Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi  |  aprel 2013

Musa peyğəmbər — məhəbbət dolu bir insan

Musa peyğəmbər — məhəbbət dolu bir insan

MƏHƏBBƏT NƏDİR?

Məhəbbət başqalarına dərin bağlılıq hissidir. Sevən insan nəyi isə qurban vermək lazım gəlsə belə, sözləri və hərəkətləri ilə qarşısındakı insanın onun üçün əziz olduğunu göstərir.

MUSA MƏHƏBBƏTİ NECƏ TƏZAHÜR ETDİRİRDİ?

Musa peyğəmbər Allahı sevdiyini əməlləri ilə göstərirdi. Necə? 1 Yəhya 5:3 ayəsində yazılan sözləri xatırlayaq: «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil». Musa bu prinsipə əsasən yaşayırdı. Fironun hüzuruna getmək kimi ağır tapşırıqdan tutmuş Qırmızı dənizi aralamaq üçün əsanı uzatmaq kimi sadə tapşırığadək Allahın bütün əmrlərini icra etdi. Bu əmrlərin sadə və ya çətin olmasından asılı olmayaraq, «Rəbb Musaya necə əmr etmişdisə, o da bu cür etdi» (Çıxış 40:16).

Musa soydaşlarını da sevirdi. Xalq bilirdi ki, onlara rəhbərlik etmək üçün Yehova Musanı təyin edib, buna görə də dara düşən kimi onun yanına gedirdilər. Allahın Kəlamından oxuyuruq: «Xalq... səhərdən axşamadək Musanın ətrafında dayanmışdı» (Çıxış 18:13—16). İsraillilər gəlib bütün günü dərdlərini Musaya danışanda günün sonunda onun necə yorulduğunu bir təsəvvür edin! Nə qədər yorulsa da, Musa sevdiyi xalqına canla-başla kömək edirdi.

Musa peyğəmbər yalnız onları dinləmirdi, həmçinin onlar üçün dua da edirdi. O hətta ona qarşı pis davranan insanlara görə də dua edirdi! Məsələn, Musanın bacısı Məryəm Allahın seçilmişinə qarşı deyinəndə Allah onu cüzamla cəzalandırdı. Həmin vəziyyətdə Musa sevinmədi, əksinə, bacısı üçün dərhal Yehova Allaha dua etdi: «Yalvarıram, ay Allah, ona şəfa ver!» (Saylar 12:13). Musanı canıyananlıqla dua etməyə məhəbbətdən başqa nə təşviq edə bilərdi ki?

BİZİM ÜÇÜN İBRƏT DƏRSİ.

Ürəyimizdə Allaha dərin məhəbbət inkişaf etdirməklə biz Musanı təqlid edə bilərik. Bu cür məhəbbət bizi Allahın əmrlərinə «ürəkdən» itaət etməyə təşviq edir (Romalılara 6:17). Biz bütün qəlbimizlə Allaha itaət edəndə Onu sevindirmiş oluruq (Süleymanın məsəlləri 27:11). Bunun bizə də xeyri var. Çünki səmimi məhəbbətdən irəli gələrək ibadət edəndə xeyirxah işlər görürük, üstəlik, bu, bizə zövq verir (Məzmur 100:2).

İnsanları fədakarcasına sevməyi öyrənməklə də Musanı təqlid edə bilərik. Dostlarımız və ya ailə üzvlərimiz öz problemləri ilə bizə müraciət edəndə məhəbbət bizi 1) onlara diqqətlə qulaq asmağa, 2) dərdlərinə şərik olmağa, yəni onları başa düşməyə, eləcə də 3) onlara qarşı laqeyd olmadığımızı göstərməyə təşviq edir.

Musa kimi, biz də doğmalarımız üçün dua edə bilərik. Bəzən elə olur ki, onlar bizimlə dərdlərini bölüşəndə dinləməkdən başqa heç nə edə bilmirik. Hətta deyə bilərik: «Çox pis oldum, kaş ki nəsə edə biləydim, amma dua etməkdən başqa əlimdən heç nə gəlmir». Lakin unutmayın — «salehin hərarətli duasının böyük qüvvəsi var» (Yaqub 5:16). Hətta ürəkdən etdiyimiz dualarımızın sayəsində Yehova həmin insan üçün etmək fikrində olmadığı şeyləri edə bilər. Həqiqətən də, əzizlərimiz üçün edə biləcəyimiz ən böyük xeyirxahlıq onlar üçün dua etməkdir? *

Gördüyümüz kimi, Musa peyğəmbərdən biz çox şey öyrənə bilərik. O, bizim kimi adi insan olsa da, iman, təvazökarlıq və məhəbbətə dair gözəl nümunə qoyub. Onun nümunəsini nə qədər yaxşı izləsək, həm biz, həm də başqaları bunun xeyrini görəcək (Romalılara 15:4).

^ abz. 8 Dualarımız qəbul olunsun deyə Allahın tələblərinə canla-başla əməl etməliyik. Bu haqda daha çox bilmək üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 17-ci fəslinə baxın.