Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ YANVAR 2013

 ONLARIN İMANINI TƏQLİD EDİN | HABİL

«Habil ölsə də, imanı sayəsində indiyədək danışır»

«Habil ölsə də, imanı sayəsində indiyədək danışır»

HABİL bir qıraqda durub dağ döşündə sakitcə otlayan sürüsünü seyr edir. Sonra gözlərini oradan çəkib uzaqda sayrışan işıltıya baxır. O bilir ki, bu işıltı gecə-gündüz fırlanaraq Eden bağının girişini qoruyan odlu qılıncın işıltısıdır. Bir vaxtlar bu gözəl bağ onun valideynlərinin evi olmuşdu; lakin indi nə valideynləri, nə də onların övladları oraya girə bilməzlər. Habil gözlərini göyə dikib, Yaradan barədə dərin fikrə dalanda sərin mehin onun saçlarını necə dalğalandırdığını xəyalınıza gətirin. İnsanla Allah arasında əmələ gələn uçurum nə vaxtsa aradan götürüləcəkmi? Habilin ən böyük arzusu elə budur.

Habil bu gün bizimlə danışır. Bəs biz onun səsini eşidə bilərikmi? Ola bilsin, siz bunun mümkün olmadığını düşünürsünüz. Axı Adəmin ikinci oğlu olan Habil çoxdan ölüb. Onun qalıqları 60 əsrə yaxındır ki, çürüyüb torpağa qarışıb. Ölülərin vəziyyəti barədə Müqəddəs Kitabda deyilir: «Ölülər heç nə bilmir» (Vaiz 9:5, 10). Üstəlik, Müqəddəs Kitabda Habilin bir kəlmə sözü belə qələmə alınmayıb. Belə olan halda o, bizimlə necə danışa bilər?

Həvari Pavel Allahdan ilham alaraq Habil haqda demişdi: «Habil ölsə də... indiyədək danışır» (İbranilərə 11:4). O, nəyin sayəsində danışır? İmanı sayəsində. O, bu gözəl xüsusiyyəti inkişaf etdirən ilk insan idi. Habil o dərəcədə güclü iman təzahür etdirmişdi ki, onun nümunəsi indiyədək öz təsirini itirməyib və bizim üçün təqlid ediləsi canlı örnəkdir. Əgər biz ondan ibrət götürüb imanını təqlid etsək, onda demək olar ki, Habil canlı şəkildə bizimlə nümunəsi vasitəsilə danışır.

Müqəddəs Kitabda Habil haqqında az məlumat olsa da, biz ondan və onun imanından nə öyrənə bilərik? Gəlin baxaq.

BƏŞƏRİYYƏTİN İLK ÇAĞI VƏ HABİLİN UŞAQLIĞI

Habil bəşər tarixinin ilk çağında dünyaya göz açıb. Maraqlıdır ki, İsa peyğəmbər «dünyanın əsası»nın qoyulmasını Habillə əlaqələndirdi (Luka 11:50, 51, İncil, 1996). İsa «dünya» dedikdə günahdan satın alınmaq ümidi olan insanları nəzərdə tuturdu. Habil ilk insanlardan dördüncüsü olsa da, Allahın nöqteyi-nəzərincə, o satın alınmağa layiq olan ilk insan idi *. Bəli, Habilin boya-başa çatdığı mühiti heç də yaxşı adlandırmaq olmazdı.

Bəşər ailəsinin yeni yaranmasına baxmayaraq, bədbəxtliklər qara bulud tək onun üstünü almışdı. Habilin valideynləri Adəmlə Həvva zahirən gözəl və gümrah idilər. Amma onlar həyatlarının ən böyük səhvini etmişdilər və bunun fərqinə yaxşı varırdılar. Bir vaxtlar Adəmlə Həvva kamil idilər və onların əbədi yaşamaq imkanı vardı. Sonradan isə bu cütlük Yehova Allaha qarşı üsyan qaldırdı və Allah onları evləri olan cənnətdən, Eden bağından qovdu. Öz istəklərini hər şeydən, hətta övladlarından da üstün tutan Adəmlə Həvva kamilliyi və əbədi həyatı itirdilər (Yaradılış 2:15—3:24).

 Cənnətdən ömürlük sürgün edilən Adəmlə Həvvanın qara günləri başladı. Onların ilk övladı dünyaya gələndə onun adını Qabil qoydular. Bu ad «əmələ gətirmək», «istehsal etmək» kimi mənalar verən sözün kökündən götürülüb. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım». Ola bilsin ki, o, Yehovanın Eden bağında verdiyi vədi nəzərdə tuturdu. Həmin vədə əsasən, bir qadın dünyaya «övlad» gətirməli idi və bu övlad Adəmlə Həvvanı günaha sürükləyən o pis varlığı məhv etməli idi (Yaradılış 3:15; 4:1). Ola bilərmi ki, Həvva peyğəmbərlikdəki qadının özü, vəd edilmiş «övlad»ın isə Qabil olduğunu düşünürdü?

Əgər Həvva belə fikirləşirdisə, çox yanılırdı. Üstəlik, əgər o və Adəm Qabili bu düşüncə ilə böyüdürdülərsə, o zaman onda qeyri-kamilliyə xas olan təkəbbür inkişaf etdirmiş olurdular. Bir müddətdən sonra Həvva ikinci oğlunu dünyaya gətirəndə onun barəsində bu cür ibarəli sözlər demədi. Valideynlər onun adını Habil qoydular. Bu ad «nəfəs», yəni «boşluq» mənasını verir (Yaradılış 4:2). Ola bilərmi ki, ikinci oğullarına belə ad vermələrinə səbəb Adəmlə Həvvanın Qabilə nisbətən ona daha az ümid bağlamalarıdır? Biz yalnız bunu təxmin edə bilərik.

Hər necə olsa da, müasir valideynlər onlardan çox şey öyrənə bilər. Siz söz və hərəkətlərinizlə övladlarınıza qürur, şöhrətpərəstlik və xudbinlik aşılayırsınız, yoxsa onlara Yehova Allahı sevməyi və Onunla dost olmağı öyrədirsiniz? Əfsuslar olsun ki, ilk valideynlər bu məsuliyyətin öhdəsindən gəlmədilər. Lakin onların nəsli üçün ümid yeri var idi.

HABİLDƏ İMAN NECƏ YARANMIŞDI?

Ailə saxlaya bilsinlər deyə Adəm övladlarına balacalıqdan işləməyi öyrədirdi. Beləliklə, Qabil əkinçi, Habil isə çoban oldu.

Amma Habil daha vacib bir şey etdi. İllər ötdükcə, o, özündə iman inkişaf etdirirdi. Əsrlər sonra həvari Pavel Allahdan ilham alaraq bu gözəl xüsusiyyət barədə yazmışdı. Gəlin düşünək: onun ətrafındakı insanlar arasında təqlid ediləsi yaxşı nümunə olmadığı bir halda, Habildə Yehova Allaha iman necə yarandı? Gəlin bu işdə ona kömək edən üç amilə diqqət yetirək.

Yehovanın yaratdıqları.

Düzdür, Yehova yeri lənətləyərək onun tikan və qanqal bitirəcəyini demişdi. Ancaq yer Habilin ailəsinin özünü təmin etməsi üçün kifayət qədər məhsul verirdi. Bundan əlavə, Allah heyvanları, quşları, balıqları, dağları, gölləri, çayları, dənizləri, göyü, buludları, günəşi, ayı və ulduzları lənətləməmişdi. Habil hara nəzər salırdısa, bütün bunları xəlq edən Yehova Allahın dərin məhəbbətinin, hikmətinin və xeyirxahlığının sübutunu görürdü (Romalılara 1:20). O, bunların üzərində dərindən düşündükcə imanı möhkəmlənirdi.

Şübhəsiz, Habil Yaradanı Yehova haqqında düşünmək üçün vaxt ayırırdı. Gəlin bir anlığa Habili çöldə qoyun otararkən gözümüzün önündə canlandıraq. Bildiyimiz kimi, çobanın günü yollarda keçir. Habil dağları, dərələri aşır, çayları keçir, bu zəif  məxluqları yamyaşıl otu, sərin suyu olan ən təhlükəsiz çəmənlərə aparır. Allahın yaratdığı heyvanlar içində ən acizi qoyunlardır, sanki, bu məxluqlar yarandıqları gündən insanın rəhbərliyinə və müdafiəsinə ehtiyac duyurlar. Habil başa düşürdümü ki, o da istənilən insandan qat-qat güclü və qat-qat müdrik olan bir Kəsin rəhbərliyinə, müdafiəsinə və qayğısına möhtacdır? Şübhə yoxdur ki, o, bu kimi fikirlərini duada Allahla bölüşürdü və bunun sayəsində onun imanı getdikcə böyüyürdü.

Habil məhəbbətli Xaliqin xəlq etdiklərini görüb Ona iman etdi

Yehovanın vədləri.

Adəmlə Həvva onların Eden bağından qovulmalarına gətirib çıxaran hadisələri oğullarına danışmamış olmazdılar. Elə buna görə də Habilin üzərində düşünəsi çox şey var idi.

Yehova demişdi ki, yer lənətlənəcək, yəni orada tikan və qanqal bitəcək. Habil bu sözlərin yerinə yetdiyini aydın şəkildə görürdü. Yehova həmçinin Həvvaya bildirmişdi ki, hamiləliyi əziyyətlə keçəcək, ağrı ilə uşaq doğacaq. Bacı-qardaşları dünyaya gəldikcə Habil bu sözlərin də necə həyata keçdiyinin şahidi oldu. Allah hadisələrin gedişatını qabaqcadan görərək dedi ki, Həvva ərinin məhəbbət və diqqətinə qeyri-tarazlı ehtiyac duyacaq, Adəm isə ona ağalıq edəcək. Bu sözlərin də həqiqət olduğunu Habil öz gözləri ilə gördü. Habil hər dəfə Yehovanın sözlərinin tam etibara layiq olduğuna əmin olurdu. O inanırdı ki, bir gün Yehovanın vəd etdiyi «övlad» gəlib Edendə edilən səhvləri aradan qaldıracaq. Bəli, buna iman etməsi üçün onun əsaslı səbəbləri var idi (Yaradılış 3:15—19).

Yehovanın xidmətçiləri.

Habil insanlar içindən özünə təqlid ediləsi yaxşı nümunə tapmadı. Lakin o vaxt insanlar yer üzündə olan yeganə şüurlu varlıqlar deyildi. Adəmlə Həvva Eden bağından qovulanda Yehova Allah tədbir gördü ki, nə onlar, nə də onların övladları həmin cənnətə girə bilməsinlər. Bunun üçün Yehova cənnətin girişində keruvları, yəni yüksək mövqe sahibi olan mələkləri və daima fırlanan odlu qılıncı qoydu (Yaradılış 3:24).

Habilin uşaqlıqdan bu keruvları müşahidə etdiyini təsəvvür edin. Həmin mələklər zahirən insanlara bənzədiyindən Habil onların nə qədər güclü olduğunu görə bilirdi. Alov kimi şölə saçan və daima fırlanan «qılınc» adamı vahiməyə salırdı. Bəs Habil böyüdükcə bu keruvların bircə dəfə də olsun bezib öz yerlərini tərk etdiklərini görmüşdümü? Əsla! Bu qüdrətli şüurlu varlıqlar günlər, aylar, illər, hətta onilliklər də keçsə, öz yerlərindən tərpənmirdilər. Beləcə, Habil öyrəndi ki, Yehova Allahın saleh və dəyanətli xidmətçiləri var. Habil öz ailəsində görmədiyi sadiqliyi və itaətkarlığı bu keruvlarda gördü. Şübhəsiz ki, mələklərin nümunəsi onun imanını möhkəmləndirdi.

Habil ömrü boyu Yehovanın sadiq və itaətkar xidmətçiləri olan keruvları müşahidə edirdi

Yehovanın yaratdıqları, vədləri və xidmətçiləri vasitəsilə Özü haqda açıqladıqlarının üzərində dərindən düşündükcə Habil hiss edirdi ki, onun imanı getdikcə möhkəmlənir. Məgər indi demək olmazmı ki, o, bizimlə nümunəsi vasitəsilə danışır? Habilin nümunəsi xüsusilə gənclər üçün ruhlandırıcı ola bilər. Çünki doğmalarının münasibətindən asılı olmayaraq, onlar Yehova Allaha əsil iman inkişaf etdirə bilərlər. İmanımızı artırmaq üçün biz bu gün çox şeylərə malikik: bizi əhatə edən Yehova Allahın yaradılış möcüzələrinə, tam Müqəddəs Kitaba, eləcə də imana sahib olan çoxsaylı insanların nümunəsinə.

HABİLİN QURBANI NƏYƏ GÖRƏ DAHA QİYMƏTLİ İDİ?

Yehovaya imanı artdıqca Habil onu əməldə göstərmək istəyirdi. Bəs adi insan Kainatın Yaradanına nə verə bilər? Əlbəttə ki, Allah insanların nə hədiyyəsinə, nə də köməyinə ehtiyac duyur. Zaman keçdikcə Habil danılmaz bir həqiqəti dərk etdi: əgər düzgün niyyətdən irəli gələrək əlində olanın ən yaxşısını Yehovaya Allaha verərsə, qayğıkeş Yaradanın ürəyini şad edəcək.

Beləliklə, Habil öz sürüsündən bir necə qoyunu Yehova Allaha təqdim etmək üçün hazırladı. O, ilk doğulan heyvanlardan ən yaxşısını seçdi və ən yaxşı hesab etdiyi hissələri götürdü. Bu arada Qabil də Yehova Allahın xeyir-duasını və lütfünü qazanmaq üçün əkib-biçdiyi məhsullardan hazırladı. Amma onun niyyəti Habilinki kimi deyildi. Qardaşlar öz qurbanlarını təqdim edəndə bu fərq aydın göründü.

Qabildən fərqli olaraq, Habil öz qurbanını imanla təqdim etdi

 Ola bilsin, Adəmin hər iki oğlu qurbangahdan və oddan istifadə etmişdi. Güman ki, onlar öz təqdimlərini o vaxt yer üzündə Yehovanın yeganə təmsilçiləri olan keruvların gözü qarşısında təqdim etmişdilər. Yehovanın cavabı nə oldu? Biz oxuyuruq: «Rəbb Habili və onun təqdimini qəbul etdi» (Yaradılış 4:4). Müqəddəs Kitabda Allahın Habilin qurbanından razı qaldığını necə göstərdiyi deyilmir. Bəs nə üçün Allah məhz Habildən razı qaldı?

Bu, onun gətirdiyi qurbanla bağlı idi? Habil canlı heyvan təqdim edərək onun dəyərli qanını axıtdı. Habil belə qurbanın nə qədər qiymətli olduğunu dərk edirdimi? Habilin ölümündən əsrlər sonra Allah qüsursuz quzu qurbanı təsis etdi. Bu qurban günahsız qanı axıdılacaq «Allah Quzusu» olan kamil İsa Məsihin qurbanının rəmzi idi (Yəhya 1:29; Çıxış 12:5—7). Lakin Habilin nəyi bilib-bilmədiyi bizə məlum deyil.

Ancaq əminliklə deyə bilərik ki, Habil malik olduğunun ən yaxşısını təqdim etdi. Yehova yalnız Habilin qurbanından yox, həmçinin onun özündən də razı idi. Habili hərəkətə təşviq edən Yehova Allaha olan məhəbbəti və əsil imanı idi.

Qabillə isə vəziyyət başqa cür idi. Yehova «Qabili və onun təqdimini qəbul etmədi» (Yaradılış 4:5). Amma ona görə yox ki, Qabilin gətirdiyi təqdim düzgün deyildi, axı sonralar Allahın Qanununa torpağın bəhrəsindən də təqdimlər gətirmək daxil edilmişdi (Levililər 6:14, 15). Ancaq Müqəddəs Kitabda Qabil haqda deyilir ki, onun «əməlləri pis» idi (1 Yəhya 3:12). Görünür, bir çox insanlar kimi, Qabil də fikirləşirdi ki, üzdən özünü Allah bəndəsi kimi göstərmək kifayətdir. Çox keçmədi ki, onun əməllərindən Allaha iman etmədiyi və Onu sevmədiyi göründü.

Qabil Yehovanın lütfünü qazanmadığını görəndə Habildən ibrət götürdümü? Xeyr! Onda qardaşına qarşı nifrət yarandı. Yehova Qabilin ürəyində nələrin baş verdiyinə diqqət yetirdi və səbirlə onu yola gətirməyə çalışdı. Allah Qabili xəbərdar etdi ki, onun tutduğu yol günaha aparır, lakin eyni zamanda ümid verdi ki, düzəlsə, onu qəbul edər (Yaradılış 4:6, 7).

Qabil Allahın xəbərdarlığını qulaqardına vurdu. O, heç nədən şübhələnməyən kiçik qardaşından onunla çölə getməyi xahiş etdi. Orada Qabil Habilin üstünə hücum çəkib onu qətlə yetirdi (Yaradılış 4:8). Müəyyən mənada Habil dini təqiblərin ilk qurbanı — ilk şəhid oldu. O ölsə də, onun əhvalatı bununla bitmədi.

Məcazi mənada desək, Habilin qanı Yehova Allaha qisas və ya ədalət üçün fəryad edirdi. Allah bu cinayətə görə qəddar Qabili cəzalandırmaqla ədaləti bərpa etdi (Yaradılış 4:9—12). Daha vacib olan odur ki, Habil imanı vasitəsilə bu gün bizimlə danışır. Ola bilsin, Habil təqribən yüz il yaşadı. Həmin dövrün insanları ilə müqayisədə Habilin ömrü qısa olsa da, o, Allaha məqbul həyat sürdü. O, Allahı Yehovanın sevgisini və rəğbətini qazandığını bilərək həyata gözünü yumdu (İbranilərə 11:4). Biz əmin ola bilərik ki, Habil ən etibarlı yerdə — Yehovanın həddi-hüdudu olmayan yaddaşındadır və yer üzündə Cənnət bərpa ediləndə o diriləcək (Yəhya 5:28, 29). Bəs siz onu Cənnətdə görəcəksinizmi? Əmin olun ki, Habilin dediklərinə qulaq asmağa və onun böyük imanını təqlid etməyə əzmli olsanız, görəcəksiniz.

^ abz. 8 «Dünyanın əsasının qoyulması» ifadəsi toxumun axıdılması fikri ilə bağlıdır və nəsil artırmağı nəzərdə tutur. Deməli, burada dünyaya gələn ən erkən insan övladı nəzərdə tutulur. Bəs nəyə görə İsa dünyaya gələn ilk insan Qabili yox, Habili «dünyanın əsası»nın qoyulması ilə əlaqələndirdi? Qabilin qərar və hərəkətlərindən onun qəsdən Yehova Allaha qarşı çıxdığı açıq-aydın görünürdü. Valideynləri kimi, Qabil də dirilməyə və günahdan satın alınmağa layiq deyil.