Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  iyul 2013

 ALLAHA YAXINLAŞIN

O, ürəklərimizi doydurur

O, ürəklərimizi doydurur

Həqiqətənmi, Allah bizim qayğımıza qalır, yoxsa biz insanların halı onu qətiyyən maraqlandırmır? Müqəddəs Kitabın bu suala verdiyi cavab bizə təskinlik verir. Allah, doğrudan da, bəşər ailəsinin qayğısına qalır və bizim xoşbəxt ömür sürməyimizi istəyir. Allah-Taala hamıya, hətta naşükürlərə belə Onun bol xeyirxahlığından hər gün dadmağa imkan verir. Gəlin Allahın xidmətçisi Pavelin dediyi sözlərin üzərində düşünək. (Həvarilərin işləri 14:16, 17 ayələrini oxuyun.)

O, vahid həqiqi Allaha ibadət etməyən Listra şəhərinin sakinlərinə müraciətində demişdi: «[Allah] keçmişdə hər bir millətə öz yolu ilə getməyə izin vermişdi. Hərçənd Özü haqqında daima şəhadət verirdi: sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu». Pavelin sözləri onun dinləyiciləri üçün hansı mənanı kəsb edirdi?

Pavelin dediklərinin doğru olduğunu görmək üçün Listra camaatına harasa getmək lazım deyildi. Əkinçiliklə məşğul olan bu insanlar bol yağışlı və münbit torpağı olan ərazidə yaşayırdılar. Lakin Pavel onlara xatırlatdı ki, bu yağışlar və bərəkətli mövsümlər Yehova Allahdandır. Buna görə də hər dəfə torpaqdan bol məhsul yığanda və ləziz yeməklər yeyəndə Yehovanın xeyirxahlığından dadmış olurdular.

Həvari Pavelin Listra camaatına dediyi sözlərdən Yehova Allah haqqında bir neçə vacib dərs öyrənirik.

Yehova Allah bizə iradə azadlığı verib. Yəqin, fikir verdiniz ki, Yehova bütün bütpərəst xalqlara «öz yolu ilə getməyə» izin vermişdi. Müqəddəs Kitabı tərcümə edənlər üçün bir vəsaitdə qeyd olunur ki, bu ifadə «istədikləri kimi getmək», yaxud da «özlərinin ən düzgün hesab etdikləri kimi davranmaq» mənasını da verə bilər. Yehova heç kəsi Ona ibadət etməyə məcbur etmir. O, bizə iradə azadlığını — həyat yolumuzu seçmək qabiliyyətini bəxş edib (Qanunun təkrarı 30:19).

Yehova Allah istəyir ki, biz Onu tanıyaq. Həvari izah etdi ki, Allah «Özü haqqında daima şəhadət verirdi». Yuxarıda qeyd olunan vəsaitə əsasən, bu ifadəni «Allah insanlara necə Allah olduğunu göstərdi» kimi tərcümə etmək olar. Allahın xəlq etdiyi hər şey, Onun xeyirxahlığı, hikməti, gücü və məhəbbəti də daxil olmaqla, «gözəgörünməz keyfiyyətləri» haqda parlaq şəkildə şəhadət verir (Romalılara 1:20). Müqəddəs Kitabda isə Allah Özü haqqında daha çox məlumat açıqlayır (2 Timoteyə 3:16, 17). Bütün bunlar Yehova Allahın bizim Onu tanımağımızı istədiyinə dəlalət edir.

Allah hamıya, hətta naşükürlərə belə Onun bol xeyirxahlığından hər gün dadmağa imkan verir

Yehova Allah bizim xoşbəxt olmağımızı istəyir. Pavel demişdi ki, Allah bizə bol-bol qida verir, ürəyimizi şadlıqla doydurur. Hətta Yehovanı qəbul etməyən günahkarlar belə doyunca yemək yeyir və həyatdan müəyyən mənada sevinc duyur. Lakin Allah istəyir ki, biz həqiqi və əbədi sürən xoşbəxtliyə qovuşaq. Bu yalnız Onun haqqında həqiqəti öyrəndiyimiz və öyrəndiklərimizi həyatımızda tətbiq etdiyimiz halda mümkündür (Məzmur 144:15; Matta 5:3).

Biz hamımız hər gün Yehovanın xeyirxahlığını dadırıq. Bizə bol ruzi-bərəkət verən, ürəyimizi şadlıqla doyduran Yaradanımıza çox minnətdarıq! Bu minnətdarlığı necə ifadə edə biləcəyiniz haqda nəyə görə öyrənməyəsiniz?

MÜQƏDDƏS KİTABDAN NÖVBƏTİ FƏSİLLƏRİ OXUYUN

Həvarilərin işləri 11—28