Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  yanvar 2014

 MÜQƏDDƏS KİTAB ƏSASINDA SÖHBƏT

Allah nə üçün əzab-əziyyətə yol verir?

Allah nə üçün əzab-əziyyətə yol verir?

Burada Yehovanın Şahidinin qonşuluqda yaşayan bir insanla söhbəti təqdim olunur. Təsəvvür edək ki, Mətanət adında bir Şahid Səidə xanıma baş çəkir.

ALLAHIN ƏZABLARIMIZA MÜNASİBƏTİ

Mətanət: Salam, Səidə xanım. Sizi yenidən görməyə şadam.

Səidə: Elə mən də.

Mətanət: Keçən dəfə biz sizinlə Allahın çəkdiyimiz əzablara münasibəti barədə danışdıq *. Demişdiniz ki, bu sual artıq uzun müddətdir sizi narahat edir. Xüsusilə də ananız avtomobil qəzasında xəsarət alandan sonra. Yeri gəlmişkən, o necədir?

Səidə: Hərdən pis olur, hərdən yaxşı. Bu gün bir az babatdır.

Mətanət: Çox yaxşı. Yəqin belə vəziyyətdə müsbət əhval-ruhiyyəni qorumaq sizin üçün çətindir.

Səidə: Elədi. Hərdən fikirləşirəm ki, yazıq anam hələ nə qədər əziyyət çəkəcək.

Mətanət: Bu cür hisslər keçirmək təbiidir. Əgər xatırlayırsınızsa, keçən dəfə sual vermişdim ki, tükənməz gücə malik olan Allah əzabları aradan qaldıra bildiyi təqdirdə, nə üçün hələ də bunlara yol verir?

Səidə: Hə yadımdadır.

Mətanət: Bu sualı cavablandırmazdan öncə, gəlin keçən dəfə müzakirə etdiyimiz bəzi amilləri xatırlayaq.

Səidə: Olar.

Mətanət: Birinci amil o idi ki, keçmişdə yaşamış Allahın sadiq qulu da başına gələn əzablara Yaradanın nəyə görə yol verdiyini fikirləşirdi. Bu fikirlərə görə Allah ona nə qəzəbləndi, nə də ki imanının çatışmadığını dedi.

Səidə: Hə, bu mənim üçün yenilik oldu.

Mətanət: Həmçinin biz öyrəndik ki, Allah bizim iztirablarımızı görəndə çox məyus olur. Misal üçün, Müqəddəs Kitabda deyilir ki, Allah xalqının əziyyətini görəndə, «O da əziyyət çəkdi» *. Çəkdiyimiz əziyyətlərə Allahın biganə qalmaması sizə təsəlli vermir?

Səidə: Verir.

Mətanət: Beləcə, biz hədsiz gücə malik olan Yaradanın istənilən an əzab-əziyyətlərə son qoymağa qadir olduğunu görürük.

Səidə: Allah ağır getməsin, başa düşə bilmirəm ki, o boyda güc Sahibi bütün bu pis şeylərin qarşısını niyə almır?!

KİM DÜRÜST, KİM YALANÇI İDİ?

Mətanət: Sizi narahat edən bu suala cavab tapmaq üçün gəlin Müqəddəs Yazılarda ilk qələmə alınan «Yaradılış» kitabına nəzər salaq. Siz nə vaxtsa Adəmlə Həvva və qadağan olunmuş meyvə haqqında eşitmisiniz?

 Səidə: Hə, eşitmişəm. Allah onlara hansısa meyvəni yeməyi qadağan etmişdi, ancaq onlar Onun sözündən çıxdılar.

Mətanət: Tamamilə düzdü. Gəlin indi baxaq görək Adəmlə Həvvanı günaha nə sürüklədi. Elə həmin hadisə bizim əzab içində yaşamağımıza gətirib çıxarıb. Zəhmət olmasa, Yaradılış 3-cü fəslin 1-dən 5-ə kimi ayələrini oxuyun.

Səidə: «Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: “Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?” Qadın ilana dedi: “Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”. İlan qadına dedi: “Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız”».

Mətanət: Çox sağ olun. Gəlin indi bu ayələrə bir də nəzər salaq. Birincisi, diqqət yetirin ki, Həvva ilə danışan ilan idi. Müqəddəs Kitabın başqa bir ayəsində vurğulanır ki, əslində həmin ilanı danışdıran Şeytan İblis idi *. Şeytan Həvvadan Allahın qadağan etdiyi meyvə ilə bağlı fikrini soruşdu. Adəmlə Həvva Allahın sözündən çıxıb meyvədən yesəydilər, aqibətləri necə olacaqdı?

Səidə: Onlar öləcəkdilər.

Mətanət: Düzdür. Növbəti sözlərlə Şeytan Allahı ittiham etdi. Görün o nə deyir: «Əsla ölməzsiniz». Şeytan Allahı yalançı adlandırdı!

Səidə: Bunu heç vaxt eşitməmişdim.

Mətanət: Şeytan Allahı yalançı adlandırmaqla elə bir sual qaldırdı ki, onun həll olunması üçün vaxt tələb olunmalı idi. Bilirsiniz, bu hansı sualdır?

Səidə: Yox.

Mətanət: Bunu anlamaq üçün bir nümunə çəkim. Təsəvvür edin, günlərin bir günü sizə yaxınlaşıb deyirəm ki, mən sizdən güclüyəm. Mənim səhv olduğumu necə sübut edə bilərsiniz?

Səidə: Yoxlamaqla.

Mətanət: Əlbəttə! Hansısa ağır əşyanı qaldırıb-qaldırmamaqla kimin güclü olduğunu asanlıqla sübut etmək olar.

Səidə: Aydındır.

Mətanət: Bəs əgər mən güc yox, dürüstlük məsələsinə toxunsam, onda necə? Bu, bir az fərqlidir, düzdür?

Səidə: Razıyam.

Mətanət: Bəs dürüstlüyü güc kimi tez bir zamanda asanlıqla yoxlamaq mümkündür?

Səidə: Yox, mümkün deyil.

Mətanət: İkimizdən kimin dürüst olub-olmadığını insanlar görsün deyə xeyli vaxt keçməlidir.

Səidə: Məntiqlidir.

Mətanət: İndi gəlin yenidən oxuduğumuz ayələri yadımıza salaq. Şeytan nəyi şübhə altına aldı? Allahın gücünü?

Səidə: Yox.

Mətanət: Belə etsəydi, Allah elə həmin an Öz gücünü göstərərdi. Ancaq Şeytan iddia etdi ki, guya Allah yalançı, o isə dürüstdür.

Səidə: Sən bir işə bax.

Mətanət: Müdrik Yaradan bilirdi ki, bu məsələni həll etməyin ən yaxşı üsulu hər şeyi zamanın öhdəsinə buraxmaqdır. Vaxt keçdikcə kimin yalançı, kimin isə dürüst olduğu üzə çıxmalı idi.

MÜHÜM MƏSƏLƏ

Səidə: Bəs Həvva öləndə Allahın dürüstlüyü isbat olunmadı?

Mətanət: Müəyyən mənada olundu. Ancaq Şeytan Allahı yalnız dürüstlükdə ittiham  etmirdi. 5-ci ayəyə yenidən nəzər salın görün Şeytan Həvvaya daha nə deyir.

Səidə: Deyir ki, əgər o, meyvəni yesə, gözləri açılacaq.

Mətanət: Bəli. Üstəlik, vurğuladı ki, onda «xeyirlə şəri bilərək Allah kimi» olacaqlar. Bununla da Allaha böhtan atdı ki, guya O, insanlardan nəsə yaxşı bir şey gizlədir.

Səidə: Başa düşdüm.

Mətanət: Bu sözləri deməklə Şeytan başqa bir ittiham irəli sürdü.

Səidə: Hansı?

Mətanət: Şeytan demək istəyirdi ki, həm Həvva, həm də bütün gələcək nəsil Allahın rəhbərliyi olmadan daha yaxşı yaşaya bilər. Yaradan bilirdi ki, bu problemi də həll etmək üçün vaxt tələb olunur. Buna görə də Şeytana imkan verdi ki, dediklərini sübut etmək üçün müəyyən vaxt ərzində bütün dünyanı idarə etsin. Məhz bu səbəbdən biz bu qədər zülm çəkirik *. Ancaq bütün bunlara baxmayaraq, yaxşı bir xəbər də var.

Səidə: Hansı xəbər?

Mətanət: Müqəddəs Kitab Allah haqda iki vacib həqiqəti açıqlayır. Birincisi, Allah-Taala bizim əzab-əziyyətlərimizə biganə qalmır. Məsələn, Davud peyğəmbər həyatı boyu çoxlu iztirablarla üzləşmişdi. Gəlin baxaq görək o, Allaha necə dua edirdi. Onun sözləri Məzmur 31:7 ayəsində qələmə alınıb. Zəhmət olmasa, oxuyun.

Səidə: «Mən Sənin məhəbbətində şad olub sevinəcəyəm, çünki məzlum halımı görmüsən, çəkdiyim əzabı bilmisən».

Mətanət: Hətta ən məşəqqətli anlarında belə Davud Allahın onun keçirdiyi bütün ağrı-acılarına göz yummadığını bilərək təsəlli tapırdı. İnsanlar bizi tam başa düşməsələr də, Uca Allahımız dərdlərimizə şərikdir. Bu sizə qəlb rahatlığı vermir?

Səidə: Verir.

Mətanət: İkinci həqiqət də odur ki, Allah bizim ömür boyu əzab-əziyyət çəkməyimizə yol verməyəcək. Onun Kəlamında deyilir ki, tezliklə O, Şeytanın rəhbərliyinə son qoyacaq. Və bundan savayı O, siz və ananız da daxil olmaqla, bütün insanların keçirdiyi ağrı-acını aradan qaldıracaq. Bəs nəyə görə əmin ola bilərik ki, Allah tezliklə iztirablara son qoyacaq? Bu haqda gələn dəfə söhbət edə bilərik *.

Səidə: Olar.

Ola bilsin, sizi Müqəddəs Kitabdan hansısa bir mövzu maraqlandırır. Yaxud da Yehovanın Şahidlərinin etiqadları və necə ibadət etdikləri barədə bilmək istəyirsiniz. Yehovanın Şahidləri ilə rastlaşanda suallarınızı onlara verməkdən çəkinməyin. Əmin olun ki, onlar böyük məmnuniyyətlə suallarınıza cavab verəcəklər.

^ abz. 7 «Müqəddəs Kitab əsasında söhbət — Allah çəkdiyimiz əzabları görür?» adlı məqaləni bu jurnalın 2013-cü il iyul—sentyabr sayında oxuyun. Bu jurnalı həmçinin www.jw.org saytında tapa bilərsiniz.

^ abz. 17 Yeşaya 63:9 ayəsinə baxın.

^ abz. 26 Vəhy 12:9 ayəsinə baxın.

^ abz. 61 Ətraflı məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 9-cu fəslinə baxın. Bu kitabı həmçinin www.jw.org saytında tapa bilərsiniz.