Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2013

 AİLƏ XOŞBƏXTLİYİNİN AÇARLARI

İkinci nikah: problemlər və həlli yolları

İkinci nikah: problemlər və həlli yolları

HERMAN *: «34 il bir yastığa baş qoyduğum ilk arvadım xərçəng xəstəliyindən öldü. İndiki həyat yoldaşım Lindaya elə gəlirdi ki, mən onu həmişə əvvəlki arvadımla müqayisə edirəm. Bu, az imiş kimi, köhnə dostlar tez-tez mərhum yoldaşımın necə yaxşı insan olduğundan söz açırdılar, bu isə Lindaya pis təsir edirdi».

LİNDA: «Hermana ərə gedəndən sonra özümü onun birinci arvadının kölgəsi kimi hiss edirdim. O, xətri çox istənilən, şirindil və olduqca nəzakətli qadın olub. Bəzən oturub fikirləşirəm: görəsən, mən də Hermana onun qədər əziz ola biləcəyəm?»

Hermanla Linda bir-birlərini tapdıqlarına sevinirlər. Birinci ailəsi dağılan Linda hətta Hermanı «ağatlı şahzadəsi» adlandırır. Buna baxmayaraq, onların hər ikisi də etiraf edir ki, ikinci nikahda ilk nikahda olmayan çətinliklər yarana bilər *.

İkinci dəfə ailə qurmusunuzsa, nikahınızda vəziyyət nə yerdədir? Boşandıqdan üç il sonra yenidən ərə gedən Tamara adlı bir qadın etiraf edir: «Birinci dəfə ailə quranda adamda fərqli bir hiss olur: sanki, onun ailəsi heç vaxt dağılmayacaq. Ancaq ikinci evlilikdə belə hisslər olmaya bilər, çünki birinci nikahın bitdiyi insanın yaddaşından heç silinmir».

Bununla belə, ikinci dəfə ailə quranların bir çoxu səadət tapmışlar. Onlar xoşbəxtliyə nail ola bilmişlər — bu, sizdə də alınacaq! Necə? İkinci  dəfə evlənəndə ən çox yaranan üç çətinliyə nəzər salaq və görək Müqəddəs Kitab prinsipləri onları həll etməkdə necə kömək edə bilər *.

ÇƏTİNLİK 1. KEÇMİŞ XATİRƏLƏR

«İlk evliliklə bağlı xatirələri sadəcə silib atmaq mümkün deyil, xüsusilə də əvvəlki ərimlə məzuniyyətdə olduğumuz yerlərə indiki ərimlə səyahət edəndə, — Cənubi Afrikada yaşayan Ellen adlı bir qadın etiraf edir. — Bəzən özüm də bilmədən sözümü indiki ərimi əvvəlki ərimlə müqayisə etməklə bitirirəm». Həyat yoldaşınız əvvəllər evli olubsa, keçmiş nikahı haqda onun tez-tez danışması sizi qıcıqlandıra bilər.

Qoy sizin birgə yaşadığınız anların xatirələri olsun

MƏSLƏHƏT. Xüsusilə əvvəlki evliliyiniz bir neçə il sürübsə, nə özünüzdən, nə də həyat yoldaşınızdan keçmişi asanlıqla unutmağı gözləmək real deyil — bununla barışın. İkinci dəfə evlənənlərin bəziləri etiraf edirlər ki, təsadüfən həyat yoldaşlarına əvvəlki həyat yoldaşlarının adı ilə müraciət ediblər! Bu və bənzər vəziyyətlərdə nə etmək olar? Müqəddəs Kitab bizi bir-birimizə qarşı anlayışlı olmağa səsləyir (1 Peter 3:8).

Qısqanclığa qapılaraq həyat yoldaşınızdan ilk yoldaşı haqda dilinə bir kəlmə belə gətirməməsini tələb etməyin. Əgər həyat yoldaşınızın ürəyindən ilk nikahı haqda danışmaq keçirsə, ona dərddaş olun. O dəqiqə fikirləşməyin ki, yoldaşınız sizi onunla müqayisə edir. İkinci evliliyindən on il keçən Yan adlı bir kişi deyir: «Arvadım Ketlin keçmiş həyat yoldaşım haqda danışmağıma pis baxmırdı. Əksinə, o, buna məni mən edənin nə olduğunu öyrənmək üçün bir fürsət kimi yanaşırdı». Hətta bunun sayəsində yeni həyat yoldaşınızla münasibətiniz daha sıx ola bilər.

İndiki həyat yoldaşınızın fərqli və gözəl xüsusiyyətlərinə diqqət yetirin. Düzdür, ola bilər, əvvəlki həyat yoldaşınızda olan müəyyən xüsusiyyətlər və qabiliyyətlər indiki yoldaşınızda yoxdur. Amma yəqin ki, onun digər sahələrdə üstün cəhətləri var. Buna görə də indiki ailənizin təməlini möhkəmləndirin, bunun üçün indiki həyat yoldaşınızı əvvəlki yoldaşınızla müqayisə etməyin, əksinə, onda bəyəndiyiniz xüsusiyyətlər üzərində düşünün və onları qiymətləndirin (Qalatiyalılara 6:4). İki dəfə ailə həyatı qurmuş Edmont bu haqda deyir: «Bir-birinə bənzər iki dostluq münasibəti olmadığı kimi, bir-birinə bənzər nikah da yoxdur».

İlk nikahınızdan qalan xoş xatirələrin indiki evliliyinizə mane olmaması üçün nə etmək olar? Cared deyir: «Bir dəfə arvadıma demişdim ki, əvvəlki evliliyim birinci yoldaşımla birlikdə yazdığımız gözəl kitaba bənzəyir. Hərdənbir o kitabı vərəqləyir, xoş xatirələrə dalıram. Amma mən bu kitabla yaşamıram. İndi mən arvadımla birlikdə öz kitabımızı yazırıq və özümü xoşbəxt hiss edirəm».

TƏKLİF. Həyat yoldaşınızdan soruşun, əvvəlki evliliyinizdən söhbət düşəndə sıxılmır ki? İlk nikahınız haqda danışmağın münasib olmadığı vaxtları müəyyən edin.

ÇƏTİNLİK 2. KÖHNƏ DOSTLAR

Boşandıqdan altı il sonra yenidən ailə quran Xavyer deyir: «Evlənəndən bir müddət sonra arvadım hiss etdi ki, bəzi dostlarım onun hər hərəkətinə göz qoyurlar». Leo adlı bir kişi isə tamamilə başqa bir vəziyyətlə qarşılaşmışdı. O bölüşür: «Bəzi adamlar qulağım eşidə-eşidə arvadıma onun keçmiş ərinin xətrini nə qədər çox istədiklərini və onun üçün nə qədər darıxdıqlarını deyirlər».

MƏSLƏHƏT. Özünüzü dostlarınızın yerinə qoymağa çalışın. Yuxarıda sözləri gətirilən Yan deyir: «Mən fikirləşirəm ki, köhnə dostlardan kiməsə dostunu yeni həyat yoldaşı ilə görmək ağır gəlir və həmin adamla ünsiyyət etməkdə çətinlik çəkir». Buna görə də anlayışlı olun və «hamı ilə mülayim [davranın]» (Titusa 3:2). Dostlarınıza və ailənizə yeni vəziyyətə uyğunlaşmaları üçün vaxt verin. Bir halda ki həyat yoldaşınız dəyişib, dostlarınız da dəyişə bilər. Xavyer deyir ki, vaxt keçdikcə o və həyat yoldaşı köhnə dostlarla münasibətlərini bərpa etdilər. O əlavə edir: «Bundan  əlavə, biz çalışırıq ki, yeni ümumi dostlarımız olsun. Bunun da xeyrini görürük».

Köhnə dostlarınızla vaxt keçirəndə həyat yoldaşınızın hisslərini nəzərə alın. Tutalım, söhbət sizin ilk nikahınızdan düşdü; həyat yoldaşınızın özünü artıq hiss etməməsi üçün nəzakət və sağlam düşüncə ilə vəziyyəti düzəltməyə çalışın. Müqəddəs Kitabda yazılıb: «Düşünmədən danışanın dili qılınc kimi yaralar, hikmətlinin dili isə insanları sağaldar» (Süleymanın məsəlləri 12:18).

TƏKLİF. Sizin və ya həyat yoldaşınızın özünü narahat hiss edəcək məclisləri qabaqcadan müəyyən etməyə çalışın. Dostlarınızın əvvəlki nikahınızla bağlı verə biləcəyi suallara və deyəcəyi sözlərə necə cavab verəcəyinizi qabaqcadan müzakirə edin.

ÇƏTİNLİK 3. ƏVVƏLKİ HƏYAT YOLDAŞININ XƏYANƏTİ UCBATINDAN YARANAN ETİBARSIZLIQ

Birinci arvadı onu atıb gedən Endryu deyir: «Yenidən xəyanət zərbəsi alacağımdan qorxurdum». Bir qədər sonra o, indiki arvadı Rayli ilə evləndi. O davam edir: «Çox vaxt fikirləşirdim, görəsən, mən Raylinin keçmiş əri kimi ola biləcəyəm? Hətta narahat olurdum ki, birdən ona layiq olmadığımı fikirləşib məni başqasına dəyişər».

MƏSLƏHƏT. Həyat yoldaşınızla narahatçılığınızı çəkinmədən bölüşün. Müqəddəs Kitabda deyilir: «Məsləhətsiz niyyət boşa çıxar» (Süleymanın məsəlləri 15:22). Açıq söhbət Endryu və Rayliyə bir-birlərinə etibar etməyə kömək etdi. Endryu deyir: «Rayliyə dedim ki, problemlərdən çıxış yolu kimi boşanmaya əl atmayacağam. O da məni buna əmin etdi. Tədricən ona tam etibar etməyi öyrəndim».

Əgər yoldaşınız ilk evliliyində xəyanətə uğrayıbsa, onun etibarını qazanmaq üçün məqsədyönlü addımlar atın. İlk ailələri dağılmış Mişel və Sabina şərt kəsdilər ki, işdir, köhnə həyat yoldaşları ilə hər hansı əlaqələri olarsa, bir-birilərinə xəbər verəcəklər. Sabina deyir: «Aramızda olan bu razılaşmanın sayəsində bir-birimizdən arxayınıq» (Efeslilərə 4:25).

TƏKLİF. İstər üz-üzə, istər telefon, istərsə də İnternet vasitəsilə olsun, əks cinslə təklikdə ünsiyyətə sərhəd qoyun.

İkinci dəfə qurulan o qədər xoşbəxt ailələr var ki! Sizin ailəniz də xoşbəxt ola bilər. Birinci dəfə evli olduğunuz vaxtla müqayisədə, yəqin, indi özünüzü daha yaxşı tanıyırsınız. Endryu deyir: «Rayli ilə evləndikdən sonra mən qəlb rahatlığı tapdım. Artıq 13 ildir ki, evliyik; çox gözəl münasibətlərimiz var. Biz heç vaxt bu münasibətləri itirmək istəməzdik».

^ abz. 3 Adlar dəyişdirilib.

^ abz. 5 Əslinə qalsa, ikinci nikahda vəziyyətin necə olacağı birinci nikahın həyat yoldaşın ölümü ilə, yaxud boşanma ilə bitməsindən asılıdır. Bu məqalə hər iki halla üzləşənlərə ikinci nikahlarında xoşbəxt olmalarına kömək etmək məqsədilə tərtib olunub.

^ abz. 7 Ögey övlad böyütməyin çətinlikləri haqda Yehovanın Şahidləri tərəfindən dərc edilən «Oyanın!» jurnalının 2012-ci ilin aprel sayında «Ögey ailələr. Xoşbəxtlik mümkündür» başlığı altında çıxmış silsilə məqalələrə baxın (rus.).

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Həyat yoldaşımda ən çox qiymətləndirdiyim hansı özünəməxsus xüsusiyyətlər var?

  • Söhbət birinci həyat yoldaşımdan düşürsə, indiki həyat yoldaşım pis vəziyyətdə qalmasın deyə nə edə bilərəm?

 

Əlavə məlumat

Bir-birinizə sadiq qalın

Nikahda sadiqliyi qorumaq sadəcə əxlaqsızlıqdan qaçmaq deməkdir?