Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ APREL 2014

Tomas Emlin. Kafir, yoxsa həqiqət tərəfdarı?

Tomas Emlin. Kafir, yoxsa həqiqət tərəfdarı?

TOMAS EMLİN kim olub və onu həqiqətin tərəfini tutmağa nə vadar edib? Onun nümunəsinin bu gün yaşayan bizlərə hansı faydası var?

Bu suallara cavab verməzdən öncə, gərək İngiltərə və İrlandiyada 17-ci əsrin sonları və 18-ci əsrin əvvəllərində hökm sürən vəziyyətdən agah olaq. Anqlikan kilsəsi ölkədə güclü hakimiyyətə malik idi. Müxtəlif protestant cərəyanları və ayrı-ayrı insanlar kilsənin təlimlərinə və ayinlərinə qarşı çıxırdılar.

TOMAS EMLİN KİM OLUB?

Ölkədə məhz belə bir vəziyyətin hökm sürdüyü bir dövrdə, 1663-cü il mayın 27-də Tomas Emlin Stamfordda (Linkolnşir, İngiltərə) dünyaya göz açdı. 19 yaşında o, ilk moizəsini söylədi. Sonra o, Londonda bir qrafinyanın yanında keşiş kimi xidmət etdi, bir qədər sonra isə Belfasta (İrlandiya) köçdü.

Burada o, kilsədə xidmət etməyə başladı. Zaman keçdikcə Emlin, Dublin də daxil olmaqla, xidmətini başqa yerlərdə də icra edirdi.

NƏYƏ GÖRƏ ONU KÜFR DANIŞMAQDA İTİHAM ETDİLƏR?

Bu arada Emlin Müqəddəs Kitabı çox diqqətlə araşdırırdı. Bu araşdırmalar nəticəsində əvvəllər inandığı Üç üqnum təliminə qarşı ürəyində şübhə yarandı. Müjdələri araşdırarkən o əmin oldu ki, orada deyilənlər onun təxminlərini təsdiqləyir.

Emlin Müqəddəs Kitabdan öyrəndiyi yeni təlimi dərhal yaymağa başlamadı. Lakin Dublin kilsəsinin bəzi üzvləri fikir verdilər ki, artıq o, öz moizələrində Üç üqnumdan danışmır. Müqəddəs Kitabdan öyrəndiklərinin başqaları tərəfindən müsbət qarşılanmayacağını bilərək o yazmışdı: «Bir halda ki öz fikrimi bildirmişəm, artıq bu vəzifədə qalacağıma ümid edə bilmərəm». 1702-ci ilin iyun ayında iki həmkarı onun öz moizələrində Üç üqnumdan danışmadığını üzünə demişdi. Emlin etiraf etdi ki, daha bu təlimə inanmır və istefa verməyi təklif etdi.

Bu kitabda Emlin İsanın Külli-İxtiyar Allah olmadığını sübut edən dəlillər gətirdi

Bir neçə günün içində o, Dublini (İrlandiya) tərk edib İngiltərəyə getdi. Lakin o, on həftədən sonra bəzi işlərini yoluna qoyub, birdəfəlik Londona köçmək üçün yenidən Dublinə qayıtdı. Burada olarkən Emlin öz mövqeyini müdafiə etmək məqsədilə İsa Məsih haqda tədqiqatları zamanı öyrəndiklərini dərc etdi («An Humble Inquiry Into the Scripture-Account of Jesus Christ»). Bu nəşrdə o, Müqəddəs Yazılardan aydın dəlillər gətirərək İsa Məsihin Külli-İxtiyar Allah olmadığını sübut edir. Bu, Emlinin Dublindəki köhnə yığıncağının üzvlərini hiddətləndirdi. Və ona qarşı iddia qaldırıldı.

1703-cü il iyunun 14-ü Emlini həbs edib, Dublindəki Kraliça Skamyasının Məhkəməsi qarşısına çıxartdılar. «Məhkəmə prosesi — olduğu kimi» kitabında Emlin yazır ki, onu küfranə şəkildə və pis niyyətdən irəli gələrək İsa Məsihin Allaha bərabər olmadığını iddia etdiyi bir kitab yazıb nəşr etməkdə ittiham etmişdilər. Məhkəmə prosesi əsil tamaşa idi. İrlandiya kilsəsinin yeddi yepiskopu hakimlərlə bərabər hakim kürsüsündə əyləşmişdi. Emlinə özünü  müdafiə etməyə icazə verilməmişdi. Məşhur vəkil olan Riçard Levins Emlinə demişdi ki, onu «canavarı ovladığı kimi ovlayacaqlar». Məhkəmənin sonunda İrlandiyanın lord-baş hakimi Riçard Payn andlılar heyətinin üzvlərinə bildirdi ki, əgər onlar gözlənilən qərarı verməsələr, onun «lordları və yepiskopları buradadır», güman ki, o, əks təqdirdə, andlıların şiddətli şəkildə cəzalandırılacağını nəzərdə tuturdu.

«Mən bu əzablara [Allah haqqında] həqiqət hesab etdiyim şeylərə görə və Onun izzəti naminə qatlaşmışam» (Tomas Emlin).

Məhkəmənin qərarı ilə Emlin təqsirkar bilinəndə baş prokuror ona etiqadlarından imtina etməyi təklif etdi. Lakin Emlin razı olmadı. Ona cərimə və birillik həbs cəzası kəsildi. Cəriməni ödəyə bilmədiyinə görə o, həbsxanada iki il qalmalı oldu, ta ki dostu hakimiyyət dairələrini dilə tutub ona kəsilən cəzanın müddətini azaldanadək. 1705-ci il iyulun 21-də Emlin azadlığa buraxıldı. Onun belə rüsvay olması məqalənin əvvəlində gətirilən sözləri deməyə vadar etdi: «Mən bu əzablara [Allah haqqında] həqiqət hesab etdiyim şeylərə görə və Onun izzəti naminə qatlaşmışam».

Emlin Londona köçdü. Burada o, Uilyam Uistonla görüşdü. Uilyam Uiston da Müqəddəs Kitabı araşdırırdı. O, Müqəddəs Kitabla bağlı düzgün hesab etdiyi həqiqətləri dərc etdiyinə görə ictimai qınağa məruz qalmışdı. Uiston Emlinə hörmət edirdi və onu «qədim məsihçiliyin» «ilk və əsas daşıyıcısı» adlandırırdı.

NƏYƏ GÖRƏ EMLİN ÜÇ ÜQNUMU RƏDD EDİRDİ?

Uilyam Uiston və digər mötəbər alim olan İsaak Nyuton kimi, Emlin də başa düşmüşdü ki, Afanasiy iman simvolunda qələmə alınan Üç üqnum təlimi Müqəddəs Kitabda yoxdur. O, bunu belə izah etmişdi: «Çoxlu götür-qoy etdikdən və Müqəddəs Yazıları araşdırdıqdan sonra... əvvəllər qəbul etdiyim Üç üqnuma dair fikrimi dəyişmək üçün əsaslı səbəb gördüm». Sonda o yazdı ki, Allah olan və İsa Məsihi yaradan Şəxs yeganə Külli-İxtiyar Varlıqdır.

Emlin nəyin əsasında belə nəticəyə gəldi? O, Müqəddəs Kitabdan İsa ilə Allah arasında fərq olduğunu göstərən çoxlu ayələr tapdı. Burada bir neçə nümunə gətirilir. (Emlinin ayələrə verdiyi şərh kursivlə göstərilir.)

  •  Yəhya 17:3: «Məsih heç vaxt yeganə tək Allah mənasında Allah olduğunu deməyib». Müqəddəs Kitabda yalnız bir Allah yeganə həqiqi Allah adlandırılır.

  •  Yəhya 5:30: «Oğul özünün iradəsini deyil, Atasının iradəsini yerinə yetirir».

  •  Yəhya 5:26: «Ona həyat verən Atadır».

  •  Efeslilərə 1:3: «İsa Məsih, adətən, Allahın Oğlu adlandırılsa da, heç yerdə Atanın Allahın Atası olduğu deyilmir, hərçənd ki o, Ağamız İsanın Atası adlandırılır».

Emlin bütün sübutları nəzərdən keçirdikdən sonra qəti şəkildə bildirdi ki, Müqəddəs Yazılarda Atanın, Oğulun və müqəddəs ruhun bir şəxsiyyət olduğunu göstərən bir dənə də olsun ayə yoxdur.

BİZ NƏ ÖYRƏNİRİK?

Bu gün bir çox insanlar Müqəddəs Kitab həqiqətlərini müdafiə etməyə qorxurlar. Lakin Emlin bunu etməkdən qorxmadı. O, belə bir sual verdi: «Əgər insan Müqəddəs Yazılarda aydın ifadə olunan ən vacib həqiqətləri açıq etiraf edə bilmirsə, onda onları oxuyub araşdırmağın nə mənası var?» Emlin nəyinsə xatirinə bildiyi həqiqətləri danmadı.

Emlinin və başqalarının qoyduğu nümunə həqarətlə üzləşdiyimiz təqdirdə həqiqəti müdafiə edib-etməyəcəyimiz haqda düşünməyə təşviq edəcək. Biz də özümüzdən soruşa bilərik: «Nə daha vacibdir: insanların rəğbətini qazanmaq, yoxsa Allahın həqiqətlərinin qeyrətini çəkmək?»