Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2015

 BİOQRAFİYA

Həm Yehova ilə, həm də anamla dostlaşdım

Həm Yehova ilə, həm də anamla dostlaşdım

ANAM heç cür ağlına sığışdıra bilmirdi: «Axı niyə sən əcdadlarımıza ibadət etməyəcəksən? Başa düşmürsən ki, onların sayəsində yaşayırsan? Onlara sağolun budur? Nəsildən-nəslə gələn adətlərin üstündən necə xətt çəkə bilərsən? Əcdadlarımıza hörmət etməməyin bilirsən nə deməkdir? Demək istəyirsən ki, bizim ibadətimiz cəfəngiyyatdır?» Sonra anam özünü saxlaya bilməyib ağladı.

Anamı hələ belə görməmişdim. O, heç vaxt belə danışmazdı. Üstəlik, özü məni Müqəddəs Kitabı öyrənməyə qoymuşdu. Belə ki, bu hadisədən bir neçə ay əvvəl Yehovanın Şahidləri ona Müqəddəs Kitabı öyrənməyi təklif etmişdilər, o isə imtina etmişdi, ancaq nəzakət xatirinə mənimlə dərs keçməyə icazə vermişdi. Mən həmişə anamın sözünə qulaq asırdım. İndi onun sözündən çıxmaq mənə çətin idi. Ancaq bu dəfə Yehovanı razı salmaq üçün bunu etmək məcburiyyətində idim. Yehovanın köməyi olmasaydı, bunu heç cür bacarmazdım.

YEHOVA HAQQINDA ÖYRƏNİRƏM

Əksər yaponlar kimi, biz də buddist idik. Ancaq Yehovanın Şahidlərinin cəmi ikicə ay mənimlə dərs keçməsi bəs etdi ki, Müqəddəs Kitabın həqiqət olduğuna əmin olum. Biləndə ki, mənim səmavi Atam var, Onu lap yaxşı tanımaq istədim. Təzə-təzə anamla öyrəndiyim şeylər barədə söhbət etmək çox xoşumuza gəlirdi. Başladım bazar günləri ibadət evində keçirilən görüşlərə getməyə. Həqiqət barədə biliyim artanda anama dedim ki, daha buddizm ayinlərində iştirak etməyəcəyəm. Anamı elə bil ildırım vurdu. O dedi: «Əcdadlarını sevməyən adam ailəsi üçün qara ləkədir». Anam Müqəddəs Kitabı öyrənməyi, yığıncağa getməyi mənə qadağan etdi. Heç vaxt ağlıma gəlməzdi ki, anam bu sözləri deyər! Elə bil o, tamam başqa adam idi.

Atam da anamın tərəfini tutdu. «Efeslilərə məktub»un altıncı fəslindən öyrənmişdim ki, Yehova məndən valideynlərimə itaət etməyi istəyir. Ona görə də əvvəl-əvvəl fikirləşirdim ki, onların sözünə qulaq assam, onlar da mənə qulaq asacaqlar və ailəmizdə yenə də sülh olacaq. Bundan başqa, ali məktəb imtahanları yaxınlaşırdı, mənə də hazırlaşmaq lazım idi. Onlarla razılaşdım ki, üç ay dedikləri kimi edəcəyəm, amma Yehovaya da söz verdim ki, üç ay bitən kimi yenidən yığıncağa gedəcəyəm.

Amma bu, çox yanlış qərar idi. Əvvəla, mən elə bilirdim ki, üç aya həqiqətə münasibətim  dəyişməyəcək. Amma çox keçməmiş hiss etdim ki, ruhani cəhətdən zəifləyirəm və Yehovadan uzaqlaşıram. İkincisi isə, anamla atam güzəştə getmək əvəzinə məni həqiqi ibadətlə bağlı hər şeydən uzaqlaşdırmağa çalışırdılar.

KÖMƏK VƏ TƏQİBLƏR

İbadət evində ailə üzvləri tərəfindən təqib olunan çoxlu Şahidlərlə tanış olmuşdum. Onlar məni əmin etdilər ki, Yehova mənə güc verəcək (Mət. 10:34—37). Başa saldılar ki, möhkəm qalmağım sayəsində ailəm xilasa yetişə bilər. Mən Yehovaya güvənməyi öyrənmək istəyirdim, ona görə də sidqi-ürəkdən Ona dua etməyə başladım.

Valideynlərim mənə müxtəlif üsullarla mane olurdular. Anam gah yalvarırdı, gah da dəlillər gətirib məni fikrimdən daşındırmağa çalışırdı. Adətən, mən sakit dururdum. Danışanda çox vaxt söhbətimiz mübahisə ilə qurtarırdı, çünki ikimiz də öz dediyimizin üstündə dururduq. İndi başa düşürəm ki, o vaxt anamın hisslərinə, etiqadlarına hörmətlə yanaşsaydım, mübahisə düşməzdi. Valideynlərim evdən çıxmayım deyə işimi artırırdılar. Hərdən qapını üzümə qıfıllayırdılar, evdə mənim üçün yemək də qoymurdular.

Anam məni inandırmaq üçün başqalarına da üz tutdu. Məktəb müəllimimlə danışdı, ancaq o, bu məsələyə qarışmadı. Sonra məni öz müdirinin yanına apardı ki, o, məni dinlərin boş şey olduğuna inandırsın. Anam qohumlarımıza zəng edib, göz yaşları içində onlardan kömək istəyirdi. Bu hal məni dilxor edirdi. Amma yığıncaqdakı ağsaqqallar mənə başa salırdılar ki, anam belə etməklə özü də bilmədən başqalarına şahidlik verir.

 Sonra universitet məsələsi ortaya çıxdı. Valideynlərimin fikrincə, yaxşı işdə işləmək üçün bu, vacib idi. Bu barədə sakit-sakit söhbət edə bilmirdik deyə, atamla anama bir neçə dəfə məktub yazıb öz məqsədlərimi onlara bildirməyə çalışdım. Atam özündən çıxıb məni hədələdi: «Əgər fikirləşirsənsə ki, iş tapa biləcəksən, onda günü sabah tap, ya da evdən çıx get». Bu barədə Yehovaya dua etdim. Səhərisi gün xidmətdə olanda iki bacı bir-birindən xəbərsiz mənə uşaqlarına evdə dərs keçməyi təklif etdilər. Bu, atamın xoşuna gəlmədi və o, mənimlə ümumiyyətlə danışmadı. Sözün əsil mənasında o, məni adam yerinə qoymurdu. Anam deyirdi ki, kaş mən cinayətkar olardım, nəinki Yehovanın Şahidi.

Yehova mənə düzgün düşünməyə və düzgün yolu tutmağa kömək etdi

Bəzən narahat olurdum ki, görəsən, valideynlərimin istəyinə bu dərəcədə qarşı çıxmağıma Yehova necə baxır. Amma çoxlu dua etmək və Müqəddəs Kitabdan Yehovanın məhəbbəti barədə olan ayələrin üzərində düşünmək mənə kömək etdi ki, təqiblərimə obyektiv baxım. Mən başa düşdüm ki, valideynlərimin bu cür davranmasının səbəbi qismən mənə görə narahat olmalarıdır. Yehova mənə düzgün düşünməyə və düzgün yolu tutmağa kömək etdi. Həmçinin daha çox xidmət etdikcə xidməti lap çox sevirdim. Beləcə, qarşıma öncül olmağı məqsəd qoydum.

ÖNCÜL XİDMƏTİ

Bəzi bacılar öncül olmaq istədiyimi biləndə məsləhət gördülər ki, tələsməyim, valideynlərimin sakitləşməsini gözləyim. Mən dua edib Yehovadan müdriklik istədim, araşdırma apardım, nəyə görə öncül olmaq istədiyimi götür-qoy etdim, yetkin bacı-qardaşlarla danışdım. Başa düşdüm ki, mən Yehovanı razı salmaq istəyirəm. Həm də ki öncül xidmətini təxirə salmaq valideynlərimin münasibətinin dəyişəcəyinə zəmanət vermirdi.

Axırıncı sinifdə oxuyanda öncül xidmətinə başladım. Bir müddətdən sonra qarşıma daha çox tələbat olan yerdə xidmət etmək məqsədini qoydum. Ancaq atamla anam evdən getməyimi istəmirdilər. Ona görə də 20 yaşıma qədər gözlədim. Sonra filialdan xahiş etdim ki, məni Yaponiyanın cənubuna təyin etsinlər, çünki orada bizim qohumlarımız yaşayırdı, ora getsəydim, anam çox da narahat olmayacaqdı.

Orada xidmət edərkən dərs keçdiyim adamlardan bir neçəsi vəftiz olundu. Bu arada xidmətimi genişləndirmək üçün ingilis dilini də öyrənirdim. Bizim yığıncaqda iki xüsusi öncül qardaş var idi. Onlar çox çalışqan idilər, hamıya kömək edirdilər. Onların bu cür xidmət etdiyini görəndə mən də xüsusi öncül olmaq istədim. Bu vaxt ərzində anam iki dəfə bərk xəstələndi. Hər dəfə də evə gəlib ona qulluq edirdim. Bu, onu təəccübləndirirdi. Bunun sayəsində, mənə münasibəti bir az yumşaldı.

ALDIĞIM XEYİR-DUALAR

Yeddi il sonra Atsuşidən məktub aldım. O, həmin o iki xüsusi öncüldən biri idi. O evlənmək barədə fikirləşdiyini yazırdı və mənim ona qarşı münasibətimi bilmək istəyirdi. Mən heç vaxt Atsuşiyə o gözlə baxmamışdım, nə də onun tərəfindən özümə qarşı romantik münasibət hiss etməmişdim. Bir aydan sonra cavab yazdım ki, yaxşı olardı, bir-birimizi yaxından tanıyaq. Biz gördük ki, çox şeydə həmfikirik, ikimiz də tammüddətli xidmətə can atırıq və istənilən təyinatı qəbul etməyə hazırıq. Bir müddətdən sonra evləndik. Mən çox xoşbəxt idim ki, atam, anam və bir neçə başqa qohumumuz bizim toyumuza gəlmişdi.

Nepal

Biz öncül kimi xidmət edirdik. Çox keçməmiş Atsuşini rayon nəzarətçisinin müavini təyin etdilər. Bundan az sonra başqa xeyir-dualar  aldıq. Bizi xüsusi öncül, sonra isə daimi rayon xidmətinə təyin etdilər. Rayonun bütün yığıncaqlarına bir dəfə baş çəkəndən sonra bizə filialdan zəng gəldi. Bizdən soruşdular: «Nepalda rayon xidmətinə təyin olunmaq istəyərdiniz?»

Müxtəlif ölkələrdə xidmət etmək mənə Yehova haqqında çox şey öyrətdi

Mən narahat olurdum ki, görəsən, valideynlərim belə uzağa gedəcəyimi biləndə nə edəcəklər. Onlara zəng etdim. Atamla danışdım. O dedi: «Oralar çox mənzərəli yerlərdir». İş orasındadır ki, cəmi bir həftə əvvəl atamın dostu ona Nepal haqqında bir kitab vermişdi. Atamın hətta ağlından belə bir fikir keçmişdi ki, gedib oraları gəzmək yaxşı olardı.

Mehriban nepallıların arasında xidmət etdiyimiz müddətdə başqa bir xeyir-dua da aldıq. Bizim rayona Banqladeşi də daxil etdilər. Banqladeş Nepala qonşu ölkə olsa da, bir çox sahədə Nepaldan olduqca fərqlənirdi. Sahə xidməti çox rəngarəng idi. Beş ildən sonra bizi Yaponiyaya təyin etdilər. İndi biz burada sevə-sevə rayon xidmətini icra edirik.

Yaponiya, Nepal və Banqladeşdə xidmət etdikcə Yehova haqqında çox şey öyrəndim. Hər bir ölkənin öz tarixi, adət-ənənələri var. Bu ölkələrdə insanların hər biri təkrarolunmazdır. Mən Yehovanın hər bir insana ayrı-ayrılıqda necə qayğı göstərdiyini, Özünə cəlb etdiyini, kömək edib xeyir-dua verdiyini görürdüm.

Özümə gəldikdə isə Yehova mənə Özünü tanıtdı, Ona xidmət etmək şərəfini bəxş etdi və gözəl həyat yoldaşı nəsib etdi. Allah mənə düzgün qərarlar verməyə kömək etdi. İndi mənim həm Onunla, həm də ailəmlə yaxşı münasibətim var. Yehovaya şükür olsun ki, anamla yenidən dostlaşdıq. Yehovaya çox minnətdaram ki, həm Allahımla, həm də anamla aramızda sülh var.

Rayon xidmətindən çoxlu sevinc duyuruq