Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2015

Qoy diliniz insanlara şəfa versin!

Qoy diliniz insanlara şəfa versin!

«Qoy ağzımdan çıxan sözlər... Səni məmnun etsin, ey Yehova» (ZƏB. 19:14).

NƏĞMƏ: 82, 77

1, 2. Nəyə görə alov dilin gücünü göstərmək üçün yaxşı nümunədir?

1871-Cİ İL oktyabrın əvvəlində ABŞ tarixində ən dəhşətli meşə yanğını baş vermişdi. Yanğın Viskonsinin şimal-şərqindəki meşələri bürümüşdü. Alov və güclü isti 1200-dən çox insanı tələf etmiş, təxminən iki milyarddan çox ağacı məhv etmişdi. Çox güman ki, yanğına qatar relslərindən çıxan kiçik qığılcımlar səbəb olmuşdu. Doğrudan da, Yaqub 3:5 ayəsindəki sözlərdə çox böyük həqiqət var. Orada yazılıb: «Böyük bir meşəni yandırmaq üçün bircə qığılcım kifayət edir». Nəyə görə Yaqub belə qənaətə gəlmişdi?

2 O çəkdiyi nümunənin məğzini 6-cı ayədə izah edir: «Dil də bir alovdur». «Dil» bizim danışıq qabiliyyətimizi təmsil edir. Alov kimi, bizim sözlərimiz də insanlara çox böyük xətər yetirə bilər. Hətta Müqəddəs Kitabda deyilir: «Ölüm və həyat dilin əlindədir» (Məs. 18:21). Ancaq bu, o demək deyil ki, biz kimisə yaralayacağımızdan ehtiyat edərək ağzımıza su alıb oturmalıyıq. Axı heç kəs fikirləşmir ki, oddan istifadə etməyim, birdən yanaram. Əsas məsələ ondan necə istifadə etməyimizdir. Oddan düzgün istifadə etdikdə yemək bişirmək, canımızı qızdırmaq və qaranlıq gecəni aydınlatmaq olar. Əgər  dilimizi ram etsək, sözlərimizlə Allahı şərəfləndirə və başqalarına fayda gətirə bilərik (Zəb. 19:14).

3. Dillə bağlı hansı üç məqamı araşdıracağıq?

3 İstər sözləri tələffüz etməklə, istərsə də jest dili ilə olsun, insan öz fikirlərini və hisslərini ifadə edə bilir. Bu, Allahın əsrarəngiz bəxşişidir. Bəs biz bu bəxşişdən necə istifadə edə bilərik ki, insanları yaralamayaq, əksinə, ruhlandıraq? (Yaqub 3:9, 10 ayələrini oxuyun.) İndi biz dillə bağlı üç vacib məqamı araşdıracağıq: nə vaxt danışmaq lazımdır? Nə demək lazımdır? Necə demək lazımdır?

NƏ VAXT DANIŞMAQ LAZIMDIR?

4. Susmaq nə vaxt yaxşı olardı?

4 Nitq bizim gündəlik həyatımızın bir hissəsidir. Ancaq bu, o demək deyil ki, biz bütün günü danışmalıyıq. Müqəddəs Kitabda deyilir ki, «susmağın öz vaxtı» var (Vaiz 3:7). Məsələn, başqaları danışarkən susmaq hörmət əlamətidir (Əyy. 6:24). Həmçinin ağıllı və bəsirətli adam məxfi məsələləri açıb danışmır (Məs. 20:19). Hirsli vaxtı dilini saxlamaq da müdriklikdən xəbər verir (Zəb. 4:4).

5. Nitq ənamına görə Allaha minnətdarlığımızı necə göstərə bilərik?

5 Digər tərəfdən Müqəddəs Kitabda həm də deyilir ki, «danışmağın öz vaxtı» var (Vaiz 3:7). Əgər dostunuz sizə gözəl bir hədiyyə versə, onu gözdən iraq yerdə saxlamayacaqsınız. Əksinə, ondan ləyaqətlə istifadə edib onu qiymətləndirdiyinizi göstərəcəksiniz. Biz də nitq ənamından ağılla istifadə etməklə Yehovaya minnətdar olduğumuzu göstərə bilərik. Ağılla istifadə etməyə hisslərimizi ifadə etmək, ehtiyac duyduğumuz şeyləri demək, insanları ruhlandırmaq və Allahı mədh etmək daxildir (Zəb. 51:15). Bəs danışmağın vaxtını necə müəyyən edə bilərik?

6. Müqəddəs Kitab yerində danışmağın vacibliyini necə vurğulayır?

6 Məsəllər 25:11 ayəsində gətirilən nümunə yerində danışmağın vacibliyini vurğulayır: «Məqamında deyilən söz gümüş qabda qızıl almalara bənzər». Qızıl almalar öz-özlüyündə gözəldir. Ancaq onları gümüş qablara qoyanda onlar daha da gözəl görünürlər. Eynilə, biz də yerində, məqamını gözləyib danışanda sözlərimiz daha xoş və təsirli olur.

7, 8. Yaponiyadakı qardaşlarımız İsadan necə nümunə götürmüşdülər?

7 Bəzən biz insana məhz ona lazım olan sözləri deyə bilərik. Ancaq əgər yerində deməsək, sözlərimiz dəyərini itirər. (Məsəllər 15:23 ayəsini oxuyun.) Məsələn, 2011-ci ilin mart ayında baş vermiş zəlzələ və sunami Yaponiyanın şərq bölgələrini xaraba qoymuş, şəhərlərini yerlə yeksan etmişdi. 15 000-dən çox insan isə həyatını itirmişdi. Həmin ərazidə yaşayan Yehovanın Şahidlərinin də zərər çəkməsinə baxmayaraq, onlar hər fürsətdən istifadə edib Müqəddəs Kitabla insanlara təsəlli verirdilər. Ancaq buddist etiqadları yerli əhalinin əksəriyyətinin ürəyində dərin kök atıb və onlar Müqəddəs Kitab təlimləri barədə demək olar ki, heç nə bilmirlər. Bizim qardaşlarımız anlayırdılar ki, ürəyi yaralı olan bu insanlara sunamidən dərhal sonra dirilmə ümidi barədə danışmağın vaxtı deyil. Ona görə də bacı-qardaşlar onlara ürək-dirək verir və nəyə görə günahsız insanların belə faciələrin qurbanı olduğunu Müqəddəs Kitabdan izah edirdilər.

8 İsa bilirdi ki, nə vaxt danışmaq lazım deyil. Amma o, həm də danışmağın vaxtını bilirdi (Yəh. 18:33—37; 19:8—11). Bir dəfə o, şagirdlərinə demişdi: «Sizə  deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz» (Yəh. 16:12). Yaponiyanın şərqində yaşayan bacı-qardaşlarımız da İsa kimi davranmışdılar. Sunamidən iki il yarım sonra bütün dünyada «Padşahlıq haqqında xəbər» silsiləsindən «Ölülərin dirilməsi mümkündürmü?» adlı 38 nömrəli bukleti paylamaq üzrə kampaniya keçirildi. Onlar da bu kampaniyada iştirak etdilər. Həmin vaxt artıq çoxları dirilmə ilə bağlı şad xəbəri eşitməyə hazır idi. Bir çox insan həvəslə bu bukleti qəbul etdi. Sözsüz ki, mədəniyyətlər və dini etiqadlar bir-birindən çox fərqlənir. Ona görə də məqamında danışmaq istəyiriksə, öz ərazimizdəki insanları nəzərə almalıyıq.

9. Hansı vəziyyətlərdə danışmağın məqamını gözləmək vacibdir?

9 Bəzi hallarda danışmağın məqamını gözləmək çox vacibdir. Misal üçün, kimsə, hətta bilmədən xətrimizə dəyə bilər. Belə hallarda yaxşı olar ki, düşünək, görək məsələ doğurdanmı elə ciddidir ki, mütləq nəsə demək lazımdır. Əgər doğrudan da nəsə demək lazımdırsa, yaxşı olardı ki, xətrimizə dəyən insana qanımızın qara vaxtında yaxınlaşmayaq. Çünki bu zaman düşünmədən danışa bilərik. (Məsəllər 15:28 ayəsini oxuyun.) Eynilə, imanımıza şərik olmayan qohumlarımızla həqiqət barəsində danışanda da ehtiyatlı olmalıyıq. Düzdür, biz istəyirik ki, onlar Yehovanı tanısınlar. Ancaq səbirli olmalı, danışmazdan əvvəl düşünüb-daşınmalıyıq. Məqamında danışsaq və sözlərimizə fikir versək, onda onların ürəyinə yol tapa bilərik.

NƏ DEMƏK LAZIMDIR?

10. a) Nəyə görə biz sözlərimizə fikir verməliyik? b) Hansı sözlərdən qaçmalıyıq?

10 Sözlər həm yaralaya, həm də şəfa verə bilər. (Məsəllər 12:18 ayəsini oxuyun.) Şeytan dünyasında insanlar sözləri ilə bir-birilərini yaralayırlar. Əyləncə sənayesi insanları dillərini qılınc kimi itiləməyə, acı sözlərini ox kimi hədəfə tuşlamağa sövq edir (Zəb. 64:3). Lakin məsihi bu kimi şeylərdən qaçmalıdır. Acı sözlərə sarkazmı, başqalarını alçaltmaq, yaxud məzəmmət etmək məqsədilə deyilən zəhərli sözləri nümunə gətirmək olar. Sarkazm çox vaxt adamları güldürmək üçün deyilir, lakin bu, çox asanlıqla təhqiramız, alçaldıcı sözlərə keçə bilər. Müqəddəs Kitabda məsihilərə məsləhət görülür ki, təhqiri kənara qoysunlar. Kəskin sarkazm da təhqirin bir növüdür. Yumor nitqi gözəlləşdirir, lakin biz nə var-nə var camaat gülsün deyə başqalarını incidən, alçaldan sarkastik sözlər deməməliyik. Müqəddəs Kitab bizə məsləhət verir: «Qoy dilinizdən heç bir pis söz çıxmasın, ancaq zərurətə görə imanı möhkəmləndirmək üçün yaxşı söz söyləyin ki, sizi dinləyənlərə fayda gətirsin» (Efes. 4:29, 31).

11. Ürəyimizlə sözlərimiz arasında hansı əlaqə var?

11 İsa deyirdi ki, «insan ürəyində aşıb-daşan fikirləri dilə gətirir» (Mət. 12:34). Buna görə də yaxşı sözlər demək üçün biz əvvəlcə ürəyimizi düzəltməliyik. Bizim nitqimiz, adətən, başqalarına olan münasibətimizi əks etdirir. Əgər ürəyimizdə məhəbbət, şəfqət hökm sürürsə, onda sözlərimiz də xoş və ruhlandırıcı olacaq.

12. Düzgün söz seçməyə bizə nə kömək edə bilər?

12 Düzgün sözlər tapıb demək üçün bizdən səy tələb olunur. Hətta müdrik padşah Süleyman da lətif kəlmələr tapmaq və həqiqət sözlərini düzgün yazmaq  üçün düşünmüş və dərin axtarışlar aparmışdı (Vaiz 12:9, 10). Əgər lətif kəlmələr tapmaq sizə çox vaxt çətin gəlirsə, onda söz ehtiyatınızı genişləndirin. Bunun üçün Müqəddəs Kitabda və nəşrlərimizdə sözlərin necə işləndiyinə fikir vermək olar. Bilmədiyiniz sözlərin mənasını öyrənin. Ən əsası isə öyrənin ki, sözlərinizlə başqalarına necə kömək edə bilərsiniz. Bunu İsadan öyrənmək olar, çünki Yehova ona ariflərin dilini vermişdi ki, yerində deyilmiş sözlə yorğunlara hay verə bilsin (Əşy. 50:4). Söz deməmişdən qabaq fikirləşsək, düzgün sözlər tapa bilərik (Yaq. 1:19). Özümüzdən soruşa bilərik: «Əgər belə desəm, həmin adam məni düz başa düşəcək? Sözlərim ona necə təsir edəcək?»

13. Nəyə görə aydın danışmaq vacibdir?

13 İsraildə xalqı bir yerə toplamaq, düşərgəni yola düşməyə çağırmaq, həmçinin ordunu hücuma səsləmək üçün kərənay çalınırdı. Buna müvafiq olaraq, Müqəddəs Kitabda sözlərin asan başa düşülməsinin vacibliyini göstərmək üçün kərənay səsi nümunə gətirilir. Əgər kərənay aydın səs çıxarmazdısa, bu, ordu üçün fəlakətlə nəticələnərdi. Eynilə, əgər biz də fikirlərimizi aydın, birbaşa ifadə etməriksə, bizi dinləyənlər çaş-baş qalarlar və yanlış nəticə çıxararlar. Düzdür, biz fikirlərimizi aydın və birmənalı şəkildə izah etməliyik. Lakin eyni zamanda, kobudluğa və nəzakətsizliyə də yol verməməliyik. (1 Korinflilərə 14:8, 9 ayələrini oxuyun.)

14. İsanın aydın danışdığını göstərən nümunə gətirin.

14 Düzgün sözlər seçməkdə ən yaxşı nümunəni İsa Məsih qoymuşdur. Gəlin onun «Mətta» kitabının 5-dən 7-dək fəsillərində qələmə alınan qısa, lakin çox təsirli nitqinə diqqət yetirək. İsa bu nitqində bəlağətli və müəmmalı sözlər işlətməmişdi, kobud və acı sözlər də deməmişdi. Əksinə, o, dinləyicilərinin ürəyinə yol tapmaq üçün sadə və aydın sözlərdən istifadə etmişdi. Məsələn, İsa istəyirdi ki, insanlar dolanışıqdan ötrü narahat olmasınlar. Buna görə də o, Yehovanın quşları necə yedizdirməsini nümunə gətirdi. Sonra isə onu dinləyənləri quşlarla müqayisə edərək soruşdu: «Məgər siz onlardan qiymətli deyilsiniz?» (Mətta 6:26). İsa bu sadə, aydın sözlərlə onların ürəyinə təsir etmişdi. İndi isə gəlin nitqlə bağlı üçüncü məqama diqqət yetirək.

NECƏ DEMƏK LAZIMDIR?

15. Nəyə görə biz insanlarla mehriban danışmalıyıq?

15 Bizim sözü necə deməyimiz nə deməyimiz qədər vacibdir. İsa Nasirədəki sinaqoqda danışanda camaat onun «ağzından çıxan lətif kəlmələrə» heyran qalmışdı (Luka 4:22). Lətif kəlmələr, yəni ürəkaçan, mehriban sözlər ilanı da yuvasından çıxarar. Ürəkaçan sözlər nitqimizi daha da inandırıcı edir (Məs. 25:15). Biz insanlara hörmətlə yanaşsaq, onların hisslərini nəzərə alsaq, onlarla mehriban və nəzakətlə danışa biləcəyik. İsa da məhz belə edirdi. O, camaatın onu dinləməyə can atdığını görəndə onlara yazığı gəlmişdi və onlara çox şey öyrətməyə başlamışdı (Mark 6:34). Hətta təhqir olunanda belə İsa təhqirə təhqirlə cavab vermirdi (1 But. 2:23).

16, 17. a) Ailə üzvlərimizlə və yaxın dostlarımızla danışarkən İsadan necə nümunə götürə bilərik? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Mülayim danışmağın faydası haqda nümunə çəkin.

16 Çox yaxşı tanıdığımız insanla danışanda mülayim və nəzakətli olmaq  çətin olur. Bəzən ailə üzvlərimizlə və ya yaxın dostlarımızla özümüzü sərbəst hiss edib sözlərimizə sərhəd qoymuruq. Amma İsa Məsihin öz şagirdləri ilə yaxın münasibəti olsa da o, onlarla kobud danışmırdı. Onun ən yaxın dostları aralarında ən böyük kimdir deyə mübahisə edəndə o, mülayimliklə onların səhvini düzəltdi və uşağı nümunə gətirərək onları düşüncələrini dəyişməyə təşviq etdi (Mark 9:33—37). Ağsaqqallar da İsadan nümunə götürərək mülayimcəsinə məsləhət verməlidirlər (Qal. 6:1).

17 Hətta kimsə xətrimizə dəyəndə belə xoş sözlərlə cavab versək, bunun böyük xeyri olar (Məs. 15:1). Misal üçün, bir dul bacının yeniyetmə oğlu ikili həyat sürürdü. Ananın halına acıyan bir bacı ona demişdi: «Çox heyif ki, oğlunu yaxşı tərbiyə edə bilməmisən». Ana bir an fikirləşib cavab vermişdi: «Düzdür, hal-hazırda vəziyyət yaxşı deyil, amma uşağın tərbiyəsi hələ başa çatmayıb. Armageddondan sonra danışarıq. Onda hər şey dəqiq bilinəcək». Bu mülayim cavabın sayəsində, bacılar arasında mehribançılıq qorunub saxlanmışdı. Təsadüfən bu söhbəti eşidən uşaq isə başa düşmüşdü ki, anası ondan əlini üzməyib. Bundan sonra o, pis dostları ilə əlaqəni kəsmişdi, vəftiz olunmuşdu, sonralar isə Beyteldə xidmət etmişdi. İstər dindaşlarımızla, istər ailə üzvlərimizlə, istərsə də yad adamlarla danışarkən çalışmalıyıq ki, sözlərimiz «həmişə duzlu, ürəkaçan olsun» (Kol. 4:6).

18. Danışarkən İsadan necə nümunə götürə bilərik?

18 Fikirlərimizi və hisslərimizi sözlərlə ifadə etmək doğrudan da əsil möcüzədir. Gəlin İsadan nümunə götürərək məqamında danışaq, düzgün sözlər seçək və həmişə mehriban olmağa çalışaq. Belə etsək, dilimiz bizi dinləyənlərə şəfa verəcək, nitq ənamını bizə bəxş edən Yehova Allahı isə razı salacaq.