyib məni kilsə məktəbinə aparırdı. Özümlə həmişə nənəmin mənə bağışladığı ağ Müqəddəs Kitabı götürürdüm. Orada mənə, bacıma və qardaşıma zəhmətkeş olmağı, başqalarına hörmət göstərməyi, kömək etməyi, hər şeyə görə şükr eləməyi öyrədirdilər.

Böyüyəndən sonra mən başqa yerə köçdüm və məktəbdə müəllimə kimi işləməyə başladım. Allahla, həyatla bağlı çoxlu suallarım var idi. Bəzi şagirdlərim çox qabiliyyətli idilər. Digərləri onlar kimi qabiliyyətli olmasalar da, çox çalışırdılar. Bəzilərinin fiziki qüsurları olmadığı halda, digərlərinin var idi. Mən bunu ədalətsizlik hesab edirdim. Bəzən o qədər də qabiliyyəti olmayan uşaqların anaları belə deyirdi: «Allah belə məsləhət bilib». Başa düşə bilmirdim, görəsən, Allah nəyə görə bəzi uşaqların fiziki qüsurla doğulmasına izin verir. Axı uşaqların heç bir günahı yoxdur.

Mən həmçinin düşünürdüm: «Həyatımı nəyə həsr edim ki, hədər getməsin?» Çünki gözümün qabağında vaxt uçub gedirdi. Mən yaxşı ailədə böyümüşəm, yaxşı təhsil almışam, indi isə sevdiyim işdə işləyirdim. Amma gələcək mənə mənasız gəlirdi. Fikirləşirdim ki, uzaq başı, ərə gedəcəyəm, qəşəng evim olacaq, bir-iki uşaq doğacam, təqaüdə çıxana kimi işləyəcəm, sonra da ömrümün qalan hissəsini qocalar evində keçirəcəyəm. Vəssəlam?! Həyatın mənası elə bundadır?

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

Bir dəfə yayda bəzi müəllimələrlə yığışıb Avropaya səyahətə çıxdıq. Biz Vestminster abbatlığına, Paris Məryəm Ana kilsəsinə, Vatikana və başqa xırda kilsələrə getdik. Hara gedirdim, məni narahat edən sualları verirdim. Evə, Slotsburqa (Nyu-York) dönəndən sonra orada da bir neçə kilsəni  gəzdim. Amma heç biri məni qane edən cavab vermədi.

Günlərin bir günü 12 yaşlı bir şagird yaxınlaşıb mənə üç sual verdi. İlk əvvəl, o, onun Yehovanın Şahidi olduğunu bilib-bilmədiyimi soruşdu. Mən dedim «bilirəm». İkincisi, o soruşdu ki, mən Yehovanın Şahidləri barədə daha çox bilmək istəyərəmmi. «Hə», — deyə cavab verdim. Üçüncüsü isə, o məndən harada yaşadığımı soruşdu. Ona ünvanımı deyəndə məlum oldu ki, sən demə, biz qonşuyuq. Heç ağlıma da gəlməzdi ki, bu qızcığazın verdiyi üç sual mənim həyatımı həmişəlik dəyişəcək.

Çox keçməmiş o, velosipedilə evimə gəldi və mənə Müqəddəs Kitabı öyrətməyə başladı. Din xadimlərindən soruşduğumu ondan da soruşdum. Onların cavab verə bilmədiyi suallara o cavab verdi. Özü də ki, bu cavabları mənim öz Müqəddəs Kitabımdan açıb göstərdi. Maraqlıdır ki, o vaxta qədər həmin ayələrə fikir verməmişdim.

Müqəddəs Kitabdan öyrəndiklərim mənə sevinc və məmnunluq bəxş elədi. 1 Yəhya 5:19 ayəsini oxuyanda ürəyim cuşa gəldi. Orada deyilir: «Biz bilirik ki, biz Allahdanıq, bütün dünya isə Şəririn əlindədir». Dünyadakı bütün əzab-əziyyətlərin Allahdan yox, Şeytandan olduğunu biləndə və Allahın tezliklə vəziyyəti düzəldəcəyini öyrənəndə ürəyim yerinə gəldi (Vəhy 21:3, 4). Bir şey anladım, Müqəddəs Kitabın başa düşmək üçün onu düzgün izah etmək lazımdır. Nə olsun ki, mənə 12 yaşlı uşaq dərs keçib, mənim üçün həqiqət həqiqət olaraq qalır, fərqi yoxdur, onu kim deyir.

Amma yenə də, mənə maraqlı idi, Yehovanın Şahidləri dediklərinə özləri əməl edirlər, yoxsa yox. Misal üçün, bu qızcığaz vurğulamışdı ki, əsil məsihilər səbir və xeyirxahlıq kimi keyfiyyətlər əks etdirirlər (Qalatiyalılara 5:22, 23). Mən onda bu xüsusiyyətlərin olub-olmadığını yoxlamaq istədim. Buna görə bir dəfə qəsdən evə gec gəldim. Mənə maraqlı idi, görəsən, o, məni gözləyəcək? Gözləsə də, gecikdiyimə görə əsəbiləşəcək? Evə gedən yola çıxanda gördüm ki, o, qapının ağzında durub məni gözləyir. O, məni görən kimi maşınıma tərəf qaçıb dedi: «İndicə evə gedib anama demək istəyirdim ki, xəstəxanalara və polisə zəng edib öyrənsin görsün sizə bir şey olmayıb? Axı siz heç vaxt gecikmirsiniz. Sizə görə çox narahat idim!»

Bir dəfə də mən ona qəliz bir sual verdim. Düşünürdüm ki, bu yaşdakı uşaq çətin ki ona cavab versin. Bilmək istəyirdim, görəsən, o, cavabı özündən uyduracaq? Sualı verəndə o, mənə ciddi-ciddi baxıb dedi: «Bilirsiniz, bu, çətin sualdır. Mən indi onu yazaram və evdə valideynlərimdən soruşaram». O, növbəti dəfə gələndə sualımı cavablandıran «Gözətçi qülləsi» jurnalını gətirdi. Yehovanın Şahidlərinin nəşrləri bütün suallarıma Müqəddəs Kitabın əsasında cavab verirdi. Məni onlara cəlb edən də elə bu idi. Mən o qızcığazla öyrənməni davam elədim və bir ildən sonra Yehovanın Şahidi oldum *.

MƏNƏ FAYDASI.

Nəhayət, bütün suallarımın cavabını tapdım. Öyrəndiklərimi hamı ilə bölüşmək istəyirdim (Mətta 12:35). Əvvəl-əvvəl valideynlərim yeni etiqadıma qarşı çıxırdılar. Amma vaxt keçdikcə onlar sakitləşdilər. Anam həyatının sonuna yaxın Müqəddəs Kitabı öyrənməyə başladı. Heyif, onun vəftiz olmağa ömrü yetmədi, amma əminəm ki, o, Yehova Allaha ibadət etməyə qərar vermişdi.

1978-ci ildə mən İlayas Kazan adlı bir Yehovanın Şahidi ilə ailə qurdum. 1981-ci ildə bizi Beytelə * dəvət etdilər. Təəssüflər olsun ki, biz orada cəmi dörd il xidmət edəndən sonra İlayas vəfat etdi. Amma bundan sonra da Beyteldə xidmət etməyə davam etdim. Burada başım heç olmasa qarışırdı və bir az rahatlaşırdım.

2006-cı ildə mən Beyteldə xidmət edən Riçard Eldredlə evləndim. Biz indi də bu şərəfli xidmətdəyik. Mən Allah haqda həqiqəti öyrəndim. Bununla mən nəinki uzun müddət axtarışında olduğum suallarımın cavabını, həmçinin həyatın əsil mənasını tapdım. Bütün bunlar bir qızcığazın verdiyi üç sualdan başladı.

^ abz. 16 Ümumilikdə, bu qız və onun bacı–qardaşları beş müəlliminə Müqəddəs Kitabı öyrənib, Yehova Allaha ibadət etməyə kömək ediblər.

^ abz. 18 «Beytel» sözünün mənası «Allahın evi» deməkdir. Yehovanın Şahidlərinin bütün dünyadakı filialları belə adlanır (Yaradılış 28:17, 19; haşiyə). Beytel ailəsinin üzvləri Yehovanın Şahidlərinin təlim proqramını dəstəkləyən müxtəlif işləri həyata keçirirlər.

Əlavə məlumat

MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB

Həyatın mənası nədədir?

«Həyatın mənası nədədir?» sualını özünüzə vermisinizmi? Müqəddəs Kitabda bu suala verilən cavabı öyrənin.