Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  oktyabr 2013

Boşanma həyatın sonu deyil

Boşanma həyatın sonu deyil

«Özümə gələ bilmirdim. Həyatım öz axarı ilə gedirdi, birdən hər şeyimi itirdim» (FAMİL *, bir ildir ki boşanıb).

«Ərim qızı yaşda bir qadınla görüşürdü. Boşanandan sonra onun ağır xasiyyətindən azad olsam da, özümü alçaldılmış və dəyərsiz hiss edirdim» (TÜKƏZBAN, 17 ildir ki boşanıb).

Bəzi insanlar düşünürlər ki, boşandıqdan sonra həyatları daha da yaxşılaşacaq. Bir başqaları ailələrini qorumağa çalışsalar da, buna nail ola bilmirlər. Hər necə olursa-olsun, boşanan insanların əksəriyyətinin həyatı gözlədiklərindən daha çətin olur. Əgər sən təzəlikcə boşanmısansa, ola bilsin, fikirləşirsən ki, həyatında bundan betər vəziyyət ola bilməz. Buna görə də Müqəddəs Kitabdan bəzi faydalı məsləhətləri nəzərdən keçirməyin boşanma ilə bağlı yaranan çətinliklərə tab gətirməyinə kömək edəcək.

ÇƏTİNLİK 1. MƏNFİ HİSSLƏR

Pulla bağlı problemlərin, valideynlik borcunu yerinə yetirməyin və tənhalığın gətirdiyi gərginlik çox böyük ola bilər və bu hisslərdən yaxa qurtarmaq həmişə asan olmur. Əvvəllər psixoloq olan Cudit Ualestayn müşahidə etmişdir ki, boşanmış insanlar illər keçməsinə baxmayaraq, hələ də özlərini aldadılmış və tərk edilmiş hiss edirlər və həyatın onlara qarşı amansız olduğunu, ümidlərini puça çıxardığını və tək-tənha olduqlarını düşünürlər.

 TƏKLİF

  • Ürəyini boşalt. Sən hələ də sevdiyin həyat yoldaşın üçün darıxa bilərsən. Münasibətləriniz yaxşı olmasa da, sən yenə də kədərlənirsən, çünki nikahda gözlədiyin xoşbəxtliyə nail ola bilmədin (Süleymanın məsəlləri 5:18). Ağlamağa utanma (Vaiz 3:1, 4).

  • Özünü insanlardan təcrid etmə. Kədərini boşaltmaq üçün təklikdə qalmaq lazım olsa da, bu, uzun müddət çəkməməlidir (Süleymanın məsəlləri 18:1). Əgər daima keçmiş həyat yoldaşını pisləsən, insanlar səninlə ünsiyyət etməkdən qaçacaqlar. Buna görə də dostlarınla ruhlandırıcı mövzular barədə söhbətlər et. Boşanmadan bir müddət sonra vacib qərar qəbul etməlisənsə, etibar etdiyin insandan kömək istə.

  • Sağlamlığının qeydinə qal. Boşanmanın gətirdiyi stress çox vaxt yüksək qan təzyiqi və miqren (kəskin baş ağrıları) kimi fiziki problemlərə səbəb olur. Yaxşı qidalan, idman et və doyunca yat (Efeslilərə 5:29).

  • Keçmiş həyat yoldaşına qarşı qəzəbini alovlandıran şeylərdən azad ol. Vacib sənədləri saxlamaq şərtilə, evini lazımsız əşyalardan təmizləyə bilərsən. Əgər bəzi əşyalara, misal üçün toy şəkillərinə baxanda kədərlənirsənsə, onları bir qutuya qoy ki, uşaqların üçün yadigar qalsın.

  • Mənfi hisslərlə mübarizə apar. Əri xəyanət etdiyi üçün onunla boşanan Olqa deyir: «Həmişə özümdən soruşuram: “O qadında nə var ki, məndə yoxdur?”» Sonradan Olqa başa düşdü ki, mənfi fikirlər daim beyinində dolaşanda bu onu əldən salır (Süleymanın məsəlləri 18:14).

    Bir çoxları müşahidə etmişlər ki, hisslərini kağız üzərinə tökmək onlara fikirlərini aydınlaşdırmağa və nəzarətdə saxlamağa kömək edir. Bunu edirsənsə, mübarizə apardığın mənfi fikirləri müsbət fikirlərlə əvəz et (Efeslilərə 4:23). İki nümunəyə baxaq:

    Mənfi fikir: Ərimin xəyanət etməsi mənim günahımdır.

    Müsbət fikir: Mənim səhvlərim ərimin xəyanət etməsinə haqq qazandırmır.

    Mənfi fikir: Ən gözəl illərimi gör kiminlə çürütmüşəm!

    Müsbət fikir: Keçmişi xatırlamasam, həyatım daha yaxşı olar.

  • Yaralayan sözlərə fikir vermə. Dostlarınla qohumların yaxşı niyyətdən irəli gələrək elə sözlər deyə bilərlər ki, bu, qanını qaralda və ya vəziyyətinə münasib olmaya bilər. Məsələn: «O insan sənin tayın deyildi» və ya «Allah boşanmaya nifrət edir» *. Belə vəziyyətdə Müqəddəs Kitabın «adamların dediyi hər sözə məhəl qoyma» məsləhəti yerinə düşür (Vaiz 7:21). İki ildir ki boşanan Fəridə öz hisslərini bölüşür: «İnsanı yandırıb-yaxan sözlərin üzərində düşünməkdənsə, hər şeyə Allahın gözü ilə baxmağa çalışıram. Çünki Onun fikirləri bizim fikirlərimizdən yüksəkdir» (Yeşaya 55:8, 9).

  • Dua et. Allah xidmətçilərini, xüsusilə ən çətin anlarda, bütün qayğılarını Onun üzərinə qoymağa səsləyir (1 Peter 5:7).

MƏSLƏHƏT. Sənə təsəlli verən Müqəddəs Kitab ayələrini kağıza yaz və onu elə yerə qoy ki, daima gözünün qabağında olsun. Yuxarıda gətirilən ayələrdən başqa boşanmış insanlar növbəti ayələrdən də faydalanıblar: Məzmur 27:10; 34:18; Yeşaya 41:10; Romalılara 8:38, 39.

Qoy Allahın Kəlamı çətin anlarında sənə dəstək olsun

ÇƏTİNLİK 2. KEÇMİŞ HƏYAT YOLDAŞINLA MÜNASİBƏTLƏRİN

11 il evli olan Dilbər deyir: «Ərimə yalvarırdım ki, getməsin. O gedəndən sonra nə onu, nə də onun məşuqəsini görməyə gözüm yox idi». Boşanmış bir  çox insan keçmiş həyat yoldaşına uzun illər nifrət bəsləyir. Amma onlar yenə də, xüsusilə əgər övladları varsa, müntəzəm ünsiyyət etməli olurlar.

TƏKLİF

  • Keçmiş həyat yoldaşınla hörmətcil davran. Diqqəti vacib məsələlərə yönəlt, konkret ol və çalış ki, söhbət başqa mövzulara keçməsin. Bu məsləhət bir çoxlarına sülhü qorumağa kömək edib (Romalılara 12:18).

  • Adamı qızışdıran sözlərdən qaç. Özündən çıxdığını hiss edəndə Müqəddəs Kitabın «çoxbilən az danışar» məsləhətini yadına sal (Süleymanın məsəlləri 17:27). Əgər söhbət artıq qızışmağa başlayırsa, onda deyə bilərsən: «Dediklərin barədə düşünüb fikrimi sonra bildirərəm».

  • Keçmiş həyat yoldaşınla əlaqəni kəsmək üçün bütün ortaq işlərini ayır. Bunlara bütün sənəd-sünəd işləri, hüquqi, tibbi, həmçinin maddi şeylər də daxildir.

MƏSLƏHƏT. Növbəti dəfə keçmiş həyat yoldaşınla söhbət edərkən hər ikinizi nələrin əsəbiləşdirdiyinə diqqət yetir. Lazım olsa, söhbəti bitirib başqa gün davam etdirə, ya da ki, mövzunu e-mail vasitəsilə müzakirə edə bilərsən (Süleymanın məsəlləri 17:14).

ÇƏTİNLİK 3. ÖVLADLARINA ŞƏRAİTƏ UYĞUNLAŞMAĞA KÖMƏK ET.

Zeynəb boşanandan sonra nələrin baş verdiyini xatırlayır: «Balaca qızım bütün günü ağlayırdı və gecə sidiyini saxlaya bilmirdi. Böyük qızım isə hisslərini gizlətməyə çalışsa da, onda da bəzi dəyişikliklər baş vermişdi». Uşaqlarının köməyə daha çox ehtiyacı olan zaman vaxtının və gücünün çatışmadığını hiss edəndə məyus ola bilərsən.

TƏKLİF

  • Uşaqlarını öz hisslərini bölüşməyə təşviq et, hətta ağlına gələni danışsalar belə (Əyyub 6:2, 3).

  • Bir valideyn kimi üzərinə düşən vəzifəni unutma. Ola bilsin, sənin emosional cəhətdən dəstəyə ehtiyacın var və düşünürsən ki, bunu uşağın edə bilər. Ancaq bu kimi böyük problemlərlə uşağı yükləmək həm haqsızlıqdır, həm də onun sağlamlığına mənfi təsir göstərə bilər (1 Korinflilərə 13:11). Övladın sənin sirdaşın və ya səninlə keçmiş həyat yoldaşın arasında vasitəçi deyil.

  • Uşağının həyatının öz axarı ilə getməsi üçün çalış. Buna başqa evə köçməmək və cədvəlində dəyişikliklər etməmək kömək edə bilər. Ancaq daha vacibi Müqəddəs Kitabı oxumaqla və ailəvi ibadət keçirməklə Allahla münasibətləri qorumaqdır (Qanunun təkrarı 6:6—9).

MƏSLƏHƏT. Bu həftə ərzində uşaqlarını sevdiyini və boşanmağınızda onların günahı olmadıqlarına əmin et. Digər valideyni günahlandırmadan onların suallarına cavab ver.

Boşanma son deyil. Həyat davam edir. 16 il evli olan Melisa deyir: «Ailəm dağılanda fikirləşdim ki, axı mən özümə belə həyat arzulamırdım!» Hal-hazırkı şəraitinə baxmayaraq, o, həyatından məmnunluq duyur və hisslərini belə bölüşür: «Keçmişimi dəyişməklə bağlı fikirlərimə son qoyan andan özümü daha yaxşı hiss edirəm».

^ abz. 2 Bu məqalədəki bəzi adlar dəyişdirilib.

^ abz. 18 Allah boşanmaya yalnız bir şərtlə — xəyanət baş verdiyi zaman icazə verir. Belə vəziyyətdə boşanıb-boşanmamağı günahsız tərəf özü qərar verməlidir (Malaki 2:16; Matta 19:9). Yehovanın Şahidləri tərəfindən dərc olunan «Oyanın!» jurnalının 1994-cü ilin may sayında olan «Müqəddəs Kitabın baxışı: Allah hansı boşanmalara nifrət edir?» (türk.) məqaləsinə bax.

ÖZÜNÜZDƏN SORUŞUN . . .

  • Boşanmaya görə kədər hissimi ürəyimdə saxlayıram?

  • Keçmiş həyat yoldaşıma olan qəzəbimin qarşısını necə ala bilərəm?