Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2014

Gözəgörünməz Allahı görə bilərsiniz?

Gözəgörünməz Allahı görə bilərsiniz?

«ALLAH Ruhdur», buna görə insan gözü Onu görə bilməz (Yəhya 4:24). Bununla belə, Müqəddəs Kitabda deyilir ki, bəzi insanlar müəyyən mənada Allahı görüblər (İbranilərə 11:27). Bəs bu, necə mümkündür? Siz «gözəgörünməz» Allahı görə bilərsiniz? (Koloslulara 1:15).

Bizim vəziyyətimizi anadangəlmə kor adamın vəziyyətinə bənzətmək olar. Onun gözdən əlil olması ətraf aləmi dərk etməsinə əngəl törədirmi? Tam yox! Kor adam məlumatı müxtəlif üsullarla əldə edir; bu, ona insanları, əşyaları və ətrafda baş verənləri təsəvvür etməyə kömək edir. Gözdən əlil olan bir kişi demişdi: «Biz gözlərimizlə yox, ağlımızla görürük».

Eynilə, fiziki gözlərinizlə Allahı görə bilməsəniz də, Onu «qəlbinizin [gözü]» ilə görə bilərsiniz (Efeslilərə 1:18). Necə? Gəlin üç üsula nəzər salaq.

«DÜNYA YARANANDAN BƏRİ AYDIN GÖRÜNÜR»

Kor adamın eşitmə və toxunma qabiliyyəti, adətən, daha iti olur. Eynilə, siz də hissləriniz vasitəsilə ətraf aləmi tədqiq edə və onu yaradan gözəgörünməz Allahı dərk edə bilərsiniz. «Onun gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti və ilahiliyi dünya yaranandan bəri aydın görünür və yaradılmış şeylər vasitəsilə dərk edilir» (Romalılara 1:20).

Götürək məskənimiz olan Yer kürəsini. Yer sadəcə mövcud olmağımız üçün yox, həm də həyatdan zövq almağımız üçün belə heyrətamiz yaradılıb. Üzümüzə vuran sərin mehi hiss etmək, günəşin xumarlandıran istisini duymaq, sulu, ləzzətli meyvəni dadmaq, quşların qəlboxşayan cəh-cəhini dinləmək könlümüzü oxşayır. Bu bəxşişlər Yaradanımızın necə qayğıkeş, nəvazişli və səxavətli olduğundan xəbər verir!

Bəs Kainat bizə Allah haqda nələri açıqlayır? Birincisi, Allahın gücünü. Son elmi araşdırmalar belə nəticə çıxarmağa əsas verir ki, kainat nəinki genişlənir, hətta getdikcə onun genişlənmə sürəti də artır! Gecə səmanı seyr edəndə bir düşünün: «Kainatın genişlənməsinə və onun genişlənmə sürətinin artmasına təkan verən qüvvənin mənbəyi nədir və ya kimdir?» Müqəddəs Kitabda deyilir ki, Yaradan bol qüvvə, böyük qüdrət sahibidir (Yeşaya 40:26). Allahın əl işləri Onun Külli-İxtiyar, yəni qüvvəti möhtəşəm olan Allah olduğunu göstərir (Əyyub 37:23).

O, ALLAHI BİZƏ TANITDI

Gözdən əlil iki övlad böyüdən bir ana bölüşür: «Danışmaq onları öyrətmək üçün ən vacib təlim vasitələrindən biridir. Gördüyünüz və eşitdiyiniz hər şeyi onlara danışın, həmişə onlara nə isə izah etməyə hazır olun. Onların gözləri sizsiniz». Eynilə, «bəşər övladlarından heç kim heç vaxt Allahı [görmədiyi]» üçün İsa Məsih — «ilkin ilahi varlıq Onu bizə tanıtdı» (Yəhya 1:18). Allahın yaratdığı ilk varlıq və vahid Oğlu olan İsa Məsih bizim göylərə açılan «gözlərimizdir». O, gözəgörünməz Allah haqda ən yaxşı məlumat mənbəyidir.

Göydə qərinələr boyunca Allahın yanında olan İsa Məsih görün Onun haqda bizə nələri açıqlayıb:

  • Yaradan durmadan çalışır. «Mənim Atam indiyədək işləyir» (Yəhya 5:17).

  • Xaliqimiz hər ehtiyacımızı bilir. «Allah, Ondan bir şey istəməzdən əvvəl, sizin nəyə ehtiyac duyduğunuzu bilir» (Matta 6:8).

  • Allah bəndələrinə qarşı çox səxavətlidir. «Göydəki [Atanız]... günəşə əmr edir ki, pislərin də, yaxşıların  da üzərinə doğsun; yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın» (Matta 5:45).

  • Uca Allahımız hər birimizə ayrı-ayrılıqda dəyər verir. «Məgər iki sərçəni bir qara qəpiyə satmırlar? Hərçənd onlardan heç biri Atanızın xəbəri olmadan yerə düşmür. Sizin isə saçınızın telləri belə bir-bir sayılıb. Buna görə də qorxmayın. Siz sərçələrdən qat-qat qiymətlisiniz» (Matta 10:29—31).

GÖZƏGÖRÜNMƏZ ALLAHI ƏKS ETDİRƏN İNSAN

Gözdən əlil olan insanlar çox vaxt müxtəlif məfhumları görmə qabiliyyəti olan insanlardan fərqli şəkildə qavrayırlar. Məsələn, əgər görən insan kölgəni günəşin düşmədiyi bir yer kimi bilirsə, kor insan kölgəni günəş şüalarının düşmədiyi soyuq yer kimi başa düşür. Necə ki tamamilə kor insan nə kölgəni, nə də ki işığı görə bilməz, biz də tək başımıza Yehovanı dərk edə bilmərik. Buna görə də Yehova yer üzünə Onun xüsusiyyətlərini və şəxsiyyətini mükəmməl şəkildə əks etdirən bir insan göndərmişdi.

Bu, İsa Məsihdir (Filipililərə 2:7). İsa Yehova haqqında danışmaqdan savayı, Onun necə Allah olduğunu da göstərmişdi. İsanın şagirdi Filip bir dəfə ondan: «Ağa, bizə Atanı göstərsən, bəsimizdir», — deyə xahiş edəndə o cavab vermişdi: «Məni görən Atanı da görüb» (Yəhya 14:8, 9). İsa peyğəmbərin əməllərinə baxanda biz nə «görürük»?

İsa Məsih mehriban, təvazökar, sadə, əlçatan insan idi (Matta 11:28—30). Onun elə xasiyyəti var idi ki, adamı özünə çəkirdi, insanın ürəyi açılırdı. Başqasının dərdini dərd edər, sevincinə sevinərdi (Luka 10:17, 21; Yəhya 11:32—35). Müqəddəs Kitabda İsa peyğəmbər haqqında yazılanları oxuyanda və ya dinləyəndə hisslərinizi işə salın və hadisələri xəyalınızda canlandırın. Onun insanlarla necə rəftar etdiyi haqda düşünsəniz, Allahın məftunedici xüsusiyyətlərini daha aydın görəcək və Ona yaxın olmaq istəyəcəksiniz.

«MƏNZƏRƏNİ» TAMAMLAYIN

Bir yazıçı kor insanın dünyanı necə dərk etdiyi barədə yazır: «Kor insan məlumatı müxtəlif yollarla (toxunma, iybilmə, eşitmə və sairə qabiliyyətlər) hissə-hissə alır. Tam mənzərə əldə etmək üçün o, bu hissələri necəsə bir araya gətirməlidir». Eynilə, Allahın əl işlərinə nəzər salanda, İsa Məsihin Onun haqqında dediklərini oxuyanda və Allahın xüsusiyyətlərini necə əks etdirdiyini düşünəndə Yehova haqda gözəl bir mənzərə ərsəyə gələcək. Onda Allah sizin üçün daha real olacaq.

Qədimdə yaşamış Əyyub peyğəmbər də Allahı yaratdıqları vasitəsilə dərk etmişdi. Əvvəl–əvvəl o, Allah haqqında bilmədiyi şeyləri danışmışdı (Əyyub 42:3). Ancaq Yaradanın xariqüladə işləri üzərində düşünəndə o, ürəkdən demişdi: «Qulaqlarıma sorağın çatmışdı, indisə Səni gözlərimlə görürəm» (Əyyub 42:5).

«Əgər Onu [Yehovanı] axtarsan, sən Onu tapacaqsan»

Siz də Allahı bu cür görə bilərsiniz. Əgər Yehovanı axtarsanız, mütləq Onu tapacaqsınız (1 Salnamələr 28:9). Yehovanın Şahidləri böyük məmnuniyyətlə sizə gözəgörünməz Yaradanımıza yaxınlaşmağa kömək edəcəklər.