Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  dekabr 2015

Yehova sizə dayaq olar

Yehova sizə dayaq olar

«Yatağa düşəndə, Yehova, ona dayaq olarsan» (ZƏB. 41:3).

NƏĞMƏ: 23, 138

1, 2. Xəstələnəndə insan nəyə görə narahat olur və qədim dövrlərdə Allah hansı möcüzələri göstərmişdi?

«GÖRƏSƏN, bu xəstəlikdən sağalacağam?» Ola bilsin, xəstələnəndə sizdə belə bir sual yaranıb. Yaxud əgər ailə üzvünüz, dostunuz xəstədirsə, yəqin narahat olursunuz ki, görəsən, o sağalacaq. Ciddi xəstələnəndə narahatçılıq keçirmək normaldır. İlyas və Əlyəsə peyğəmbərin dövründə də iki padşah xəstəliyinə görə narahat olmuşdu. Əhəb və İzəbilin oğlu Əhəzya padşah çox pis yıxılmışdı. Ona görə də o, qullarına tapşırıq verib göndərmişdi: «Gedin,.. soruşun görün sağalacağam». Sonralar Aram padşahı Bənhədad bərk xəstələnmişdi, o da xəstəliyindən sağalıb-sağalmayacağını soruşmuşdu (2 Pad. 1:2; 8:7, 8).

2 Sözsüz ki, xəstələnəndə özümüzün və xəstə yatan yaxınımızın sağalacağına ümid edirik. Amma çoxlarında sual yaranır ki, görəsən, Allah onlara necə kömək edəcək. Yuxarıda adını çəkdiyimiz padşahların dövründə Allah bəzən insan həyatı və sağlamlığı ilə bağlı möcüzə göstərirdi. Yehova peyğəmbərləri vasitəsilə hətta ölüləri də dirildirdi (1 Pad. 17:17—24; 2 Pad. 4:17—20, 32—35). Bəs bu, o deməkdirmi ki, Allah bu gün də belə möcüzələr göstərəcək?

3-5. Allah və İsa hansı gücə sahibdirlər və bu, hansı sualları doğurur?

 3 Şübhəsiz, Allah insanların səhhətinə təsir göstərməyə qadirdir. Müqəddəs Kitab da bunu təsdiqləyir. Bəzən Allah kimlərisə xəstəliklə cəzalandırırdı. Məsələn, Yehova Allah İbrahim peyğəmbərin dövründə fironun, sonralar Musanın bacısı Məryəmin canına azar salmışdı (Yar. 12:17; Say. 12:9, 10; 2 İşm. 24:15). Allah israillilərə xəbərdarlıq etmişdi ki, əgər Onun yolundan azsalar, onların canına xəstəlik və bəlalar salacaq (Qan. 28:58—61). Amma Yehova xalqını azar-bezardan, xəstəliklərdən qoruyacağına da söz vermişdi (Çıx. 23:25; Qan. 7:15). O, hətta bəzən xəstələri sağaldırdı. Məsələn, Əyyub elə pis xəstəliyə mübtəla olmuşdu ki, ölmək istəyirdi. Allah isə onu sağaltdı (Əyy. 2:7; 3:11—13; 42:10, 16).

4 Bəli, Allah insanları sağaltmağa qadirdir. Onun Oğlu İsa Məsih də bu cür gücə malikdir. Müqəddəs Kitabda İsanın möcüzə ilə cüzamlıları, epileptikləri, korları və iflic olmuş adamları sağaltdığı yazılıb (Mətta 4:23, 24 ayələrini oxuyun; Yəh. 9:1—7). İsanın etdiyi möcüzələr onun yeni dünyada böyük miqyasda nələr edəcəyini göstərirdi. Bu barədə düşünmək insana qol-qanad verir. Həmin vaxt «heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşy. 33:24).

5 Bəs bu gün Allahın və İsanın bizə möcüzəvi şəkildə şəfa verməsini gözləməliyik? Biz ciddi xəstəliyə tutulan zaman hansı əhval-ruhiyyədə olmalıyıq və müalicə seçərkən nələri götür-qoy etməliyik?

YATAĞA DÜŞƏNDƏ DAYAĞIMIZDIR

6. Müqəddəs Kitabda birinci əsrdə yaşamış məsihilərin göstərdiyi möcüzələr barədə nə yazılıb?

6 Biz Müqəddəs Kitabdan bilirik ki, Allah birinci əsrdə bəzi məsh olunmuş məsihilərə möcüzə göstərmək qabiliyyəti vermişdi (Həv. 3:2—7; 9:36—42). Müqəddəs ruhun müxtəlif ənamları arasında şəfa vermək ənamı da var idi (1 Kor. 12:4—11). Ancaq bu və digər ənamlar, məsələn, əcnəbi dillərdə danışmaq və peyğəmbərlik etmək ənamı çox keçməmiş sona yetdi (1 Kor. 13:8). Bu gün belə ənamlar yoxdur. Buna görə də Allahın bizi və yaxınlarımızı möcüzəvi şəkildə sağaldacağını düşünməyə heç bir əsasımız yoxdur.

7. Zəbur 41:3 ayəsi bizi necə ruhlandırır?

7 Bununla belə, xəstələnəndə əmin ola bilərik ki, Yehova qədimdəki xidmətçiləri kimi, bizə də dayaq olacaq, təsəlli, hikmət verəcək. Davud padşah yazmışdı: «Fağıra nəzər salan bəxtiyardır, dar günündə Yehova onu qurtarar. Yehova onu hifz edər, həyatını qoruyar» (Zəb. 41:1, 2). Biz bilirik ki, Davudun dövründə fağıra nəzər salan kəs əbədi yaşamamışdı. Deməli, Davud onu nəzərdə tutmurdu ki, belə insan möcüzəvi şəkildə əbədiyyən sağ qalacaq. Bu, o deməkdir ki, Yehova Allah başqalarına əl tutan mömin insanlara kömək edir. Davud yazmışdı: «Yatağa düşəndə, Yehova, ona dayaq olarsan, xəstələnəndə yastığını yüngül edərsən» (Zəb. 41:3). Bəli, fağıra nəzər salan insan əmin ola bilər ki, Allah onun vəziyyətindən halıdır və etdiyi yaxşı əməlləri unutmayıb. Həmçinin Yehova insan orqanizmini elə yaradıb ki, o, özü-özünü sağalda bilir. Bunun da sayəsində, insan yaxşılaşıb xəstəlikdən şəfa tapa bilər.

8. Zəbur 41:4 ayəsində yazılanlara əsasən, Davud Allahdan nə gözləyirdi?

8 41-ci məzmurda Davud özünün ağır xəstə olduğu vaxtdan danışmışdı. Görünür, Absalam taxt-tacı elə həmin vaxt ələ keçirməyə çalışmışdı. Amma Davud elə xəstə idi ki, Absalamın qarşısını ala bilməmişdi. O, Allaha dua etmişdi: «Yehova, mənə rəhm et. Sənə qarşı günah etmişəm,  canıma şəfa ver» (Zəb. 41:4). Allah tərəfindən bağışlansa da, Davud Badsəba ilə etdiyi günahı yaddan çıxartmamışdı. O bilirdi ki, ailəsindəki problemlər günahının acı nəticələridir (2 İşm. 12:7—14). Ancaq padşah əmin idi ki, Yehova ona xəstə yatağında dayaq olacaq. Bəs Davud Allahın onu möcüzə ilə sağaldacağını və ömrünü uzadacağını gözləyirdi?

9. a) Davudun vəziyyəti Hizqiyyənin vəziyyətindən nə ilə fərqlənirdi? b) Davud Yehovadan nə istəmişdi?

9 İllər sonra Allah xəstələnib ölüm yatağına düşən Hizqiyyə padşahı sağaltmışdı. Bu, müstəsna halda Allah məsələyə müdaxilə etmişdi. Hizqiyyə sağalıb ondan sonra 15 il yaşamışdı (2 Pad. 20:1—6). Lakin Davud Allahdan onu möcüzəvi şəkildə sağaltmasını diləməmişdi. Davud Yehovadan istəmişdi ki, fağıra nəzər salan başqa bir adama necə kömək edərdisə, ona da eyni cür kömək etsin, məsələn, yatağa düşəndə ona dayaq olsun. Allah Davudun günahını bağışlamışdı. Buna görə də Davud təmiz vicdanla Allahdan onun qayğısına qalmasını, təsəlli verməsini diləmişdi. Həmçinin orqanizminin öz gücü ilə özünü bərpa etməsini, səhhətinin yaxşılaşmasını istəmişdi (Zəb. 103:3). Biz də Allahdan eyni şeyi diləyə bilərik.

10. Trofim və Epafroditlə baş verənlərdən hansı nəticəyə gəlirik?

10 Bəli, Allah Davuda nə möcüzəvi sürətdə şəfa verdi, nə də ömrünü uzatdı. Həvari Bulusun əməkdaşı olan Trofim də xəstələnəndə möcüzə ilə sağalmamışdı. Biz bilirik ki, bəzi hallarda həvari Bulus xəstələrə şəfa verə bilirdi. (Həvarilərin işləri 14:8—10 ayələrini oxuyun.) Məsələn, Publinin atası qanlı ishal xəstəliyinə tutulmuşdu və qızdırmadan yanırdı. Bulus dua edib əllərini onun üstünə qoymuşdu və kişi sağalmışdı (Həv. 28:8). Ancaq Bulus təbliğ səfərlərində onunla yol yoldaşı olan Trofimi sağaltmamışdı (Həv. 20:3—5, 22; 21:29). Trofim xəstələnib Bulusla yola çıxa bilməyəndə həvari onu Miletdə qoymuşdu ki, orada qalıb sağalsın (2 Tim. 4:20). Bir dəfə Epafrodit bərk xəstələnmişdi, o, ölüm ayağında idi. Ancaq Müqəddəs Kitabda Bulusun möcüzə göstərib yaxın dostunu sağaldığı yazılmayıb (Filip. 2:25—27, 30).

AĞILLA TƏDBİR GÖRÜN

11, 12. Lukanın Bulusa hansı köməyi dəyirdi və onun peşəkarlığı barədə nə demək olar?

11 Həvarilərin işləri kitabını yazan «sevimli həkim» Luka da Bulusa səfərlərində yoldaşlıq etmişdi (Kol. 4:14; Həv. 16:10—12; 20:5, 6). Yəqin ki, Luka təbliğ səfərləri vaxtı Bulusa və digər qardaşlara həkim məsləhəti verir və tibbi yardım göstərirdi. Lukanın köməyinə, doğrudan da, ehtiyac var idi. Çünki hətta Bulusun özü də səfər vaxtı xəstələnmişdi (Qal. 4:13). Lukanın bir həkim kimi, onlara böyük köməyi dəyirdi. Necə ki, İsa demişdi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (Luka 5:31).

12 Lukanın harada və nə vaxt tibbi təhsil alması barədə Müqəddəs Kitabda heç nə deyilmir. Bulusun Kolosdakı məsihilərə yazdığı məktubda Lukanı həkim adlandırdığına görə belə bir fikir irəli sürülür ki, oradakı məsihilər Lukanı tanıyırdılar. Maraqlıdır ki, Kolosun yaxınlığındakı Laodikiya şəhərində tibb məktəbi var idi. Bir şeyə əmin ola bilərik ki, Luka arahəkimi deyildi, o, tibbi təhsil almış həkim idi. Belə ki, o, yazdığı Müjdədə və «Həvariləri işləri» kitabında tibbi terminlərdən istifadə etmişdi və İsanın insanları sağaltmasından çox yazmışdı.

13. Müalicə ilə bağlı tövsiyələrə necə yanaşmalıyıq?

13 Bizim zəmanədə heç bir məsihiyə şəfa vermək ənamı verilməyib. Heç kəs bizi möcüzəvi şəkildə sağalda bilməz.  Ancaq bəzi qardaşlar yaxşı niyyətdən irəli gələrək başqalarına səhhətlə bağlı tövsiyələr verirlər. Digərləri isə ümumi, praktiki məsləhətlər verirlər. Bulus da Timutiyə bu cür məsləhət vermişdi. Görünür, Timutinin yaşadığı yerdə içməli su çirkli olduğuna görə onun mədəsində problem var idi *. (1 Timutiyə 5:23 ayəsini oxuyun.) Ancaq bir var belə məsləhət verəsən, bir də var ki, həmimanlını hansısa bir bitkini, dərmanı qəbul etməyə, müəyyən bir pəhrizi saxlamağa inandırasan. Bu, çox təhlükəlidir. Bunun xeyri qalsın bir tərəfə, hətta səhhətə zərəri dəyə bilər. Bəzən nəyisə tövsiyə edəndə adamı belə sözlərlə inandırmağa çalışırlar: «Mənim qohumumun da belə xəstəliyi var idi. O, filan şeyi etdi, sağaldı». Təklif təmiz niyyətdən irəli gələrək edilsə də, unutmamalıyıq ki, hətta geniş yayılmış dərmanların da, müalicələrin də fəsadları olur. (Məsəllər 27:12 ayəsini oxuyun.)

UZAQGÖRƏN OLUN

14, 15. a) Bəzi insanlar başqalarının xəstəliyindən necə istifadə edir? b) Məsəllər 14:15 ayəsi müalicə ilə bağlı tövsiyələrə gəldikdə bizə necə kömək edə bilər?

14 Hər bir məsihi istəyir ki, sağlam olsun və xidmətdə bacardığı qədər çox iştirak etsin, həm də həyatdan zövq alsın. Buna baxmayaraq, biz qeyri-kamilik və xəstəlikdən yaxa qurtara bilmərik. Xəstələnəndə müxtəlif müalicə üsulları qarşımıza çıxa bilər. Hər kəsin ixtiyarı var ki, necə müalicə olunacağını özü seçsin. Təəssüflər olsun ki, pula həris dünyada bəziləri insanların xəstəliyinə pul qazanmaq imkanı kimi baxır. Onlar yalandan zəmanət verib, vədlər edib öz müalicə üsullarını camaata pulla sırıyırlar. Bəzi adamlar və kompaniyalar isə böyük gəlir əldə etmək üçün bahalı məhsulları reklam edirlər. Dərdinə çarə tapmaq, sağ qalmaq istəyən adama belə müalicələr inandırıcı görünə bilər. Ancaq biz Allahın Kəlamındakı məsləhəti yaddan çıxartmamalıyıq: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər» (Məs. 14:15).

15 Uzaqgörən eşitdiyi hər sözə inanmır. Xüsusən də peşəkarlığı şübhə doğuran adam nə isə tövsiyə edərsə, o, məsələni hərtərəfli götür-qoy edir. Uzaqgörən belə fikirləşə bilər: «O deyir ki, bu vitaminin, bitkinin, yaxud pəhrizin kimlərəsə köməyi dəyib. Amma bunun doğruluğuna hansı sübut var? İnsanların orqanizmi müxtəlifdir. Haradan bilirəm ki, bu, mənə də kömək edəcək? Bəlkə bir az da araşdırım, peşəkar həkimlərlə məsləhətləşim?» (Qan. 17:6).

16. Müalicə üsullarına gəldikdə necə sağlam düşüncəli ola bilərik?

16 Allahın Kəlamında məsləhət görülür ki, «bu zəmanədə sağlam düşüncə ilə» həyat sürək (Tit. 2:12). Hansısa diaqnostika, yaxud müalicə üsulunun izahatı qəribə, sirli görünəndə sağlam düşüncəli olmaq xüsusilə vacibdir. Bu üsulu həyata keçirən, yaxud tövsiyə edən adam diaqnozun necə qoyulduğunu, müalicənin necə aparıldığını qaneedici şəkildə izah edə bilirmi? Bu, elmi nailiyyətlərə uyğundurmu? Həkimlərin çoxu bunu etibarlı sayır? (Məs. 22:29). Yoxsa burada əsasən insanın hisslərinə təsir etməyə çalışırlar? Ola bilsin, deyirlər ki, bu üsul haradasa uzaq ölkələrdə icad olunub, elmə hələ məlum deyil. Amma bu cür iddialar heç bir məntiqə sığmır və heç nəyi sübuta yetirmir. Bəzi diaqnostika cihazlarında və müalicə üsullarında hansısa gizli maddədən, yaxud naməlum qüvvədən istifadə edilir. Allahın xidmətçisi bu halda xüsusilə ehtiyatlı  olmalıdır. Çünki Allah sehrli qüvvələrə və cindarlara üz tutmağı qadağan edir (Əşy. 1:13; Qan. 18:10—12).

«SAĞLIQLA QALIN!»

17. Bizim arzumuz nədir?

17 Birinci əsrdə rəhbərlik şurası yığıncaqlara vacib bir məktub göndərmişdi. Məsihilərin nələrdən uzaq durduğunu sadalayandan sonra məktuba belə yekun vurulmuşdu: «Əgər diqqətli olub özünüzü bu şeylərdən uzaq saxlasanız, xeyir taparsınız. Sağlıqla qalın!» (Həv. 15:29). Ayənin son sözləri bir növ xudahafiz sözləri olsa da, eyni zamanda «sağlam olmaq» mənasını daşıyır. Bəli, səhhətin yaxşı olmasını istəməkdə pis bir şey yoxdur, çünki biz Uca Allahımıza sağlam şəkildə xidmət etməyi arzulayırıq.

Biz Yehovaya sağlam xidmət etmək istəyirik (17-ci abzasa baxın)

18, 19. Yeni dünyada bizi nə gözləyir?

18 Nə qədər ki, biz qeyri-kamilik xəstəlikdən yaxa qurtara bilməyəcəyik. Xəstələnəndə isə möcüzəvi şəkildə şəfa tapmayacağıq. Lakin gələcəkdə Allah bizə mükəmməl sağlamlıq nəsib edəcək. Həvari Yəhya görüntüdə həyat suyu axan çay və həyat ağacları görmüşdü. Həmin ağacların yarpaqları xalqların şəfa tapması üçün idi (Vəhy 22:1, 2). Bu, o demək deyil ki, biz indi, yaxud gələcəkdə bitki dərmanları qəbul edib sağalacağıq. Söhbət itaətkar insanlara əbədi həyat bəxş etmək üçün Yehovanın İsa Məsih vasitəsilə edəcəyi işlərdən gedir. Biz bunu səbirsizliklə gözləyirik (Əşy. 35:5, 6).

19 İndi isə biz əminik ki, Yehova bizim hər birimizlə maraqlanır. Xəstələnəndə çəkdiyimiz əzabı görür. Biz Davud kimi arxayın ola bilərik ki, Yehova xəstə vaxtlarımızda bizə dayaq olacaq və Davud kimi, biz də deyəcəyik: «Kamil olduğum üçün mənə arxa olursan, məni həmişəlik hüzurunda saxlarsan» (Zəb. 41:12).

^ abz. 13 «Şərabın mənşəyi və tarixi» kitabında deyilir: «Təcrübədə sınaqdan keçirilmişdir ki, qarın yatalağı törədən bakteriyalar və digər təhlükəli mikroblar şərabın təsirindən dərhal məhv olurlar».