Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  aprel 2013

Musa peyğəmbər — təvazökar insan

Musa peyğəmbər — təvazökar insan

TƏVAZÖKARLIQ NƏDİR?

Təvazökar olmaq lovğalıqdan və qürurdan çox-çox uzaq olmaq deməkdir. Belə adam başqalarına yuxarıdan aşağı baxmır. Üstəlik, təvazökar insan qeyri-kamil və imkanlarının məhdud olduğunu dərk edir.

MUSANIN TƏVAZÖKAR OLDUĞU NƏDƏN BƏLLİ İDİ?

Musa peyğəmbərə hakimiyyət veriləndə o qürrələnmədi. Çox vaxt insana bir az hakimiyyət verilən kimi onun təvazökar və ya qürurlu olduğu o dəqiqə üzə çıxır. On doqquzuncu əsrdə yaşamış publisist Robert İngersoll bunu belə ifadə etmişdi: «Əksər insanların əzab-əziyyətlərə dözümü var, lakin insanın əslində necə olduğunu bilmək istəyirsinizsə, ona hakimiyyət verin». Bu sahədə Musa peyğəmbər bizə əsil təvazökarlıq nümunəsi qoyub.

Allah Musaya israillilərə rəhbərlik etmək kimi böyük səlahiyyət vermişdi. Ancaq onun ürəyi qürurlanmadı. Gəlin onun qadınların vərəsəlik hüququ ilə bağlı çətin məsələni təvazökarlıqla necə həll etdiyinə fikir verək (Saylar 27:1—11). Qanuna əsasən, mal-mülk atadan oğula keçirdi. Selofxad adlı bir kişinin beş qızı vardı, oğlu isə yox idi. Qızlar Musanın yanına gəlib atalarının mirasını onlara verilməsini xahiş etdilər. Bu, çox mühüm məsələ idi. Çünki qərar yalnız həmin qadınlara yox, oğlan övladı olmayan digər ailələrə də tətbiq ediləcəkdi.

Belə məqamda peyğəmbər nə etdi? İsrailin rəhbəri kimi bu cür qərarlar qəbul etmək səlahiyyətinin olduğunu düşündümü? Bacarığına, illərlə qazandığı zəngin təcrübəsinə, yaxud Allahın düşüncə tərzinə bələd olduğuna arxalanaraq qərarı özü verdi?

Onun yerində qürurlu insan olsaydı, yəqin ki, belə edərdi. Amma Musa bu cür davranmadı. Müqəddəs Yazılarda oxuyuruq: «Musa onların işini Rəbbin önünə qoydu» (Saylar 27:5). 40 ilə yaxın İsrail xalqına rəhbərlik etməsinə baxmayaraq, Musa peyğəmbər özünə yox, Yehova Allahına güvəndi. Bu hadisədən peyğəmbərin nə qədər təvazökar insan olduğu aydın görünür.

Musa hakimiyyət başına başqalarının keçəcəyindən ehtiyat edərək vəzifəsini var-gücü ilə əldə saxlamağa çalışmırdı. Allah başqa israillilərə onunla birgə peyğəmbərlik etməsinə izin verəndə Musa sevindi (Saylar 11:24—29). Onun qayınatası xalqı idarə etmək kimi ağır yükün bir qismini başqaları ilə bölüşməyi təklif edəndə Musa bu təklifi qəbul etdi (Çıxış 18:13—24). Ömrünün sonuna yaxın Musa, canında təpər olsa da, Allahdan xahiş etdi ki, ona xələf təyin etsin. Allah Yeşuanı seçəndə Musa canla-başa bu gənci dəstəklədi və soydaşlarına bərk-bərk tapşırdı ki, onları Vəd edilmiş diyara aparacaq bu adamın dediklərinə əməl etsinlər (Saylar 27:15—18; Qanunun təkrarı 31:3—6; 34:7). Musa ibadətdə israillilərə başçılıq etməyi, yəni Yehovaya yaxınlaşmaqda xalqa kömək etməyi özünə şərəf bilirdi. Bununla belə, o, heç vaxt yol vermirdi ki, hakimiyyət başında olmaq istəyi onun üçün başqalarının rifahından daha önəmli olsun.

BİZİM ÜÇÜN İBRƏT DƏRSİ.

Hakimiyyət, səlahiyyət və ya bacarıqlarımızın bizi qürurlu etməsinə yol verməməliyik. Biz yadda saxlamalıyıq ki, Allahın gözündə Onun işinə yararlı bəndə olmaq üçün bacarıqlı olmaqdan çox, təvazökar olmağımız daha vacibdir (1 Şamuel 15:17). Əgər biz, həqiqətən də, təvazökarıqsa, Allahın Kəlamında qələmə alınan məsləhətə var gücümüzlə riayət edəcəyik: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə» (Süleymanın məsəlləri 3:5, 6).

Musa peyğəmbərin nümunəsindən mövqeyimizə və ya hakimiyyətə həddən artıq önəm verməməyi də öyrənirik.

Şəkk-şübhəsiz, Musanın təvazökar bir insan kimi qoyduğu nümunə çox faydalıdır! Əsil təvazökarlıq inkişaf etdirəndə ətrafımızdakı insanların həyatını asanlaşdırır, onların rəğbətini qazanırıq. Ən vacibi isə, biz bu gözəl xüsusiyyəti bəyənən Yehova Allahın iltifatını qazanmış oluruq (Məzmur 18:35). «Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir» (1 Peter 5:5). Musa peyğəmbər kimi təvazökar olmaq üçün bu necə də tutarlı səbəbdir!