Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2013

 MÜQƏDDƏS KİTAB ƏSASINDA SÖHBƏT

Allah çəkdiyimiz əzabları görür?

Allah çəkdiyimiz əzabları görür?

Burada Yehovanın Şahidinin qonşuluqda yaşayan bir insanla söhbəti təqdim olunur. Təsəvvür edək ki, Mətanət adında bir Şahid Səidə xanıma baş çəkir.

O, BUNA NECƏ YOL VERƏ BİLƏR AXI?

Mətanət: Bu gün mən qonşuluğumda yaşayan insanlara bu traktatdan verirəm. Traktat «Həqiqəti öyrənmək istəyirsinizmi?» adlanır. Buyurun.

Səidə: Din haqqındadır?

Mətanət: Bəli. Traktatın üzündəki altı suala fikir verin. Onlardan hansı sizi...

Səidə: Bağışlayın, sözünüzü kəsirəm, amma boş yerə vaxt itirməyin.

Mətanət: Nəyə görə belə deyirsiniz?

Səidə: Açığını desəm, mən heç Allaha inanıb-inanmadığıma əmin deyiləm.

Mətanət: Səmimi olduğunuza görə sağ olun. Bəs sizdə həmişə belə şübhələr olub?

Səidə: Yox, uşaq vaxtı ibadət yerlərinə getmişəm, amma çoxdandır ki, belə yerlərə ayağım dəymir.

Mətanət: Məni düzgün başa düşün, məqsədim öz etiqadımı sizə yeritmək deyil. Sadəcə mənə maraqlıdır, yəqin ki, Allahın varlığına şübhə etməyinizin bir səbəbi var.

Səidə: Hə. Anam 17 il bundan əvvəl avtomobil qəzasına düşüb.

Mətanət: Çox pis oldum. Ona heç nə olmadı ki?

Səidə: O gündən bəri anam iflicdir.

Mətanət: Görünür, bu, sizi yaman sarsıdıb.

Səidə: Hə. O vaxtdan içimdə bir sual məni narahat edir: Allah varsa, nə üçün bunların başımıza gəlməsinə yol verdi? Nəyə görə O, bizim belə əzab çəkməyimizə göz yumur?

BU SUALI VERMƏK QƏBAHƏTDİRMİ?

Mətanət: Sizi çox gözəl başa düşürəm. Başı bəlalar çəkən insan bunun səbəbini bilmək istəyir və bu, təbiidir. Hətta Allahın qədimdə yaşamış bəzi sadiq bəndələrini belə, qadın olsun, kişi olsun — fərqi yoxdur, bu sual narahat edirdi!

Səidə: Doğrudan?

Mətanət: Bəli. Olar, sizə Allahın Kəlamından buna dair bir nümunə göstərim?

Səidə: Əlbəttə olar.

Mətanət: Allahın sadiq peyğəmbərlərindən biri olan Habaqquq görün nə yazıb: «Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sənsə eşitmirsən. “Zorakılıq var!” deyə Sənə fəryad edirəm, lakin bizi qurtarmırsan. Niyə mənə şər göstərirsən?» (Habaqquq 1:2, 3). Bu suallar sizin verdiyiniz suallara oxşamır?

Səidə: Hə, oxşayır.

Mətanət: Peyğəmbər belə suallar verdiyinə görə Allah onu məzəmmət etmədi, nə də demədi ki, imanı çatmır.

Səidə: Maraqlıdır.

ƏZABLARIMIZI GÖRMƏK YEHOVANI KƏDƏRLƏNDİRİR

Mətanət: Müqəddəs Kitabda deyilir ki, Allah əzablarımızı görür və buna laqeyd deyil.

Səidə: Siz nəyi nəzərdə tutursunuz?

Mətanət: Baxın, sizə Müqəddəs Kitabdan bir ayə göstərmək istəyirəm. Zəhmət olmasa, bu ayəni oxuyun: Çıxış 3:7.

Səidə: «Rəbb dedi: “Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım”».

Mətanət: Sizcə, bu ayəyə əsasən demək olarmı ki, Allah-Taala Öz xalqının çəkdiyi əzab-əziyyətləri görür?

Səidə: Belə çıxır ki, görür.

 Mətanət: Ancaq O, sadəcə kənardan durub baxmır. Bu ayənin sonuncu hissəsinə bir də fikir verin. Allah deyir: «Dərdlərinə nəzər saldım». Sizcə, Allah etinasız, biganə olsaydı, bu sözləri deyərdi?

Səidə: Yox, yəqin ki.

Mətanət: Düzdür, biri var ki, hansısa hadisənin sadəcə müşahidəçisi olasan, biri də var ki, ondan təsirlənəsən.

Səidə: Hə, düz deyirsiniz.

Mətanət: Bunu nəzərə alaraq, gəlin Allahın xalqının əzab çəkdiyini göstərən başqa bir ayəyə baxaq: Yeşaya 63:9. Bu ayənin birinci hissəsində deyilir: «Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi». Bu ayəyə əsasən deyə bilərikmi ki, Allah xalqının çəkdiyi əzabları görəndə bu, Ona təsir edirdi?

Səidə: Burada elə deyilir.

Mətanət: Səidə xanım, əslində, Allah bizə qarşı etinasız deyil və çəkdiyimiz əzab-əziyyətlər Onu kədərləndirir. Biz iztirab çəkəndə O da iztirab çəkir.

BƏS O, NƏYİ GÖZLƏYİR?

Mətanət: Getməzdən öncə, nəzərinizə daha bir fikri çatdırmaq istəyirəm.

Səidə: Buyurun.

Mətanət: Müqəddəs Kitabda Allahın gücü haqda deyilənlərə fikir verin. Bu haqda Yeremya 10:12 ayəsindən oxumaq olar. Olar, bu ayəni oxuyasınız?

Səidə: Olar. «Rəbb qüdrəti ilə yer üzünü yaratdı, hikməti ilə dünyanı qurdu, dərrakəsi ilə göyləri yaydı».

Mətanət: Minnətdaram. Gəlin bu ayənin üzərində bir az düşünək. Sizcə, Allah qüdrətli olmasaydı, ucsuz-bucaqsız Kainatı və oradakı bütün cisimləri yarada bilərdi?

Səidə: Əlbəttə yox.

Mətanət: Deməli, əgər ətrafda gördüyümüz hər şeyi yaratmaq üçün Allaha güc lazım idisə, yaratdıqlarını idarə etmək üçün görün Ona nə qədər güc lazımdır.

Səidə: Düz deyirsiniz.

Mətanət: Məsələn, götürək sizi. Ananızın çəkdiyi əzabları görmək ürəyinizi niyə parçalayır?

Səidə: Necə parçalamasın, axı o, mənim anamdır.

Mətanət: Əlinizdə olsaydı, onu elə indi sağaltmazdınız?

Səidə: Əlbəttə.

Mətanət: Bir düşünün, Müqəddəs Kitab deyir ki, Allah bizim əzablarımıza nəzər salır, halımıza yanır, üstəlik, hədsiz dərəcədə güclüdür. Təsəvvür edirsiniz, Allah dərhal hərəkətə keçməmək və bizim əzab-əziyyətlərimizə son qoymamaq üçün Özünü nə qədər cilovlamalı olur?

Səidə: Bu fikir heç ağlıma gəlməmişdi.

Mətanət: Sizcə, problemlərimizə hələ ki son qoymadığına görə Yaradanın əsaslı səbəbi ola bilər *?

Səidə: Yəqin ki.

Mətanət: Gəlin gələn həftə görüşüb bu sualı müzakirə edək.

Səidə: Olar.

Mətanət: Yeri gəlmişkən, adım Mətanətdir. Sizin adınızı bilmək olar?

Səidə: Səidə.

Mətanət: Tanış olmağımıza şadam.

Səidə: Mən də.

Mətanət: Görüşənədək.

Səidə: Oldu, sağ olun *.

Bəlkə, sizi Müqəddəs Kitabdan hansısa bir mövzu maraqlandırır? Yaxud da Yehovanın Şahidlərinin etiqadları və necə ibadət etdikləri barədə bilmək istəyirsiniz? Növbəti dəfə Yehovanın Şahidləri ilə rastlaşanda suallarınızı onlara verməkdən çəkinməyin. Əmin olun ki, onlar böyük məmnuniyyətlə suallarınıza cavab verəcəklər.

^ abz. 57 Ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 11-ci fəslinə baxın.

^ abz. 66 Bu silsilədən olan növbəti məqalədə Allahın əzablara nə üçün yol verdiyi müzakirə ediləcək.

Əlavə məlumat

Allah nə üçün əzab-əziyyətə yol verir?

Müqəddəs Yazılarda qələmə alınan «Yaradılış» kitabında izah edilir ki, tükənməz gücə malik olan Allah əzabları aradan qaldıra bildiyi təqdirdə, nə üçün hələ də bunlara yol verir.