Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  iyul 2014

Düzgün tərbiyə necə olmalıdır?

Düzgün tərbiyə necə olmalıdır?

«Çox nigaran idim: qulağım ötüb-keçən maşınların səsində qalmışdı. Artıq üçüncü dəfə idi ki, oğlumuz Cordan evə vaxtından gec gəlirdi. “Görəsən, o, hardadır? Birdən başına bir iş gələr? Məgər o başa düşmür ki, biz narahat oluruq?” — deyə fikirləşirdim. O, evə gəlib çıxanda az qalırdı əsəbimdən partlayım» (CORC).

«Birdən qızımdan elə qışqırıq qopdu ki, ürəyim düşdü. Dönüb ona baxanda gördüm ki, əli ilə başını tutub hönkür-hönkür ağlayır. 4 yaşlı qardaşı onu vurmuşdu» (NİKOL).

«“Üzüyü oğurlamamışam, tapmışam”, — 6 yaşlı qızımız Natali deyirdi. Onun iri mavi gözlərindən məsumluq yağırdı. Natalinin tərslik etdiyini görəndə bizi ağlamaq tutdu, çünki yalan danışdığını bilirdik» (STEFAN).

ƏGƏR sizin də övladınız varsa, yəqin, bu hisslər sizə yaxşı tanışdır. Bənzər vəziyyətlərlə qarşılaşanda, yəqin, sizdə sual yaranır: «İndi mən nə edim? Onu cəzalandırım? Cəzalandırmalıyamsa, necə? Ümumiyyətlə, uşağı cəzalandırmaq səhvdir?»

TƏRBİYƏ NƏDİR?

Müqəddəs Kitabda istifadə olunan tərbiyə sözü sadəcə olaraq cəza sözünün sinonimi deyil. Tərbiyə sözünün əsas mənaları öyüd-nəsihət, təlim-tərbiyə və düzəliş verməkdir. Əsil tərbiyə özünə təhqir etməyi, qəddar rəftarı daxil etmir (Süleymanın məsəlləri 4:1, 2).

Tərbiyə verməyi bağbançılığa bənzətmək olar. Bağban torpağı belləyir, bitkini sulayır, gübrələyir, ziyanvericilərdən qoruyur və alaq otlarından təmizləyir. Bitki böyüdükcə bağban onu budayır ki, düzgün boy atsın. Bağban yaxşı bilir ki, bitkinin sağlam böyüməsi üçün müxtəlif üsullardan düzgün şəkildə istifadə etməlidir. Bağban kimi, valideynlər də uşaqlarına müxtəlif cür qayğı göstərirlər. Bəzən valideynlər uşaqlarını cəzalandırmalı olurlar. Budama kimi, cəza da valideynlərə övladlarının səhv meyillərini erkən yaşda düzəltmələrinə, eləcə də düzgün böyümələrinə kömək edir. Budayarkən bağban ehtiyatlı olmalıdır, əks halda, bitkiyə birdəfəlik ziyan vura bilər. Valideynlər də öz övladlarına məhəbbətlə tərbiyə verməlidirlər.

Yehova Allah valideynlərə bu sahədə çox gözəl nümunədir. Onun itaətkar bəndələrinə verdiyi tərbiyə o qədər səmərəli və xeyirlidir ki, onlar hətta Onun tərbiyəsini sevirlər (Süleymanın məsəlləri 12:1). Onlar Yehovanın tərbiyəsinə bağlanırlar, ondan ayrılmırlar (Süleymanın məsəlləri 4:13). Siz Allahın cəzalandırma tərzində vacib olan üç məqama riayət etsəniz, yəni məhəbbətlə tərbiyə versəniz, tarazlı olsanız və dediyinizə əməl etsəniz, uşağınıza verdiyiniz tərbiyə hədər getməyəcək.

 MƏHƏBBƏT

Allah-Taalanın verdiyi tərbiyənin təməlində məhəbbət durur; O, hər nə edirsə, məhəbbətdən irəli gələrək edir. Müqəddəs Kitabda deyilir: «Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər» (Süleymanın məsəlləri 3:12). Üstəlik, Yehova «rəhmli və lütfkar», tez qəzəblənməyən Allahdır (Çıxış 34:6). Yehova heç vaxt bəndələrinə qarşı qəddarlıq etmir, qılınc kimi yaralayan kobud sözlər demir, aramsız tənqidə, qəlbsındıran rişxəndlərə əl atmır (Süleymanın məsəlləri 12:18).

QULAQ ASIN

Söz yox ki, valideynlər Yehova Allah kimi özlərinə tam, mükəmməl şəkildə hakim ola bilməzlər. Bəzən elə anlar ola bilər ki, sizin səbriniz tarıma çəkilsin, amma belə anlarda heç vaxt unutmayın ki, valideyn qəzəbli halda cəza verəndə çox vaxt ifrata varır, insafsızca davranır və bu, əks nəticə verir. Üstəlik, valideynin qəzəbli və dilxor halda uşağına cəza verməsini tərbiyə adlandırmaq olmaz. Bu sadəcə onun özündən çıxmasının nəticəsidir.

Əgər siz övladınıza məhəbbətlə və hövsələ ilə tərbiyə versəniz, bəhrəsini görəcəksiniz. Gəlin yuxarıda sözləri gətirilən iki valideynin məsələni necə həll etdiyinə baxaq.

DUA EDİN

«Cordan axır ki, evə gəlib çıxanda arvadım da, mən də əsəbdən partlayırdıq. Amma özümüzü əla aldıq, imkan verdik ki, o, nəyə görə gecikdiyini izah etsin. Gecə olduğundan dedik, bu haqda sabah söhbət edək. Birlikdə dua edib yatmağa getdik. Səhər oyananda əhvalımız daha yaxşı idi. İndi oturub məsələni sakitcə həll edə və oğlumuzla dil tapa bilərdik. Oğlumuz qoyduğumuz məhdudiyyətlərin yerində olduğu ilə razılaşdı, eləcə də hərəkətinin nəticəsini qəbul etdi. Nə yaxşı ki, əsəbi halda nə isə etməyin nəticəsinin yaxşı olmadığını anlayırdıq. Həqiqətən də, ən düzgünü əvvəlcə qulaq asmaqdır» (Corc).

DANIŞIN

«Oğlumun durduq yerdə bacısını vurması əsəbimi oyatdı. Həmin vaxt onu cəzalandırmaqdansa, öz otağına göndərdim, çünki əsəbi halda düz qərar verə bilməzdim. Sakitləşəndən sonra ciddi şəkildə ona başa saldım ki, belə kobudluq etmək olmaz. Sonra da bacısının könlünü almaq üçün nə etməli olduğunu dedim. Bu, həqiqətən də, işə yaradı. Oğlum bacısından üzr istəyib, onu qucaqladı» (Nikol).

Bəli, əsil tərbiyənin kökündə, hətta ona cəza tədbiri də daxil olsa belə, həmişə məhəbbət durur.

 TARAZLILIQ

Yehova həmişə «lazımi ölçüdə» cəzalandırır (Yeremya 30:11; 46:28, Yeni Dünya tərcüməsi). O, vəziyyətə aid hər şeyi, hətta ilk baxışdan nəzərə çarpmayan şeyləri belə nəzərə alır. Valideynlər Yehova Allahda necə nümunə götürə bilərlər? Məqalənin əvvəlində sözləri gətirilən Stefan deyir: «Baxmayaraq ki Natalinin üzüyü oğurladığını boynuna almaması bizə pis təsir etmişdi və onun nəyə görə belə etdiyini başa düşmürdük, çalışdıq, onun yaşını, ağlını nəzərə alaq».

Nikolun həyat yoldaşı Robert də çalışır ki, vəziyyətə aid hər şeyi nəzərə alsın. Uşaqlar özlərini pis aparanda o, hər dəfə özündən soruşur: «Uşaq bunu təsadüfən edib, yoxsa bu artıq pis vərdişə çevrilib? Bəlkə, uşaq yorğundur, ya da özünü pis hiss edir? Bu hərəkəti onun hansısa problemi olduğunu göstərmir ki?»

Müdrik ata-analar başa düşürlər ki, uşaq balaca qalmış böyük insan deyil. Həvari Pavel bu faktı nəzərə alaraq demişdi: «Mən uşaq olanda uşaq kimi danışır, hər şeyi uşaq kimi başa düşür, uşaq kimi düşünürdüm» (1 Korinflilərə 13:11). Robert deyir: «Mən heç vaxt unutmuram ki, özüm də uşaq olmuşam. Bu, mənə vəziyyətə düzgün yanaşmağa və özümdən çıxmamağa kömək edir».

Yadda saxlayın ki, uşaqdan çox şey gözləmək olmaz, lakin eyni zamanda onların səhv hərəkətlərinə və mənfi cəhətlərinə göz yummaq, bəraət qazandırmaq da düzgün deyil. Uşağınızın bacarığını, məhdudiyyətini və digər şeyləri nəzərə alsanız, əmin olun ki, verdiyiniz tərbiyə tarazlı olacaq.

DEDİYİNİZƏ ƏMƏL EDİN

Müqəddəs Kitabda deyilir: «Mən Yehovayam. Mən dəyişmirəm» (Malaki 3:6, Yeni Dünya tərcüməsi). Allahın xidmətçiləri bunun həqiqət olduğuna tam əmindirlər. Valideynin sözü ilə əməli üst-üstə düşməlidir ki, uşaqda da bu cür əminlik olsun. Əgər qayda və qərarlarınız əhvalınızdan asılı olaraq dəyişirsə, uşağınız çaş-baş qalacaq və məyusluğa qapılacaq.

İsa peyğəmbərin bu sözləri həmişə qulağınıza sırğa olsun: «Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun». Bu sözlər tərbiyə məsələsinə xüsusilə aiddir (Matta 5:37). Uşağa xəbərdarlıq etməzdən qabaq, yaxşıca fikirləşin. Dediyinizi etmək fikriniz yoxdursa, yaxşısı budur, deməyin. Əgər uşağa demisinizsə ki, onu necəsə cəzalandıracaqsınız, sözünüzün üstündə durun.

Tərbiyə məsələsində ata-ana sözü bir yerə qoymalıdır. Robert izah edir: «Mən biləndə ki, uşaqlar anaları icazə verməyəndən sonra gəlib məndən icazə alıblar, onda qərarımı dəyişib analarının tərəfini tuturam». Əgər valideynlər arasında hər hansısa məsələnin həlli ilə bağlı fikirayrılığı yaranırsa, yaxşı olardı ki, təklikdə söhbət edib ortaq qərara gəlsinlər.

ƏZİZİM ƏZİZ, TƏRBİYƏSİ ONDAN ƏZİZ

Əgər siz Yehova Allahdan nümunə götürərək övladınızı məhəbbətlə, tarazlı şəkildə tərbiyə etsəniz və dediyinizə əməl etsəniz, əməyinizin hədər getmədiyini, övladınıza xeyri dəydiyini görəcəksiniz. Sizin məhəbbətlə verdiyiniz tərbiyə sayəsində uşağınız yetkin, məsuliyyətli və tarazlı insan kimi formalaşacaq. Müqəddəs Kitabda deyildiyi kimi, «uşağa tərbiyə ver ki, layiqli yol tutsun, o qocalanda da bu yoldan dönməz» (Süleymanın məsəlləri 22:6).