Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2014

 Müqəddəs Kitab Həyatları dəyişir

Mən harada, silahım da orada idi

Mən harada, silahım da orada idi
  • TƏVƏLLÜD: 1958

  • ÖLKƏ: İTALİYA

  • KEÇMİŞİ: QULDUR DƏSTƏSİNİN ÜZVÜ

KEÇMİŞİM.

Mən kasıb fəhlə sinfinin yaşadığı Romanın şəhərətrafı qəsəbələrinin birində doğulub boya-başa çatmışam. Həyat mənə qarşı çox qəddar olub. Heç vaxt doğma anamın kim olduğunu bilməmişəm, atamla da heç yola getmirdik. Küçə qaydalarını öyrənə-öyrənə böyümüşəm.

Artıq 10 yaşım olanda oğurluq edirdim. Birinci dəfə evdən qaçanda 12 yaşım olardı. Atam məni dəfələrlə baş polis idarəsindən çıxarıb. Mən qəddar adam idim, həmişə mübahisə edirdim. Bu dünyadan yanıqlı idim. 14 yaşıma çatanda birdəfəlik evdən getdim. Narkotikə qurşandım, küçələr məskənim oldu. Yatmağa yerim olmadığından maşınlara girib yatırdım. Səhər isə yuxudan duranda yuyunmaq üçün fəvvarə axtarırdım.

Peşəkar oğru idim. Hər cür oğurluğu bacarırdım: camaatın əlindən çantalarını dartıb oğurlayırdım, gecələr mənzilləri və villaları yarırdım. Pis ad qazanmışdım. Tezliklə mənə pis ad çıxarmış quldur dəstəsinə qoşulmağı təklif etdilər. Onların arasında olanda bankları yarmaq sahəsində «peşəkarlaşmışdım». Zorakı adam olduğumdan çox keçmədi ki, quldur dəstəsində avtoritet oldum. Mən harada, silahım da orada idi. Hətta yatanda belə onu başımın altına qoyurdum. Quldurluq, narkotik, oğurluq, söyüş, əxlaqsızlıq — bu, mənim həyat tərzim idi. Polis kölgə kimi məni izləyirdi. Bir neçə dəfə həbsə düşmüşdüm. Gah azadlıq, gah həbs, bir neçə ilim də belə keçmişdi.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

Günlərin bir günü həbsdən çıxanda xalalarımdan birigilə üz tutdum. Xalamın və uşaqlarının Yehovanın Şahidi olduğunu bilmirdim. Onlar məni ibadət görüşlərinə dəvət etdilər. Maraq xatirinə onlarla getdim. Yığıncağın keçirildiyi yerə — Padşahlıq zalına gəldik. Düz qapının ağzında oturdum,  gəlib-gedənlərə göz qoyurdum. Təbii ki, silahım da üstümdə idi.

Bu görüş həyatımı dəyişdi. Həmin anı heç unutmaram, mənə elə gəldi ki, sanki, başqa planetdəyəm. Məni mehribancasına, dostyana, gülərüzlə qarşıladılar. Şahidlərin gözlərindəki o xeyirxahlıq, o dürüstlük hələ də gözümün qabağından getmir. Bütün bunlar mənim dünyamdan milyonlarla kilometr uzaq idi.

Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladım. Biliyim artdıqca anlayırdım ki, həyat tərzimi kökündən dəyişməliyəm. Süleymanın məsəlləri 13:20 ayəsindəki «hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar» məsləhətinə bütün ürəyimlə əməl etdim. Başa düşdüm ki, quldur dəstəsi ilə əlaqəmi kəsməliyəm. Asan olmasa da, Yehova Allahın köməkliyi ilə bunu bacardım.

Ömrümdə birinci dəfə idi ki, hərəkətlərimə fikir verməyə başladım

Həmçinin əyin-başıma da xeyli əl gəzdirdim. Çox əlləşib-vuruşdum, axırı siqareti və narkotiki tərgitdim. Uzun saçlarımı kəsdim. Sırğalarımı çıxarıb atdım. Danışığımı düzəltdim. Ömrümdə birinci dəfə idi ki, hərəkətlərimə fikir verməyə başladım.

Oxumaqla heç vaxt aram olmayıb. Buna görə də Müqəddəs Kitabı öyrənən zaman çalışqan olmaq, diqqətimi cəmləmək elə də asan olmurdu. Amma səy göstərdikcə Yehovaya məhəbbətim artırdı. Hiss edirdim ki, daxilimdə nəsə dəyişiklik baş verir — vicdanım məni narahat etməyə başlayır. Vaxtaşırı olaraq özüm haqda mənfi fikirlərə qapılırdım. Heç cürə inana bilmirdim ki, etdiyim pis əməllərə görə Yehova Allah nə vaxtsa məni bağışlayar. Həmin ərəfələrdə mənə təsəlli verən şey Yehova Allahın ciddi günahlara yol verən padşah Davudu bağışlaması haqda oxuduqlarım oldu (2 Şamuel 11:1—12:13).

Çətinlik çəkdiyim digər sahə də evdən-evə gedib imanımı başqaları ilə bölüşmək idi (Matta 28:19, 20). Qorxurdum ki, birdən əvvəllər incitdiyim, pisliyim dəyən adamlar qabağıma çıxar! Amma yavaş-yavaş qorxumu yendim. İnsanlara rəhmli və bağışlayan Yaradanımız haqda öyrətməkdən məmnunluq duymağa başladım.

MƏNƏ FAYDASI.

Yehova Allahın yolunu tapmağım həyatımı qorudu! Keçmiş dost-tanışlarımın çoxu ya ölüb, ya da dəmir barmaqlıqlar arxasındadır. Amma mən sözün əsil mənasında xoşbəxtəm və səbirsizliklə gözlədiyim gələcəyim var. Təvazökar və itaətkar olmağı, eləcə də vulkan kimi püskürən qeyzimi söndürməyi öyrəndim. Xasiyyətim dəyişəndən sonra yan-yörəmdəki insanlarla aramda xoş münasibət yarandı. Gözəl həyat yoldaşım Karmenlə xoşbəxt ailə həyatı sürürük. Əl-ələ verib insanlara Allahın Kəlamını öyrətmək bizə böyük sevinc gətirir.

Yeri gəlmişkən, indi də işim bankla bağlıdır, amma bu dəfə pulu yox, tozunu silib-süpürürəm!

Əlavə məlumat

TEZ-TEZ VERİLƏN SUALLAR

Müqəddəs Yazıları öyrənmək nə deməkdir?

Müqəddəs Kitabı təmənnasız öyrənməyə dair suallarınıza cavab alın.