Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ YANVAR 2014

Ölən əzizlərimizi yenidən görmək ümidi — Dirilmə

Ölən əzizlərimizi yenidən görmək ümidi — Dirilmə

Müqəddəs Kitabın dirilmə ilə bağlı verdiyi vədə inanırsınız? * Ölən əzizlərimizlə yenidən görüşəcəyimizi bilmək insanı riqqətə gətirir. Ümumiyyətlə, bu mümkündür? İsa peyğəmbərin şagirdlərinin nümunəsinə nəzər salsaq, bu sualın cavabını taparıq.

İsa peyğəmbərin şagirdləri dirilməyə heç zərrə qədər də şübhə etmirdilər. Bunun ən azı iki səbəbi var. Birincisi, onlar İsa Məsihin dirilməsinin şahidi olmuşdular. O, həm öz şagirdlərinə, həm də «eyni vaxtda beş yüzdən çox qardaşa göründü» (1 Korinflilərə 15:6). Üstəlik, dörd müjdədə də İsanın dirilməsi öz təsdiqini tapır (Matta 27:62—28:20; Mark 16:1—8; Luka 24:1—53; Yəhya 20:1—21:25).

İkincisi, şagirdlər İsa peyğəmbərin ən azı üç nəfəri diriltdiyinin şahidi olmuşdular. Bunlar Nain, Kapernahum və Betaniya şəhərlərində baş vermişdi (Luka 7:11—17; 8:49—56; Yəhya 11:1—44). Betaniya şəhərində baş vermiş dirilmə hadisəsi bu nəşrin əvvəlində yazılmışdı. Dirildilən insan İsaya çox yaxın olan bir ailədən idi. Gəlin bu hadisənin ardına baxaq.

«DİRİLMƏ... MƏNƏM»

«Qardaşın diriləcək». İsa peyğəmbər bu sözləri Martaya demişdi. Onun qardaşı Lazar artıq dörd gün idi ki, ölmüşdü. İlk əvvəl Marta İsanın dediklərini başa düşmədi. «Bilirəm,.. diriləcək», — deyərək Marta bunun gələcəkdə olacağına şamil etdi. İsa: «Dirilmə və həyat mənəm», — deyib Martanın gözü qabağında qardaşını həyata qaytarır. Həmin vaxt Martanın keçirdiyi hissləri təsəvvür edirsiniz? (Yəhya 11:23—25).

Bəs bu dörd gün ərzində Lazar harada idi? O, haradasa yaşadığını dilinə belə gətirmədi. Yəni onun ruhu yox idi. İsa peyğəmbərin Lazarı dirildərək onu göydən, Allahın yanından, yenidən yer üzünə qaytarması haqsızlıq olardı. Əgər Lazar göydə deyildisə, bəs onda o harada idi? O, sadəcə məzarda yatırdı (Vaiz 9:5, 10).

Yadınızdadırsa, İsa Məsih ölümü yuxu ilə müqayisə etmişdi. Müqəddəs Kitabda deyilir: «Dostumuz Lazar yuxuya gedib, mən isə  onu oyatmağa gedirəm». Şagirdləri isə belə dedilər: «Ağa, yatırsa, deməli, sağalacaq». Ancaq İsa peyğəmbər onun öldüyünü nəzərdə tutaraq aydın şəkildə bildirdi ki, Lazar ölüb (Yəhya 11:11—14). Lazarı yenidən həyata qaytarmaqla İsa onu ailəsi ilə qovuşdurdu. Bu dirilmənin ailə üçün necə bir hədiyyə olduğunu sözlə ifadə etmək mümkün deyil!

Yerüzü həyatı zamanı insanları diriltməklə İsa Məsih göstərdi ki, Allahın Padşahlığının Padşahı kimi o, gələcəkdə daha möhtəşəm işlər görəcək *. Yeri idarə edəcəyi zaman o, ölülər diyarında «yatan» bütün insanları həyata qaytaracaq. Məhz buna görə İsa Məsih demişdi ki, «dirilmə... mənəm». Sevdiyiniz insanları yenidən görəndə, onları öpüb bağrınıza basanda həm onların, həm sizin keçirəcəyiniz hissləri təsəvvür edin! (Luka 8:56).

Sevdiyiniz insanları yenidən görəndə hansı hissləri keçirəcəyinizi təsəvvür edin!

ƏBƏDİ HƏYAT ÜMİDİ

İsa peyğəmbər Martaya demişdi: «Mənə iman edən ölsə də, həyata qayıdacaq və mənə inamla yaşayan adam heç vaxt ölməyəcək» (Yəhya 11:25, 26). Cənnətdəki minillik dövr ərzində İsaya iman gətirənlər əbədiyyən yaşayacaqlar.

«Mənə iman edən ölsə də, həyata qayıdacaq» (Yəhya 11:25).

Dirilmə ilə bağlı etdiyi söhbətdən sonra İsa Martaya vacib bir sual verdi: «Buna inanırsan?» Marta ona: «Bəli, Ağa, mən inanıram ki, sən Allahın Oğlusan, dünyanın gözlədiyi Məsihsən», — deyə cavab verdi (Yəhya 11:26, 27). Siz istəyərdinizmi ki, Martada olan iman sizdə də olsun? Onda ilk addımı atın. Allahın bəşəriyyətlə bağlı niyyəti haqda öyrənin (Yəhya 17:3; 1 Timoteyə 2:4). Bunun üçün Yehovanın Şahidlərindən Müqəddəs Kitabda bu haqda nə deyildiyini izah etmələrini xahiş edin. Onlar sizinlə dirilmə ilə bağlı möhtəşəm ümidi böyük məmnuniyyətlə müzakirə edərlər.

^ abz. 2 Bu nəşrin 6-cı səhifəsində yerləşən «Ölümə çarə varmı?» adlı məqaləyə baxın.

^ abz. 9 Daha ətraflı məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 7-ci fəslinə baxın. Bu kitabı həmçinin www.jw.org saytından tapa bilərsiniz.