Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ YANVAR 2015

 ÜZ QABIĞINDA | KORRUPSIYASIZ HÖKUMƏT

Korrupsiya girdabında batan hökumət

Korrupsiya girdabında batan hökumət

Korrupsiya — vəzifəli şəxslərin öz mənfəətləri üçün səlahiyyətlərindən sui-istifadə etmələridir. Korrupsiyanın tarixi ta qədimə gedib çıxır. Misal üçün, təxminən 3500 il bundan əvvəl Tövratda yazılan qanunlardan biri hakimlərə rüşvət almağı qadağan edirdi. Bu da onu göstərir ki, hətta o dövrdə də rüşvət var idi (Çıxış 23:8). Korrupsiya deyildikdə sadəcə rüşvət almaq nəzərdə tutulmur. Bəzi məmurlar əmlakı mənimsəyir, ixtiyarı çatmayan xidmətlərdən yararlanır və ya dövlət vəsaitini oğurlayırlar. Onlar həmçinin öz səlahiyyətlərindən istifadə edərək qohumbazlıq edirlər.

Düzdür, korrupsiyaya istənilən təşkilatda rast gəlmək olar, amma dövlət orqanlarında bu, daha çox müşahidə olunur. Beynəlxalq Şəffaflıq Təşkilatının («Transparency International») «Qlobal Korrupsiya Barometri» layihəsinin 2013-cü il hesabatına əsasən, dünya üzrə korrupsiya hallarına ən çox beş sahədə rast gəlinir. Bunlar siyasi partiyalar, polis, dövlət işçiləri, parlament və məhkəmə sistemidir. Aşağıda gətirilən cəmi bir neçə hadisə problemin nədən qaynaqlandığını açıq şəkildə göstərir.

  • AFRİKA. 2013-cü ildə Cənubi Afrikada təxminən 22 000 dövlət məmuru korrupsiyada ittiham olunaraq məsuliyyətə cəlb olunub.

  • CƏNUBİ AMERİKA. 2012-ci ildə Braziliyada 25 nəfər dövlət vəsaiti hesabına siyasi dəstək almaqda təqsirkar bilinib. Onların arasında ölkənin ikinci nüfuzlu adamı, sabiq prezidentin administrasiya rəhbəri də var idi.

  • ASİYA. 1995-ci ildə Seulda (Cənubi Koreya) ticarət mərkəzinin uçması nəticəsində 502 nəfər həyatını itirib. Araşdırma nəticəsində məlum olub ki, podratçılar standartlara uyğun olmayan betondan istifadə etmələrinə və təhlükəsizlik qaydalarını pozmalarına göz yummaları üçün məmurlara rüşvət veriblər.

  • AVROPA. Daxili işlər üzrə Avropa Komissarı Sesilia Malmström deyir ki, Avropada «bu problem [korrupsiya] dəhşət dərəcədə yayılıb». O əlavə edir: «Siyasətçilər korrupsiyanın kökünü kəsmək üçün üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər».

Gördüyümüz kimi, korrupsiya dövlətdə dərin kök salıb. Antikorrupsiyaya dair mütəxəssis, professor Syuzan Ros-Akermanın sözlərinə görə, islahatlar üçün «dövlətin iş strukturunda köklü dəyişikliklər aparılmalıdır». Düzdür, vəziyyət çıxılmaz görünsə də, Allah vəd edir ki, bundan qat-qat böyük dəyişikliklər olacaq.