Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2013

 MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Daha dünyanı dəyişməli olduğumu düşünmürəm»

«Daha dünyanı dəyişməli olduğumu düşünmürəm»
  • ANADAN OLDUĞU İL: 1966

  • ÖLKƏ: FİNLANDİYA

  • KEÇMİŞDƏ: İCTİMAİ FƏALÇI

AVTOBİOQRAFİYA.

Mən uşaqlıqdan təbiət vurğunu olmuşam. Ailəmiz tez-tez Yüvəskülə şəhərindəki (Mərkəzi Finlandiya) evimizi əhatə edən ecazkar meşələrin və heyranedici göllərin seyrinə çıxırdı. Heyvanlardan ötrü ürəyim gedirdi. Balaca olanda rastıma it çıxdı, pişik çıxdı, az qalırdım onları qucaqlayıb bağrıma basım. Böyüdükcə insanların heyvanlarla qəddarcasına davrandığını görəndə ürəyim ağrıyırdı. Bir müddət sonra heyvanların hüquqlarını müdafiə edən bir təşkilata üzv oldum, oradakılar da mənim kimi düşünürdülər.

Biz heyvanların hüquqları uğrunda fəal mübarizə aparırdıq. Məlumatlandırıcı bukletlər paylayır, habelə xəz-dəri satılan mağazalara və heyvanlar üzərində təcrübə keçirən laboratoriyalara qarşı etiraz yürüşləri və nümayişlər təşkil edirdik. Biz hətta heyvanları müdafiə edən yeni bir təşkilat da yaratdıq. Məqsədlərimizə çatmaq üçün radikal addımlar atdığımıza görə çox vaxt hakimiyyətlə problemlərimiz olurdu. Olub ki, bir neçə dəfə məni həbs edib, məhkəməyə veriblər.

Heyvanların vəziyyətindən savayı, məni dünyadakı digər problemlər də narahat edirdi. Nəticədə, mən Beynəlxalq Amnistiya Təşkilatı və Qrinpis də daxil olmaqla, bir sıra təşkilatların üzvü oldum. Bu təşkilatların fəaliyyətini dəstəkləmək üçün bütün canımı qoymuşdum. Mən kasıb-kusubların, ac-yalavac yaşayanların və digər bədbəxt insanların hüquqlarının müdafiəsinə qalxırdım.

Ancaq tədricən başa düşdüm ki, bu dünyanı dəyişə bilmərəm. Bu təşkilatlar bəzi xırda-xuruş problemlərin həll edilməsinə nail olsa da, böyük problemlər getdikcə dərinləşirdi. Mənə elə gəlirdi ki, sanki, şər qüvvələr bütün planeti ələ keçirib və heç kimin heç nə vecinə deyil. Bütün bunlar qarşısında özümü aciz hiss edirdim.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

Əlimdən heç nə gəlmədiyinə görə dilxor olurdum. Mən Allah və Müqəddəs Kitab haqqında düşünməyə başladım. Əvvəllər Yehovanın  Şahidləri ilə Müqəddəs Kitabı araşdırmışdım. Onların mehriban münasibətini və səmimi marağını qiymətləndirsəm də, həyat tərzimi dəyişməyə hazır deyildim. Bu dəfə isə vəziyyət fərqli idi.

Müqəddəs Kitabımı götürüb oxumağa başladım. Bu, mənim yaralarıma əsil məlhəm oldu. Müqəddəs Kitabda heyvanların qayğısına qalmaqla bağlı ayələr diqqətimi çəkdi. Onlardan biri Süleymanın məsəlləri 12:10 ayəsidir ki, orada deyilir: «Saleh insan hətta heyvanlarının ehtiyacını duyar». Mən həmçinin başa düşdüm ki, dünyadakı problemlərin səbəbkarı, sən demə, Allah deyilmiş. Əksinə, problemlərin böyüyüb bu səviyyəyə çatmasının səbəbi əksər insanların Allahın qayda-qanunlarına riayət etməməsidir. Yehovanın necə məhəbbətli və səbirli olduğunu öyrənəndə heyran qaldım (Məzmur 103:8—14).

Təxminən bu arada «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının sifariş kuponu əlimə keçdi və mən onu doldurub göndərdim. Çox keçmədi ki, evimə iki Yehovanın Şahidi gəldi; onlar Müqəddəs Kitabı öyrənməyi təklif etdilər, mən də razı oldum. Mən həmçinin Padşahlıq zalında keçirilən yığıncaqlara da getməyə başladım. Nəticədə, Müqəddəs Kitabdakı həqiqət ürəyimdə kök saldı.

Müqəddəs Kitabın sayəsində həyatımda çoxlu dəyişikliklər etdim: siqareti tərgitdim, əyyaşlığın daşını atdım, üst-başımı səliqəyə saldım, danışığımı düzəltdim, hakimiyyətə münasibətimi də dəyişdim (Romalılara 13:1). Həmçinin əxlaqsız həyat tərzinə son qoydum; əvvəllər bu sahədə həddən artıq sərbəstliyə yol verirdim.

Lakin mənim üçün ən çətini ictimai təşkilatlara münasibətimi dəyişmək idi. Bunun üçün bir az vaxt lazım oldu. Əvvəl-əvvəl mənə elə gəlirdi ki, həmin təşkilatlardan çıxsam, onlara xainlik etmiş olaram. Ancaq mən başa düşdüm ki, Allahın Padşahlığı bu dünya üçün yeganə gerçək ümiddir. Bütün qüvvəmi həmin Padşahlığı dəstəkləməyə və başqalarına onun haqqında öyrətməyə yönəltmək qərarına gəldim (Matta 6:33).

MƏNƏ FAYDASI.

Fəalçı olanda insanları konkret olaraq iki qrupa ayırırdım — pis və yaxşı. Pis hesab etdiyim insanlara qarşı dərhal hərəkətə keçməyə hazır idim. Ancaq Allahın Kəlamı sayəsində artıq insanlara qarşı nifrət hiss etmirəm. Çalışıram ki, bütün adamları Allahın buyurduğu kimi sevim (Matta 5:44). Hər şeydən ziyadə, mən insanlara məhəbbətimi onlarla Allahın Padşahlığı haqda xoş xəbəri bölüşməklə təzahür etdirirəm. Bu xeyirxah işin onlara sülh və xoşbəxtlik gətirdiyini və onlara gerçək ümid verdiyini görəndə ürəyim dağa dönür.

Məni narahat edən hər şeyi Yehovanın öhdəsinə buraxandan sonra ürəyim rahatlaşdı. Əminəm ki, O, bir Yaradan kimi, heyvanlarla və insanlarla pis rəftarın belə də davam etməsinə, bu gözəl dünyamızın məhv edilməsinə yol verməz. Tezliklə Allah-Taala Öz Padşahlığı vasitəsilə vurulan bütün zərəri aradan qaldıracaq (Yeşaya 11:1—9). Mən çox xoşbəxtəm ki, bu həqiqətləri bilirəm və başqalarına da həmin həqiqətlərə iman gətirməyə kömək edirəm. Daha dünyanı dəyişməli olduğumu düşünmürəm.