Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  aprel 2014

Yoldançıxaran şeylərə uymamaq mümkündür!

Yoldançıxaran şeylərə uymamaq mümkündür!

«Pornoqrafiyaya baxmaq fikrim yox idi. İnternetdə olanda birdən ekranda reklam çıxdı. Biixtiyar onun üstünə basdım və o açıldı» (KAMRAN) *.

«İşdə qəşəng bir qız mənimlə flirt etməyə başladı. Və bir gün mənə təklif etdi ki, otelə gedib “həyatın dadını çıxaraq”. Niyyətini o dəqiqə başa düşdüm» (DEVİD).

«ŞİRNİKDİRİCİ təklifdən başqa, mən nədən desəniz imtina edə bilərəm». Dillərə düşmüş bu sözlər bəzi insanların şirnikdirici təsirə və təklifə ürəklərinin dərinliklərində, əslində, necə münasibət bəslədiklərini üzə çıxarır. Amma elə insanlar var ki, onlar şirnikdirici təklif və təsirlərə kürəyini yerə vurmaq istədikləri yağı düşmən kimi baxırlar. Bəs siz? Siz belə şeylərlə qarşılaşanda nə edirsiniz: dərhal diz çökürsünüz, yoxsa qalib gələnədək mübarizə aparırsınız?

Söz yox ki, bütün şirnikdirici təklif və təsirlər böyük problem törətmir. Məsələn, payınızdan artıq şirin kökə yesəniz, çətin ki, bu, sizin həyatınızı məhv etsin. Amma başqa şirnikdirici təklifə, xüsusilə də cinsi əxlaqsızlığa gətirib çıxaran şeylərə uysanız, axırı böyük faciə ilə qurtara bilər. Müqəddəs Kitabda xəbərdarlıq edilir: «Qadınla zina edən qanmazdır, özünü məhv etmək istəyən belə edər»(Süleymanın məsəlləri 6:32, 33).

Əgər şirnikdirici əxlaqsız təklif və təsirlərlə qəfil üzləşsəniz, necə reaksiya verəcəksiniz? Müqəddəs Kitabda belə deyilir: «Allah istəyir ki, siz müqəddəs olasınız və cinsi əxlaqsızlıqdan uzaq durasınız. Qoy hər kəs öz bədənini paklıqla və ləyaqətlə idarə etməyi bacarsın» (1 Salonikililərə 4:3, 4). Siz belə güclü iradəyə necə sahib ola bilərsiniz? Növbəti üç addım sizə kömək edə bilər.

Addım 1. Gözünüzə yiyə durun

Gözünüzü hisslərə sirayət edən şəkillərə zilləməklə yanlış arzularınızı alovlandıracaqsınız. Gözlərlə arzu arasındakı əlaqədən dolayı İsa peyğəmbər belə xəbərdarlıq etmişdi: «Qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur». O, bədii şişirtmədən istifadə edərək təşviq etdi: «Ona görə də sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at» (Matta 5:28, 29). İsa peyğəmbər nəyi vurğulamaq istəyirdi? Yoldançıxaran şeylərə uymamaq üçün biz qətiyyətli olmalıyıq və bu kimi şeylərlə gözümüzü şənləndirməməliyik.

Erotik təsvir görən kimi gözünüzü çəkin

 Nümunə üçün: təsəvvür edin ki, gözünüz qaynaq zamanı sıçrayan parlaq işığa sataşır. Nə edəcəksiniz, gözünüzü dikib baxacaqsınız? Əlbəttə ki, yox! Ya dönüb gedəcəksiniz, ya da gözünüzü tutacaqsınız ki, ona zərər dəyməsin. Bunun kimi də, gözünüz hansısa bir erotik təsvirə sataşsa, fərqi yoxdur — kağızda, ekranda və ya canlı, tez üzünüzü çevirin. Əqlinizi yoluxucu şeylərdən qoruyun. Əvvəllər pornoqrafiyadan asılılığı olan Xuan bölüşür: «Cəlbedici bir qadın görəndə çox vaxt gözümü çəkə bilmirəm, yenə baxmaq istəyirəm. Özümü məcbur edirəm ki, üzümü çevirim, baxmayım. Öz-özümə deyirəm: “Yehovaya dua et! Bunu etmək elə bu dəqiqə lazımdır!” Dua edəndən sonra bu istəyim ölür» (Matta 6:9, 13; 1 Korinflilərə 10:13).

Görün Allaha ibadət edən Əyyub nə deyib: «Gözlərim üçün əhd etmişəm, gözüm bir qıza baxarmı?» (Əyyub 31:1). Siz də belə əzmli ola bilərsiniz.

Məsləhət. Əgər gözünüz hansısa erotik təsvirə sataşsa, tez gözünüzü çəkin. Müqəddəs Kitabda sözləri qeyd olunan məzmurçunu təqlid edin. O dua edirdi: «Qoyma gözlərim fani şeylərə baxsın» (Məzmur 119:37).

Addım 2. Fikirlərinizə yiyə durun

Hamımız günahlı olduğumuza görə vaxtaşırı yanlış arzulara qarşı mübarizə aparmalı oluruq. Müqəddəs Kitabda deyilir: «Hər kəs öz nəfsinin toruna düşərək yoldan çıxıb sınanır. Sonra nəfs boylu qalıb günah doğur» (Yaqub 1:14, 15). Siz yanlış düşüncələr burulğanına düşməmək üçün nə edə bilərsiniz?

Ağlınıza pis fikirlər gələn kimi dua edin

Ürəyinizdə yanlış arzuların oyandığını hiss edəndə yadınıza salın ki, onlara necə reaksiya verəcəyinizi siz seçirsiniz. Belə fikirlərlə mübarizə aparın və onları başınızdan çıxarıb atın. Əxlaqsız xülyaların beyninizdə yurd salmasına izin verməyin. Keçmişdə İnternet pornoqrafiyasına aludə olan Troy deyir: «Var gücümlə beynimi pis fikirlərdən təmizləməyə çalışırdım. Bunun üçün fikrimi yaxşı şeylərə cəmləyirdim. Bu heç də asan olmurdu. Arada alınmasa da, axırda fikirlərimə nəzarət etməyi öyrəndim». Elza adlı bir qadın yeniyetmə vaxtı əxlaqsız təklif və təsirə uymamaq üçün mübarizə aparırdı.  O xatırlayır: «Həmişə nə iləsə məşğul olurdum və Yehovaya dua edirdim. Pis fikirləri heç beynimə yaxın buraxmırdım».

Məsləhət. Görsəniz ki, əxlaqsız fikirlər sizə aman vermir, o dəqiqə dua edin. Nalayiq fikirləri beyninizdən atmaq üçün «doğru, şərəfli, saleh, pak, sevilməli, təqdirəlayiq, ləyaqətli, tərifəlayiq nə varsa, bunlar haqqında daima düşünün» (Filipililərə 4:8).

Addım 3. Addımınıza fikir verin

Ürəyin istəkləri, şirnikdirici təklif və şərait üst-üstə düşəndə insan çox asanlıqla günaha yol verə bilər (Süleymanın məsəlləri 7:6—23). Qurban olmamaq üçün nə edə bilərsiniz?

«İnternetə ancaq ətrafda adamlar olanda girirəm»

Allahın Kəlamında müdrik məsləhət verilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, cahil isə irəli çıxar, ziyan tapar» (Süleymanın məsəlləri 22:3). Atdığınız addıma fikir verin. Sizi cəncələ sala biləcək vəziyyətləri qabaqcadan sezin və onlardan uzaq durun (Süleymanın məsəlləri 7:25). Pornoqrafiya asılılığından yaxa qurtarmış Filip adlı bir kişi deyir: «Kompüterimizi hamımızın görə biləcəyi yerə qoymuşam və ona filtr proqramlar quraşdırmışam. İnternetə ancaq ətrafda adamlar olanda girirəm». Eynilə, yuxarıda adı çəkilən Troy deyir: «Adamı yoldan çıxaran kinolara baxmamağa və cinsi münasibətlər haqda ədəbsiz söhbətlər edən insanlara qarışmamağa çalışıram. Öz əlimlə özümü təhlükəli vəziyyətə salmaq istəmirəm».

Məsləhət. Dürüst şəkildə öz zəifliklərinizi etiraf edin və sizin üçün əsil sınaq ola biləcək vəziyyətlərdən qaçmaq üçün plan qurun (Matta 6:13).

DİZ ÇÖKMƏYİN!

İşdir, bu qədər səy göstərdikdən sonra zəif düşüb şirnikdirici təklif və təsirə uysanız? Məyusluğa qapılmayın və heç vaxt mübarizədən vaz keçməyin. Müqəddəs Kitabda deyilir: «Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar» (Süleymanın məsəlləri 24:16). Bəli, Allah bizə səslənir ki, yenə qalxaq. Onun məhəbbət dolu səsinə hay verəcəksiniz? Onda heç vaxt Allahdan əlinizi üzməyin, daima dua edin. Onun Kəlamını oxuyub araşdırmaqla imanınızı möhkəmləndirin. Yehovanın Şahidlərinin yığıncaqlarında iştirak edərək qətiyyətinizi artırın. Allah söz verir ki, sizi qüvvətləndirəcək, kömək edəcək. Bu, sizi daha da ürəkləndirməlidir (Yeşaya 41:10).

Məqalənin əvvəlində adı çəkilən Kamran deyir: «Pornoqrafiyaya baxmaq vərdişimi tərgidənədək xeyli əziyyət çəkdim. Arada alınmasa da, Allahın köməyilə bunu bacardım». Devid də bölüşür: «Gözüyumulu iş yoldaşımla cinsi əlaqəyə girə bilərdim, amma iradəli oldum və ona “yox!” dedim. Təmiz vicdandan gözəl nə ola bilər ki! Ən əsası isə, bilirəm ki, Yehova Allah mənimlə qürur duyur».

Şirnikdirici təklif və təsirə sinə gərib möhkəm dursanız, əmin olun ki, Allah-Taala sizinlə də qürur duyacaq! (Süleymanın məsəlləri 27:11).

^ abz. 2 Bu məqalədə adlar şərtidir.

Əlavə məlumat

İLAHİ MÜJDƏ

Müqəddəs Kitabdakı öyüdlərin bizə faydası

İsa peyğəmbər rəhbərliyə nəyə görə ehtiyacımızın olduğunu və Müqəddəs Kitabdakı hansı iki prinsipin ən vacib olduğunu izah etdi.