Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ İYUL 2010

 Ailə xoşbəxtliyinin açarları

Qayınanam və qayınatamla necə yola gedə bilərəm?

Qayınanam və qayınatamla necə yola gedə bilərəm?

Cəmilə * deyir: «Raufun anası məndən narazı olduğunu açıq-aşkar deyirdi. Elə Rauf da anamgilə gedəndə özünə qarşı eyni münasibəti görürdü. Hələ mən valideynlərimin kiminləsə belə kobud rəftar etdiyini görməmişdim! Valideynlərimizə baş çəkmək, demək olar ki, hər ikimiz üçün işgəncə idi».

Rauf deyir: «Anam düşünürdü ki, heç kim onun uşaqlarına tay ola bilməz. Buna görə də elə ilk gündən Cəmiləni gözümçıxdıya salmışdı. Cəmilənin də valideynləri məni həmişə alçaldırdılar. Bu da aramızda problemlərə gətirib çıxarırdı. Evə qayıdanda bir-birimizi günahlandıraraq valideynlərimizə haqq qazandırmağa çalışırdıq».

LƏTİFƏLƏRDƏ və komediyalarda belə münaqişələr gülməli bir şey kimi təqdim olunsa da, həyatda hər şey tamam başqa cürdür. Hindistanda yaşayan Rina deyir: «Qayınanam uzun illər ailə həyatımıza qarışırdı. Çox vaxt hirsimi ərimin üstünə tökürdüm, çünki qayınanama söz deməyə cürət etmirdim. Ərim həmişə arada qalırdı: yazıq bilmirdi, məni razı salsın, yoxsa anasını».

Nəyə görə bəzi valideynlər övladlarının ailə həyatına qarışırlar? Məqalənin girişində sözləri gətirilən Cəmilə bunun səbəblərindən birini izah edir: «Hansısa gənc və təcrübəsiz bir adamın oğullarına və ya qızlarına sahib çıxmasını qəbul etmək, ola bilsin, valideynlər üçün çətindir». Rinanın həyat yoldaşı Dilip isə bunun digər səbəbini açıqlayır: «Övladını boya-başa çatdıran və onun uğrunda hər şeyindən keçən bəzi valideynlər düşünürlər ki, indi onları sayan yoxdur. Onlar yaxşı niyyətdən irəli gələrək narahat ola bilərlər ki, oğul və ya qızlarının öz ailələrini xoşbəxt edəcək qədər təcrübələri yoxdur».

Düzünü desək, bəzən günah elə gənclərin özündə olur. Gəlin Avstraliyadan olan Maykl və Linanın nümunəsinə baxaq. Maykl söyləyir: «Lina bir-birinə çox bağlı olan və hər şeyi bir-biriləri ilə açıqca müzakirə edən ailədə tərbiyə alıb. Buna görə də ailə qurandan sonra o, mənimlə məsləhətləşmək əvəzinə, gedib atası ilə məsləhətləşirdi. Düzdür, qayınatam dünyagörmüş  insan idi, amma Linanın bu hərəkəti mənə yer eləyirdi!»

Gördüyümüz kimi, qayınana və qayınata ilə münasibətlər ailədə gərginliyə səbəb ola bilər. Sizin də ailənizdə vəziyyət bu yerdədir? Bir-birinizin valideynləri ilə yola gedirsinizmi? Gəlin bununla bağlı yarana biləcək iki problemi və onları həll etməyin yollarını nəzərdən keçirək.

PROBLEM 1.

Sizin fikrinizcə həyat yoldaşınız ata-anasına həddindən artıq bağlıdır. İspaniyadan olan Luis deyir: «Yoldaşım elə fikirləşirdi ki, əgər onun valideynlərinə yaxın yerdə yaşamasaq, onlara xəyanət etmiş olur. Oğlumuz dünyaya gələndə isə mənim valideynlərim, demək olar ki, hər gün bizdə idilər və bu, arvadımı qıcıqlandırırdı. Bunun üstündə aramızda tez-tez söz-söhbət düşürdü».

Səbəb.

Müqəddəs Kitabda nikah haqqında deyilir: «Kişi öz ata-anasını tərk edib, qadınına qovuşacaq və onlar bir bədən olacaq» (Tövrat, Yaradılış 2:24). «Bir bədən» olmaq sadəcə bir dam altında yaşamaq demək deyil. İndi onlar üçün birinci yerdə boya-başa çatdıqları ailə yox, qurduqları ailə durmalıdır (İncil, 1 Korinflilərə 11:3). Əlbəttə ki, həm ər, həm də arvad bundan sonra da valideynlərinə hörmət etməlidir. Çox vaxt bu, özünə onlara diqqət göstərməyi daxil edir (İncil, Efeslilərə 6:2). Bu zaman diqqətdən kənarda qaldığınızı hiss edirsinizsə, onda nə edə bilərsiniz?

Çıxış yolu.

Vəziyyəti olduğu kimi görməyə çalışın. Bəlkə, problem həyat yoldaşınızın valideynlərinə həddən artıq bağlı olmasında yox, sizin öz valideynlərinizlə münasibətinizin soyuq olmasındadır? Əgər belədirsə, ola bilərmi ki, bu vəziyyətə münasibətinizə tərbiyə aldığınız ailə təsir göstərir? Bəlkə, siz həyat yoldaşınızı valideynlərinə qısqanırsınız? (Süleymanın məsəlləri 14:30; İncil, 1 Korinflilərə 13:4; Qalatiyalılara 5:26).

Bu kimi suallara cavab vermək üçün dürüst olub özünüzü yoxlamağınız vacibdir. Valideynlərinizə görə aranızda tez-tez dava-dalaş düşürsə, deməli, problem onlarda yox, sizin münasibətlərinizdədir.

Nikahda bir çox problemlərin yaranmasına səbəb tərəflərin müəyyən məsələyə müxtəlif nöqteyi-nəzərdən yanaşmasıdır. Məsələyə yoldaşınızın gözü ilə baxa bilərsinizmi? (İncil, Filipililərə 2:4; 4:5). Meksikalı Adrian deyir: «Arvadımın böyüdüyü ailədəki mühit bir o qədər də yaxşı deyildi. Buna görə də mən onlarla mümkün qədər az ünsiyyət etməyə çalışırdım. Nəticədə, onlarla bütün münasibətlərimə son qoydum və illərlə belə davam etdi. Lakin bu, ailəmizdə başqa problemlərə gətirib çıxardı, çünki yoldaşım öz ailəsinə, xüsusilə də anasına yaxın olmaq istəyirdi».

Bir müddət sonra Adrian bu vəziyyətə tarazlı yanaşmağa başladı. O, sözünə davam edir: «Həyat yoldaşımın valideynləri ilə tez-tez ünsiyyətdə olmasının onun emosional vəziyyətinə pis təsir etdiyini görürdüm. Ancaq sonradan başa düşdüm ki, onlarla münasibətləri kəsmək də problemləri həll etmir, əksinə, yeni problemlərə səbəb olur. Buna görə də bacardığım qədər çalışırdım ki, qayınanamla və qayınatamla münasibətlərimi düzəldim və qoruyub saxlayım» *.

MƏSLƏHƏT. Valideynləriniz ucbatından aranızda söz-söhbətin yaranmasının, sizcə, əsas səbəbi nədir? Cavabı vərəqlərə yazın, sonra da bir-birinizlə dəyişin. Məsələn, belə başlamaq olar: «Mənim fikrimcə...». Hər ikinizi narahat edən problemlərin həllini birgə tapmağa çalışın.

PROBLEM 2.

Həyat yoldaşınızın valideynləri xahiş etmədiyiniz halda sizə məsləhətlər verərək daima ailə işlərinizə qarışırlar. Qazaxıstanda yaşayan Nelli deyir: «Ailə həyatımızın ilk yeddi ilini ərimin valideynləri ilə yaşadıq. Qayınanam bişirdiyim yeməyi,  təmizlədiyim evi bəyənmirdi. O həmçinin uşaqlarımızı necə tərbiyə etdiyimizi də söz eləyirdi. Bunun üstündə həmişə mübahisə düşürdü. Bu barədə ərimlə və qayınanamla danışsam da, məsələ həll olunmadı, əksinə, vəziyyət əvvəlkindən də pis oldu».

Səbəb.

Ailə quranda siz valideynlərinizin himayəsindən çıxmış olursunuz. Müqəddəs Kitabda deyilir ki, hər ərin başı Məsih, arvadın başı isə ərdir (İncil, 1 Korinflilərə 11:3). Bununla belə, yuxarıda qeyd olunduğu kimi, həm ər, həm də arvad valideynlərinin hörmətini saxlamalıdır. Süleymanın məsəlləri 23:22 ayəsində deyilir: «Doğma atana qulaq as, qoca anana xor baxma». Bəs əgər sizin və ya həyat yoldaşınızın valideynləri həddindən artıq ailə həyatınıza qarışır və öz fikirlərini yeritməyə çalışırlarsa, onda necə?

Çıxış yolu.

Valideynlərinizin nəyə görə belə davrandığını başa düşməyə çalışın. Məqalənin girişində adı çəkilən Rauf deyir: «Bəzi hallarda valideynlər sadəcə əmin olmaq istəyirlər ki, onlar sizin üçün hələ də dəyərlidirlər». Ola bilsin ki, valideynləriniz ailə həyatınıza qəsdən müdaxilə etmirlər. Belə olan halda Müqəddəs Kitabın «bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın» məsləhətinə riayət etməklə problemi aradan qaldırmaq olar (İncil, Koloslulara 3:13). Bəs valideynlərinizin ailə həyatınıza qarışması aranızda münaqişələrə səbəb olursa, onda nə etmək olar?

Bəzi ər-arvadlar müəyyən sahələrdə valideynləri ilə münasibətlərində sərhəd qoymaq qərarına gəlmişlər. Lakin bu o demək deyil ki, belə bir qərar verdiyinizi valideynlərinizə kobud şəkildə bildirməlisiniz *. Çox vaxt həyat yoldaşınızın fikrinin sizin üçün önəmli olduğunu göstərmək kifayətdir. Yaponiyada yaşayan Masayuki qeyd edir: «Valideynləriniz məsləhət verəndə dərhal onlarla razılaşmayın. Unutmayın, sizin indi öz ailəniz var. Buna görə də əvvəlcə bu məsləhət barədə həyat yoldaşınızın nə düşündüyünü öyrənin».

MƏSLƏHƏT. Valideynlərinizin hansı hərəkətlərinin sizin aranızda problemlərə səbəb olduğunu birlikdə müzakirə edin. Daha sonra hansı sərhədləri qoya biləcəyinizi və onları necə qoruyacağınızı vərəqə yazın. Lakin bir-birinizin valideynlərinə hörmət etməyi də yaddan çıxarmayın.

Valideynlərinizin niyyətlərini ayırd edin və onlarla yaranan mübahisələrin sizin aranızda söz-söhbətə çevrilməsinə yol verməyin. Bununla siz bir çox münaqişələrdən qaçına bilərsiniz. Bu barədə Cəmilə deyir: «Hərdən yoldaşımla valideynlərimiz haqqında danışarkən aramıza qızğın mübahisə düşürdü. Sonradan başa düşdük ki, valideynlərimizin qüsurlarını müzakirə etməklə bir-birimizi yaralayırıq. Müəyyən müddətdən sonra biz problemlərimizi həll edərkən valideynlərimizin səhvlərini bir-birimizə qarşı silah kimi istifadə etməməyi öyrəndik. Nəticədə, bir-birimizə daha çox bağlandıq».

^ abz. 3 Adlar dəyişdirilib.

^ abz. 14 Qeyd etmək lazımdır ki, valideynlər ciddi günah işlədəndə, xüsusilə də tövbə etməyəndə ailədə vəziyyət gərgin ola bilər və onlarla ünsiyyəti məhdudlaşdırmaq lazım gələcək (İncil, 1 Korinflilərə 5:11).

^ abz. 19 Bəzi hallarda sizin və ya həyat yoldaşınızın valideynləri ilə açıq danışmaq lazım gələ bilər. Bu zaman hörmətcil və mülayim olun (Süleymanın məsəlləri 15:1; İncil, Efeslilərə 4:2; Koloslulara 3:12).

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Qayınanamın və qayınatamın hansı gözəl xüsusiyyətləri var?
  • Həyat yoldaşımı diqqətdən kənarda qoymamaq şərtilə, valideynlərimə necə hörmət edə bilərəm?

 

Əlavə məlumat

Evliliyin birinci ilindən necə «sağ çıxmaq» olar?

Yenicə ailə həyatı qurmusunuz? Münasibətlərinizi möhkəmləndirməkdə Allahın Kəlamı sizə kömək edə bilər.