Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ 2011-08-01

 Ailə xoşbəxtliyinin açarları

Bir-birinizə hörmət edin

Bir-birinizə hörmət edin

Vasif *: «Rəhilə qanı qaralanda saatlarla ağlayır. Oturub danışmaq istəyəndə isə əsəbiləşir, yaxud da heç danışmır. Nə edirəmsə-edim, hamısı əbəsdir. Belə olanda təmiz əlim-qolum yanıma düşür».

Rəhilə: «Vasif evə gələndə mən ağlayırdım. Nəyə görə dilxor olduğumu başa salmağa çalışdım, o isə sözümü ağzımda yarımçıq qoyub dedi ki, bunlar hamısı boş şeydir, narahat olmağa dəyməz. Bu isə lap qanımı qaraltdı».

VASİFLƏ Rəhilənin hissləri sizə də tanışdırmı? Onlar bir-birilə dil tapmağa çalışırlar, ancaq çox vaxt heç nə alınmır. Nəyə görə?

Kişilərlə qadınlar fərqli tərzdə ünsiyyət qururlar, üstəlik, onların tələbatları da müxtəlifdir. Qadınlar hisslərini gizlətmirlər, bu haqda nə qədər istəyirsən, danışa bilərlər. Kişilər isə, adətən, problemi tez həll edərək və gərgin vəziyyətlərdən qaçaraq sülhü qorumağa çalışırlar. Bəs ərlə-arvad bu cür əngəli aşmaq üçün nə edə bilər və bir-birilə necə ünsiyyət qura bilər? Burada hörmət vacib rol oynayır.

Hörmətcil insan başqalarını qiymətləndirir və onların hisslərini başa düşməyə çalışır. Ehtimal ki, uşaqlıqda sizə özünüzdən böyüklərə və təcrübəlilərə hörmət etməyi öyrədiblər. Ancaq evlilikdə vəziyyət tamamilə başqadır, axı siz ərinizə və ya arvadınıza — sizinlə bərabər olan bir insana hörmət etməlisiniz. Artıq səkkiz ildir ki, ərdə olan Lətifə deyir: «Fuadın ona müraciət edən hər bir kəsə səbirlə və anlayışla qulaq asdığını bilirdim. Mən istəyirdim ki, o, mənə qarşı da bu cür anlayış göstərsin». Çox güman ki, siz dostlarınızı, hətta tanımadığınız insanları səbirlə dinləməyi bacarırsınız. Bəs həyat yoldaşınıza qarşı da belə diqqətlisinizmi?

Hörmətsizlik ailədə gərginliyə, hətta güclü münaqişələrə gətirib çıxarır. Bir müdrik padşah demişdir: «Quru bir loğması olan dinc ev münaqişəli olan, ziyafət dolu evdən yaxşıdır» (Süleymanın məsəlləri 17:1). Müqəddəs Kitab ərləri arvadlarını qiymətləndirməyə, yəni onlara hörmət etməyə təşviq edir (İncil, 1 Peter 3:7). Öz növbəsində, «arvad da ərinə dərin hörmət» bəsləməlidir (İncil, Efeslilərə 5:33).

 Həyat yoldaşınızla hörmətcil tərzdə necə ünsiyyət edə bilərsiniz? Müqəddəs Kitabın bəzi praktiki məsləhətlərini nəzərdən keçirək.

Həyat yoldaşınız danışarkən

Problem.

Bir çox insanlar qulaq asmaqdan çox danışmağı xoşlayırlar. Bəs siz necə? Müqəddəs Kitabda deyilir: «Eşitməzdən qabaq cavab vermək səfehlik və rüsvayçılıqdır» (Süleymanın məsəlləri 18:13). Buna görə də nə isə deməzdən əvvəl, qulaq asın. Bu nə üçün vacibdir? 26 ildir ailə qurmuş Könül deyir: «Ərimin yaranan problemi dərhal həll etməyə çalışmasını istəmirəm. Əsas onun mənimlə razılaşması və ya problemin kökünü tapmağa çalışması deyil. Mənim istədiyim odur ki, ərim mənə qulaq assın və hisslərimi başa düşsün».

Digər tərəfdən, bəziləri səmimi söhbət etməyə çətinlik çəkirlər və hisslərini bölüşsünlər deyə kimsə onların üstünə gedəndə özlərini narahat hiss edirlər. Yenicə ailə qurmuş Lalə fikir verib ki, ərinə öz hisslərini bölüşməsi üçün xeyli vaxt lazım gəlir. O deyir: «Onun ürəyindəkiləri dilə gətirməsi üçün səbirlə gözləməli oluram».

Həlli.

Əgər aranızda fikir ayrılığına səbəb olan hansısa məsələ haqda söhbət etmək istəyirsinizsə, onda elə bir vaxt seçin ki, ikiniz də sakit və xoş əhval-ruhiyyədə olasınız. Bəs əgər həyat yoldaşınız danışmaq istəmirsə, onda necə? Razılaşın ki, «ürəyin düşüncələri dərin sulara oxşar, dərrakəli adam onu çəkib çıxarar» (Süleymanın məsəlləri 20:5). Əgər quyudan su çəkərkən vedrəni tez-tələsik çıxartsanız, içindəki suyu ora-bura tökəcəksiniz. Eynilə, əgər həyat yoldaşınızın üstünə gedərək sıxışdırsanız, o, özünə qapanacaq və siz onun ürəyinin düşüncələrini çəkib çıxara bilməyəcəksiniz. Buna görə də həyat yoldaşınız siz istəyən kimi dərhal ürəyini açıb tökmürsə, səbirli olun, mülayimliklə və hörmətlə suallar verin.

Həyat yoldaşınız danışanda isə, unutmayın ki, siz eşitməyə hazır olmalı, danışmağa və qəzəblənməyə tələsməməlisiniz (İncil, Yaqub 1:19). Yaxşı dinləməyi bacaran insan təkcə qulaqları ilə deyil, həm də ürəyi ilə dinləməyi bacaran insandır. Dinləyərkən həyat yoldaşınızın hisslərini anlamağa çalışın. Bununla siz ona nə dərəcədə hörmət edib-etmədiyinizi göstərmiş olacaqsınız.

İsa peyğəmbər necə dinləməyə dair gözəl nümunə qoyub. Məsələn, xəstəlikdən əziyyət çəkən bir nəfər ona yaxınlaşıb kömək diləyəndə İsa dərhal problemi həll etməyə çalışmadı. O, əvvəlcə həmin adamın xahişini dinlədi, halını görüb ürəyi yandığından onu sağaltdı (İncil, Mark 1:40—42). Həyat yoldaşınızla danışarkən siz də onun nümunəsini izləyin. Unutmayın ki, həyat yoldaşınıza problemi tez-bazar həll etməyiniz yox, ürəkdən anlayış göstərməyiniz lazımdır. Buna görə də ona diqqətlə qulaq asın. Onun hisslərini yaşamağa çalışın. Ancaq və ancaq bundan sonra problemi həll etməyə cəhd göstərin. Belə etməklə siz ona olan hörmətinizi bildirəcəksiniz.

MƏSLƏHƏT. Həyat yoldaşınız sizinlə danışmaq istəyəndə, çalışın, dərhal öz fikrinizi bildirməyin. O danışıb qurtarana kimi səbir edin, onda problemin nədə olduğunu da anlayacaqsınız. Bir az söhbətdən sonra həyat yoldaşınızdan ona diqqətlə qulaq asıb-asmadığınızı soruşa bilərsiniz».

Siz özünüz danışanda

Problem.

«Yumoristik seriallarda həyat yoldaşı haqda təhqiramiz və kinayəli danışmaq normal bir şey kimi təqdim olunur», — deyə yuxarıda sözləri gətirilən Lətifə qeyd edir. Bəziləri elə ailədə böyüyüb boya-başa çatıblar ki, onlar üçün hörmətsiz tərzdə danışmaq adi haldır. Ailə qurduqdan sonra isə onlara bu cür danışıq tərzini tərgitmək çətin olur. Kanadada yaşayan Ayvi deyir: «Mən qışqıra-qışqıra danışmağın, təhqir etməyin və söyüş söyməyin adi şey hesab olunduğu bir mühitdə böyümüşəm».

 Həlli.

Başqaları ilə həyat yoldaşın barədə danışarkən «ancaq zərurətə görə imanı möhkəmləndirən söz söyləyin ki, sizi dinləyənlərə fayda gətirsin» (İncil, Efeslilərə 4:29). Qoy sizin sözlərinizdən sonra başqalarında əriniz və ya arvadınız haqqında yaxşı təəssürat yaransın.

Təklikdə olanda belə, onunla kinayə və təhqiredici tərzdə danışmaqdan qaçının. Bir dəfə qədim İsrail padşahı Davudun arvadı Mikal ərinə bərk qəzəblənmişdi. Onu acılayaraq özünü «adi bir təlxək kimi» apardığını demişdi (Peyğəmbərlərin kitabı, 2 Şamuel 6:20—23). Bundan nə öyrənə bilərik? Ərinizlə və ya arvadınızla danışarkən sözlərinizə fikir verin (İncil, Koloslulara 4:6). Səkkiz ildir evli olan Fuad etiraf edir ki, arvadı ilə aralarında hələ də fikir ayrılıqları olur və hərdən onun sözləri vəziyyəti daha da gərginləşdirir. O deyir: «Mən başa düşdüm ki, mübahisədə qalib gəlmək, əslində, məğlubiyyət deməkdir. Ən yaxşısı münasibətlərimizi möhkəmləndirməkdir».

Qədimdə yaşamış dul qadın gəlinlərinin hər birinə ər evində rahatlıq tapmağı arzulamışdı (Rut 1:9). Ərlə-arvad bir-birinə hörmətlə yanaşanda evdə rahatlıq və əmin-amanlıq hökm sürür.

MƏSLƏHƏT. Birlikdə oturub bu yarımbaşlıq altında verilən məsləhətləri müzakirə edin. Həyat yoldaşınızdan soruşun: «Mən başqalarının yanında sənin haqqında danışanda özünün necə hiss edirsən, xətrinə dəymir ki? Hansı dəyişiklikləri etməyimi istərdin?» Bir-birinizə diqqətlə qulaq asın, sonra da eşitdiklərinizi tətbiq etməyə çalışın.

Aranızdakı fərqi nəzərə alın

Problem.

Yeni evlənənlərdən bəzilərinə elə gəlir ki, «bir bədən» olmaq eyni cür düşünmək və eyni cür hiss etmək deməkdir (İncil, Matta 19:5). Ancaq qısa bir zamanda anlayırlar ki, bu, qeyri-realdır. Toydan sonra xasiyyətlərindəki fərq tez-tez dava-dalaşa gətirib çıxarır. Lətifə deyir: «Fuadla aramızdakı əsas fərq onun mənə nisbətən daha az narahatçılıq keçirməsidir. Hərdən mən özümə yer tapmıram, o isə heç əhvalını belə pozmur, bu da məni lap özümdən çıxarır, adama elə gəlir, dünya-aləm heç vecinə deyil».

Həlli.

Bir-birinizi olduğunuz kimi qəbul edin və sizdə olmayan xüsusiyyətlərə görə həyat yoldaşınıza hörmətlə yanaşın. Nümunə üçün: gözlər və qulaqlar fərqli funksiyanı yerinə yetirsə də, onların birgə fəaliyyəti sayəsində siz yolu sağ-salamat keçə bilirsiniz. 30 ildir ərdə olan Elmira deyir: «Əgər fikirlərimiz Müqəddəs Kitaba zidd deyilsə, ərimlə mən öz dediyimizi tutub durmuruq. Axı biz bir-birimizin sürəti deyilik ki, eyni düşünək — biz ər-arvadıq».

Həyat yoldaşınızın fikirləri və reaksiyası sizinkindən fərqlənəndə yalnız özünüzü düşünməyin. Onun da hisslərini nəzərə alın (İncil, Filipililərə 2:4). Elmiranın yoldaşı Kazım etiraf edir: «Mən bir çox şeylərdə arvadımı başa düşmür və onunla həmfikir olmasam da, öz-özümə xatırladıram ki, axı mən onu şəxsi fikirlərimdən daha çox sevirəm. O, özünü xoşbəxt hiss edəndə, mən də xoşbəxt oluram».

MƏSLƏHƏT. Həyat yoldaşınızın nöqteyi-nəzərlərinin və problemləri həll etmək üsulunun hansı sahədə sizinkindən yaxşı olduğunu bir vərəqə yazın (İncil, Filipililərə 2:3).

Hörmət — uzunömürlü və xoşbəxt nikahın açarlarından biridir. Lətifə deyir: «Bir-birinə hörmət göstərən ər-arvad sevinc və məmnunluq duyur. Bu keyfiyyəti mütləq inkişaf etdirmək lazımdır».

^ abz. 3 Adlar dəyişdirilib.

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Bizim fərqli olmağımız ailəmizə necə rəngarənglik qatır?
  • Əgər Müqəddəs Kitab prinsipi pozulmursa, nəyə görə ərlə arvad bir-birinə güzəştə getməlidir?

 

Əlavə məlumat

Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin

İki sadə sual nikahınızı yaxşılaşdırmağa kömək edə bilər.

Ərlər, yoldaşınızla incə davranın

Ailə maddi cəhətdən yaxşı olsa da, daha vacib məsələlərdə çatışmamazlıq ola bilər.

Ailə səadəti

Ailə səadəti