Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  oktyabr 2014

 ÜZ QABIĞINDA | HƏYATINIZI DƏYIŞƏCƏK HÖKUMƏT

Allahın Hökuməti peyğəmbər üçün niyə önəmlidir?

Allahın Hökuməti peyğəmbər üçün niyə önəmlidir?

İsa peyğəmbər başına toplaşan insanlara çox şeylər danışardı, misal üçün, Allahı razı salmaqdan, düzgün dua etməkdən, həyatda əsil xoşbəxtliyi tapmaqdan (Matta 6:5—13; Mark 12:17; Luka 11:28). Amma peyğəmbər hər şeydən çox Allahın Padşahlığı haqda danışardı. Padşahlığın onun ürəyində xüsusi yeri var idi (Luka 6:45).

Ötən məqalədə də qeyd olunduğu kimi, «Allahın padşahlığı haqqında xoş xəbəri təbliğ [etmək]» işi İsa Məsihin xidmətinin özəyi idi (Luka 8:1). O, Allahın Padşahlığı haqda insanlara öyrətmək üçün İsraili qarış-qarış gəzmişdi. İsa Məsihin xidmətindən bəhs edən dörd Müjdədə Padşahlıq mövzusuna 100 dəfədən çox istinad edilir. Ən çox bu istinadlara İsa Məsihin sözlərində rast gəlirik. Ancaq bunlar İsanın Allahın Padşahlığı haqda danışdıqlarının heç yarısı da deyildi! (Yəhya 21:25).

İsa peyğəmbər yer üzündə olarkən Allahın Padşahlığına niyə bu qədər önəm verirdi? O bilirdi ki, Allah onu qurduğu Padşahlığa Padşah seçib (Yeşaya 9:6; Luka 22:28—30). Ancaq peyğəmbərin məqsədi hakimiyyət və ya şöhrət sahibi olmaq deyildi (Matta 11:29; Mark 10:17, 18). O, Padşahlığı öz mənfəətini güddüyü üçün bəyan etmirdi. İsa Məsih Padşahlığın Allahın adı naminə və sadiq davamçılarının rifahı üçün nələr edəcəyini bilirdi. Bu, onun Padşahlığı bəyan etməsinin əsas səbəbi idi. Keçmişdə olduğu kimi, bu gün də Padşahlıq * İsa Məsih üçün önəmlidir.

PADŞAHLIQ ALLAH NAMİNƏ NƏLƏR EDƏCƏK?

İsa Məsihin Allaha güclü bağlılığı var (Süleymanın məsəlləri 8:30; Yəhya 14:31). O, Yaradanının məhəbbət, mərhəmət və ədalət kimi gözəl xüsusiyyətlərinə məftundur (Qanunun təkrarı 32:4; Yeşaya 49:15; 1 Yəhya 4:8). Təəssüf ki, Allahın adına çoxlu iftiralar atılır, deyirlər ki, Allah insanların iztirablarına biganə yanaşır, bizə əzab çəkdirən Odur. İsa belə yalanlara nifrət edir. Bu, onun Padşahlıq haqqında xoş xəbəri canla-başla təbliğ etməsinin səbəblərindən biri idi. O bilirdi ki, Padşahlıq Allah-Taalanın ad–sanını təmizə çıxaracaq (Matta 4:23; 6:9, 10). Bəs bu, necə olacaq?

Padşahlıq vasitəsilə Yehova bəşəriyyətin rifahı naminə böyük işlər görəcək. Allah sadiq «insanların gözlərindən bütün yaşları siləcək». Yehova göz yaşlarına səbəb olan hər şeyi aradan götürəcək, «nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq» (Vəhy 21:3, 4). Padşahlıq vasitəsilə Allah insanların çəkdiyi bütün əzab-əziyyətlərə son qoyacaq *.

İsa Məsihin nəyə görə insanlara Padşahlıq haqda danışmaq üçün can atdığı aydındır! O bilirdi  ki, Padşahlıq Allahın qüdrətli və rəhmli olduğunu əyan edəcək (Yaqub 5:11). Həmçinin o bilirdi ki, bu, sevdiyi saleh insanlara da fayda gətirəcək.

PADŞAHLIQ SALEH İNSANLARIN RİFAHI ÜÇÜN NƏ EDƏCƏK?

İsa Məsih yerə gəlməzdən xeyli əvvəl göydə, Allahın dərgahında yaşayırdı. Allah səmadakı saysız-hesabsız ulduzları, qalaktikaları, gözəl planetimizi və heyvanat aləmini, bir sözlə, hər şeyi İsayla birgə yaratmışdı (Koloslulara 1:15, 16). Amma ona ən çox fərəh gətirən insan övladı idi (Süleymanın məsəlləri 8:31).

İsa peyğəmbərin insanlara olan məhəbbəti xidmətində özünü büruzə verirdi. Xidmətinə başladığı elə ilk gündən o, aydın bildirdi ki, yer üzünə gəlişinin səbəbi xoş xəbəri ehtiyac duyan hər kəsə çatdırmaqdır (Luka 4:18). Amma İsa Məsih insanlara kömək etmək haqda danışmaqdan daha çox şey etdi. O, insanları sevdiyini dəfələrlə əməldə göstərdi. Məsələn, böyük izdiham ona qulaq asmaq üçün toplaşanda «İsanın onlara yazığı gəldi və xəstələrini sağaltdı» (Matta 14:14). Bir dəfə ağır xəstəlikdən əziyyət çəkən bir insan İsa peyğəmbərin istədiyi təqdirdə onu sağalda biləcəyinə imanını izhar etdi. İsa məhəbbətdən irəli gələrək şəfqətlə: «İstəyirəm. Təmizlən», — deyib ona şəfa verdi (Luka 5:12, 13). Yaxın dostu Məryəmin qardaşı Lazarın ölümünə görə matəm içində olduğunu görəndə İsa Məsih «bərk qəhərləndi», «dərindən ah [çəkdi]» və «gözlərindən yaş axdı» (Yəhya 11:32—36). Sonra o, möcüzəvi bir şey etdi — dörd günün ölüsü olan Lazarı diriltdi! (Yəhya 11:38—44).

Əlbəttə, İsa peyğəmbər dərk edirdi ki, insanların dərdini azaltmaq üçün etdiyi şeylər müvəqqətidir, çünki əvvəl-axır onun sağaltdığı xəstələr yenidən xəstələnəcək və diriltdiyi insanlar yenidən öləcəklər. Lakin İsa Məsih onu da bilirdi ki, Allahın Padşahlığı bu kimi problemləri birdəfəlik həll edəcək. Buna görə də o sırf möcüzələr göstərmirdi, «padşahlıq haqqında xoş xəbəri» də şövqlə təbliğ edirdi (Matta 9:35). Onun möcüzələri Allahın Padşahlığının tezliklə yer üzündə edəcəyi möhtəşəm işlərin kiçik bir nümunəsi idi. Gəlin həmin dövrün necə olacağını təsəvvür etmək üçün Müqəddəs Kitabda qələmə alınan vədlərə nəzər salaq.

  •  Xəstəlik olmayacaq

    «O vaxt korların gözləri, karların qulaqları açılacaq. Axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək». Üstəlik, heç kim «“xəstəyəm” deməyəcək» (Yeşaya 33:24; 35:5, 6).

  • Ölüm olmayacaq

    «Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:29).

    «Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək» (Yeşaya 25:8).

  • Ölülər diriləcək

    «Qəbirlərdə olanların hamısı onun səsini [eşidib]... diriləcəklər» (Yəhya 5:28, 29).

    «Ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15, İncil, 1993).

  • Evsizlik və işsizlik problemi olmayacaq

    «Onlar evlər tikib orada məskunlaşacaq, üzüm bağları salacaq, bəhrələrindən yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdikləri bağın meyvələrini başqaları yeməyəcək... seçilmişlərim əllərinin işlərindən zövq alacaq» (Yeşaya 65:21, 22).

  •  Müharibələr olmayacaq

    «O, yerin ucqarlarınadək döyüşləri dayandırar» (Məzmur 46:9).

    «Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək» (Yeşaya 2:4).

  • Aclıq olmayacaq

    «Yer üzü bəhrəsini verəcək, Allah, bizim Allahımız bizə ruzi-bərəkət verəcək» (Məzmur 67:6, «Yeni Dünya Tərcüməsi»).

    «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Məzmur 72:16, «Yeni Dünya Tərcüməsi»).

  • Kasıbçılıq olmayacaq

    «Yoxsullarsa həmişəlik unudulmaz» (Məzmur 9:18, «Yeni Dünya Tərcüməsi»).

    «O, imdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri qurtarır. Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir» (Məzmur 72:12, 13).

Allahın Padşahlığının gələcəkdə nələr edəcəyi haqda oxuyanda bu Padşahlığın İsa Məsih üçün nəyə görə bu qədər önəmli olduğunu, yəqin, anlayırsınız. O, yer üzündə olarkən Allahın Padşahlığı haqda söhbətlərə qulaq asmaq istəyən hər kəsə bu barədə sevinclə danışırdı, çünki bilirdi ki, bu gün qarşılaşdığımız üzücü problemlərə yalnız Padşahlıq son qoyacaq.

Müqəddəs Kitabda Padşahlıq haqda deyilənlər sizi maraqlandırır? Padşahlıq haqda daha ətraflı məlumatı necə əldə etmək olar? Onun gətirəcəyi xeyir-duaları almaq üçün sizdən nə tələb olunur? Bu silsilədən olan sonuncu məqalədə bu suallara cavab verilir.

^ abz. 5 Bu məqalədə İsanın hisslərindən danışılanda fel indiki zamanda işlənilir. Çünki o sağdır və göydədir; şübhə yoxdur ki, göyə qalxandan sonra da Padşahlıq onun üçün önəmini itirməyib (Luka 24:51).

^ abz. 8 Allahın müəyyən müddətə insanların əzab-əziyyət çəkməsinə nəyə görə yol verdiyini Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 11-ci fəslindən öyrənə bilərsiniz.

Əlavə məlumat

İLAHİ MÜJDƏ

Nə üçün Allah pisliyə və zülmə son qoymur?

Pislik haradan başlayıb? Nə üçün Allah bu vaxtadək əzablara son qoymayıb? Pisliklərin sonu nə vaxtsa gələcəkmi? Pisliklərə nə vaxtsa son qoyulacaq?