Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ APREL 2015

Bilirsiniz?

Bilirsiniz?

Roma ordusunda yüzbaşının vəzifəsi nədən ibarət idi?

Yüzbaşı Markus Favonius fasilasın təsviri

İncildə bir neçə dəfə Roma yüzbaşısı haqda danışılır. Məsihiliyi qəbul edən ilk qeyri-yəhudi Kornili, o cümlədən İsanın edamına nəzarət edən ordu başçısı məhz bu rütbədən idi. Bulusun qamçılanmasına nəzarət edən məmur və Bulus Romaya aparılarkən onu müşayiət edən Yuli də yüzbaşı idi (Mark 15:39; Həvarilərin işləri 10:1; 22:25; 27:1).

Adətən, yüzbaşı 50—100 sıravi əsgərdən ibarət senturiyaya rəhbərlik edirdi. Onun vəzifəsinə əsgərlərə təlim keçmək, nizam-intizamı öyrətmək, paltarlarını və silah-sursatlarını yoxlamaq, həmçinin sıraya düzülən zaman onlara əmr vermək daxil idi.

Adi əsgərin qalxa biləcəyi ən üstün rütbə yüzbaşı rütbəsi idi. Bu vəzifəni peşəkar əsgərlər icra edirdi və onlar yaxşı rəhbər olmalı idilər. Çünki Romanın qüdrətli ordusunun nizamlı və yararlı olması onlardan asılı idi. Bir mənbəyə əsasən, yüzbaşılar «adətən, ordunun ən təcrübəli və hər şeydən məlumatları olan adamları idilər».

Qədimi güzgülərin müasir güzgülərdən hansı fərqi var?

Qədim Misir güzgüsü

İndiki zəmanədəki güzgülərdən fərqli olaraq, peyğəmbərlərin dövründəki güzgüləri, adətən, yaxşı cilalanmış metaldan düzəldirdilər. Çox vaxt onları tuncdan, bəzən isə misdən, gümüşdən, qızıldan və ya qızılla gümüşün qarışığından hazırlayırdılar. Müqəddəs Kitabda güzgü sözü birinci dəfə israillilərin ilk ibadət yeri olan müqəddəs çadırın düzəldilməsi ilə bağlı işlənib. Qadınlar öz güzgülərini mis çənin və onun altlığının düzəldilməsi üçün vermişdilər (Çıxış 38:8). Amma ehtimal ki, həmin güzgüləri əridib sonra istifadə edirdilər.

İsraildə və onun ətrafında arxeoloji qazıntılar zamanı tapılan güzgülər əsasən qadınların zinət əşyaları və digər bəzək əşyaları ilə birgə tapılırdı. Bu güzgülər, əksər hallarda, dairəvi olurdu. Güzgülərin tutacağı naxış vurulmuş taxtadan, metaldan, yaxud fil sümüyündən olurdu və forması çox vaxt qadın bədənini xatırladırdı. Güzgülərin cilalanmamış tərəfi bəzəksiz olurdu.

Qədimi güzgülər görüntünü indiki şüşə güzgülərdən daha zəif əks etdirirdi. Bununla biz həvari Bulusun 1 Korinflilərə 13:12 ayəsində nəyi nəzərdə tutduğunu başa düşürük: «Çünki hal-hazırda biz, sanki, metal güzgüyə baxıb orada dumanlı surətlər görürük» (1 Korinflilərə 13:12).