Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ YANVAR 2014

 ÜZ QABIĞINDA | ÖLÜMƏ ÇARƏ VARMI?

Ölümə çarə varmı?

Ölümə çarə varmı?

Betaniya Yerusəlimdən 3 kilometr aralıda yerləşən balaca bir kənddir (Yəhya 11:18). İsa peyğəmbərin ölümündən bir neçə həftə əvvəl burada bədbəxtlik üz vermişdi. Onun yaxın dostu Lazar qəfildən ağır xəstəliyə tutulub ölmüşdü.

İsa peyğəmbər bu xəbəri eşidəndə şagirdlərinə dedi ki, Lazar yatıb və onu oyatmağa gedir (Yəhya 11:11). Ancaq şagirdləri onun nə demək istədiyini başa düşmədikləri üçün İsa aydın şəkildə bildirdi: «Lazar ölüb» (Yəhya 11:14).

Dəfn mərasimindən dörd gün sonra İsa Betaniyaya gəlib çatdı. O, Lazarın bacısı Martaya təsəlli verdi. Marta dedi: «Sən burada olsaydın, qardaşım ölməzdi» (Yəhya 11:17, 21). İsa isə cavabında belə dedi: «Dirilmə və həyat mənəm. Mənə iman edən ölsə də, həyata qayıdacaq» (Yəhya 11:25).

«Lazar, çölə çıx!»

İsa peyğəmbər dediklərinin sadəcə boş sözlər olmadığını göstərmək üçün qəbirə yaxınlaşdı və ucadan qışqıraraq «Lazar, çölə çıx!» — dedi (Yəhya 11:43). Orada bu hadisənin şahidi olanların gözləri kəlləsinə çıxdı, ölən adam dirildi.

İsa peyğəmbər bu hadisədən əvvəl artıq iki insanı diriltmişdi. Bunlardan biri Yairin balaca qızı idi. Bu qızcığazı da diriltməzdən qabaq İsa ölümü yuxu ilə müqayisə etmişdi (Luka 8:52).

Diqqət yetirin ki, İsa peyğəmbər həm Lazarın, həm də Yairin qızının hadisəsində ölümü yuxu ilə müqayisə etdi. Bu müqayisə yerində idi. Çünki yatan insan huşsuz vəziyyətdə olur və ağrı-acıdan bixəbərdir. (Vaiz 9:5;  «Ölüm — dərin yuxu» adlı çərçivəyə baxın.) İsanın şagirdləri ölülərin əslində hansı vəziyyətdə olduğunu bilirdilər. Bir ensiklopediyada deyilir: «İsanın davamçıları bilirdilər ki, Allahın sadiq bəndələri üçün ölüm bir  yuxu, məzar isə istirahət yeri idi» * («Encyclopedia of Religion and Ethics»).

Ölən insanın heç bir əzab çəkməyərək sadəcə məzarda yatdığını bilmək bizə təsəlli verir. Ölüm haqqında həqiqət bizi onun qorxusundan azad edir.

«İNSAN ÖLSƏ, DİRİLƏRMİ?»

Yuxu insana rahatlıq gətirir. Amma çətin ki, kimsə ölüm yuxusuna getmək istəsin. Nəyin əsasında deyə bilərik ki, ölüm yuxusuna gedənlərin hamısı, Lazar və Yairin qızı kimi, yenidən həyata qaytarılacaqlar?

Qədimdə yaşamış qəbilə başçısı Əyyub ölüm ayağında olduğunu fikirləşəndə buna bənzər sual vermişdi: «İnsan ölsə, dirilərmi?» (Əyyub 14:14).

Külli-İxtiyar Allaha müraciət edərkən Əyyub verdiyi suala elə özü də cavab verdi: «Sən çağıranda cavab verəcəyəm, əllərinin bu işinin həsrətini çəkəcəksən» (Əyyub 14:15). Əyyub əmin idi ki, Yehova Allah Ona sadiq olanı dirildəcəyi günü həsrətlə gözləyir. Əyyub mümkün olmayanı gözləyərdimi? Belə etmək ağılsızlıq olardı.

İsanın insanları diriltməsi sübut edir ki, Allah ona ölüləri diriltmək səlahiyyəti verib. Müqəddəs Kitabda deyilir ki, ölümün açarları İsa Məsihdədir (Vəhy 1:18). O, Lazarı həyata qaytardığı kimi, digər insanları da həyata qaytaracaq.

Allahın Kəlamında dirilmənin olacağı dönə-dönə xatırlanır. Mələk Daniel peyğəmbəri əmin etmişdi: «Sən dincələcəksən və dövrün tamamında sənə düşən payı almaq üçün qalxacaqsan» (Daniel 12:13, Yeni Dünya tərcüməsi). Dirilməyə inanmayan yəhudi din rəhbərləri olan sadukeylərə İsa demişdi: «Siz yanılırsınız, çünki nə Müqəddəs Yazılardan, nə də Allahın qüdrətindən xəbəriniz var» (Matta 22:23, 29). Həvari Pavel «həm saleh, həm də saleh olmayan insanların diriləcəyinə dair Allaha ümid» bəslədiyini qeyd etmişdi (Həvarilərin işləri 24:15).

DİRİLMƏ NƏ VAXT OLACAQ?

Bəs salehlərlə saleh olmayanların dirilməsi nə vaxt olacaq? Mələk Daniel peyğəmbərə demişdi ki, o, «dövrün tamamında» diriləcək. Marta da qardaşı Lazarın «axırıncı gündə, dirilmə zamanı» diriləcəyinə inanırdı (Yəhya 11:24).

Müqəddəs Kitabda bu «axırıncı gün» Məsihin Padşahlığının rəhbərliyi ilə əlaqələndirilir. Həvari Pavel yazır: «Allah bütün düşmənləri onun ayaqları altına atanadək o, [Məsih] padşahlıq etməlidir. Sonuncu düşmən isə ölümdür və o, məhv ediləcək» (1 Korinflilərə 15:25, 26). Buna görə də Allahın Padşahlığının gəlməsi və Yaradanımızın iradəsinin yer üzündə yerinə yetməsi barədə dua etmək olduqca vacibdir *.

Ölən insanların dirilməsinin Allahın iradəsi olduğunu Əyyub yaxşı bilirdi. Həmin gün gələndə ölüm yox olacaq. Və bir daha heç kim: «Ölümə çarə varmı?» — deyə soruşmayacaq.

^ abz. 8 İngilis dilinə «qəbiristanlıq» kimi tərcümə olunan yunan sözünün mənası «yatmaq üçün yer» deməkdir.

^ abz. 18 Allahın Padşahlığı barədə daha ətraflı məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 8-ci fəslinə baxın. Bu kitabı həmçinin www.jw.org saytında tapa bilərsiniz.