Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ YANVAR 2015

İsa Məsihə dua etmək caizdir?

İsa Məsihə dua etmək caizdir?

TƏDQİQATÇILAR 10-dan çox dinə mənsub olan 800 gəncin arasında İsanın dualara hay verib vermədiyi ilə bağlı sorğu keçiriblər. Bu sorğu nəticəsində onların 60 faizdən çoxu İsanın dualara cavab verdiyinə inandıqlarını bildirib. Onlardan yalnız bir qız isə sorğu vərəqəsində İsanın adının üstündən xətt çəkib «Allah» yazmışdı.

Bəs sizcə, biz İsaya dua etməliyik, yoxsa Allaha? * Gəlin görək İsa Məsih şagirdlərinə necə dua etməyi öyrətmişdi.

İSA MƏSİH KİMƏ DUA ETMƏYİ ÖYRƏTMİŞDİ?

İsa peyğəmbər kimə əl açıb dua etməli olduğumuzu həm sözdə, həm də əməldə göstərmişdi.

İsa peyğəmbərin buyurduğu kimi, biz yalnız və yalnız Allaha dua etməliyik

SÖZDƏ. Şagirdlərdən biri İsa peyğəmbərə yaxınlaşıb: «Bizə dua etməyi öyrət», — deyəndə peyğəmbər ona «Ata» * deyə dua etməyi buyurmuşdu (Luka 11:1, 2). Sonradan peyğəmbər Dağüstü təbliği zamanı dinləyicilərini dua etməyə təşviq etmişdi: «Atana dua et». O həmçinin onları əmin etmişdi: «Atanız Allah, Ondan bir şey istəməzdən əvvəl, sizin nəyə ehtiyac duyduğunuzu bilir» (Matta 6:6, 8). Son gecəsində İsa Məsih şagirdlərinə demişdi: «Atadan mənim adım naminə nə istəsəniz, sizə verəcək» (Yəhya 16:23). Bəli, İsa Məsihin sözünün canı o idi ki, biz hamımızın Atası olan Yehova Allaha dua etməliyik (Yəhya 20:17).

ƏMƏLDƏ. İsa Məsih başqalarına necə öyrədirdisə, özü də elə dua edirdi. Məsələn, o: «Ata, ey göyün və yerin Ağası! Hamının qarşısında Sənə şükür edirəm», — deyə dua etmişdi (Luka 10:21). Digər duasında isə Məsih göyə baxıb demişdi: «Ata, çox sağ ol ki, məni eşitdin» (Yəhya 11:41). Ölüm ayağında olanda isə o, belə dua etmişdi: «Ata, ruhumu sənə tapşırıram» (Luka 23:46). O, səmavi Atasına, göyün və yerin Ağasına dua etməklə hamıya gözəl nümunə qoydu (Matta 11:25; 26:41, 42; 1 Yəhya 2:6). Bəs İsa Məsihin ilk davamçıları necə? Onlar onun öyrətdiyi kimi dua edirdilər?

MƏSİHİN İLK DAVAMÇILARI KİMƏ DUA EDİRDİLƏR?

Allah İsa Məsihi göyə qaldırandan bir qədər sonra onun şagirdlərini sıxışdırmağa başladılar (Həvarilərin işləri 4:18). Əlbəttə ki, şagirdlər belə vaxtlarda kömək üçün dua edirdilər. Amma kimə? İncildə yazılıb ki, onların «hamısı birlikdə ucadan Allaha dua etdilər» və Allahın müqəddəs qulu İsanın adı ilə kömək istədilər (Həvarilərin işləri 4:24, 30). Göründüyü kimi, İsanın davamçıları onun buyurduğu kimi, ona yox, Allaha dua edirdilər.

İllər sonra həvari Pavel digər iman qardaşlarına yazdığı məktubunda özünün və dostlarının etdiyi dua barədə belə demişdi: «Sizin üçün hər dəfə dua edəndə Allaha, Ağamız İsa Məsihin Atasına şükür edirik» (Koloslulara 1:3). Həvari həmçinin dindaşlarına yazmışdı ki, «Ağamız İsa Məsihin  adı ilə həmişə, hər şey üçün Atamız Allaha şükür [etsinlər]» (Efeslilərə 5:20). Bu ayələrdən görürük ki, Pavel başqalarını İsa Məsihin adı ilə «hər şey üçün Atamız Allaha» dua etməyə təşviq edirdi (Koloslulara 3:17).

Biz də, həmin məsihçilər kimi, İsa Məsihi sevdiyimizi onun buyurduğu kimi dua etməklə göstərə bilərik (Yəhya 14:15). Yalnız və yalnız Atamız olan Allahımıza dua edəndə biz məzmurçunun sözlərinə şərik olacağıq. O demişdi: «Rəbbi sevirəm, çünki O, yalvarışımı eşidir... Nə qədər varam, Onu çağıracağam» (Məzmur 116:1, 2) *.

^ abz. 3 Müqəddəs Yazılarda deyilir ki, Allah-Taala İsa Məsihdən qat-qat üstündür. Bu haqda ətraflı məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 4-cü fəslinə baxın. Bu kitabı həmçinin www.jw.org saytında tapa bilərsiniz.

^ abz. 6 Yehova Allah Yaradan olduğu üçün Ata adlanır (Yeşaya 64:8).

^ abz. 11 Allahın dualarımızı qəbul etməsini istəyiriksə, Onun buyruqlarına əməl etməliyik. Ətraflı məlumat üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 17-ci fəslinə baxın.

Əlavə məlumat

Allaha yalvarsam, mənə kömək edəcəkmi?

Allah problemlərimizi görürmü?